| Cilovxanlı məscidi | |
|---|---|
| Ölkə | |
| Tikilmə tarixi | XV əsr |
| Üslubu | İslam memarlığı |
![]() Cilovxanlı məscidi | |
Cilovxanlı məscidi — Azərbaycanda Babək rayonunun Cəhri qəsəbəsində yerləşən XV əsrə aid məscid və tarix-memarlıq abidəsi.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Cilovxanlı məscidi yerli əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.
Haqqında
Cilovxanlı məscidi Babək rayonunun Cəhri qəsəbəsində yerləşir. Məscid öz addını yerləşdiyi məhəllədən alıb. Ətrafında tapılan orta əsrlərə aid tapıntılara əsasən onun XV əsrdə tikildiyi ehtimal olunur. Daşdan inşa olunan məscidin fasadı bişmiş kərpiclə üzlənib. Məscid dördkünc formalı böyük salondan ibarətdir. Daxildə qadınların ibadəti üçün ikinci mərtəbə düzəldilib. Qapı və pəncərələr yuxarıdan tağ şəkilli tamamlanır. Mehrabı tağ şəkilli taxçadan ibarətdir.
Azərbaycanda sovet işğalından sonra rəsmi olaraq 1928-ci ildən dinlə mübarizəyə başladılar. Həmin ilin dekabrında Azərbaycan KP MK-i bir çox məscid, kilsə və sinaqoqları maarifləndirici istiqamətlərdə istifadə üçün klubların balansına verdi. Əgər 1917-ci ildə Azərbaycanda 3.000 məscid var idisə 1927-ci ildə bu rəqəm 1.700, 1928-ci ildə 1369, 1933-cü ildə isə 17 idi. Cilovxanlı məscidi də bu dövrdə fəaliyyətini dayandırıb. Baxımsızlıq ucbatından güclü aşınmaya məruz qalıb və qəzalı vəziyyətə düşüb. 1988-ci ildə məsciddə bərpa işləri aparılıb.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2007-ci il 21 noyabr tarixli 98 nömrəli qərarı ilə Cilovxanlı məscidi yerli əhəmiyyətli memarlıq abidələri siyahısına salınıb.
Həmçinin bax
- Azərbaycandakı məscidlərin siyahısı
Ədəbiyyat
- Azərbaycan Respublikası məscidlərinin ensiklopediyası, “Beynəlxalq əl-Huda” nəşriyyatı, Bakı — 2001, ISBN 964-8121-59-1. ebooks.az;
- Səfərli, Hacıfəxrəddin. Naxçıvanın məscid və ziyarətgahları (az.). Naxçıvan: Əcəmi NPM. 2018. səh. 216.
- Əlifba sırasına görə tarixi abidələr
- Babək rayonunun məscidləri
- XIX əsr məscidləri
- Rayonlarına görə Azərbaycan məscidləri
