Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Sübhi Haşım oğlu Salayev (19 avqust 1927, Bakı – 9 iyun 1990) — geologiya-mineralogiya elmləri doktoru (1961), professor, Azərbaycan SSR Elmlər Akademiyasının h

Sübhi Salayev

Vikipediya, azad ensiklopediya
Sübhi Salayev
Doğum tarixi 19 avqust 1927(1927-08-19)
Doğum yeri
Vəfat tarixi 9 iyun 1990(1990-06-09) (62 yaşında)
Elmi dərəcəsi
  • geologiya-mineralogiya elmləri doktoru (1961)
Mükafatları "Xalqlar dostluğu" ordeni "Şərəf nişanı" ordeni
Azərbaycan SSR Dövlət mükafatı — 1988 Azərbaycan SSR əməkdar elm xadimi — 1982

Sübhi Haşım oğlu Salayev (19 avqust 1927, Bakı9 iyun 1990) — geologiya-mineralogiya elmləri doktoru (1961), professor, Azərbaycan SSR Elmlər Akademiyasının həqiqi üzvü (1989), Azərbaycan SSR əməkdar elm xadimi (1982).

Həyatı

Sübhi Haşım oğlu Salayev 1927-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1949-cu ildə neft və qaz yataqlarının geologiyası və kəşfiyyatı ixtisası üzrə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin Geoloji-kəşfiyyat fakültəsini bitirmişdir.

1954-cü ildən Geologiya İnstitutunda (indiki Geologiya və Geofizika İnstitutu) işləmişdir. 1962–1990-cı illərdə Neft və qaz geologiyası şöbəsinə və Neft geologiyası şöbəsinə və Neft geologiyası laboratoriyasına rəhbərlik etmişdir.

Sübhi Salayev 1952-ci ildə "Cənubi Qobustanın neft-qazlılıq perspektivliyi" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək fəlsəfə doktoru, 1961-ci ildə "Cənubi-şərqi Qafqazın oliqosen-miosen çöküntüləri və onların neft-qazlılığı" mövzusunda doktorluq dissertasiyası müdafiə edərək geologiya-mineralogiya üzrə elmlər doktoru elmi dərəcələrini, professor elmi adını almışdır. O, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir.

Neft və qaz geologiyası sahəsində böyük alim olmuşdur. Onun Azərbaycanın neft-qaz ehtiyatlarının elmi qiymətləndirilməsi, neft-qaztoplanma və neft-qazəmələgəlmə zonalarının ayrılması, depressiya zonalarında gömülmüş neftli-qazlı strukturların axtarışı, Azərbaycanın mezokaynozoy çöküntülərində neft-qaz yataqları axtarışının elmi əsaslarının işlənib hazırlanması problemləri üzrə fundamental əsərləri neft-qaz geologiyası elmini zənginləşdirmişdir. O, 10 km-ə qədər dərinlikdə yatan horizontlarla bağlı neft və qaz yataqları axtarışının Azərbaycan üçün prinsipcə yeni olan bir sıra istiqamətlərini işləyib hazırlamışdır.

"Azərbaycanın neft və yataqları və perspektivli sahələri xəritəsi"nin, Qafqazın neft-qazlılığına aid bir sıra xəritələrin, "SSRİ-nin cənubunun paleotektonik xəritəsi", SSRİ-nin neftqazlılıq xəritələri, Azərbaycanın neftli-qazlı vilayətlərinin palçıq vulkanları, SSRİ-nin neftli-qazlı ərazilərinin tektonikası xəritələrinin müəlliflərindən biridir.

Onun rəhbərliyi altında 30-dan çox doktorluq və namizədlik dissertasiyaları müdafiə edilmişdir. 350-dən çox elmi əsərin, o cümlədən 15 monoqrafiyanın müəllifidir.

Mükafatları

Sübhi Salayev "Azərbaycan SSR əməkdar elm xadimi" fəxri adı (1982), "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri, medallar və Respublikanın Ali Sovetinin fəxri fərmanları ilə təltif edilmişdir. 1988-ci ildə bir qrup alimlə birlikdə "Azərbaycan SSR-in neft və qaz yataqları və perspektivli strukturları xəritəsi"nə görə Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür.

Üst