| Nərimankənd mağaraları | |
|---|---|
| |
| 40°30′34″ şm. e. 48°56′09″ ş. u.HGYO | |
| Ümumi məlumatlar | |
| Vəziyyəti | abidə kimi qorunur |
| Yerləşməsi | |
| Ölkə |
|
| Rayon |
|
| Kənd | Nərimankənd |
Nərimankənd mağaraları və ya Peyğəmbər mağarası – Azərbaycanın Qobustan rayonunun Nərimankənd ərazisində yerləşən karst mağaralar. Zəngi çayının sol sahilində yerləşir. Üç mağaradan ibarətdir: Peyğəmbər mağarası, Qaranlıq mağara və Qoşa mağara.
Tarixi və öyrənilməsi
Əhəng daşı divarlarına malik olan mağaraların əllə yonulduğu güman olunur. Mağaraların mənşəyi ilə bağlı bir neçə versiya mövcuddur. İlkin versiyaya görə bura qədim yaşayış məskəni kimi istifadə olunmuşdur. Mağaraların ətəyindəki qayalarda Tunc dövrünə aid çanaq işarələri (kiçik çuxurlar) aşkarlanmışdır. Digər versiyaya görə müdafiə istehkamları funksiyası yerinə yetirmiş və insanlar buradan sığınacaq kimi istifadə etmişdirlər. Ən çox qəbul olunan versiyaya görə mağaralar orta əsrlərdə dərvişlər tərəfindən oyulmuşdur. Belə ki, burada əvvəlcə təbii oyuqlar mövcud olmuş və dərvişlər tənhalıqda mənəvi məşğələlərlə məşğul olmaq üçün onları genişləndirmişdirlər.
Nərimankənd mağaraları müxtəlif vaxtlarda, müxtəlif təyinatlarla istifadə olunmuşdur. İlkin ehtimala görə sufi təriqətinin nümayəndələrinin ibadət yeri olmuşdur. 1918-ci ilin aprel qırğınları zamanı yerli əhali mağaralardan sığınacaq kimi istifadə etmişdir. Mağaralarda ətraflı arxeoloji tədqiqat işləri aparılmasa da, XX əsrin 1920–30-cu illərinin hesabatlarında mağaralarda kəşfiyyat xarakterli baxışların olmasına dair qeydlər mövcuddur.
Mağaralar
Mağaralar Qobustan rayonunun Nərimankənd kəndi ərazisində, onun cənub-qərb hissəsində (100 metr) yerləşir. Mağaraların yerləşdiyi süxurlar nazik laylı orta-iri dənəli karbonat tərkibli qumdaşları ilə xırda dənəli qumlardan əmələ gəlmiş lay və laycıqlardan ibarətdir. Mağaralar üfüqi istiqamətdə inkişaf etmişdir. Mağaraların həm ümumi, həm də bir-birinə giriş qapıları mövcuddur.
Nərimankənd mağaraları 3 mağaradan ibarətdir: Peyğəmbər mağarası, Qaranlıq mağara və Qoşa mağara. Mağaralar ümumilikdə 4 otaqdan ibarətdir. Qaranlıq mağara öz adını hər tərəfinin qapalı olmasından almışdır. Bu mağaranın hündürlüyü 1,65 metrdən çoxdur, yan divarlarında müəyyən bir əşya qoymaq üçün xüsusi yerlər müşahidə olunur. Peyğəmbər mağarası aralarında ən böyük mağaradır, ölçüsü 3x8 metr təşkil edir. Orta hissəsində çökəklik yerləşir. Qoşa mağara bir-biri ilə əlaqəsi olan iki kiçik otaqdan ibarət olan mağaradır. Aralarında olan keçidlər əvvəlki mağaralara olan keçidə nisbətən kiçik en kəsimə malikdir. Qoşa mağaranın otaqlarının ölçüsü daha kiçik və hündürlüyü daha alçaqdır, otaqlarının ölçüsü 1,5x2 metr təşkil edir. Otaqlar arasında daxili əlaqə ilə yanaşı, çöl üçün ayrıca çıxış var.
Mühafizəsi
Mağaralar Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən yeni aşkar olunmuş abidə kimi qeydiyyata götürülərək mühafizə olunur. Mağaralar ekoturizm üçün əlverişli hesab olunur.
- Əlifba sırasına görə mağaralar
- Azərbaycan mağaraları
- Qobustan rayonunun coğrafiyası
- Karst mağaraları
- Əhəng daşı mağaraları
