| Müzəffər Derəfşi | |
|---|---|
| | |
| Doğum tarixi | 1924 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 2014 (89–90 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri |
|
| Fəaliyyəti | yazıçı, şair, jurnalist |
| Üzvlüyü |
|
| Mükafatları | |
Müzəffər Derəfşi (1924, Bakı – 2014, Tehran) — Azərbaycanlı yazıçı, şair, jurnalist, 21 Azər hərəkatının iştirakçısı.
Azərbaycan Demokrat Firqəsinin və Azərbaycan Şairlər Məclisinin üzvü olub. AMH dövründə "Azərbaycan", "Fəryad", "Vətən yolunda", "Azad millət", "Yeni Şəfəq" qəzetlərində şeirləri və yazıları çap olunub. 21 Azər hərəkatında iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif olunub.
Azərbaycan Milli Hökuməti dağıldıqdan sonra siyasi fəaliyyətinə görə dəfələrlə həbs olunub və təqib edilib. "Dostlar görüşü" ədəbi dərnəyinin, "Əncümən-e Azərbaycan" təşkilatının və "Sabir Ədəbi Əncüməni"nin üzvü olub. "Varlıq" və "İnqilab yolunda" jurnallarında yazıları ilə çıxış edib.
Həyatı
İlk illəri
Müzəffər Məmmədəli oğli Derəfşi 1925-ci il fevralın 10-da Bakıda anadan olub. 1930-cu illərdə ailəsi ilə birlikdə İrana sürgün olunub. Təbrizdə Firdovsi və Danişsərayi pəsəran məktəblərində təhsil alıb. 1930-cu illərdə atası siyasi fikirlərinə görə həbs olunub və Tehrana sürgün edilib. Bir neçə müddət sonra vəfat edib. Müzəffər Derəfşi 1944-cü ildə Təbriz Kollecini bitirib və müəllimlik etməyə başlayıb. Hümam və Xəyyam məktəblərində dərs deyib. 1945-ci ildə yaradılmış Azərbaycan Şairlər Məclisinin üzvü olub.
"21 Azər" hərəkatında iştirak edib və fədai dəstələrinin üzvü olub. 1945-ci il noyabrın 20-də Təbrizdə Ərk teatrında Azərbaycan Xalq Konqresi fəaliyyətə başlayıb. Müzəffər Derəfşi də Azərbaycan Xalq Konqresində nümayəndə kimi iştirak edib. 1945-ci il dekabrın 12-də Azərbaycan Milli Hökuməti qurulub. Azərbaycan Milli Hökuməti dövründə Təbriz Kollecində işləyib. "Azərbaycan", "Fəryad", "Vətən yolunda", "Azad millət", "Yeni Şəfəq" qəzetlərində şeirləri və yazıları çap olunub. 1946-cı ildə "Təbrizim" adlı şeir kitabı çap olunub. 1946-cı ilin mart ayında milli-demokratik hərəkatda iştirak etdiyi üçün "21 Azər" medalı ilə təltif edilib.
1946-cı il dekabrın 14-də ABŞ və Böyük Britaniya tərəfindən dəstəklənən İran ordusu Təbrizə daxil oldu. Azərbaycan Milli Hökuməti süqut etdi. Minlərlə insan həbs olundu, sürgün edildi. Baş verən qırğınlarda ADF üzvləri, fədailər eləcə də tanınan şairlərdən Əli Fitrət, Sədi Yüzbəndi, Cəfər Kaşif və Məhəmmədbağır Niknam qətlə yetirildilər. Müzəffər Derəfşi də bu dövrdə həbs olunub.
Sonrakı illəri
1947-ci ildə həbsdən azad olunub və Tehranda yaşamağa başlayıb. Tehranda yaşadığı dövrdə siyasi fəaliyyətini davam etdirdiyi üçün yenidən həbs edilib və Əhvaz şəhərinə iki illik sürgün olunub. 1950-ci ilədək Əhvazda yaşayıb. Siyasi fəaliyyətini davam etdirdiyi üçün yenidən təqiblərə məruz qalıb. Təkrar həbs olunma təhlükəsi olduğu üçün Əhvazdan qaçıb. Bir müddət Tehran və Zəncan şəhərlərində yaşayıb və kimliyini gizlətmək məqsədilə "Abbas Sirani" adı ilə siyasi fəaliyyətinə davam edib. 1951–1952-ci illərdə "Bəşəriyyət", "Bəşir ayəndə", "Çilingər" və "Azərbaycan" qəzetlərində müxtəlif imzalarla şeir və məqalələri çap olunub. Bu qəzetlərdə "Mimdal", "M. Bəşur" və "Müzəffər" imzalarından istifadə edib. 1953-cü ildə İranda baş vermiş dövlət çevrilişindən sonra "Abbas Sirani" adı ilə həbs olunub. İki il Qəsri Qacar həbsxanasında saxlanılıb. 1956-cı ildə həbsdən azad olunub və Tehranda yaşamağa başlayıb. Burada ailə qurub və 1959-cu ildə Tehran Universitetində fəlsəfə təhsili almağa başlayıb. 1966-cı ildə magistr dərəcəsi alıb.
1971-ci ildən Tehranda yaradılmış "Dostlar görüşü" ədəbi dərnəyinin görüşlərində iştirak etməyə başlayıb. İran İslam İnqilabından sonra Təbrizdə fəaliyyət göstərməyə başlayan "Təbriz Şairlər Məclisin"nin görüşlərində iştirak edib. 1981-ci ildə Tehranda yaşayan azərbaycanlı ziyalılar Gəncəli Sabahi, Əliqulu Katibi, Haşım Tərlan, Əmini, Əhməd Bəradəran, Əziz Möhsini, Rəhim Dəqiq və Müzəffər Derəfşinin iştirakı ilə "Əncümən-e Azərbaycan" təşkilatı yaradılıb. Müzəffər Derəfşi bu təşkilatın jurnalının baş katibi təyin olunub. 1981-ci ildə müəllimlik fəaliyyətinə son qoyub və təqaüdə çıxıb. Elə həmin ildə "Təbrizim" adlı şeirlər kitabı çap olunub. 1987-ci ildə yaradılmış "Həbib Sahir" adına ədəbi məclisin üzvü olub.
1992-ci ildə Müzəffər Derəfşi, Haşım Tərlan, Mirzə Şəhrək, Rəhim Kaviyan, Əli Zirək, Məcid Hüseyni və Kərim Qurbanzadə ilə birlikdə "Sabir Ədəbi Əncüməni"ni yaradıb və özü də cəmiyyətin sədri olub. 1996-cı ildə Azərbaycan Yazıçılar Birliyinin fəxri üzvü seçilib. Rəhbərlik etdiyi "Sabir Ədəbi Əncüməni"nin təşkilatçılığı ilə 2006-cı ildə Tehranda "Əndişə" Mədəniyyət evində Səməd Vurğunun 100 illik yubileyi qeyd olunub. 1999-cu ildə "Mənzum xatirələr", 2004-cü ildə "Təbriz-e mən", 2005-ci ildə "Hicran və Vüsal bər nam-e xəyal" kitabları çap olunub. Bu dövrdə "Varlıq" və "İnqilab yolunda" jurnallarında yazıları ilə çıxış edib.
Müzəffər Derəfşi 2014-cü ildə Tehranda dünyasını dəyişib və fevralın 7-də Behişti-Zəhra qəbiristanlığında dəfn olunub.
- 1924-cü ildə doğulanlar
- Bakıda doğulanlar
- 2014-cü ildə vəfat edənlər
- Tehranda vəfat edənlər
- Behişti-Zəhrada dəfn olunanlar
- Azərbaycan Yazıçılar Birliyinin üzvləri
- "21 Azər" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə yazıçı və şairlər
- İran azərbaycanlısı yazıçılar
- Azərbaycanlı yazıçılar
- Repressiya qurbanları
- Sürgün olunanlar