Əbülhəsən Əli ibn İsa ibn Əbülfəth Hakkari (ərəbcə: أبوالحسن علي بن عیسی هکّاري) ( d.625/1228, Ərbil, Abbasilər xilafəti – ö.692/1293 Bağdad, Hülakilər dövləti) şiə hədis alimi, tarixçi, şair və yazıçıdır. "Kəşful-ğumməti fi mərifətil-əimmə" əsəri onun ən tanınmış əsəridir və İslam Peyğəmbərinin və 12 İmamın həyatı barədə qələmə alınmış ən etibarlı əsərlərdən biri hesab edilir.
Həyatı
Şeyx İrbili Ərbil şəhərində doğulub boya-başa çatıb. Onun dəqiq doğum tarixi ilə bağlı yekdil rəy yoxdur, lakin əksər dəlillər onun 620/1223 və 625/1228 arasında doğulduğunu göstərir. İbn Həbib əl-Hələbi yeganə şəxsdir ki, əl-İrbilinin 625/1228-ci ildə doğulduğunu açıq qeyd edir. Atası Fəxrəddin İsa Ərbil şəhəri və ətraf ərazisinin valisi olmuş və 664/1266-cı ildə orada vəfat etmişdir.
Əsərləri
İslam dünyasında ən çox məşhurlaşan kitabı olan "Kəşful-ğumməti fi mərifətil-əimmə"(azərbaycanca: "İmamları tanımaqda maneələrin aradan qaldırılması") əsəri tarix boyu alimlərin nəzərində olan ən əsas bioqrafiya kitablarından biri olmuşdur. Bu kitab Azərbaycan dilinə tərcümə edilmiş və 2021-ci ildə 2 cilddə çap edilmişdir.
Kitabın etibarlılığını artıran əsas xüsusiyyət onun şiə alimləri ilə yanaşı sünni alimlərin də əsərlərindən yararlanaraq yazılmasıdır.
Ölümü
Alimlərin çoxu əl-İrbilinin 692/1293 və ya 693/1294-də Bağdadda vəfat etdiyinə inanırlar. Lakin İbn İmad əl-Hənbəli əl-İrbilinin 683/1284-cü ildə vəfat etdiyini qeyd edir. Şeyx İrbili Bağdadın qərbində yerləşən və “Kərbərdəzxana” adlanan evində dəfn edilmişdir. Şeyxin məzarı Mühəddis Qummi tərəfindən ziyarət edilmişdir, lakin bu gün onun evi tamamilə dağılmış və heç bir iz qalmamışdır.