| Bahadır Hüseynov | |
|---|---|
| 1976 – 1986 | |
| Sədr | Vitali Krasilnikov Ziya Yusifzadə |
| 1969 – 1976 | |
| Əvvəlki | Abbas Zamanov |
| Sonrakı | Allahverdi Sarıyev |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 dekabr 1921 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 31 dekabr 2016 (95 yaşında) |
| Vəfat yeri |
|
| Rütbəsi | General-mayor |
| Təltifləri | |
Bahadur Hüseynov (15 dekabr 1921, Şərur – 31 dekabr 2016, Bakı) — Azərbaycan hərbi xadimi, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini (1976–1986), general-mayor (1978).
Həyatı
Bahadur Məmmədqulu oğlu Hüseynov 15 dekabr 1921-ci ildə hazırkı Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kəndli ailəsində anadan olmuşdur. Ailəsi onun uşaqlıq illərində Naxçıvandan Gəncəyə köçmüşdür. Bahadur Hüseynov 1934-cü ildə Gəncədə yeddiillik təhsilini başa vurmuş, daha sonra Gəncə Toxuculuq Texnikumuna daxil olmuşdur. 1938-ci ildə texnikumu bitirdikdən sonra Toxuculuq Kombinatında işləməyə başlamışdır.
1939-cu ilin mayında təhsilini davam etdirmək məqsədilə Xarkova getmişdir. Həmin il Xarkov şəhərində Elektrotexnika İnstitutunun hazırlıq şöbəsinə daxil olmuş, bu şöbəni bitirdikdən sonra təhsilini F. E. Dzerjinski adına Xarkov Sərhədçilər Məktəbində davam etdirmişdir.
Böyük Vətən müharibəsi başladıqdan sonra Bahadur Hüseynov təhsilini vaxtından əvvəl başa vurmuş və kiçik leytenant rütbəsində taqım komandiri kimi cəbhəyə göndərilmişdir. 1941-ci ildə Smolensk istiqamətində döyüşən 246-cı diviziyanın 908-ci alayının tərkibində xidmət etmişdir. Döyüşlər zamanı üç dəfə ağır yaralanmışdır. Qorki şəhərində müalicə olunduqdan sonra Gürcüstan ərazisində yerləşən ehtiyat briqadasına göndərilmişdir. Daha sonra sərhəd qoşunlarında xidmətini davam etdirmişdir.
1942–1948-ci illərdə Bahadur Hüseynov Gürcüstanın müxtəlif bölgələrində tərcüməçi, zabit və böyük zabit vəzifələrində xidmət etmişdir. 1948–1963-cü illərdə Sərhəd Qoşunlarının Azərbaycan dairəsinin 43-cü sərhəd dəstəsində bölmə rəisi və kəşfiyyat bölməsinin rəisi olmuşdur. 1961-ci ildə xidmətdən ayrılmadan Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsinə daxil olmuş, 1967-ci ildə universiteti bitirərək hüquqşünas ixtisası almışdır.
1948–1960-cı illərdə Bahadur Hüseynov polkovnik-leytenant rütbəsinə qədər yüksəlmişdir. Daha sonra xidmət etdiyi hissənin rəis müavini təyin edilmişdir. 1963-cü ildə Dövlət Təhlükəsizlik Komitəsində xidmətə başlamış, burada əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili, bölmə rəisi və bölmə müdiri vəzifələrində çalışmışdır. 1969-cu ildə Naxçıvan MSSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin sədri təyin olunmuşdur.
1976-cı ildə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qərarı ilə Bahadur Hüseynov Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsi sədrinin müavini təyin edilmişdir. 1978-ci ildə ona general-mayor rütbəsi verilmişdir. 1986-cı ildə təqaüdə çıxmışdır.
Bahadur Hüseynov xidmət illərində Göytəpə qəsəbə sovetinə, Cəlilabad Rayon Zəhmətkeş Deputatları Sovetinə və Naxçıvan MSSR Ali Sovetinə deputat seçilmişdir. Bahadur Hüseynov həmçinin Azərbaycan KP qurultaylarının nümayəndəsi və Azərbaycan KP Bakı Şəhər Komitəsinin üzvü olmuşdur.
1991–2001-ci illərdə Bahadur Hüseynov MDB ölkələri veteranlar təşkilatının Əlaqələndirmə Şurasının Rəyasət Heyətinin üzvü olmuşdur. Azərbaycan Respublikası Veteranlar Təşkilatının yaradıcılarından biri olmuş, təşkilatda məsul katib və sədr müavini vəzifələrində çalışmışdır. 1992–2001-ci illərdə təşkilatın sədri olmuşdur. Bahadur Hüseynovun təşəbbüsü ilə Azərbaycan veteranlar təşkilatı Ümumdünya Veteranlar Federasiyasının tərkibinə daxil olmuşdur. Bahadur Hüseynov bu təşkilatın Rəyasət Heyətinin üzvü seçilmiş ilk azərbaycanlılardan biri olmuşdur.
Bahadur Hüseynov 31 dekabr 2016-cı ildə Bakıda vəfat etmişdir. Bahadur Hüseynovun üç övladı və yeddi nəvəsi olmuşdur.
Təltifləri
Bahadur Hüseynov iki dəfə "Qırmızı əmək bayrağı" ordeni, I və II dərəcəli "Vətən müharibəsi" ordeni, eləcə də "Döyüşdə fərqlənməyə görə", "G. K. Jukov" və "Dövlət sərhədlərinin qorunmasında fərqlənməyə görə" medalları ilə təltif edilmişdir. Bahadur Hüseynov Azərbaycan Respublikasının əməkdar hüquqşünası fəxri adına və dövlət təhlükəsizliyi orqanlarının fəxri işçisi adına layiq görülmüşdür. Monqolustan Xalq Respublikasının nişanları ilə təltif edilmişdir.
İctimai-siyasi fəaliyyəti və xidməti nəticələrinə görə Bahadur Hüseynov Azərbaycan Respublikası və Naxçıvan Muxtar Respublikasının fəxri fərmanlarına layiq görülmüşdür. Həmçinin SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Sərhəd Qoşunları Baş İdarəsi və Azərbaycan DTK tərəfindən qiymətli hədiyyələrlə mükafatlandırılmışdır. 1981-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının baş katibi Leonid Brejnev Bakıya səfəri zamanı Bahadur Hüseynovu avtoqraflı qol saatı ilə mükafatlandırmışdır.
Azərbaycan Respublikası Prezidentinin 21 fevral 2012-ci il tarixli Sərəncamı ilə Bahadur Hüseynov "Şöhrət" ordeni ilə təltif olunmuşdur.
- 15 dekabrda doğulanlar
- 1921-ci ildə doğulanlar
- Şərurda doğulanlar
- 31 dekabrda vəfat edənlər
- 2016-cı ildə vəfat edənlər
- 95 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- "Şöhrət" ordeni ilə təltif edilənlər
- Azərbaycan Respublikasının əməkdar hüquqşünasları
- Dövlət təhlükəsizliyinin fəxri işçiləri
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Azərbaycanlı generallar
- Azərbaycan general-mayorları
- SSRİ general-mayorları
- Azərbaycanlı hüquqşünaslar
- Azərbaycan hüquqşünasları
- Azərbaycan uzunömürlüləri
- Azərbaycanın əməkdar hüquqşünasları
- Naxçıvan MSSR Ali Sovetinin VIII çağırış deputatları
- Naxçıvan MSSR Ali Sovetinin IX çağırış deputatları
- Cəlilabad Rayon Xalq Deputatları Sovetinin deputatları
- İkinci Dünya müharibəsində SSRİ hərbçiləri
- Azərbaycan Respublikasının Fəxri fərmanı ilə təltif edilənlər