Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması
  • Vikipediya
  • Musiqi

Mülki müdafiə — sülh və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxs

Mülki müdafiə

  • Ana Səhifə
  • Mülki müdafiə

Mülki müdafiə — sülh və ya müharibə dövründə əhalinin və ərazinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə dövlət hakimiyyəti orqanları, hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirilən tədbirlər sistemi. Bununla yanaşı, mülki müdafiə sistemi mülki müdafiənin vəzifələrinin yerinə yetirilməsi həvalə edilmiş müvafiq icra hakimiyyəti orqanlarının, qüvvə və vasitələrin, xüsusi fondların, rabitə, xəbərdarlıq və informasiya təminatlı sistemlərinin məcmusudur.

Beynəlxalq humanitar hüquq qaydaları ilə müəyyən edilən mülki müdafiənin beynəlxalq fərqləndirici nişanı.

Tarixi və inkişafı

Mülki müdafiə sisteminin təşəkkül tapması 1931-ci ilin may ayında Parisdə tibb xidməti generalı Jorj Sen-Pol tərəfindən "Cenevrə regionu" Assosiasiyasının təsis edilməsi ilə başlamışdır. Təşkilatın yaradılmasında əsas məqsəd müxtəlif dövlətlər arasında bağlanan ikitərəfli və çoxtərəfli müqavilələr vasitəsilə əhalinin sosial cəhətdən həssas qrupları olan qadınlar, uşaqlar, xəstələr və yaşlılar üçün xüsusi təhlükəsizlik zonalarının formalaşdırılmasından ibarət olmuşdur. 1937-ci ildə general Sen-Polun vəfatından sonra onun vəsiyyətinə uyğun olaraq qurumun mərkəzi qərargahı Cenevrəyə köçürülmüş və rəhbərlik Henri Corca keçmişdir. Henri Jorjun təşəbbüsü ilə 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi zamanı Madrid və Bilbaoda, 1937-ci ildə isə Yaponiya–Çin münaqişəsi gedişatında Şanxayda bitərəf zonalar yaradılmış, bununla da dinc əhalinin münaqişə zonalarında mühafizə edilməsinin praktiki imkanları nümayiş etdirilmişdir. 1947-ci ildə Henri Jorj tərəfindən nəşr edilən "Müasir müharibədə mülki əhalinin mühafizəsi" adlı əsər Assosiasiyanın fəaliyyət prinsiplərini müəyyən edən manifest rolunu oynamışdır. Bu sənəddə təhlükəsiz zonaların yaradılmasını nəzərdə tutan Beynəlxalq Konvensiya layihəsi irəli sürülmüşdür. Sözügedən ideyalar 1949-cu ilin avqustunda keçirilən Cenevrə diplomatik konfransında qəbul edilən sənədlərin strukturunu təşkil etmişdir. Konfrans çərçivəsində müharibə zamanı mülki şəxslərin qorunmasına dair dördüncü Cenevrə Konvensiyası qəbul edilmişdir. Bu yeni yanaşma çərçivəsində yaralı və xəstə hərbçilər üçün "Qırmızı Xaç" emblemi altında fəaliyyət göstərən hospitalların yaradılması təsdiq olunmuş, həmçinin xəstələr, əlillər, yaşlılar və 15 yaşınadək uşağı olan qadınlar üçün xüsusi mühafizə zonalarının təşkili zərurəti qəbul edilmişdir.

1951-ci ildə doktor Milan Bondinin Baş Katib təyin olunması ilə Assosiasiya Koreya müharibəsi fonunda qlobal münaqişə təhlükəsinə qarşı əməli fəaliyyətini genişləndirmişdir. Avropa hökumətləri ilə əməkdaşlıq çərçivəsində əhalinin təhlükəsiz rayonlara təxliyə planları hazırlanmışdır. 1954-cü ildə Berlində Mülki Müdafiə üzrə birinci, 1957-ci ildə isə Florensiyada ikinci Beynəlxalq Konfrans keçirilmişdir. Florensiya konfransında "Cenevrə regionu" Assosiasiyası Beynəlxalq Mülki Müdafiə Təşkilatına (BMMT) çevrilmiş və ona hökumətləri, müxtəlif cəmiyyətləri və assosiasiyaları üzv qəbul etmək səlahiyyəti verilmişdir. 1958-ci ildə Cenevrədə keçirilən üçüncü Ümumdünya Konfransında atmosferin radioaktivliyi, əhalinin köçürülməsi və mülki müdafiə işçilərinin beynəlxalq statusu kimi strateji məsələlər müzakirə edilmişdir. Bu dövrdə qaldırılan məsələlərin nəticəsi olaraq mülki müdafiə personalına beynəlxalq status verilmiş və sığınacaqların inşası prosesi sürətlənmişdir. 17 oktyabr 1966-cı ildə Birləşmiş Millətlər Təşkilatının Katibliyində BMMT-nin nizamnaməsi rəsmən qeydə alınmışdır. Təşkilatın əsas qayəsi fövqəladə hallar zamanı insanların və əmlakın mühafizəsi üzrə beynəlxalq koordinasiyanı təmin etmək, təbii və texnogen fəlakətlərin qarşısının alınmasında BMT və digər regional qurumlarla əməkdaşlıq etməkdir. BMMT-nin ali idarəetmə orqanı iki ildən bir toplanan Baş Məclisdir. Təşkilatın cari fəaliyyəti Daimi Katiblik tərəfindən idarə olunur. Qurumun rəsmi işçi dilləri ingilis, ərəb, fransız və ispan dilləridir. Baş Məclisin 1972-ci ildə qəbul etdiyi qərara əsasən, hər il 1 mart tarixi "Ümumdünya Mülki Müdafiə Günü" kimi qeyd edilməyə başlamışdır. Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra, 1993-cü ildə bu beynəlxalq təşkilatın tamhüquqlu üzvlüyünə qəbul olunmuş və mülki müdafiə sahəsindəki qlobal tədbirlərdə fəal iştirakını təmin etmişdir.

Rolu, məqsədi və hüquqi əsasları

Müasir dövrdə elmi-texniki tərəqqinin sürətli yüksəlişi, mürəkkəb texnoloji sistemlərin tətbiqi və istehsalat fəaliyyətinin miqyasının genişlənməsi sənaye, nəqliyyat və digər sahələrdə qəza risklərini artırmış, insanların təhlükəsizliyinin təmin edilməsi məsələsini daha kəskin müstəviyə çıxarmışdır. Elmi-texniki və istehsalat fəaliyyətinin istismarında yaranan risklər insan həyatı və sağlamlığı ilə yanaşı, ətraf mühitə və istehsalatın normal funksionallığına da ciddi təhdidlər törətmişdir. Bu şəraitdə mülki müdafiə sistemi təhlükəli və zərərli amillərin aşkar edilməsi, eyniləşdirilməsi, insanın mühafizəsi metodlarının işlənilməsi və risklərin minimuma endirilməsi istiqamətində əsas mexanizm rolunda çıxış etmişdir. Mülki müdafiənin müharibə dövründəki əhəmiyyəti ilə yanaşı, dinc dövrdə baş verən təbii fəlakətlər, atom elektrik stansiyalarında və dəmir yollarında baş verən iri miqyaslı qəzalar, habelə güclü təsirli zəhərli maddələrin sızması ilə mübarizədə rolu xüsusilə artmışdır. Baş verən fövqəladə hadisələr insanların və yaşayış mühitinin mühafizəsi üçün şəxsi heyətin psixoloji və mənəvi hazırlığının yenidən qurulmasını, eləcə də mülki müdafiə tədbirlərinin vəzifə və metodlarının müasir iqtisadi münasibətlərə uyğun olaraq yenidən qiymətləndirilməsini zəruri etmişdir.

Azərbaycan Respublikasında mülki müdafiə sahəsinin hüquqi tənzimlənməsi məqsədilə Azərbaycan Respublikası Prezidentinin 1992-ci il 31 iyul tarixli 73 saylı Fərmanı ilə "Azərbaycan Respublikasının Mülki Müdafiəsi haqqında" Əsasnamə təsdiq edilmiş, 1998-ci il 18 aprel tarixli 700 saylı Fərmanla isə "Mülki müdafiə haqqında" Azərbaycan Respublikası Qanunu tətbiq olunmuşdur. Bu hüquqi sənədlər respublikada mülki müdafiənin əsas məqsəd və vəzifələrini müəyyənləşdirməklə yanaşı, dövlət hakimiyyəti, idarəetmə orqanları, ictimai təşkilatlar, vəzifəli şəxslər və bütün vətəndaşların bu sahədəki öhdəliklərini təsbit etmişdir. Azərbaycan Respublikasının mülki müdafiəsi — həm sülh, həm də müharibə dövrlərində ölkə ərazisində əhalinin və iqtisadiyyatın təbii fəlakətlərin, irimiqyaslı qəzaların nəticələrindən, habelə müasir qırğın vasitələrinin təsirindən (ümumilikdə fövqəladə hallardan) mühafizəsi məqsədilə həyata keçirilən sosial və müdafiə tədbirləri sistemidir. Bu sistem dövlət funksiyalarını yerinə yetirmək üçün bütün idarəetmə orqanlarını, müxtəlif mülkiyyət formalarına malik birlikləri, müəssisə və təşkilatları, habelə onların mövcud qüvvə və vasitələrini özündə birləşdirmişdir. Qeyd olunan struktur elementləri respublikanın bütün ərazisində mülki müdafiə tədbirlərinin təşkilini və icrasını təmin etmək məsuliyyətini daşımışdır.

←Növbəti YazıƏvvəlki Yazı→
Ən Oxunanlar - Vikipediya
  • Mart 26, 2026

    Xocalı soyqırımı

  • Aprel 05, 2026

    I Həsən

  • Aprel 02, 2026

    2 oktyabr

  • Mart 27, 2026

    Türkdilli xalqlar

  • Aprel 08, 2026

    Səfəvi sülaləsi

Studia

  • Vikipediya
  • Musiqi

Xəbər Bülleteni Abunəliyi

Əlaqə Saxlayın
Bizimlə Əlaqə
© 2025 www.realwiki.az-az.nina.az - Bütün hüquqlar qorunur.
Müəllif hüquqları: Dadash Mammadov
Üst