| Rəhilə Hacıbababəyova | |
|---|---|
| Rəhilə İbrahim bəy qızı Hacıbababəyova | |
| | |
| Doğum tarixi | avqust 1882 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1954 (71–72 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Həyat yoldaşı |
|
| Fəaliyyəti | pedaqoq, müəllimə |
| Üzvlüyü |
|
Rəhilə İbrahim bəy qızı Hacıbababəyova (avqust 1882, Tiflis – 1954, Bakı) — Azərbaycan maarifçisi, pedaqoq və ictimai xadim. Azərbaycanda qız təhsilinin inkişafında fəaliyyət iştirak etmiş, Bakıda ali-ibtidai qız məktəbinin yaradılmasının təşəbbüsçülərindən və həmin məktəbin ilk direktorlarından biri olmuşdur.
Həyatı
Rəhilə İbrahim bəy qızı Terequlova 1882-ci ilin avqust ayında Tiflis şəhərində anadan olmuşdur. İlk təhsilini Tiflisdə yerləşən Müqəddəs Nina məktəbində almışdır.
1902-ci ildə Bakıda fəaliyyət göstərən İmperatriça Aleksandra Rus-Müsəlman Qız Məktəbində müəllimlik fəaliyyətinə başlamışdır. O dövrdə azərbaycanlı qızların məktəblərə cəlb olunması ciddi ictimai və dini maneələrlə üzləşirdi. Rəhilə xanım valideynlərlə birbaşa söhbətlər aparır, evlərə gedərək qızların təhsilə cəlb edilməsinə çalışırdı.
Pedaqoji fəaliyyəti
Rəhilə Hacıbababəyova XX əsrin əvvəllərində Bakıda qadın təhsilinin inkişafında fəal iştirak etmişdir. Onun təşəbbüsü ilə 1910-cu ildə azərbaycanlı qızlar üçün ikiillik məktəb açılmışdır. Məktəb 1914-cü ildə ali-ibtidai qız məktəbinə çevrilmiş və Rəhilə xanım həmin təhsil müəssisəsinin müdiri olmuşdur.
Rəhilə Hacıbababəyova məktəbin fəaliyyətini genişləndirmək məqsədilə maarifçi ziyalılarla əməkdaşlıq etmişdir. Sultan Məcid Qənizadə, Nəcəf bəy Vəzirov, Mina Aslanova, Tamara Axundova-Şahtaxtinskaya, Əminə Ağayeva, Məryəm Terequlova və digər müəllimlər onun fəaliyyəti ətrafında birləşmişdilər.
Məktəbdə Azərbaycan dili ilə yanaşı rus dili, hesab, tarix, coğrafiya, rəsm, əl işləri və musiqi dərsləri keçirilirdi. Rəhilə xanım şagirdlərin tərbiyəsinə, gigiyena qaydalarına və ictimai davranışına xüsusi diqqət yetirirdi. O, valideynlərlə müntəzəm görüşlər keçirir, qızların təhsilinin vacibliyini izah edirdi. Onun pedaqoji fəaliyyəti nəticəsində məktəb Bakının ən nüfuzlu qız məktəblərindən birinə çevrilmişdi. Məktəbdə təhsil alan şagirdlərin sayı zamanla artaraq yüz nəfəri keçmişdi.
İctimai fəaliyyəti
Rəhilə Hacıbababəyova Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin təsisçisi olmuşdur. Cəmiyyətin əsas məqsədləri qadınların maariflənməsi, yoxsul ailələrə yardım göstərilməsi və qız məktəblərinin fəaliyyətinə dəstək idi. O dövrdə qız məktəblərinin fəaliyyəti mühafizəkar çevrələrin müqaviməti ilə qarşılaşırdı. Rəhilə xanım bu təzyiqlərə baxmayaraq fəaliyyətini davam etdirmiş, azərbaycanlı qızların təhsil almasının vacibliyini müdafiə etmişdir.
1914-cü ildə keçirilmiş müəllimlərin pedaqoji müşavirəsində onun fəaliyyəti xüsusi qeyd olunmuşdur. Sultan Məcid Qənizadə çıxışında Bakıdakı müsəlman qız məktəblərinin inkişafında Rəhilə xanımın mühüm rol oynadığını bildirmişdir. 1918-ci ildə pedaqoji fəaliyyətinin 15 illiyi münasibətilə şagird valideynləri tərəfindən ona təşəkkür məktubu ünvanlanmışdır.
Sonrakı illərdə
Sovet hakimiyyəti illərində də pedaqoji və ictimai fəaliyyətini davam etdirmişdir. O, savadsızlığın ləğvi kampaniyalarında iştirak etmiş, qadın kurslarında dərs demişdir.
1925-ci ildə Azərbaycan SSR Maarifçilər Həmkarlar İttifaqı Mərkəzi Şurasının üzvü seçilmişdir. 1927-ci ildə 5-ci Ümum-Azərbaycan Sovetlər Qurultayının və Azərbaycan qadın fəhlələri və kəndliləri qurultayının nümayəndəsi olmuşdur.
Rəhilə Hacıbababəyova 1933-cü ilə qədər pedaqoji fəaliyyətini davam etdirmişdir. O, 1954-cü ildə Bakı şəhərində vəfat etmişdir.
- 1882-ci ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 1954-cü ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan maarifçi qadınları
- Azərbaycan pedaqoqları
- Azərbaycan feministləri
- Azərbaycan tatarları
- Terequlovlar