Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Borsunlu nekropolu — Tərtər rayonunun Borsunlu kəndindən 0,5 km şimal-şərqdə İncəçayın sağ sahilində yerləşən arxeoloji abidə.

Borsunlu kurqanları

40°26′37″ şm. e. 46°51′48″ ş. u.HGYO
Vikipediya, azad ensiklopediya
( səhifəsindən istiqamətləndirilmişdir)
Borsunlu nekropolu
Böyük Borsunlu kurqanından aşkar edilmiş küpə. Naxışlanmanın yaratdığı kompozisiyanın bitkinliyi diqqətli cəlb edir. Naxışlar tilləri bir-birində yönəldilmiş üçbucaqlardan, qabın çiyin hissəsini tutmuş beş guşəli ulduz, onun tilləri içərisində ştamplama üsulu ilə vurulmuş və içərisində batıq nöqtələr olan dairələrdən, qabın boğaz hissəsini həmayiltək əhatə edən enli ziqzaq şüyrəli xətlərdən və s. ibarətdir. Çiyin hissəsində, səthi xaç şəkilli, göbələkvari naxışa malik çıxıntı var.
Böyük Borsunlu kurqanından aşkar edilmiş küpə. Naxışlanmanın yaratdığı kompozisiyanın bitkinliyi diqqətli cəlb edir. Naxışlar tilləri bir-birində yönəldilmiş üçbucaqlardan, qabın çiyin hissəsini tutmuş beş guşəli ulduz, onun tilləri içərisində ştamplama üsulu ilə vurulmuş və içərisində batıq nöqtələr olan dairələrdən, qabın boğaz hissəsini həmayiltək əhatə edən enli ziqzaq şüyrəli xətlərdən və s. ibarətdir. Çiyin hissəsində, səthi xaç şəkilli, göbələkvari naxışa malik çıxıntı var.
Ölkə  Azərbaycan
Şəhər Tərtər
Yerləşir Borsunlu kəndi, İncəçayın sağ sahili
Aidiyyəti E.ə. XIV-XIII əsrlər
Layihə müəllifi Hidayət Cəfərov (Mil-Qarabağ arxeoloji ekspedisiyasının rəis müavini)
Kəşf tarixi 1982
Üslubu kurqanlar
Hündürlüyü 7 m
Eni 80 m (Böyük Borsunlu kurqanı)
Sahəsi 256 m² (Böyük Borsunlu kurqanı)
Material torpaq və xırda çınqıl qatışığı
çınqıl və çay daşları
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
Rəsmi adı: Borsunlu kurqanları
İstinad nöm.41
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiDünya əhəmiyyətli
40°26′37″ şm. e. 46°51′48″ ş. u.HGYO
Xəritə
Nöqtə
Borsunlu nekropolu

Borsunlu nekropoluTərtər rayonunun Borsunlu kəndindən 0,5 km şimal-şərqdə İncəçayın sağ sahilində yerləşən arxeoloji abidə.

Müxtəlif dövrlü qədim abidələri ilə zəngin Qarabağın Tərtər bölgəsində Mil-Qarabağ arxeoloji ekspedisiyasının 2-ci dəstəsi 1981–1987-ci illərdə çoxsaylı arxeoloji abidələr qeydə alıb ki, Borsunlu nekropolu da Tərtər rayonu ərazisində qeydə alınmış zəngin abidələrdəndir. Kiçik fasilə (1984-cü il) ilə 1981–1987-ci illərdə sistemli arxeoloji tədqiqatlar aparılmışdır. Nekropol Borsunlu kəndi ətrafında, İncəçayı hövzəsinin orta axarında, çayın dərin dərədən düzənliyə çıxaraq yelpikvari yayılması zonasında, geniş bir sahədə yerləşmişdir, tunc və ilk dəmir dövrünə aid kurqanlardan ibarətdir. Borsunlu nekropolu təkcə Qarabağda deyil, bütövlükdə Azərbaycanın tunc dövrü ilə bağlı aşkar edilmiş sinxron abidələri içərisində özünəməxsus yer tutur.

Borsunlu nekropolu və eyni adlı kənd dağlıq və düzənliyin qovşağında yerləşib. Bura İncəçayının dərin dağ dərəsindən düzənliyə çıxıb yelkənvari konus əmələ gətirdiyi sahədir. Borsunlu kəndi üç tərəfdən (qərb, cənub və şərq) Qarabağ dağlarının tədricən kiçilərkən çınqıl təpələrinə, oradan isə düzənliyə keçdiyi yerdədir. Təpəliklər düzənliyə doğru olan dərələrlə adacıqlara ayrılıb.

Borsunlu nekropolunda tədqiq olunmuş 35 abidədən (32 kurqan, iki sallama qəbiri, bir torpaq qəbiri) 5-i ilk tunc dövrünə, 3-ü orta tunc dövrünə, 1-i orta tuncdan son tunca keçid dövrünə, qalanları son tunc və ilk dəmir dövrünün müxtəlif mərhələlərinə aiddir. Axırıncılar sayca çoxdur və Borsunlu nekropoluna daxil olan kurqanların böyük qrupu İncəçayın sağ sahil zonasında yerləşir. Kurqanların örtükləri torpaq, daş və torpaq qarışıqlı töküntüdən ibarətdir.

Çox halda torpaq və xırda çınqıl qatışığından, bəzi hallarda çınqıl və çay daşlarından qurulmuş Borsunlu kurqanları bir qayda olaraq bir və ya iki cərgə daşlardan hörülmüş kromlexlə əhatə olunub.

Borsunlu kurqanları haqqında onu da qeyd etmək lazımdır ki, bu, Qarabağda hələlik yeganə abidədir ki, orada mədəniyyətin inkişafını e.ə III minilliyin başlanğıcından I minilliyin ortalarına qədər izləmək olur.

Ümumi məlumat

Böyük Borsunlu kurqanından tapılmış at kəlləsi və onun ağız hissəsində olan tunc gəm

XIX əsrin sonlarındakı arxeoloji tədqiqatlarla, həmçinin XX yüzilliyin 20-ci, 30-cu, 50-ci və xüsusilə 80-ci illərindəki, nəhayət, XXI əsrin ilk onilliklərindəki qazıntılarla dağlıq və düzən Qarabağda çoxsaylı qurqan abidələri aşkar edilərək öyrənilmişdir. Elmi baxımdan onlardan ən diqqətəlayiq olanları Xocalı, Axmaxı, Dovşanlı, Ballıqaya—Sırxavənd, Qarabulaq, Xankəndi, Borsunlu, Bəyimsarov, Sarıçoban və digər qurqanlardır.

Müxtəlif forma və ölçülərə malik kurqanlar düzgün konusvari (daş, torpaq, bəzi hallarda isə qarışıq) təpələrdir ki, onların altında müxtəlif adət-ənənələr və maddi mədəniyyət nümunələri ilə dəfn olunmuş şəxslərin qəbirləri yerləşir. Bir qayda olaraq, hər bir qəbiristanlıqda qəbilə başçıları (hökmdarları) üçün nəzərdə tutulmuş kurqanlar xarici görünüşünə, qəbir kamerasının quruluşuna və dəfn adətlərinə görə digərlərindən kəskin şəkildə fərqlənir. Belə qəbiristanlıqlarda əmlak və sosial təbəqələşmənin yaranması və dərinləşməsi qabarıq şəkildə nəzərə çarpır. Bu proses, e.ə. III minilliyin əvvəllərindən I minilliyin I rübünə qədərki uzun bir tarixi dövrü əks etdirən Tunc və Erkən Dəmir dövrünün çoxtəbəqəli qəbiristanlıqlarında xüsusilə aydın şəkildə təzahür edir. Bu tip abidələrin bariz nümayəndələrindən biri Borsunlu nekropoludur.

Borsunlu nekropolundakı kurqanlarının bir qrupu Hidayət Cəfərov tərəfindən tədqiq edilmişdir. H.F.Cəfərov ayrı-ayrı qruplar halında cəmləşən kurqanları beş tipə bölmüşdür.

Müxtəlif dövrlü qədim abidələri ilə zəngin Qarabağın Tərtər bölgəsində Mil-Qarabağ arxeoloji ekspedisiyasının 2-ci dəstəsi 1981–1987-ci illərdə burada çoxsaylı arxeoloji abidələr qeydə alıb ki, Borsunlu nekropolu da Tərtər rayonu ərazisində qeydə alınmış zəngin abidələrdəndir. Burada kiçik fasilə (1984-cü il) ilə 1981–1987-ci illərdə sistemli arxeoloji tədqiqatlar aparılmışdır. Nekropol Borsunlu kəndi ətrafında, İncəçayı hövzəsinin orta axarında, çayın dərin dərədən düzənliyə çıxaraq yelpikvari yayılması zonasında, geniş bir sahədə yerləşmiş tunc və ilk dəmir dövrünə aid kurqanlardan ibarətdir. Borsunlu kurqanları əksərən torpaq və xırda çınqıl qatışığından, bəzi hallarda isə çınqıl və çay daşlarından qurulmuşdur. Bu tip kurqanlar bir qayda olaraq bir və ya iki cərgə daşlardan hörülmüş kromlexlə əhatə olunub.

Borsunlu nekropolunda kurqanlar ayrı-ayrı qruplar halında cəmləşib. Bu xüsusiyyət ibtidai-icma quruluşunun daxili mexanizmi ilə bağlı olan gerçəklikdir. ki, belə qruplarda bir və ya iki böyük ölçülü kurqanı kiçik və orta həcmli kurqanlar əhatələyir. Mərkəzdə yerləşmiş böyük kurqanlar tayfanın varlı üzvləri, onun ətrafındakı kurqanlar isə sıravi üzvlər üçün nəzərdə tutulmuşdur. Göstərilən xüsusiyyət tunc dövrünün bütün mərhələləri üçün eitibarlıdır. Kurqan qruplarına İncəçayın həm sol sahil (Qara su, Ağ qaya, Melikli dərəsi, Gen dərə, Qara yol, Acı dərə, Arxaşan dərəsi, Mil dərəsi, Arpa dərəsi, Çəmənlik), həm də sağ sahil zonasında (Göllər, Səlbi dərəsi, Qazaxlar, Sulu dağ, Narlı dərə, Şorsu və s.) mövcuddur.

Qəbirlərin quruluşu

Xarici görünüş eitibarilə Borsunlu kurqanları bir neçə tipə bölünür:

  • Örtüyü yalnız iri çay daşlarından ibarət olan kurqanlar. Bu tip kurqanların bəizilərinin mərkəz hissəsi batıqdır.
  • Örtüyü iri parçalı çınqıldan ibarət olan kurqanlar.
  • Ətrafı kromlexlə əhatələnmiş, mərkəzi hissəsi daş örtüyə malik olan kurqanlar; bu tip kurqanlarda kromlexlə mərkəzdəki daş yığını arasındakı boşluq gəc qatışıq xırda çınqılla doldurulmuşdur.
  • Ətəyi kromlexli, mərkəzi hissəsi gəc qatından ibarət olan kurqanlar. Bu tip kurqanlarda örtük çox zəifdir (0,5 m-ə qədər).
  • Torpaq örtüklü kurqanlar. Axırıncılar sayca azlıq təşkil edirlər.

Kurqanlar və qəbir tapıntıları

8 saylı kurqan
Borsunlunun əsasən kasıb avadanlığı olan kurqanlarının fonunda, sahəsi 256 m² olan qəbir kamerası zəngin avadanlıqlı, o cümlədən tunc və qızıl lövhə ilə işlənmiş fil sümüyü, şirli qab, qiymətli metal qablar, naxışlı gil qablar olan böyük Borsulunun 8 saylı torpaq kurqanı xüsusi təəssürat yaradır.

Hidayət Cəfərov / Diana Cəfərova "Qarabağın arxeoloji abidələri" elmi məqaləsi

Borsunlu nekropolunda 30-dan artıq kurqan abidəsi tədqiq edilmişdir. Bunlardan beşi ilk tunc dövrünə aiddir. Həmin kurqanlar 1981, 1983 və 1986-cı illərdə qazılmışdır. Onların bəziləri aşağıdakı kimidir:

2 saylı kurqan

İncəçayın sol sahilində "Gen dərə" adlı sahədəki kurqanlar qrupuna daxildir. Buradakı kurqanlardan biri orta tunc dövrünə (1 saylı), qalanları son tunc dövrünün erkən mərhələsinə aid olub. Bu abidələr 1981-ci ilin tədqiqatları zamanı öyrənilib.

2 saylı kurqanın daş örtüyünün (hündürlüyü 2 m, diametri 24m) şimal-qərbində kurqan altında düzbucaqlı qəbir (4x2,5x1,5 m) açılıb. İçərisi müxtəlif ölçülü çay daşları ilə dolu olan qəbirin divarı gəc suvağı ilə bərkidilib. Qarət olunmuş qəbirdə ilkin anatomik vəziyyətdə pozulmuşdur. İnsan cəsədi qalıqları (dişi, qabırğa və lülə sümükləri) əsasında onun bükülü vəziyətdə dəfn olunması ehtimal olunur. Cənub divarı yaxınlığında qara rəngli, yuvarlaq gövdəli, səthində relyefli üfüqi xətt olan küpənin qırıqları tapılıb. Qab son tunc dövrünün erkən mərhələsi (e.ə. XIV–XIII əsrlər) üçün xarakterik olub Xocalının İshaq Cəfərzadə tərəfindən qazılmış 5 saylı kurqan materialarını xatırladır.

3 saylı kurqan

Gəc və xırda çınqıl qatışıq böyük daşlardan örtüyə malik olan 3 saylı kurqanın (hündürlüyü 0,7 m, diametri 8 m) ətəyini əhatələyən kromlexin qərb hissəsində, daşların altında qırmızımtıl rəngli üç saxsı qabın sınıqları aşkar olunub. Əldə hazırlanmış qablar, kobud idi, gilində qum dənələri və ağzının kənarında batıq, çiyin hissəsində qabarıq paralel qoşa relyefli xətt vardır.

Kurqan altında, mərkəz hissədə düzbucaqlı qəbir kamerası (3x2x1,2 m) açılıb. Şərq divarında, tili qəbirə doğru, şaquli basdırılmış ağ əhəngdaşı lövhəsi qeydə alınıb. Belə dəfn mərasiminə Gəncəçayın son tunc və ilk dəmir dövrü abidələrində, habelə Xankəndi və Osmanbozunun ilk tunc dövrü kurqanlarında təsadüf olunub. Bütün hallarda daş lövhələr qəbrin şərq hissəsində tapılıb. Göstərilən misallar bu adətin Azərbaycanda qədim köklərə malik olmasını, onun uzun müddət yerli tayfaların dəfn mərasimində tətbiq edilməsini göstərir.

Tamamilə çürümüş insan cəsədi qalıqlarının tapıldığı qəbirdə avadanlıq olmayıb.

6 saylı kurqan

6 saylı kurqanın daş örtüyü (diametri 10 m, hündürlüyü 0,5 m) kromlexlə əhatə olunub. Kurqanın şimalında, örtük altında açılmış qəbirin (3x1.5x1 m) divarı gəc suvaqla bərkidilmiş, döşəməsi yastı daşlarla döşənmişdir. Qəbirdə yanı üstə bükülü dəfn olunmuş insan skeletinin qalıqları, onun yanında şarvari gövdəli, boz cilalı küpün sınıqları tapılıb. Kurqan e.ə. XIV–XIII əsrlərə aiddir. İncəçayın sol sahil zonasında, "Gen-dərə" qrupunun müxtəlif kurqanlarında aparılmış arxeoloji qazıntılar bu abidələrin tayfanın orta (2 saylı kurqan), yoxsul və çox yoxsul üzvlərinə mənsubdur. Avadanlıqlar yalnız saxsı qablardan ibarətdir. Gil qabların morfoloji xüsusiyyəti onları e.ə. XIV–XIII əsrlərə, son tunc dövrünün ilk mərhələsinə aid etməyə imkan verir. Borsunlu nekropoluna daxil olan kurqanların böyük qrupu İncəçayın sağ sahil zonasında yerləşir. Nekropolda qazılmış kurqanların böyük əksəriyyəti bu qrupa daxil olub və onların bir hissəsi 1983-cü ildə öyrənilib.

7 saylı kurqan

Böyük Borsunlu kurqanından tapılmış gil qablar (küpələr)

Hündürlüyü 1 m, diametri 12 m olan 7 saylı kurqan İncəçayın sağ sahilində, Borsunlu kəndinin cənub-şərq qurtaracağında yerləşir. Örtüyü müxtəlif ölçülü çay daşlarından, xırda çınqıl və şabalıdı rəngli torpaqdan ibarətdir.

Qəbrin divarı yumşaq keyfiyyətli əhəngdaşı lövhələrdən hörülmüş, yəni qəbir "üzlənmişdir". Daş lövhələrin qalınlığı 5–6 sm, uzunluğu 20–25 sm-dir. Hörgüdə birləşdirici məhlul kimi "gəcdən" istifadə olunub. Qəbir kamerasının kənarı iki cərgə düzülmüş böyük ölçülü çay daşları ilə haşiyələnib. Belə ki, Borsunlu nekropolunun yerləşdiyi sahə əsasən narın tərkibli çınqıl qatından ibarətdir. Qəbir divarının bərkidilməsi uçqunun qarşısını almaq məqsədli olub.

7 saylı borsunlu kurqanında tapılmış arxeoloji materiallar müxəlif tipli saxsı qab nümunələrindən ibarətdir ki, üstdən birinci təbəqədə bir ədəd (bikonik quruluşlu tək qulp küpə); ikinci təbəqədə 2 qab (silindrik boğazlı küpəciklər); üçüncü təbəqədə 8 qab qoyulmuşdur. Axırıncı təbəqənin saxsı qabları bikonik və ya şarşəkilli gövdəyə malik boz, qaramtıl və qırmızı rəngli tək və ya qoşa qulplu küpələrdən, cam və xeyrədən ibarətdir. Qablar Kür-Araz mədəniyyətinin erkən dövrü kurqanlarından aşkar olunmuş qablara məxsus xüsusiyyətlərini əks etdirir.

Böyük Borsunlu kurqanının qızıl əşyaları
Böyük Borsunlu kurqanından tapılmış pilək - çənbərlərin bəzilərinin qızıl lövhələrlə inkrustasiya edilməsi ilə yanaşı başqa əşyalar, məsələn, tunc sancaq, düymə və tunc mıxların da bəzilərinin səthi də nazik qızıl lövhələrlə inkrustasiya edilmişdir. Sancaq və mıxların yalnız şlyapa hissələri qızıl lövhəyə bürünmüşdür. Bir neçə əşya xalis qızıldan hazırlanıb. Onlar kiçik, üçbucaqlı quruluşlu lövhədən (onun paltara tikmək üçün üç deşiyi var) və qızıl lövhəni qatlamaqla hazırlanmış enli toqqa başlığından ibarətdir. Toqqa başlığının səthində qoşa relyefli sümbül rəsmi nəqş edilib.

Джафаров Г.Ф. Связи Азербайджана со странами..., səh. 44.

12 saylı kurqan

1983-cü ildə öyrənilmiş 12 saylı kurqan Borsunlu kəndinin cənubunda, İncəçayın sağ sahilində, "Göllər" adlı sahədə yerləşmiş abidələr qrupuna daxildir.

Ölülər qəbrin şimal, şimal-qərb, qərb, cənub və şərq günclərində, çox bükülü vəziyyətdə qoyulmuş və yandırılmışdır. Buradan tapılmış iri və xırda buynuzlu heyvanlara məxsus sümüklər də yanıb.

Qəbir avadanlığına kameranın müxtəlif hissələrində qoyulmuş 11 ədəd saxsı qab nümunələri — küpə, cam, bardaq və xeyrələr daxildir. Morfoloji xüsusiyyətləri ilə Xankəndi (103 və 119 saylı), habelə Borsunlu (7 saylı) kurqanı materialları ilə bir qrupa daxildirlər.

12 saylı kurqanla bağlı iki fakt: kurqanın şimal hissəsində kromlexin altında 30 sm dərinliyi və 50 sm eni olan çaladan tapılmış dəvəgözü alətləri diqqəti cəlb edir. Sayı 40-dan artıq olan bu alətlər qədim daş dövrünün (paleolit) müxtəlif mərhələləri üçün xarakterik əlamətlərə malikdir. İkinci fakt isə, buradan tapılmış sallama qəbri ilə bağlı faktdır. Qəbir e.ə. II minilliyin ortalarına (e.ə. XV əsr) aiddir.

15 saylı kurqan

15 saylı kurqan "Narlı dərə" qrupunda öyrənilmiş abidələrdən xarici görünüşü ilə seçilir. Hündürlüyü 1,3 m, diametri 12 m olan daş örtük altında, mərkəz hissədə nisbətən böyük ölçülü qəbir kamerasında (4x2,2x1,7 m) bükülü vəziyyətdə başı qərbə olan ölü dəfn olunmuşdur. Qəbrə dörd cilalı saxsı qab: cam, bərni, küpə və nehrə qoyulub. Saxsı qablar forma etibarı ilə e.ə. XII-XI əsr keramikası ilə oxşardır.

Borsunlu nekropolunda 1986-cı ildə 16 kurqan öyrənilib. Onlardan üçü (16, 22. 31 saylı) kenotof, qalanlarında, əsasən qərb-şərq istiqamətli, düzbucaqlı planlı torpaq qəbirlər aşkar olunub. Qəbirlərdə tək ölü dəfn olunub, yalnız bir kurqanda (27 saylı) düzbucaqlı planlı gəc qəbir (e.ə. X-XI əsrlər) dairəvi quruluşlu XII-XI əsrlər qəbirinə sallanmışdır. Qəbirlərin bir qismində (17, 18, 23, 24, 25 saylı) avadanlıq qoyulmamışdır. Həmin il tədqiq olunmuş kurqanlardan ikisi (20, 26 saylı) ilk tunc dövrünə, biri (30 saylı) orta tunc dövrünə, qalanları isə son tunc və ilk dəmir dövrünə aid kenotaf və əşyasız kurqanlardır.

20 saylı kurqan

20 saylı kurqan (1986-cı il qazıntıları) İncəçayın sağ sahil zonasında "Şorsu dərəsi" adlı sahədəki kurqanlar qrupuna daxildir. Hündürlüyü 1,5 m, diametri 18 m olan kurqan örtüyü üst layda daşlardan, aşağı qatlarda isə boz rəngli "gəcdən" ibarətdir. Kurqanın mərkəz hissəsində qaratorpaq qatışıq daş yığını altında, yer səthində, çox bükülü vəziyyətdə qoyulmuş uşaq skeletinin qalıqları tapılıb. Onun qarşısında nazik divarlı, qara cilalı, şarvari tək qulpu olan küpə qoyulub. Burada başqa avadanlığa təsadüf olunmayıb. Küpə 9 saylı Borsunlu kurqanı materialları ilə eyni tiplidir. Daş yığını altında qərb-şərq istiqamətində qazılmış qəbir kamerasında (3x1,7x1,4 m) əsasən gəcin tərkibindəki duzların təisirindən aşılanmaya məruz qaldığı üçün anatomik vəziyyəti müəyyənləşdirilməyən insan skeletinin qalıqları aşkar olunub. By qəbrə avadanlıq qoyulmayıb.

Həm kurqanaltı sahədəki qəbir abidəsinin, həm də kurqan örtüyündə tapılmış dəfn izinin ilk tunc dövrünə aiddir.

Kenotaf kurqanlar

16, 22 və 31 saylı kurqanlar Kenotaf kurqanlardır. 16 saylı kurqan Borsunlu kəndinin şimalında "Məlikli dərəsi" kurqanlar qrupuna aiddir. Daş örtüyü səliqəli düzümlü kromlexlə əhatə olunmuş kurqanın diametri 16 m, hündürlüyü 1 m idi. Kurqan örtüyü altında qəbir kamerası, dəfn izi və avadanlığa təsadüf olunmayıb.

Digər 22 saylı kenotaf kurqan Borsunlu kəndinin şimal qərbində, "Mil-dərəsi" kurqanları qrupunda öyrənilib. Bu kurqanlar əsasən torpaq və xırda qumlu-çınqıllı qatışıqdan qurulmuş, müxtəlif ölçülü konusvari örtüyə malik olub.

Böyük Borsunlu kurqanı (8 saylı)

Böyük Borsunlu kurqanı bir çox baxımdan; həm kurqan örtüyünün nəhəngliyi, həm qəbir kamerasının ölçücə genişliyi və böyüklüyü, həm də dəfn mərasiminin mürəkkəbliyi və kurqanın avadanlığı baxımından müqayisə edilməz dərəcədə zənginliyi ilə Qafqazın bütünlükdə həmdövr abidələrindən kəskin surətdə seçilir.

26 saylı kurqan
Borsunlu nekropolunda ilk tunc dövrünə aid öyrənilmiş axırıncı abidədir. İncəçayın sağ sahilində, "Narlı dərə" sahəsindəki kurqanlar qrupuna daxildir. Hündürlüyü 0,6 m, diametri 8 m olan kiçik kurqan daş, qaratorpaq və "gəc" qatışığından qurulub. Düzbucaqlı quruluşlu, qərb-şərq istiqamətli qəbir kamerası (2,0x1, 8x1, 6 m) kurqan örtüyünün altında, mərkəz hissədə yerləşib. Qəbrin divarı "gəc" məhlulu ilə bərkidilmiş və əlavə olaraq çay daşları ilə "üzlənib".

Hidayət Cəfərov, "Qədim Qarabağ" əsəri

Böyük Borsunlu kurqanı, Borsunlu nekropolunun düzənlik hissəsində yerləşən böyük ölçülü torpaq kurqanlarındandır.

Diametri 80 m, hündürlüyü 7 m olan torpaq kurqan örtüyü altında, mərkəz hissədə ümumi sahəsi 256 m² olan nəhəng qəbir kamerası (32x8x4 m) yerləşmişdir. Qəbir Şimal-şərq cənub-qərb istiqamətli qəbrin divarı maili planlıdır. Bununla əsas təbəqənin xırda qumlu-çınqıl qatının qəbirə uçmasının qarşısı alınıb. Kameranın üstü şam ağacı və ya arçan ağaclarından olan böyük ölçülü tirlərlə örtülüb. Bütünlükdə kurqan altı sahə ağac qol budaqları və çırpı ilə səliqəli döşənib. İndiyə qədər çox yaxşı qalan ağac tirlərin ümumi sayı 200-dən artıq olub.

Qəbir kamerasının böyüklüyü, hətta qarətə baxmayaraq burada talandan sonra tapılmış çoxsaylı maddi mədəniyət nümunələri (o cümlədən qızıl və fil sümüyündən bəzək əşyalı) qəbirdə böyük nüfuza malik tayfa başçısının, yerli hakimin, yerli sinfi cəmiyyətin hökmdarının dəfn olunmasını sübut edir.

Tayfa başçısı qəbirin qərb hissəsində xüsusi hazırlanmış taxt üzərində uzadılmış vəziyyətdə dəfn olunub. Qəbirdə tayfa başçısının kənizləri və drujinaçıları da (9 nəfər) dəfn olunub. Kənizlər və drujinaçılar tayfa başçısının ətrafında, əsasən taxtın şimal hissəsində dəfn olunublar. Şübhəsiz həmin şəxslər "könüllü olaraq" öz "ağaları" ilə birlikdə axirət dünyasına köçməyə hazır olmuşlar.

Borsunlu kurqanından tayfa başçısını dəfn etmək üçün hazırlanmış xüsusi tabut-taxtın qalıqları da tapılmışdır.

Arxeoloji materiallar içərisində sümükdən hazırlanmış qaytarğanlar böyük ustalıqla hazırlanıb. Onlar İki hissədən ibarət olub tunc mıxlarla birləşdirilmiş qaytarğanların üz hissəsində real verilmiş insan sifətinin təsviri həkk olunub.

Borsunlu kurqanında tayfa başçısı və onu müşayiət edən insanlarla yanaşı 8 at dəfn edilmişdir ki, atlar qəbirin şimal-şərq hissəsində basdırılmışdır. Atların çoxu cilov — yüyənlə, həmçinin müxtəlif bəzəklərlə birgə dəfn olunub. Atlar, əksərən doğranmış halda, hissələrə parçalanaraq qəbirə qoyulub. Bundan başqa qəbirdən iri buynuzlu mal-qara və davar sümükləri də tapılıb.

Böyük Borsunlu kurqanı maddi mədəniyyət nümunələri

Böyük Borsunlu kurqanı qarət edilsə də burada çoxsaylı avadanlığa təsadüf olunub. Hərçənd ki, ölülərin ilkin qoyulma vəziyyəti və qəbir avadanlığının düzülüşü tamamilə pozulub. Yerdə qalmış maddi mədəniyyət nümunələrinin əksər hissəsi hökmdar dəfn olunmuş sahədə tapılıb, bunula yanaşı qəbirin başqa hissələrində də çoxsaylı artefaktlara təsadüf edilib.

Borsunlu kurqanının avadanlığı müxtəlif ölçülü və formalı gil qab nümunələrindən (onlardan biri "assuriya tipli" şirli qabdır), tunc təbərzin balta, tuncdan yastı baltalar, iskənələr, tunc nizə ox ucluqları, tunc və sümükdən at əsləhələri və cilov — yüyənlər, tunc düymə, kündəvari pilək — çənbərlər mıxlar, tunc qazan sınıqları, daş toppuz, qızıl toqqa başlığı, qızıl lövhə, əsası tunc, üzəri qızıl lövhə ilə örtülmüş düymə, mıx və sancaqlar, fil sümüyü və böyük ölçülü dəniz iblizlərinin qabığından böyük ustalıqla hazırlanmış, səthi naxışlı, müxtəlif tipli umbon və pilək — çənbərlər, şüşə, sümük, pasta və əqiqdən hazırlanmış muncuqlardan və s. ibarətdir.

Sümükdən hazırlanmış qaytarğanlar. İki hissədən ibarət olan qaytarğanlar tunc mıxlarla birləşdirilib. Üz hissəsində isə insan sifətinin təsviri həkk olunub.

Arxeoloji materiallar içərisində çoxsaylı piramida, silindrik, yastı dairə, səthində qayışa bağlamaq üçün batıqları olan və s. tunc əşyalar da təsadüf edilib. Onların əksəriyyəti at yüyəni və yəhərinin müxtəlif hissələrini bağlamaq, habelə at bəzəyi və əlavə vasitələr kimi istifadə olunub.

Borsunlu kurqanındakı iki tunc qazandan birinin içərisinə təbərzin balta, yastı baltalar, kiçik ərsin-balta, iskənə və bülöv daşı qoyulub.

Borsunlu kompleksindən asılması üçün deşiyi olan bülöv daşı və boz rəngli mərmərdən hazırlanmış armudvari toppuz başlığı da tapılıb. Borsunlu toppuzu indiyə qədər Azərbaycan abidələrindən məlum olan toppuzlarından quruluş etibarilə kəskin fərqlənir. Bu tip toppuz başlıqlarına təkcə Azərbaycanda deyil, ümumi Qafqaz analogiyasına yerli materiallar içərisində deyil Şimali İran və Cənubi Türkmənistanın e.ə. II minilliyin II yarısına aid komplekslərində daha çox rast gəlinib.

Borsunlu kompleksinə daxil olan avadanlıq sümükdən kiçik təkərvari disk və çöl donuzu dişindən iki ədəd amuletlə yekunlaşır.

Küpələr

Küpələr yastı-şarvari gövdəli, yastı oturacaqlıdır. Əsasən qara, qismən bozumtul-qonur cilalıdır. Dulus çarxında hazırlanmış küpələrin boğazı qısa, ağız kənarı xaricə qatlanmışdır, gilinin tərkibi təmiz, divarı möhkəmdir. Küpələrdə qulp əvəzinə "göbələkvari" çıxıntı yapışdırılmışdır. Ümumiyyətlə Xocalı-Gədəbəy mədəniyyəti keramikası üçün xarakterik olan, bir növ "pasport" rolunu oynayan "göbələkvari" çıxıntıların Borsunlu kurqanı materiallarında müxtəlif variantlarına təsadüf edilib.

Borsunlu küpələrini fərqləndirən digər xüsusiyyət orijinal naxışlama motivləridir. Naxışlamada aparıcı yeri relyef və şüyrəli xətlərdən çəkilmiş tağvari naxışlar tutur. Onların arası maili, torşəkilli, yolkavari, nöqtəli, dalğavari və üçbucaqşəkilli, bəzən isə basma dairəvi bəzəklərlə ("sirkul naxışı") doldurulmuşdur.

Küpələrdən birinin naxışı daha mürəkkəbliyi ilə seçilir. Müxtəlif tipli (relyefli, şüyrəli-dalğalı, nöqtəli-dairəvi və s.) naxışların yaratdığı bəzək açılışda əsil beşguşəli ulduzu xatırladır.

Küpələrin çox hissəsinin divarı boğaz gövdə hissəsində nazik, gövdədən aşağı və oturacaqda isə qalındır.

Borsunlu materialları içərisində ən böyük saxsı qab tiyandır. Gövdə hissəsi enli relyefli paralel xətlərlə örtürmüş çiyin hissəsində qulaqcıq şəkilli 3 qulp var və oturacağı deşikdir. Qab üzümçülüklə bağlı olmuşdur. Onun içərisindən tapılmış tayqulp ölçücə kiçik olub, üzərində naxış olmayan yeganə qabdır.

Boşqablar (Buludlar)

Borsunlu kurqanı keramikasının başqa qrupunu böyük ölçülü boşqablar (buludlar) təşkil edir. Əldə hazırlanmış Boşqablar–sinilər qara və boz cilalıdırlar. Boşqabların həm xarici, həm də içəri səthi naxışlanmışdır. Naxışlamada aparıcı yeri müxtəlif istiqamətli şüyrəli-dalğalı xətlərin yaratdığı kompozisiya təşkil edir. Ümumi kompozisiyanın mərkəzində isə "xaç" rəmzi durur. Boşqablar simmetrik yapışdırılmış qoşa "yalançı" qulplara malikdir. Bəzi boşqabların ağzının yastı kənarı bir cərgə basma dairələrlə (sirkul naxışlar) bəzədilib. Ümumiyyətlə dairəvi ştampla naxışlar Borsunlu keramikasında üstün yer tutan ünsürlərdəndir.

Boşqablar içərisində qırmızı rəngli, səthi qırmızı şüyrə ilə dalğalı, torşəkilli, yolkavari, habelə içərisi nöqtəli basma dairələrlə ("sirkul naxışlarla") bəzənmiş bir qab başqalarından seçilir. Bu boşqabların birbaşa analogiyasına indiki Türkiyə ərazisindəki məşhur Troya (İlion) abidəsinin müvafiq təbəqəsində təsadüf edilib. Troya boşqabları həm forma, həm də naxışlama, xüsusilə şüyrəli enli xətlərin yaratdığı xaç nişanı ilə Borsunlu boşqablarını xatırladır. Troyanın boşqablar tapılmış təbəqəsi e.ə. 1240–1170-ci illərə aid edilir ki, bu da böyük Borsunlu kurqanı dövrünə uyğun gəlir.

Borsunlu boşqablarının daha bir analogiyasına Yaxın Şərqin Meqiddo abidəsində (XI təbəqə) rast gəlinib, həmin təbəqə daha qədimdir (e.ə. 1700–1650).

Əşyasız kurqanlar
17, 18, 23, 24, 25 saylı kurqanlar Borsunlu nekropolunun "Şorbulaq dərəsi" (17 saylı), "Narlı dərə" (18, 25 saylı) və "Arpa dərəsi" (23, 24 saylı) qrupunda öyrənilib. Xarici əlamətləri ilə bu kurqanlar Borsunlu nekropolunun başqa həm tip abidələrindən seçilmir. Örtüyü daşdan tökülmüş kurqanların diametri 6 m-dən 10 m-ə qədər, hündürlüyü 0,5-1 m arasındadır. Bütün hallarda kurqan örtüyü altında, əsasən mərkəz hissədə düzbucaqlı quruluşlu şərq-qərb istiqamətli adi qəbirlər aşkar olunub. Ölülər sağ və ya sol yanı üstə, bükülü vəziyyətdə dəfn olunublar. Gəc qatının və rütubətin təsirindən sümüklər çox halda çürüyüb və bu qəbirlərdə əsasən yeniyetmə və ya azyaşlı dəfn olunub. Kurqanların heç birində avadanlığa təsadüf olunmayıb. Bu kurqanları təxminən e.ə. II minilliyin II yarısına aiddir. Görünür, bu qəbirlərdə tayfanın ən yoxsul üzvləri dəfn edilib. Az-çox arxeoloji materiallar tapılmış kurqanlar da (19, 21, 27, 28, 29, 32 saylı) avadanlığın azlığı və dəfn mərasiminin bəsitliyi ilə seçilir.

Hidayət Cəfərov, "Qədim Qarabağ" əsəri

Küp
Qol-budaqlı ağac rəsminin təkrarlanan naxışları həkk olunmuş gil qab; "Küpə". Naxışlanma batıq xətlər və onların arasına doldurulmuş şüyəli-dalğavari xətlərdən ibarətdir.

Keramikanın başqa nümunələri yalnız yeganə nüsxə ilə təmsil olunub. Onlardan biri qəbirin şimal-şərq divarı önündə qoyulmuş nəhəng küpdür. Hündürlüyü 1 m olan küp daha çox tiyanı xatırladır. Ağzı geniş, oturacağı qeyri-mütənasib olaraq ensiz və dardır. Oturacaqda, künc hissəsində deşik açılıb. Görünür, tiyan şərabçılıqda istifadə edilib. Onun içərisində qalmış şabalıdı rəngli daşlaşmış kütlənin xüsusi laboratoriya analizi həmin kütlənin üzümlə bağlı olmasını göstərmişdir.

Buradan tapılmış tək qulp parç böyük tiyanın içərisinə qoyulmuşdur ki, bu faktın özü də böyük tiyanda şərab saxlanılmasını sübut edir.

Keramika nümunələrindən biri ümumi saxsı qablar qrupundan qətiyyətlə seçilir. Ağ rəngli gildən hazırlanıb səthinə göy rənglə boya vurulmuş bu qab "assuriya tipli" şirli qablar sırasına daxildir. Sınmış qabın bir hissəsi qalıb. Xatırladaq ki, şirli qablara Azərbaycanın Lənkəran, Xocalı, Gəncəçay ("Paşa təpə"), Naxçıvan (II Kültəpə), Mingəçevir və son illərin məlumatına görə Xaçbulaq və Goranboy abidələrində təsadüf edilib.

Metal əşyalar

Böyük Borsunlu kurqanı materiallarının böyük əksəriyyəti metal əşyalardan ibarətdir. Onlar tuncdan hazırlanmışdır. Buraya silahlar, əmək alətləri, at əsləhələri, məişət əşyaları, şəxsi əşyalar, bəzək nümunələri və s. daxildir.

Silahlar təbərzin balta, nizə və ox ucluqları, habelə bilavasitə döyüşlə bağlı olmasa da onun tərkib hissəsi olan döyüş paltarı hissələri-zireh lövhələrindən ibarətdir.

Təbərzin baltalar Azərbaycanın son tunc dövrü abidələrində, xüsusilə Xocalı-Gədəbəy mədəniyyətinin yayıldığı ərazidə tez-tez təsadüf edilir. Təbərzin baltalarının yayılma arealına Azərbaycanın başqa rayonları (məsələn, Dəvəçi dəfinəsi), habelə Zaqafqaziyanın müvafiq regionları da daxildir.

Borsunlu ox və nizə ucluqları

Tunc materialların bir qismi xüsusi quruluşlu ox ucluqlarından (8 ədəd) ibarətdir. Ox ucluqları forma etibarilə son tunc və ilk dəmir dövründə Azərbaycanda geniş yayılmış və elmi ədəbiyyatda "Zaqafqaziya tipi" kimi məlum olan ox ucluqlarına yaxın olsa da, onlardan müəyən qədər fərqlənir. Belə ki, Borsunlu nümunələrinin üçbucaqlı tiyələri sallaq qanada malik deyil. Tiyənin mərkəzi hissəsi qabırğalı, ağaca keçirmək üçün dilçəkləri qısadır. Bizə görə, Borsunlu ox ucluqları sonralar geniş yayılmış "Zaqafqaziya tipli" ox ucluqlarının ilkin variantı sırasına daxil olub, dövr etibarilə daha qədimdir.

Borsunlu kompleksinə daxil olan nizə ucluqlarını (5 ədəd) iki tipə ayırmaq olar:

  1. Çox uzun və ensiz qanadlı, ağaca taxılan hissəsi uzun borulu olanlar;
  2. Enli qanadlı, uzun borulu olanlar.
At əsləhələri

Borsunlu kompleksinin tərkibinə at əsləhələri də daxildir. Onlar at yüyəni üçün gəmlərdən, cilov, at yəhəri və yüyəni üçün müxtəlif köməkçi vasitələrdən ibarətdir.

At gəmləri bir neçə tipə ayrılır. Onlardan birincisi (1 ədəd) təkcə Azərbaycanda deyil, bütünlükdə Ön Asiyada geniş yayılmış, iki hissədən ibarət, bir-birinə hərəki halqa ilə bağlanan gəmlərdən ibarətdir. Bu tip gəmlərin simmetrik yerləşmiş qoşa qaytarğanları gəmin xaricinə birləşdirilirdi. Qaytarğanlar düz və ya bəzən də qövsvari quruluşludur. Borsunluda həmin qaytarğanın çubuqvari, ucları azacıq qövsvari olan növü təmsil olunmuşdur. Mərkəzi deşik gəmə ( cilova) keçirmək, kənar iki deşik isə yüyənin qayışdan olan qollarına bağlamaq üçün nəzərdə tutulub. Qaytarğanlı gəmlər qruplara bölünür:

  • Birinci qrupda iki hissədən ibarət kəmlərin tunc çubuğu əyilib birləşir.
  • İkinci qrup (2 ədəd) qaytarğanlar yoğun və qısa olması ilə fərqlənir. Onların gəminin birləşmə qaydası da başqadır.

Borsunlu kompleksində tapılmış bir qrup at gəmi (3 ədəd) qaytarğansızdır. At gəminin kənarları "şlyapa" varidir. Gəmlərdən ikisi burada dəfn olunmuş atların ağzında tapılıb. Gəmlə yanaşı, ağzın kənarında bir cüt tunc halqa da qoyulub. Bu halqalar, cilovu yüngül idarə etmək üçündür. Qafqazda və Ön Asiya abidələrində ikinci qrup gəmlərə hələlik təsadüf edilməyib.

Zireh lövhələri (Böyük Borsunlu kurqanı)
Döyüş paltarının üzərinə tikilmiş zireh lövhələri tuncdandır. Bəzilərinin səthində parça qalıqları da (yun və kətan) qalıb. Azərbaycanda bu tip zireh lövhələrinə Sarıçoban kurqanı, 1 saylı Xanlar, 2 saylı Xocalı kurqanlarında və Şəmkir nekropolunda (bu abidə e.ə.I minilliyin I yarısına aiddir) tapılıb.

Hidayət Cəfərov, "Qədim Qarabağ" əsəri

Çənbərlər

Borsunlu çənbərlərini fərqləndirən əsas xüsusiyyətlərdən biri onların səthinə vurulmuş bəzəyin özünəməxsusluğudur. Naxışlar dörd simmetrik düzülmüş və xüsusi kəsici alətlə çox böyük ustalıqla açılmış "üç yarpaq" və ya "lotos" çiçəyini xatırladan rəsmlərin cəmindən yaranıb.

Qafqaz regionunda bu əşyaların analogiyası yoxdur. Ön Asiyada yalnız Laşiş (Tell-Çuveyir) abidəsinin e.ə.1400-1300-cü illərə aid son tunc dövrü qəbirində lotos naxışlı pilək-çənbərlər tapılıb.Borsunlunun bu tip çənbərlərinin yalnız dördü bütöv qalmış, qalanları (10 ədəd) sınıqdır. Fil sümüyündən hazırlanmış pilək-cənbələrin bir qrupunun səthi naxışsız olub, sayadır. Bir qrup çənbər tuncla yanaşı həm də qızıl lövhələrlə inkrustasiya edilib. Belə pilək-çənbərlərin kənarı və mərkəz hissəsindəki tunc lövhənin üstü nazik qızıl təbəqə ilə örtülüb. Fil sümüyündən hazırlanmış, qızıl və tuncla inkrustasiya edilmiş çənbərlərə Qarabulağın (Füzuli) varlı (91 saylı) kurqanında da təsadüf edilib. Qarabulaq və Borsunlu kurqanlarında başqa oxşar və eyni materiallar da (yastı tunc balta, sümükdən səthi basma-dairəvi (sirkul naxış) naxışlı əşyalar, müxtəlif tunc əşya və s.) tapılıb.

Borsunlu kurqanında tunc lövhədən umbon-çənbərlərdə qayışa bərkitmək üçün ilgək var. Borsunludan tapılmış pilək-çənbərlərin bəziləri qızıl lövhələrlə inkrustasiya edilib.

Qaytarğanlar

Borsunlu kompleksi materiallarının çoxu orijinal quruluşlu olsa da, onlar bu və ya digər dərəcədə Xocalı-Gədəbəy mədəniyyəti abidələrində özünə müəyyən qədər oxşar analogiya tapır. Lakin kompleksdə elə nümunələr var ki, nə forması, nə naxışlanması, nə də tətbiq dairəsi baxımından analogiyaya malik deyil. Bunların içərisində sümükdən yüksək sənətkarlıq və incə zövqlə hazırlanmış at qaytarğanları xüsusilə fərqlənir. Qaytarğanlar iki ensiz sümük lövhənin tunc mıxla bir-birinə bərkidilməsi ilə hazırlanıb. Arxası qabarıq, üst səthi yastı qaytarğanlarda (yüyənə birləşdirmək üçün) üç yerdə deşik açılıb. Üst səthlərinə cızma üsulu ilə əsil rəssam işi olan, reallığı ilə secilən insan sifəti təsvir olunub. Bəzi təsvirlər sərt ifadəli, üzündə qətiyyət hissi olan kişini, digərləri mülayim, gözəllik nişanəsi qabarıq verilmiş qadını əks etdirir.

Muncuqlar

Borsunlu kompleksindən tapılan materiallar içərisində muncuqlar sayca çoxluğu və forma müxtəlifliyi ilə fərqlənir. Muncuqlar ağ, göy, sarı rəngli pastadan, qara rəngli maddədən, habelə əqiqdən hazırlanıb, konusvari, silindrik, oval, şarşəkillidir. Sarımtıl rəngli kiçik pasta muncuqlar isə bütün qəbir kamerasına səpələnmişdir. Buradan tapılan başqa muncuqlar yaxşı saxlanılıb. Pasta muncuqlarla müqayisədə əqiqdən və ağ, yaşıl, göy və qara rəngli şüşədən hazırlanmış muncuqlar azdır.

Əksər hallarda varlı və daha zəngin qəbir materiallarının tərkib hissəsi olan şüşə və pasta muncuqların əksəriyyətinin Azərbaycan, o cümlədən Qafqaza mədəni-iqtisadi əlaqələr vasitəsilə gətirildiyi qeyd edilib.

Nəticəsi

Böyük Borsunlu kurqanı adi tayfa üzvü üçün deyil, böyük tayfa birləşməsinin başçısı, yerli "çar" üçün nəzərdə tutulub. Kurqan komasının möhtəşəmliyi (diametri 80 metrə qədər hündürlüyü 6-7 m), qəbir kamerasının nəhəngliyi, dəfnin dəbdəbəsi, dəfn mərasiminin qeyri-adiliyi bunu sübut edir.

Bütün təmtərağı ilə tayfa başçısı qəbirin cənub yarısında dəfin olunmuşdur. Dəfn mərasimi üçün hazırlanmış xüsusi "taxt"ı tunc və qızıl mıxlarla bərkitmişdilər. Çoxlu tunc lövhələr vurulmuş taxt onu bəzədilmişdir. "Taxtdan" yalnız kiçik parçalar qalıb. Tayfa başçısı "çar" qızıl və şüşə düymələrlə bəzədilmiş qiymətli paltarında dəfn olunub. Onun belinə qızıl işləməli kəmər bağlamış, yaxasını qızıl sancaq, paltarını qızıl lövhələr bəzəmişdir. Onun ətrafına "assuriya tipli" şirli qab, mürəkkəb naxışlı, nəfis işlənmiş saxsı qablar, döyüş baltaları, hakimiyyət və güc simvolu olan mərmər topuz, küllü miqdar başqa avadanlıq qoyulub. Öz ağalarına "əbədi dünyada xidmət etmək üçün doqquz kəniz və drujinaçı" zorla boğulub öldürülmüş, tayfa başçısının ətrafında və qəbirin müxtəlif hissələrində dəfn olunmuşdular. Buradaca at öldürülüb, bütün əsləhəsi və bəzəyi ilə basdırılmışdır. Atların bir qismi minik, digər hissəsi qoşqu atları olub. Götürülmüş at sümüklərinin ilkin tədqiqi, kurqanda iki tip atın, yüngül minik atının və ağır çəkili qoşqu atının olduğu müəyyənləşdirilmişdir.

Böyük Borsunludan tapılmış arxeoloji materiallar son tunc dövrü abidələri ilə xeyli oxşarlığa malikdir. Xüsusilə həm keramika və həm də metal əşyaların bir qismi Azərbaycanda geniş yayılmış və nisbətən yaxşı öyrənilmiş Xocalı-Gədəbəy mədəniyyəti materiallarını xatırlatsa da, həmin materiallar (keramika, metal əşyalar, bəzək əşyaları, sümük materiallar və s) bu mədəniyyətdən xeyli fərqli xüsusiyyətlərə malikdir. Buna görə də arxeoloji materialların ümumilikdə götürüldükdə Xocalı-Gədəbəy mədəniyyətinə mənsubiyyətini qəbul etməklə yanaşı, Borsunlu kurqanın özünəməxsus xüsusiyyətini nəzərə alaraq onun yeni, lokal variant olduğunu, Xocalı-Gədəbəy mədəniyyəti çərçivəsində yeni mikrorayon təşkil etdiyini qeyd etmək lazımdır. Bilavasitə kurqanın dövrü, müqayisəli materialların təhlili onun e.ə. XIV-XIII əsrlərə aid olmasını söyləməyə imkan verir.

Dəfndə müşahidə olunan dəbdəbə tunc dövrünün axırlarında Azərbaycanda əmlaka görə və sosial təbəqələşmənin mövcud olduğunu aydın sübut edir. Bu elə bir dövr idi ki, diyarımızın ərazisində ibtidai-icma quruluşunun əsasları qəti sürətdə sarsıdılmış və sinifli cəmiyyətə keçid başlanmışdır. Bu dövrdə Dövlət İnstitutunun bütün əlamətləri göz qabağındadır. Həmin dövr F.Engelsin təbirincə, "hərbi demokratiya" dövrü adlanır.

Arxeoloji materialların xeyli hissəsi qədim Azərbaycanın Şərq ölkələri ilə mədəni-iqtisadi əlaqələrini əks etdirir. Onlara şirli qab, şüşə və pastadan bəzək əşyaları, müxtəlif tip balıqqulaqları, fil sümüyü misal ola bilər.

At sümüklərinin öyrənilməsi həmin dövrdə atçılığın inkişafı haqqında yeni fikir söyləmək imkanını verib.

Kurqandan tapılmış böyük ölçülü saxsı əşyanın üzümçülük və şərabçılıqla bağlı olduğunu göstərir ki, bu da həmin dövrdə təsərrüfatın bu sahəsinin inkişafına aydın sübutdur.

Borsunluda təsadüf açılmış orta tunc dövrü abidəsi

Düzbucaqlı qəbir çalasında (3x2x1,5m) çox pis vəziyyətdə qalmış insan sümükləri və aşağıdakı arxeoloji materiallar aşkar olunub:

  • Tünd boz rəngli küpə. Ağzının qırağı kəskin yana əyilmişdir. Gövdəsi uzunsov-şar şəkillidir.
  • İkili konus şəkilli, tünd boz rəngli kiçik qab.
  • Daşdan kiçik cam. Dabanlıdar. Üzərində (çöl hissədə) cızma naxışlar var. Daşın özünün tərkibi "bəzənmişdir".
  • Qırmızı rəngli gildən kiçik qab. Oturacağında dəvə gözündən qoşa "pəncərə" var.
  • Tunc nizə ucu. Üzəri qabırğalı, saplağı sınıqdır.

Materialların təhlili, onlar tapılmış abidəni e.ə. II minilliyin ilk əsərlərinə aid etməyə imkan verir.

Borsunlu dəfinəsi

Borsunlu dəfinəsi Borsunlu kəndinin cənubunda, İncəçayın sağ sahilində, təsərrüfat işləri zamanı tapılmışdır. Yerli əhalinin verdiyi məlumata görə pullar iki saxsı qabın içərisində olmuşdur. Yerində aparılan yoxlamalar buranın heç bir yaşayış yeri ilə bağlı olmadığını göstərib. Cəmi 261 ədəd pul tapılıb.

Tarixçi M. Seyfəddinin müəyyənləşdirməsinə görə sikkələr Səfəvilər sülaləsi dövrünə aiddir. Pullar hicri ilə 948–958-ci illər arasında Naxçıvan, Təbriz, Şamaxı, Gəncə, Ordubad, Ərdəbil, Sultaniyə, İrəvan, Qəzvin, Qum şəhərlərinin zərbxanalarında Səfəvilər sülaləsinin nümayəndəsi I Şah Təhmasibin adından kəsilmişdir. Pulların üzərində I Şah Təhmasibin titulu – "Əl-Sultan, Əl-Aqil, Əl-Kamil Əbdül Müzəffər Bahadur xan Şah Təhmasib" sözləri həkk edilmişdir.

Qeydlər

  1. Dəstənin tərkibi: H.F.Cəfərov (qazıntıların rəhbəri), X.Xəlilov, İ.M.Əliyarov (baş laborantlar). Bundan başqa sektorun baş laborantı İ.Mehdiyev əlavə və ayrılmış vaxtda kömək üçün qazıntıya ezam olunmuşdur (1 ay).
  2. Bu tip topuz Azərbaycan abidələrində ilk dəfə borsunlu kurqanında aşkar edilib.
  3. Gil qabların hamısı kiçik fraqmentlər halında tapılmış, sonra bərpa edilmişdir.
  4. Yerli əhali indi də bu məhluldan evlərin divarınısuvamaq üçün istifadə edir.
  5. Yerli əhali bu qatışığı "xır" adlandırır.
  6. Kür-Araz mədəniyyətinin erkən dövrü kurqanlarından aşkar edilmiş qablar qalın oturacaqlı, lentvari qulplu, anqoblama, saya səthli və s. olub.
  7. 1986-cı ildə öyrənilmiş sonuncu abidədir.
  8. Professor, arxeoloq Hidayət Cəfərov tərəfindən "Çar kurqanı" da adlandırılır.
  9. Arxeoloji materialların mühüm hissəsini təşkil edən saxsı qablar forma və naxışlanmanın özünəməxsusluğu ilə fərqlənir. Buraya müxtəlif ölçülü küpələr, böyük ölçülü boşqablar (buludlar), böyük küp (tiyan), tək qulp parç və üzəri şirlə örtülmüş "assuriya" tipli qab daxildir. Saxsı qabları birləşdirən ümumi xüsusiyyət əksər hallarda onların səthinin mürəkkəb kombinasiya toplusuna əsaslanan naxışlamasıdır.
  10. Habelə 7 və 12 saylı Borsunlu kurqanları materialları
  11. Analiz AMEA Torpaqşünaslıq İnstitutunda aparılmışdır.
  12. Zaqafqaziyadan kənarda təbərzin baltalar Türkiyə (Boğazgöy), İran (Luristan), Suriyanın (Ras-Şamra) və s. tarixi ərazilərində aşkar edilib. Bu tip silahların saplı formada gəzdirilməsi qaydası Türkiyə - Xett ərazisindəki Boğaz köy abidəsindəki qapıya həkk olunmuş Teşub ilahisi təsvirində əyani verilib.
  13. Həmin əsərdə, həmçinin şüşə və pasta muncuqların yayılma arealı, onların tipoloji xüsusiyyəti, nəhayət bununla baglı geniş ədəbiyyat һaqqında ətraflı məlumat verilir.
  14. Sümüklərin təyini Azərbaycan SSR E.A muxbir üzvü profesor Dəmir Hacıyev tərəfindən müəyyənləşdirilmişdir.
  15. Materiallar Ekspedisiya üzvləri xəbər tutana qədər çıxarılmış olduğundan abidə Borsunlu kənd sakini Qambay Kərimovun su yaxınlığında təsərrüfat işləri zamanı, "gəc" torpağı götürülərkən açılıb.
  16. Pulların toplanılmasında Borsunlu kənd orta məktəbinin: Cəfərov Hüseyn, Səlimov Rafik, Mustafayev Fərrux, Babayeva Zülfiyyə, Şamilov Akif, Hüseynov Cavid, Məmmədov Fuad, Axundov Rza, Axundov Babək adlı şagirdləri böyük fəallıq göstərib.

Həmçinin bax

  • Hidayət Cəfərov
  • Sarıçoban kurqanı
Üst