| Ramiz Məlik-Aslanov | |
|---|---|
| Ramiz Lütfəli oğlu Məlik-Aslanov | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 14 mart 1942 (84 yaş) |
| Doğum yeri |
|
| Atası | Lütfəli Məlik-Aslanov |
| Anası | Valentina Yermakova |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | dirijor |
| Mükafatları | |
Ramiz Lütfəli oğlu Məlik-Aslanov (14 mart 1942, Bakı) — Azərbaycan dirijoru, professor (1993), Azərbaycan Respublikasının xalq artisti (1991), beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2026-cı ildən).
Həyatı
Ramiz Məlik-Aslanov 14 mart 1942-ci ildə Bakıda anadan olub. Qədim və nəcib Qarabağın zadəgan Məlik-Aslanovlar ailəsindəndir.
Uşaqlıqdan musiqi ilə məşğul olmağa başlamış, altı yaşından İsaak Mixayloviç Turiçin sinfində təhsil almışdır. Azərbaycan Dövlət Konservatoriyasının nəzdindəki musiqi məktəbində (indiki Bülbül adına Orta İxtisas Musiqi Məktəbi) təhsilini davam etdirmiş və 1959-cu ildə oranı bitirmişdir.
1959–1965-ci illərdə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) violonçel sinfi üzrə, 1966-cı ildən isə N. A. Rimski-Korsakov adına Leninqrad Dövlət Konservatoriyasında (indiki N. A. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyası) opera-simfonik dirijorluq ixtisası üzrə aspiranturada təhsilini davam etdirmişdir.
Musiqi məktəbində oxuduğu illər ərzində SSRİ xalq artisti Müslüm Maqomayevlə parta yoldaşı olmuş, musiqi məktəbini bitirdikdən sonra da dostluqlarını davam etdirmişlər.
Fəaliyyəti
Ramiz Məlik-Aslanov aspiranturanın 5-ci kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dirijor assistenti vəzifəsində çalışmağa başlamış, həmin il "Qırmızı papaq" uşaq operasını tamaşaya hazırlamışdır. Leninqradda təhsilini başa vurduqdan sonra isə Azərbaycan SSR Dövlət Televiziya və Radiosunun Simfonik Orkestrinin baş dirijoru təyin edilmişdir. Həmin orkestrlə bir çox ölkədə qastrol səfərində olmuşdur.
1977–1979-cu illərdə Qahirə Konservatoriyasının orkestrində çalışmış, 1980–1987-ci illərdə yenidən Azərbaycan SSR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin Simfonik Orkestrində fəaliyyət göstərərək orkestrin bədii rəhbəri və dirijoru olmuşdur.
1988-ci ildə İraqa dəvət edilərək buradakı milli simfonik orkestrin baş dirijoru vəzifəsində çalışmış, Azərbaycana qayıtdıqdan sonra isə Bakı Musiqi Akademiyasında Opera hazırlığı kafedrasının müdiri vəzifəsini tutmuşdur. Bir müddət sonra Qara Qarayev adına Dövlət Kamera Orkestrinin baş dirijoru təyin olunmuş, daha sonra isə Türkiyədə çalışmağa başlamışdır.
1995–2022-ci illərdə İstanbul Universiteti Dövlət Konservatoriyası orkestrinin baş dirijoru işləmişdir.
2002-ci ildə Makedoniyaya dəvət olunmuş və 2008-ci ilədək Makedoniya Milli Simfonik Orkestrində baş dirijor kimi fəaliyyət göstərmişdir.
2018-ci il — Caspi Art Beynəlxalq müsabiqəsinin Qran-pri qalibi.
Ramiz Məlik-Aslanov Üzeyir Hacıbəyovun bir çox əsərlərinə, o cümlədən operalarından parçalara dirijorluq etmişdir. O, Moskva, Sankt-Peterburq və London Kral Simfonik orkestrlərini idarə etmiş, Aberdin, Bethoven, Babil, Oxrid və bir sıra başqa festivallarda iştirak etmişdir.
Ailəsi
- Həyat yoldaşı: Tamilla Əli qızı Muxtarova (08.04.1937, Bakı)
- Övladları: Teymur (24.11.1970, Bakı), Zaur (20.07.1974, Bakı)
Mükafatları
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 30 dekabr 1981
- "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 17 may 1991
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918–2018)" yubiley medalı — 27 may 2019
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü — 7 may 2026
Həmçinin bax
- Məlik-Aslanovlar
- Lütfəli Məlik-Aslanov
- 14 martda doğulanlar
- 1942-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Bakıda doğulanlar
- Azərbaycan Respublikasının xalq artistləri
- Azərbaycan SSR əməkdar incəsənət xadimləri
- "Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi" yubiley medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə musiqiçilər
- Azərbaycan dirijorları
- Məlik-Aslanovlar
- Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüləri