| Tarixi dövlət | |||||
| Mühəmmərə əmirliyi | |||||
|---|---|---|---|---|---|
| |||||
Mühəmmərə əmirliyi, həmçinin Mühəmmərə şeyxliyi, bəzən Ərəbistan əmirliyi və ya Ərəbistan şeyxliyi — XIX əsrin sonu və XX əsrin əvvəllərində İranın müasir Xuzistan ostanı ərazisində mövcud olmuş muxtar qurum. Bu əmirlik 1925-ci ildə İranın o zamankı hökmdarı Rza şah Pəhləvinin bölgə üzərində tam nəzarəti bərpa etməsinə qədər fəaliyyət göstərmişdir. Rəsmi olaraq Qacarlar dövlətinin tərkib hissəsi hesab edilmiş geniş Xuzistan bölgəsi Bəni Kəb sülaləsinin (hakimiyyəti: 1740–1840-cı illər) idarəçiliyi dövründə artıq geniş muxtariyyət əldə etmişdir. Məhz bu dövrdə region tamamilə ərəbləşmiş və bu səbəbdən "Ərəbistan" adlandırılmağa başlanmışdır.
1840-cı illərdə Bəni Kəb sülaləsinin hakim şeyxi, Xuzistanın cənub hissəsində əhəmiyyətli liman şəhəri kimi yüksələn Mühəmmərənin (Xürrəmşəhr) şeyxi Cabir Kəbinin (1780–1881-ci illər) vassalına çevrilmişdir. İngiltərə–İran müharibəsindən sonra Şeyx Cabir Kəb sülaləsindən tamamilə müstəqil olmuşdur, lakin özü də həmin qəbilənin üzvü olduğu üçün "Kəb şeyxi" titulunu daşımışdır. Cabirin varisləri olan Məzəl ibn Cabir (hakimiyyəti: 1881–1897-ci illər) və Xəzəl ibn Cabirin (hakimiyyəti: 1897–1924-cü illər) dövründə Mühəmmərə şeyxlərinin qüdrəti daha da artmışdır. Beləliklə, onlar Britaniya müstəmləkə rəhbərliyinin də dəstəyi ilə Xuzistanın cənubunda ən nüfuzlu siyasi qüvvəsinə çevrilmişdir.
Paytaxtı Mühəmmərə şəhəri olan Şeyx Xəzəl ərəb milliyyətçiliyi ideyalarına meyil etmiş və xüsusilə 1908-ci ildə regionda Britaniya tərəfindən neft yataqlarının kəşf edilməsindən ruhlanmış, İrandan tam müstəqillik qazanmağa çalışmışdır. O, 1916-cı və 1924-cü illərdə üsyanlar təşkil etmişdir. Şeyx Xəzəl üsyanı kimi tanınan sonuncu çıxış 1924-cü ilin noyabrı ilə 1925-ci ilin yanvarı arasında əmirliyin İran tərəfindən tamamilə tabe edilməsi ilə nəticələnmişdir. Ərazi 1936-cı ildə müasir Xuzistan ostanının tərkibinə daxil edilmişdir. Şeyx Xəzəlin Ərəbistandakı hakimiyyətinin devrilməsindən sonra bir çox İran ərəbi qonşu İraq (cənub hissəsi) və Küveytə, eləcə də Bəhreynə və Səudiyyə Ərəbistanının Əl-Əhsa bölgəsinə sığınmışdır. Bu miqrasiya prosesi həmin ölkələrdə əhəmiyyətli şiə əhalisinin formalaşmasına təsir göstərmişdir.
Bu dövrdə ərəb şeyxlərinin Xuzistandakı yarımmuxtar idarəçiliyi ərəb milliyyətçiləri tərəfindən ərəb müstəqilliyinə uğursuz bir cəhd kimi qiymətləndirildiyi halda, iranlı tarixçilər bu hadisələri daha çox Britaniyanın bölgəni nəzarətdə saxlamaq üçün həyata keçirdiyi uzunmüddətli siyasətin bir hissəsi kimi nəzərdən keçirmişdir.
Coğrafiya
Bəxtiyari torpaqları istisna olmaqla, Xuzistan ostanının (Ərəbistan) böyük hissəsi coğrafi baxımdan Mesopotamiya hüdudlarına daxil olmuş, şərqdə isə Zaqros dağları ilə həmsərhəd olmuşdur.
Tarixi
Mesopotamiyadan Zaqros dağlarına qədər uzanan, dağlar, çaylar və bataqlıqlarla əhatə olunmuş təcrid olunmuş bir ərazi olan Xuzistan ostanı (Ərəbistan), Səfəvilərdən sonrakı dövrdə yarımmüstəqil mövqeyini qoruyub saxlamışdır. Bu dövrdə bölgə həm Osmanlıların, həm də İranın yalnız epizodik müdaxilələrindən uzaq, sərbəst bir idarəçiliyə malik olmuşdur.
XV–XVIII əsrlər
Ərəbistanın Bəni Kəb sülaləsindən olan hökmdarları XVII əsrin sonlarından etibarən İran və osmanlılar arasındakı ziddiyyətlərdən məharətlə istifadə edərək müstəqil mövqe tutmuşdur. Qacarların zəifliyi səbəbindən Xuzistan ostanındakı ərəb qəbilələri geniş muxtariyyət imkanlarını qoruyub saxlamışdır. XVII əsrin əvvəllərinə qədər Şəttül-ərəb çayının şərqindəki ərazi Şeyx Mübarək bin Əbdülmüttəlib tərəfindən idarə olunan ərəb əmirliyi hesab edilmişdir. O, öz əmirliyini həm Səfəvi, həm də Osmanlı imperiyalarından asılı olmayaraq idarə etmişdir. Sonrakı hökmdarlardan olan Şeyx Mənsur Şah I Abbasın onun daxili işlərinə müdaxilə cəhdlərinə müqavimət göstərmişdir. O, həmçinin 1623-cü ildə Bağdadı mühasirəyə alan Səfəvi qoşunlarına qoşulmaq barədə şahın çağırışını rədd etmişdir.
XVIII–XIX əsrlər
XVIII əsrə qədər Bəni Kəb qəbiləsi Bəsrə körfəzinin ən böyük dəniz donanmalarından birini yaratmışdır. Müxtəlif tarixi mənbələr göstərmişdir ki, bu keçid dövründə Kəb qəbiləsi Osmanlı suverenliyini tanımışdır. Onların kimə sadiq qalacağı məsələsi yalnız 1720-ci ildən sonra Ərəbistanın içərilərinə doğru genişlənmələrindən sonra gündəmə gəlmişdir. Nadir şahın (hakimiyyəti: 1732–1747-ci illər) Məhəmməd Hüseyn xan Qacarı Quban şəhərini mühasirəyə almaq üçün göndərməsindən sonra Kəb qəbiləsi sülh xahiş etmiş və bununla da ilk dəfə İranın ali hakimiyyətini qəbul etmişdir.
Münasib coğrafi mövqe və mövcud donanmanın fəaliyyəti sayəsində Şəttül-ərəb çayının hər iki sahilində iqtisadiyyat çiçəklənmişdir. Bu şərait Kəb hökmdarlarına həm Osmanlılardan, həm də İrandan müəyyən dərəcədə muxtariyyəti qoruyub saxlamaqla yanaşı, Karun çayı boyunca yerləşən İran torpaqlarını, eləcə də rəsmi olaraq Osmanlıya məxsus olan Mühəmmərə, Haffar və Tamar dairələrini öz ərazilərinə birləşdirməyə imkan vermişdir.
1763-cü ildə Osmanlı hakimiyyəti Britaniya ilə əməkdaşlıq edərək Bəni Kəb qəbilələrini zəiflətməyə çalışmış və Ərəbistana qarşı birgə ingilis-osmanlı hərbi yürüşü təşkil edilmişdir, lakin bu qarşıdurma ərəb qəbilələrinin qələbəsi ilə başa çatmışdır. İki il sonra İran tərəfindən həyata keçirilən şiddətli və dağıdıcı hərbi kampaniya Ərəbistanın ərəb əhalisinin paytaxt Qubanı tərk etmiş, Fəllahiyə kəndinə sığınmasına səbəb olmuşdur. Bu hadisələr nəticəsində Ərəbistan parçalanmış və pərakəndə qəbilə qruplarına bölünmüşdür. Onların arasında ən nüfuzlusu Müheysin qəbiləsi olmuşdur. Zamanla Ərəbistanın paytaxtı yenidən Fəllahiyə kəndindən Mühəmmərə şəhərinə köçürülmüşdür. Bəni Kəb ərəbləri tərəfindən Karun çayının Şəttül-ərəbə töküldüyü yerin yaxınlığında salınmış bu şəhər 1925-ci ilə qədər Ərəbistanın paytaxtı olaraq qalmışdır. Məhəmmərə şəhəri öz adını torpağının qırmızı rəngdə olmasına görə almışdır.
XIX–XX əsrlər
Mühəmmərə 1812-ci ildə Ərəbistanda muxtar əmirlik kimi meydana çıxdığı vaxtdan etibarən İran və Osmanlı imperiyaları arasında münaqişə mövzusuna çevrilmişdir. Əmirliyin Şəttül-ərəbdəki strateji və ticari mövqeyi bölgə üzərində nəzarət uğrunda İran–Osmanlı rəqabətini daha da kəskinləşdirmişdir. Mühəmmərə sonradan hər iki dövlətin maraqlarının girovuna çevrilmiş, nəhayət 1847-ci il Ərzurum müqaviləsi ilə İrana verilmişdir.
Müqaviləyə baxmayaraq, əmirlik muxtar bir qurum kimi fəaliyyətini davam etdirmiş, ərəb qəbilələrinin Şəttül-ərəb boyunca hərəkəti çayın şərq sahilinin ərəb kimliyini qorumuşdur. Riçard Frayın qeyd etdiyi kimi, Xuzistanın və Cənubi İranın liman şəhərlərinin ərəbləri sadəcə qərb sahilindəki ərəb məskənlərinin davamı hesab olunmuşdur. 1890-cı ildə Mühəmmərədə Britaniya konsulluğu təsis edilmişdir.
XX əsrin əvvəllərində Ərəbistan hələ də əhəmiyyətli muxtariyyətə malik sərhəd bölgəsi hesab olunurdu və dövrün iki əsas britaniyalı müşahidəçisi bölgənin özünəməxsus ayrılıq hissini qeyd etmişdir. Jurnalist Valentin Çirolun bildirdiyinə görə, həm türklər, həm də iranlılar bu torpaqlarda yadelli hesab olunmuş, yerli ərəb əhalisi tərəfindən sevilməmiş və hər iki tərəf bu zəngin mülkün idarə edilməsində səriştəsizlik nümayiş etdirmişdir. Britaniyalı imperialist Corc Kerzon qeyd etmişdir ki, bu iki xalq arasında heç bir rəğbət yoxdur. Belə ki, iranlılar ərəbləri dəvətsiz qonaq və kütbeyin, ərəblər isə iranlıları bu bölgədəki fəaliyyətlərinə görə fitnəkar və hiyləgər hesab etmişdir.
1901-ci ildə İran hökuməti iş adamı Vilyam Noks d'Arsiyə İranın müəyyən hissələrində, o cümlədən Ərəbistan hökmdarının ərazilərinin yerləşdiyi bölgədə neft qazma işləri aparmaq üçün müstəsna hüquq vermişdir, lakin 1903-cü ilin yanvarında İran şahı Müzəffərəddin şah Qacar şeyxə fərman təqdim etmişdir. Bu fərmanda Qacar hökuməti, "ən azı dolayı yolla" olsa da, d'Arsiyə müəyyən imtiyazlar verməklə öz səlahiyyətlərini aşdığını etiraf etmişdir. Sözügedən torpaqlar keçmişdə şeyxə, onun qəbilə üzvlərinə və əcdadlarına məxsus olmuşdur.
1908-ci ildə Vilyam Noks d'Arsi yerli hökmdar Əliqulu xan Bəxtiyari ilə bağladığı müqavilə əsasında Məscidi-Süleyman yaxınlığında neft yataqları kəşf etmişdir.
Polkovnik Çesninin Dəclə və Fərat çaylarının gəmiçilik üçün yararlı olduğunu sübut etmək məqsədilə həyata keçirdiyi ekspedisiyalar (1835–1837-ci illər) Mühəmmərənin Hindistan və Avropa arasında rabitə mərkəzi olması qənaətinə gəlmişdir. Bundan sonra Ost-Hind şirkəti bölgədə möhkəmlənməyə çalışmışdır. Tarixi qeydlərdə vurğulandığı kimi, Məhəmmərə uğrunda gedən mübarizə anlaşılan idi, çünki bu şəhər bir çox əlverişli xüsusiyyətlərə malik olmuşdur. Bunlara dərin və geniş Haffar kanalındakı lövbər yeri, mülayim iqlimi, təhlükəsiz limanı və şirin su ehtiyatı daxil idi. Həmçinin burada anbarların, yanalma körpüsünün və ya tam bir limanın tikilməsi imkanları mövcud olmuşdur. Şəhər Karun və Şəttül-ərəb çayları üzərində strateji nəzarəti təmin etməklə yanaşı, Bağdad, Bəsrə və müstəqil ticarətlə məşğul olan bir çox yerli qəbilələrin ticarət yollarına yaxınlığı ilə seçilmişdir.
Eyni şərtlər onları İranın müdaxilələrindən qorumuş, İran hökmdarlarının ali hakimiyyətini qəbul etmələri isə Osmanlı müdaxiləsindən müstəqilliyi təmin etmişdir, lakin ali hakimiyyətin qəbul edilməsi mütləq şəkildə suverenliyin tanınması mənasına gəlmirdi. XIX əsrin ikinci yarısı boyunca davam edən çoxsaylı suverenlik iddiaları onlara manevr etmək üçün daha geniş imkanlar yaratmışdır.
- Xuzistan ostanı
- 1812-ci ildə yaranmış dövlətlər və ərazilər
- 1925-ci ildə ləğv olunmuş dövlətlər və ərazilər