| Şeyx Qəni Axund Badkubeyi | |
|---|---|
| Əbdül-Qəni ibn Abdulla Badkubeyi | |
| |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1860 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1931 (70–71 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Təhsili |
|
| Fəaliyyəti | üləma, müctəhid, axund |
| Elmi fəaliyyəti | |
| Elm sahəsi | İslam, Üsuli-Fiqh |
| İş yeri | Qubalılar məscidi |
Ayətullah Şeyx Axund Əbdül-Qəni ibn Abdulla Badkubeyi (1860, Bakı – 1931, Bakı) — Azərbaycanlı ilahiyyatçı alim, din xadimi, müctəhid, ayətullah.
Ayətullah Şeyx Əbdül-Qəni üsul və fiqh elmində mütəxəssis olmaqla yanaşı, farsca və Azərbaycanca şeirlər də yazıb.
Həyatı
1860 və ya 1881-ci ildə Bakı şəhərində ruhani ailəsində dünyaya gəlmişdir. Atası Abdulla oğlunu bir ruhani kimi görmək istəyirdi. Elə bu məqsədlə onu mollaxanaya qoyur. Bir sıra elmlərdən xəbərdar olan Şeyx Qəni İçəri Şəhərdəki "Sınıqqala" adı ilə tanınan Məhəmməd məscidinin nəzdindəki Mirzə Həsib Qüdsinin mədrəsəsinə daxil olur.
Əndül-Qəni Axund ilahiyyat elmləri ilə yanaşı ədəbiyyatı, riyaziyyatı, təbabəti, tarixi, astranomiyanı və s. elmləri öyrənir. Bir müddət Bakı şəhərində təhsil alan Qəni Axund Zöhrə adlı xanımla ailə həyatı qurur və İranın Qum şəhərinə getmək qərarına gəlir.
Dörd ildən artıq Qum şəhərində təhsil alan Şeyx Qəni Axund oradan İraqın Kərbəla şəhərinə yollanır. Tələbəlik illərində Həcc ziyarətində olur. Zövcəsi Zöhrə xanım gənc yaşlarında dünyasını dəyişir. Şeyx Qəni Axund azyaşlı qızı Həlimə Xatunla çətin bir vəziyyətdə qalır. Nərgiz Xatun adlı ərəb qızı ilə izdivac edir. Şeyx Qəni Axund Bakıya qayıtmaq qərarına gəlir, lakin həyat yoldaşı Bakıya getməkdən imtina etdiyi üçün o, Bakıya qızı ilə qayıtmalı olur.
Bakıya qayıtdıqdan sonra Maştağanın Xunxarlar məhəlləsində yaşayan Rüqəyya xanım ilə ailə həyatı qurur. Çox keçmir ki, Nərgiz Xatun da Bakıya qayıdır. Nərgiz Xatundan Məhəmməd Əli və Mərziyyə adlı övladları dünyaya gəlir. Şeyx Qəni Axundun oğlu Məhəmməd Əli 1918-ci ildə Bakı şəhərində ermənilər tərəfindən qətlə yetirilir.
Şeyx Qəni Axund təhsilini başa vurduqdan sonra bir müddət İranda yaşayır. Nəhayət 1915-ci ildə vətənə qayıdır. Əmisi Əli Mustafa Fətəli Xan oğlu İçəri Şəhərdə ikimərtəbəli evini ona bağışlayır. Mirməhəmməd Kərim Axund tərəfindən Bayır şəhərdəki Qubalılar məscidinə axund təyin olunur. Onun yaxın dostlarından Axund Molla ağa Əlizadə, Axund Zəki Hacızadə, Mirməhəmməd Kərim Mircəfərzadə, Molla Kamiyab, Axund Fəraməz Bağırzadə və başqalarının adını söyləmək olar.
Azərbaycanda Sovet Hakimiyyəti qurulduqdan sonra hər bir din xadimi kimi Şeyx Qəni Axundu da təqib etməyə başlayırlar. Onun el arasındakı nüfuzunu görən NKVD işçiləri dəfələrlə ağanı çağırtdırıb müxtəlif işlər təklif edirlər. Amma Şeyx Qəni Axund bütün bunlara rədd cavabı verir və onlara bildirir ki, "mən bu dünyadan imanla getmək istəyirəm."
NKVD işçiləri heç bir vəchlə öz istəklərinə nail ola bilmirlər. Elə bu hadisələrdən sonra ağanı həbs etmək qərarına gəlirlər. 1931-ci ilin yay aylarında Axund Kamiyabla bir gündə həbs olunur və 2 ay müddətində Bakı həbsxanasında saxlanılır. Çoxlu sorğu-sualdan sonra ağaya bildirirlər ki, sabah onu qətlə yetirəcəklər.
Axşam Şeyx Qəni Axund namazını qıldıqdan sonra Allah-Təalaya dua edir. Kameranın bir küncünə sığınıb əbasını başına çəkir. Səhər onu aparmağa gələnlər görürlər ki, Şeyx Qəni Axund artıq vəfat edib.
Tənqid

“Molla Nəsrəddin” jurnalının 1925-26-cı il tarixli saylarında maştağalı Şeyx Hüseyn, bakılı Şeyx Qəni ağa, salyanlı Mir Əşrəf ağanın və başqa alimlərin Nəcəf, Kərbəla şəhərləri ilə rabitəsi tənqid edilir. Hətta jurnalın 1926-cı il mart tarixli 12-ci sayında Şeyx Qəninin Ramazan ayı ilə bağlı Nəcəf alimlərinin rəyini öyrənmək cəhdi karikatura vasitəsi ilə məsxərəyə qoyulub. Karikaturada radio aparatı vasitəsi ilə rabitə qurmağa çalışan alim təsvir edilib və bu sözlər yazılıb: “Qubalılar məscidində Şeyx Qəni təzə tikdirdiyi radio ilə ramazan ayında kəmyek olub-olmadığını xəbər alır”.
Həmçinin bax
- Əllamə Şeyx Hüseyn Ramanalı
- Şeyx Hənifə Badkubeyi
- Seyyid Məhəmməd Badkubeyi
Ədəbiyyat
- "Şeyx Qəni Axund Badkubeyi". "İslam həqiqətləri" qəzeti / visiontv.az (az.). 29 iyul 2008. İstifadə tarixi: 20 dekabr 2025.
- Natiq Rəhimov. Azərbaycan din alimləri. Bakı, "Nurlar", 2014, 216 səh. (şəkilli)
- Faiq Vəlioğlu. Azərbaycanın görkəmli İslam alimləri, "Əhli-beyt (ə) yolu" nəşr., səh. 122-123
- Dilqəm Əhməd. "İki professorun məktublaşmaları". Ədəbiyyat qəzeti. 20 noyabr 2024. İstifadə tarixi: 19 dekabr 2025.
- Əliyeva, İradə. "Mən bu dünyadan imanla getmək istəyirəm". azerbaijan-news.az (az.). 7 sentyabr 2025. İstifadə tarixi: 20 dekabr 2025.
- "Ayətullah Mir Əbdül-Qəni Maştağai Badkubei". Sirat.az (az.). 6 noyabr 2021. İstifadə tarixi: 18 dekabr 2025.
- 1860-cı ildə doğulanlar
- Bakıda doğulanlar
- 1931-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Ayətullahlar
- Axundlar
- Hacılar
- Müsəlman din adamları
- Azərbaycanlı din adamları
- Azərbaycanın din xadimləri
- Azərbaycanın İslam alimləri
- Mədrəsə məzunları
