| Qaratel Hacımahmudova | |
|---|---|
| |
| Doğum tarixi | |
| Doğum yeri | Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan SSR, SSRİ |
| Vəfat tarixi | |
| Vəfat yeri | Aşağı Əskipara, Qazax rayonu, Azərbaycan |
| Vəfat səbəbi | şəhid olmuşdur. |
| Atası | Şəmi Hacımahmudov |
| Anası | Teyyubə Hacımahmudova |
| Mükafatları | |
Qaratel Hacımahmudova (tam adı: Qaratel Şəmi qızı Hacımahmudova; 1948, Qazax rayonu – 14 iyun 1992, Qazax rayonu) — "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunmuş Birinci Qarabağ müharibəsi şəhidi.
Həyatı
Erkən illəri
Qaratel Hacımahmudova 1948-ci ildə Qazax rayonunun Aşağı Əskipara kəndində dünyaya göz açmışdı. 1962-ci ildə Aşağı Əskipara kəndin orta məktəbini bitirib və Bakı Ticarət Texnikumuna daxil olub. 1970–1975-ci illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda təhsil alıb. 1976–1991-ci illərdə Neft Kəşfiyyatı İdarəsində işləyib. Qaratel Hacımahmudova həm də Azərbaycan Milli Azadlıq Hərəkatının ən fəal üzvlərindən olub.
Birinci Qarabağ müharibəsi və döyüşlərdə iştirakı
1990-cı ildə kiçik qardaşı Hümbətlə son dəfə meydanda rastlaşırlar. Qaratel Hacımahmudova ondan fikrini soruşur. Hümbət Qarabağa gedəcəyini deyir. Hacımahmudova qardaşına Aşağı Əskiparada müharibə getdiyindən, ona ora getməyi məsləhət görür. Hümbət Qarabağ döyüşlərinə yollanır. O isə öz kəndlərinə gəlir və kəndin cavanlarından ibarət könüllü özünümüdafiə dəstəsinə qoşulur.
O, döyüşçülərin yeməyini bişirir və paltarını yuyurdu. Yemək çatmayanda, gedib bağlardan göy–göyərti yığıb bişirərdi ki, döyüşçülər ac qalmasın. Qaratel Hacımahmudova həm də Azərbaycan döyüşçüləri ilə birgə səngərdə bərabər döyüşürdü. 1992-ci il iyunun 8-də ermənilər güclü hücuma keçdilər. O, hərəyə bir avtomat və 2 ədəd qumbaraatan verilən, 28 nəfərlik dəstədə idi. Bütün çətinlikliyə baxmayaraq, dəstə ermənilərin hücumu dəf edə bilmişdi.
Ölümü
1992-ci il iyunun 14-də səhər tezdən ermənilər rus hərbi bölmələrinin köməyi ilə növbəti güclü hücuma keçdilər. O, komandir Yaşar Qasımovun taqımımda döyüşürdü. Fələməz deyilən mövqedə hər tərəfdən top və tank atəşinə tutulmuşdu. Qaratel Hacımahmudova komandirin çətin tapşırığı yerinə yetirmişdi. O, başqa səngərdən qumbaraatan mərmisini gətirmişdi. Düşmənlə Azərbaycan döyüşçülərinin qüvvəsi qeyri–bərabər olduğundan, hər an vəziyyət pisləşə bilərdi. Komandir Qasımov Hacımahmudovaya səngəri tərk etməsini, hətta kənddən çıxmasını əmr etmişdi. Lakin o geri çəkilmir, arabir mövqeyini dəyişirdi. O, döyüşçü Mərdan Əsgərovla döyüşürdü. Bu son döyüşün şahidi kənd ağsaqqalı Vəli kişi də onların yanında olur. Ermənilər onu əsir götürürlər.
Ermənilər Qaratel Hacımahmudovanın başına pul qoymuşdu. O həmişə özündə zəhər gəzdirirdi, köynəyinin yaxalığına tikmişdi. Qaratel Hacımahmudova düşmən əlinə sağ keçməmək üçün üzərində gəzdirdiyi zəhəri içdikdən sonra güllə ilə özünü vurmuşdu. Komandir Yaşar Qasımovun sözlərinə görə, o uzaqdan Hacımahmudovanın bərkdən qışqırtısını eşitmişdi. Onu sonra saçından tutub sürüyə–sürüyə komandirin yanıma gətirdilər. Cəsədi qan içindəydi. Ermənilər onunla bərabər həlak olmuş Alıyev Alı, Əsgərov Mərdan, Əmiraslanov Şəmistanın meyitlərini də götürüb aparırlar. Həmin ilin iyunun 26-da, onun cəsədi, Mərdan Əsgərovun, Şəmistan Əmiraslanovun, Surxay Məmmədovun və Alı Alıyevin cəsədləri ilə birgə və əsir düşmüş kənd sakini Vəli Namazov erməni girovlarla dəyişdirilmişdir.
Şəxsi həyatı
Subay idi. O, rəhmətə getmiş qardaşı Məhəmmədin üç uşağını böyütmüşdü.
İrsi
Ədəbiyyatda
Şair Məmməd İlqar Qaratel Hacımahmudovaya poema həsr etmişdir:
Bahar - ömründə qışdı,
İllər - yaşında xışdı.
Telin ağarmamışdı,
Qaratel bacım mənim.
Məmməd İlqar
Filmoqrafiya
- Dağların telli havası (film, 2003)
- Qaratel (film, 2009) — (tammetrajlı sənədli televiziya filmi)
Təltif və mükafatları
O, 1994-cü ildə Azərbaycan Respublikası prezidenti tərəfindən "Azərbaycan Bayrağı" ordeni ilə təltif olunub.
- 1994 —
"Azərbaycan Bayrağı" ordeni
- 1948-ci ildə doğulanlar
- 14 iyunda vəfat edənlər
- 1992-ci ildə vəfat edənlər
- "Azərbaycan Bayrağı" ordeni ilə təltif edilənlər
- Qazax rayonunda doğulanlar
- Qazax rayonunda vəfat edənlər
- Birinci Qarabağ müharibəsi iştirakçıları
- Birinci Qarabağ müharibəsində həlak olanlar
