Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Dini təhsil və ya İlahiyyat təhsili — bir ölkədə insanlara müəyyən bir inancın aşılanması məqsədilə o inancın ibadət qaydalarının tətbiqi şəkildə öyrədilməsi, h

Dini təhsil

Vikipediya, azad ensiklopediya

Dini təhsil və ya İlahiyyat təhsili — bir ölkədə insanlara müəyyən bir inancın aşılanması məqsədilə o inancın ibadət qaydalarının tətbiqi şəkildə öyrədilməsi, həmçinin dini kultların xidmətçilərinin, peşəkar ilahiyyatçıların və dini təhsil müəssisələri üçün müəllimlərin hazırlanmasını əhatə edən peşəkar təhsil sistemi.

Dini təhsil öz mahiyyətinə görə dini tədrisdən fərqlənir. Dini tədrisdə fərdlərə bütün dinlər haqqında ümumi dünyagörüşü və mədəniyyət səviyyəsində obyektiv məlumatlar verilir. Avropa İnsan Hüquqları Konvensiyasına və Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına əsasən, dini təhsilin icbari (məcburi) şəkildə tədris olunması inanc azadlığına ziddir; lakin ümumi dünyagörüşü xarakterli dini tədris icbari proqramlara daxil edilə bilər.

Tarixi

Dini təhsilin yaranması və inkişafı qədim Şərq dövlətlərində (Babilistan, Misir və s.) dinlərin formalaşması tarixi ilə sıx əlaqədardır. İlahiyyat sistemlərinin mürəkkəbləşməsi, ruhanilərin xüsusi hazırlıq keçməsini və dini təlimlərin əhaliyə sistemli şəkildə izah olunmasını tələb edirdi.

Buddizmin yaranması ilə (e.ə. VI–V əsrlər) əhaliyə dinin öyrədilməsi əsasən monastır məktəblərində həyata keçirilirdi. Xristianlıqda (I əsr) ilahiyyat (teologiya) İsgəndəriyyə (Misir), Qüds, Roma və Bizansın digər şəhərlərindəki katexizis (dini ibtidai təhsil) və ümumtəhsil məktəblərində tədqiqat obyektinə çevrilmişdir.

Dini təhsil özünün ən yüksək inkişaf mərhələsinə feodalizm dövründə çatmışdır. Həmin dövrdə təhsil üzərində inhisar tamamilə kilsənin əlində idi və təhsil əsasən teoloji xarakter daşıyırdı. İlahiyyat orta əsrlərdə yaranan dünyəvi, o cümlədən ali məktəblərin də əsas fənni idi. Sonradan Reformasiya dövründən (XVI əsrin birinci yarısı) başlayaraq dünyəvi məktəblərin inkişafı ilə əlaqədar dini təhsil tədricən cəmiyyətin dünyəvi həyat sahələrindən sıxışdırılıb çıxarılsa da, ruhanilərin peşəkar hazırlığı və əhalinin dini maarifləndirilməsi bu gün də bir çox ölkələrdə davam etməkdədir.

Dini təhsilin əsasını "müqəddəs" və kanonik kitabların öyrənilməsi təşkil edir:

  • Buddizmdə — Tripitaka və digər mətnlər;
  • İslamda — Qurani-Kərim;
  • Xristianlıqda — İncil və Tövrat (Bibliya);
  • Yəhudilikdə — Əhdi-Ətiq və Talmud.

Bu kitablarda dinlərin baniləri və ya onların ardıcılları (həvarilər) və peyğəmbərlər tərəfindən irəli sürülən təlimlər, ali kilsə instansiyaları tərəfindən qəbul edilmiş doqmatlar sistemi şərh olunur.

SSRİ-də dini təhsil

SSRİ-də 1918-ci ildə qəbul edilmiş "Kilsənin dövlətdən, məktəbin kilsədən ayrılması haqqında" dekretə əsasən, bütün dövlət və ictimai təhsil müəssisələrində dini təlimlərin öyrədilməsi qadağan edilmişdi. Vətəndaşlar dini yalnız fərdi (özəl) qaydada öyrənə bilərdilər.

Dinin dövlət məktəblərində öyrədilməsi həmçinin Bolqarıstan, Çexoslovakiya, Yuqoslaviya və digər sosialist düşərgəsi ölkələrində də qadağan olunmuşdu. Polşada istəyənlər üçün dini dərslər kilsələrdə aparılır, Macarıstanda isə katexizis kilsə binalarında və fakültativ olaraq ümumtəhsil məktəblərində tədris edilirdi.

Müasir dövr

Müasir dövrdə dini təşkilatlar dini (ilahiyyat) təhsil verən geniş şəbəkəyə malikdirlər:

  • Ruhani təhsil müəssisələri — peşəkar din xadimləri və ilahiyyatçılar hazırlayan seminariyalar, akademiyalar, universitetlər və institutlar.
  • Konfessional məktəblər — yerli ruhanilərin nəzarəti altında fəaliyyət göstərən ibtidai və bazar günü məktəbləri. Onlar peşəkar təhsil verməsə də, müəyyən bir inanc sahəsində sistemli biliklər aşılayırlar. Məsələn, buddizmdə monastır məktəbləri, islamda məktəblər (kuttablar) və məscid nəzdindəki Quran kursları, xristianlıqda isə kilsə nəzdindəki katexizis məktəbləri bura daxildir.
  • Xüsusi ümumtəhsil məktəbləri — müəyyən dini təşkilatlara məxsus olan və digər dünyəvi fənlərlə yanaşı ilahiyyatın da tədris olunduğu ibtidai, orta və ali məktəblər.

Dini maarifləndirmə üçün ibadət evləri (məscidlər, məbədlər, kilsələr, sinaqoqlar), həmçinin bazar günü məktəbləri, axşam və qiyabi kurslar, kütləvi informasiya vasitələri (radio, televiziya, mətbuat), dini məzmunlu filmlər və ilahiyyat ədəbiyyatı geniş istifadə olunur.

Həmçinin bax

Əlavə ədəbiyyat siyahısı

  • Barnes, L. Philip (2012) Debates in Religious Education. UK: Routledge.
  • Bergulund, Jenny, Shanneik, Yafa and Brian Bocking, eds. Religious Education in a Global-Local World. UK: Springer.
  • Carper, James C. and Thomas C. Hunt, eds. Religious Schooling in America (Religious Education Press, 1984). For online review see http://dx.doi.org/10.1080/10567224.1984.11487803
  • Jones, Steven. Religious Schooling in America : Private Education and Public Life (ABC-CLIO, 2008)
Üst