
Başlanğıc meridianı və ya Sıfırıncı meridian — uzunluğu 0° olaraq qəbul edilən və coğrafi koordinat sistemində hesablama nöqtəsi sayılan meridiandır.
Başlanğıc meridianı və onun əksi olan (antimeridianı) 180-ci meridian birlikdə Yer kürəsini tam əhatə edən xəyali bir çevrə yaradırlar. Bu çevrə dünyanı iki hissəyə — Şərq yarımkürəsi və Qərb yarımkürəsinə ayırır. Müasir dövrdə beynəlxalq razılaşmaya əsasən, başlanğıc meridianı Londonun Qrinviç (ing. Greenwich) qəsəbəsindən keçir. Buna görə də o, tez-tez Qrinviç meridianı da adlandırılır.
Coğrafi mövqeyi
Şimal qütbündən başlayaraq Cənub qütbünə qədər uzanan başlanğıc meridianı aşağıdakı ölkələrin və su hövzələrinin ərazisindən keçir:
- Böyük Britaniya
- Fransa
- İspaniya
- Əlcəzair
- Mali
- Burkina-Faso
- Toqo
- Qana
- Antarktida (Kraliça Mod Torpağı)
- Şimal Buzlu okeanı, Qrenland dənizi, Norveç dənizi, Atlantik okeanı və Cənub okeanı.
Tarixi inkişafı
Antik dövrdə Ptolemey öz xəritələrində başlanğıc meridianı kimi məlum dünyanın ən qərb nöqtəsi hesab olunan Kanar adalarını əsas götürmüşdür. VI əsr xəritələrində isə İsgəndəriyyə, Bağdad və ya Yaşıl Burun adaları sıfır nöqtəsi kimi qəbul edilirdi. XVII əsrdə Kanar adalarının ən qərbindəki El-Yerro (Ferro adası) meridianı uzun müddət standart kimi istifadə olunmuşdur. Lakin okean ortasındakı adadan uzunluq fərqini hesablamaq çətin olduğu üçün bir çox ölkə öz paytaxtından keçən meridianı əsas götürməyə başlamışdır: Almaniya Berlin, Fransa Paris, İngiltərə isə Qrinviç meridianından istifadə edirdi.
İslam və Osmanlı dünyasında baş meridian
Şərq astronomiyasında Uluqbəydən başlayaraq Kamçatski yarımadası meridianından istifadə edilmişdir. Osmanlı dövründə müvəqqit Mustafa ibn Əli Kanar adalarını əsas götürsə də, əsrlər boyu Osmanlı coğrafiyaşünasları Ayasofya üzərindən keçən meridianı Arz-ı İstanbul və ya Arz-ı Xəlifə adlandıraraq baş meridian kimi qəbul etmişdirlər. Hətta beynəlxalq standart qəbul edildikdən sonra da 1932-ci ilə qədər Osmanlı və Türkiyə xəritələrində Ayasofya meridianı əsas götürülməyə davam etmişdir.
Bizans dövründə isə Sultanəhməd meydanında yerləşən Milyon daşı dünyanın mərkəzi və bütün yolların başlanğıc nöqtəsi (sıfır nöqtəsi) hesab olunurdu.
Qrinviçin seçilməsi (1884)
1884-cü ildə Vaşinqtonda aralarında Osmanlı dövlətinin də olduğu 25 ölkədən 41 nümayəndənin iştirakı ilə "Beynəlxalq Meridian Konfransı" keçirilmişdir. Həmin vaxt dünya dənizçilərinin təxminən 70%-i artıq Qrinviç vaxt zonasından istifadə edirdi. Səsvermə nəticəsində (22 səs lehinə) Qrinviç beynəlxalq sıfırıncı meridian kimi rəsmən qəbul edilmişdir.
Əhəmiyyəti
Başlanğıc meridianı müasir dünyada aşağıdakı funksiyaları yerinə yetirir:
- Dünya vaxtının (UTC) tənzimlənməsi: Ümumdünya vaxtı məhz bu meridianın günəşə nəzərən mövqeyi ilə müəyyən edilir.
- Naviqasiya və GPS: Bütün qlobal naviqasiya sistemləri (GPS, QLONASS) Qrinviç meridianını istinad nöqtəsi kimi istifadə edir.
- Coğrafi bölgü: Yer kürəsinin Şərq və Qərb yarımkürələrinə bölünməsi üçün sərhəd rolunu oynayır.
Ədəbiyyat siyahısı
- Burgess, Ebenezer, Translation of the Surya-Siddhanta // Journal of the American Oriental Society (e-book), 6 (2013 tarixində nəşr olunub), 1860, səh. 185
- Dolan, Graham. "The Greenwich Meridian before the Airy Transit Circle". The Greenwich Meridian. 2013a. 2 may 2012 tarixində . İstifadə tarixi: 6 yanvar 2013.
- Dolan, Graham. "WGS84 and the Greenwich Meridian". The Greenwich Meridian. 2013b. 8 iyul 2014 tarixində . İstifadə tarixi: 6 yanvar 2013.
- Hooker, Brian, A multitude of prime meridians, 2006, 26 sentyabr 2018 tarixində , İstifadə tarixi: 28 iyun 2019
- Howse, Derek, Greenwich Time and the Longitude, Phillip Wilson, 1997, ISBN 978-0-85667-468-6
- Norgate, Jean; Norgate, Martin, "Prime meridian", Old Hampshire Mapped, 2006, 28 dekabr 2021 tarixində , İstifadə tarixi: 13 yanvar 2013
- NGS datasheet station name form, National Geodetic Survey, 2016, 16 fevral 2016 tarixində , İstifadə tarixi: 11 dekabr 2016
- Sobel, Dava; Andrewes, William J. H., The Illustrated Longitude, Fourth Estate, London, 1998
- London coğrafiyası
- Antarktida coğrafiyası
- İngiltərə ixtiraları
- Uzunluq (coğrafiya)
- 1884-cü ildə yarananlar
- Köhnə standartlar