| I Kir | |
|---|---|
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | bilinmir |
| Vəfat tarixi | e.ə. 580 |
| Vəfat yeri |
|
| Fəaliyyəti | hökmdar[d] |
| Atası | Çişpiş |
| Həyat yoldaşı |
|
| Ailəsi | Əhəmənilər sülaləsi |
I Kir (q.fars 𐎤𐎢𐎽𐎢𐏁, Kuruş/Kuraş) — Anşanda hökmranlıq etmiş padşah. Onun hakimiyyət dövrü ənənəvi olaraq təxminən e.ə. 640–600-cü illərə aid edilsə də, tarixşünaslıqda e.ə. 610–585-ci illəri əhatə edən daha sonrakı tarixlər də nəzərdən keçirilmişdir. O, II Kir kimi də tanınan Böyük Kirin babasıdır.
Mənbələrdə xatırlanması
I Kir Əhəmənilər sülaləsinin ilk nümayəndələrindən biri olmuşdur. O, ehtimal ki, sülalənin qurucusu Əhəmənin nəvəsi və Çişpişin oğludur. Bu Əhəməni hökmdarının adının düzgün tələffüzü qədim fars dilində "Kuruş" şəklindədir. Azərbaycan dilində və bir çox digər dillərdə işlədilən "Kir" forması adın yunan dilindəki "Κῦρος" (Kyros) tələffüzündən götürülmüşdür. Yunan dilindəki "-os" şəkilçisi adın sonuna əlavə edilmişdir, halbuki "Kuruş" adındakı "uş" hissəsi sözün kökünə aiddir və yunan dilindəki kişi cinsli isimlərin sonluğu ilə eynilik təşkil etmir. I Kirn adı e.ə. 539-cu ildə Babili fəth etdikdən sonra II Kirin əmri ilə gil silindr üzərinə həkk edilmiş "Kir manifesti"ndəki şəcərədə çəkilir. Bu sənəddə II Kir özünü I Kambizin oğlu, I Kirin nəvəsi və Çişpişin nəslindən gələn bir şəxs kimi təqdim edir. I Kambiz, I Kir və Çişpiş — hər biri "Böyük padşah, Anşan padşahı" titulu ilə xatırlanır. II Kür bu qeydlərlə özünün həmişə padşahlıq ləyaqətinə sahib olan bir nəslə mənsub olduğunu vurğulamışdır.
Eyni zamanda, bu hökmdarın mövcudluğunun II Kir tərəfindən təqdim edilən şəcərə siyahısından asılı olmayan başqa bir mənbədə də sənədləşdirildiyi ehtimal olunur. Tədqiqatçıların ümumi rəyinə görə, Çişpişin oğlu və ya törəməsi olan I Kir Assuriya padşahı Aşşurbanipalın e.ə. 646-cı il yaxınlığında Elamın süqutundan bəhs edən mətndəki padşahla eynidir. Kitabədə qeyd olunur ki, "Parsuaş ölkəsinin padşahı Kuraş mən [Aşşurbanipal] tərəfindən Elam üzərində qazanılan qüdrətli qələbəni eşitdikdə öz oğlu Arukku ilə Ninovaya bac göndərmişdir". Əksər tədqiqatçılar Assuriya kitabəsindəki "Kuraş"ın Əhəmənilər sülaləsinin nümayəndəsi I Kir olduğu ilə razılaşırlar, lakin bu eyniləşdirmə müəyyən suallar doğurur. Çişpişdən sonra padşahlığın bölündüyü nəzəriyyəsinə görə, Əhəmənilər tərəfindən idarə olunan iki ərazi — I Kirin rəhbərliyi altındakı Anşan və Ariaramnanın rəhbərliyi altındakı Parsa mövcud olmalı idi. Assuriya sənədindəki Kuraşın I Kir ilə eyniləşdirildiyi halda onun "Parsuaş ölkəsinin padşahı" adlandırılması müzakirə mövzusu olmuşdur. Belə ki, Kuraş Assuriya mirzələrinə yaxşı məlum olan Anşan ölkəsində hökmranlıq etməli idi. Digər bir problem Assuriya mənbələrindəki "Parsuaş" adının məhz Əhəmənilərin ana vətəni olan Parsa/Fars bölgəsinə aid edilməsinin müasir ədəbiyyatda formalaşmış bir fərziyyə olmasıdır. Assuriya mənbələrinin müasir təhlili göstərir ki, mətndəki "Parsuaş" qərbi Zaqrosun mərkəzi hissəsində yaşayan və mətnlərdə tez-tez midiyalılarla əlaqələndirilən fars qruplarına məxsus bir vilayət də ola bilərdi. Nəhayət, əgər Arukkunun atası Kuraş Əhəməni I Kir ilə eynidirsə, onun böyük oğlunun və beləliklə, I Kambizin böyük qardaşının fars və hətta hind-avropamənşəli olmayan bir ad daşıması fakt kimi qarşıya çıxmışdır, lakin həmin dövrdə Qərbi İranda mövcud olan etnik qarışıqlıq səviyyəsini nəzərə alsaq, bu məqam ciddi bir etiraz arqumenti sayılmaya bilər. Bu şərtlər daxilində mətndə adı keçən Kuraşın Fars vilayətindəki şah ailəsi ilə hər hansı bir əlaqəsinin olub-olmadığı tam qəti deyildir.
I Kir haqqında daha bir müstəqil sübut mövcuddur. Persepol qalasının divarlarında üzərində "Çişpişin oğlu, Anşanlı Kir" yazısı olan beş möhür izi aşkar edilmişdir. Bəzi tədqiqatçılar bu şəxsin mütləq Böyük Kirin babası I Kir olduğu qənaətinə gəlmişlər. Bununla belə, möhürdəki yazı həmin Kirin padşah olduğu və ya atası Çişpişin padşahlıq etdiyi barədə heç bir məlumat vermir. Belə bir möhürün ailəsi öz ağalarının şərəfinə padşah adlarını istifadə edən hər hansı bir Persepol xəzinədarlıq məmuruna məxsus olması da istisna edilməmişdir.
Məqbərəsin
Quri-Doxtar (hərf. "Qız məzarı") adlı yerdə yerləşən məqbərənin I Kürə məxsus olması ilə bağlı mülahizələr irəli sürülmüşdür. Bu məqbərə öz konturları ilə Böyük Kirin məqbərəsini xatırlatmışdır, lakin ölçü baxımından ondan daha kiçikdir. Böyük Daradan sonrakı bütün Əhəməni padşahları qayalarda oyulmuş məqbərələrdə dəfn edilmişdilər. Bu səbəbdən, sözügedən məqbərənin Böyük Kirin hakimiyyətindən əvvəl inşa edildiyini və I Kirə məxsus ola biləcəyini düşünmək məntiqli görünmüşdür, lakin digər ekspertlər bu yerin Böyük Kirin anası Mandananın dəfn olunduğu məkan olduğunu, bəziləri isə Quri-Doxtarın Böyük Kirin qızı və I Daranın həyat yoldaşı olan Atossanın mavzoleyi olduğunu iddia etmişlər. Daha sonra tikilidəki dəmir bəndlər tədqiq edilmiş, binanın e.ə. V əsrdə inşa edildiyi müəyyən olunmuşdur. Bu, məqbərənin şahzadə Kiçik Kir üçün nəzərdə tutulması ehtimalını artırmışdır. Lev Elnitskinin versiyasına görə, I Kir kimmermənşəli Çişpişin və İşpakayın qızı və ya bacısı olan skif qadını Şpakonun oğlu olmuşdur.
- Doğum tarixi bilinməyənlər
- E.ə. 580-ci ildə vəfat edənlər
- İranda vəfat edənlər
- Əhəmənilər sülaləsi
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Çişpişlilər
- Persiya
- İran şəxsləri
- Farslar
- Əhəmənilər dövləti şəxsləri