
Kabus şəhər (ing. Ghost town) — əksəriyyəti müvəffəqiyyətsiz iqtisadi quruluşu, təbii insan resurslarının azlığı və ya müharibələr səbəbindən boşaldılan şəhərlərə verilən ümumi addır. Şəhərlərin boşalmasının digər önəmli səbəbləri kimi kütləvi xəstəlikləri misal göstərmək olar. Termin kimi əhalinin sayı kütləvi şəkildə azalan şəhərlərə də aid edilir. Əsil kabus şəhər yerli əhali tərəfindən tamamilə boşaldılmış şəhərlərdir. Buna misal olaraq, Kaliforniyadakı Bodi şəhərini, ya Montana ştatında yerləşən Banak və İtaliyadakı Krako şəhərini göstərmək olar. Müasir dövrdə kabus şəhərləri turistlərin ən çox ziyarət etdikləri yerlərdəndir. Ancaq bəzi şəhərlərə girmək təhlükəli, hətta qanunlara zidd hesab olunur. Bunlara misal olaraq Ukrayna ərazində yerləşən Çernobıl və ya Pripyat şəhərlərini göstərmək olar.
Şəhərlərin boşalma səbəbləri
Şəhərlərin tərk edilməsinin əsas səbəbləri kimi azalan təbii qaynaqlar, su kimi əsas ehtiyacların təmin edilə bilməməsi, dəmiryolu və ya quru yolun yol dəyişikliyi və ya fəlakətləri (Çernobil) göstərmək olar. Bəzi epidemiya xəstəliklər də şəhərlərdə insanların sayının azalmasına səbəb olur. Arkanzas ştatında bəzi şəhərlərində İspan qripi epidemiyası nəticəsində 1918–1919-cu illərdə ştat əhalisindən 7.000 nəfər ölmüşdür. Bu da sonda şəhərlərdə qalan digər insanların oranı tərk etməsinə səbəb olmuşdur. Şəhərlərin boşalma səbəbləindən biri kimi, təbii fəlakətləri göstərmək olar. ABŞ-nin Missuri ştatında yerləşən Pattonsburq şəhəri 1845-ci ildə yaradılmışdır. Şəhər 50 il ərzində, 30 dəfə sel fəlakəti keçirdiyi üçün 1993-cü ildə 3 km kənarda yeni bir şəhər Nyu-Pattonsburq salınmış və əhali oraya köçürülmüşdür. Kabus şəhərləri çox az hallarda, yenidən bərpa olunur. Əsasən turist marşrutlarının üzərində yerləşən belə şəhərlərdə, bir-iki kiçik dükan və ya bəzi yeməkxanalar yaradılır. Avstraliyadakı Valhalla şəhəri Qızıl hərisliyi zamanı əhəmiyyətli şəhərlərdən olmuşdur, lakin daha sonra şəhər əhalisi daha yaxşı yaşayış üçün şəhəri tərk etməyə başlamışlar. 6 ay ərzində şəhərdən 2 min nəfər köcmüşdür.
| Valhalla, Viktoriya (1910). | Valhalla, Viktoriya (2004). |
Amerikada olan kabus şəhərləri
| Banak, Montana, ABŞ (2004). |
Amerika Birləşmiş Ştatları ərazisində təxminən 500 yaxın kabus şəhəri vardır. Əsasən, Montana, Konnektikut, Nebraska, Nevada, Kanzas, Alabama, Arizona, Minnesota ştatlarının ərazisində olan, bu şəhərlərin çoxu bu günə qədər qorunub saxlanılır. Bəzi şəhərlərin ərazisi qoruq sahəsi elan edilib və oraya yerli polisin icazəsi olmadan daxil olmaq qadağandır. Buna misal olaraq Montana ştatı ərazisində yerləşən Banak şəhərini göstərmək olar.
Azərbaycandakı kabus şəhərlər

Azərbaycan Respublikası ərazisində bir neçə kabus şəhər vardır. Bunlar ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində yaranmışdır. Bunlardan ən böyüyü Ağdam şəhəridir. Müharibədən əvvəl 100 minə yaxın əhalisi olan şəhər 1993-cü il iyulun 23-də işğal olunmuş və yerli əhali şəhərdən zorla qovulmuşdur. "Human Rights Watch" təşkilatının 1994-cü ilə aid hesabatında ermənilərin Ağdam şəhərini heç bir lüzum olmadan dağıtmaları barədə məlumat verilmişdir.
Dünyadakı nümunələr
Pripyat, Ukrayna

Çernobıl AES-dən 3 km məsafədə yerləşən Pripyat şəhəri 1986-cı ildə Çernobıl qəzası nəticəsində boşaldılmışdır. Şəhər tam tərk edilib və yüksək radiasiya səbəbindən yaşayış mümkün deyil.
Pompey, İtaliya

Pompey şəhəri eramızın 79-cu ilində Vezuvi vulkanının püskürməsi nəticəsində məhv olmuşdur. Hazırda arxeoloji sahə kimi qorunur, yaşayış yoxdur.
Haşima adası, Yaponiya

1974-cü ildə kömür mədənlərinin bağlanması səbəbindən Haşima adasında sənaye çöküşü yaşandı və bir neçə həftə ərzində sakinlər buranı tərk etdilər. Binalar dağıntı vəziyyətindədir.
Kolmanskop, Namibiya

Almaz sənayesinin tənəzzülü nəticəsində tərk edilmiş şəhər. Hazırda turistik məkan kimi qorunur.
Sentralia, ABŞ
Mədən yanğını səbəbindən 1962-ci ildən boşaldılmışdır. Şəhər demək olar ki, tamamilə boşdur.
Bodi, ABŞ
Qızıl mədəni şəhəri olan Bodi 1940-cı illərdə tam tərk edilsə də, 1960-cı illərə qədər ətraf şəhərlərdən qızıl mədənlərində işləmək üçün bura işçilər gəlirdi.
Krako, İtaliya
Torpaq sürüşməsi səbəbindən 1960-cı illərdə tərk edilmiş kənd.
Varoşa, Kipr
1974-cü il müharibəsi nəticəsində tərk edilmiş turistik şəhər.
Animas Forks, ABŞ
Qızıl mədəni şəhəri, 1920-ci illərdə tam boşaldılmışdır.
Hamberston və Santa-Laura, Çili
Selitra mədənlərinin bağlanması səbəbindən 1960-cı illərdə tərk edilmişdir. Hazırda şəhər turizm üçün qorunur.
Həmçinin bax
- Məhv olmuş şəhərlər
- Kabus şəhərlər
- Şəhərsalma
- Tərk edilmiş yaşayış məntəqələri