| Səlim Qasımov | |
|---|---|
| |
| 31 dekabr 1953 – 14 iyul 1956 | |
| Əvvəlki | Cəmaləddin Maqomayev |
| Sonrakı | Qurban Xəlilov |
| 28 mart 1946 – 18 aprel 1953 | |
| Əvvəlki | vəzifənin adı dəyişdirilib |
| Sonrakı | Cəmaləddin Maqomayev |
| 5 may 1938 – 28 mart 1946 | |
| Əvvəlki | Zəkəriyyə Balaxlinski |
| Sonrakı | vəzifənin adı dəyişdirilib |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 15 noyabr 1907 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 26 iyul 1957 (49 yaşında) |
| Vəfat yeri |
|
| Dəfn yeri | |
| Partiya |
|
| Təhsili |
|
| | |
| Təltifləri | |
Səlim Qasım oğlu Qasımov (15 noyabr 1907, Ramana, Bakı qəzası – 26 iyul 1957, Bakı) — Azərbaycan-sovet mühəndisi və dövlət xadimi, Azərbaycan SSR yerli sənaye komissarı və naziri (1938–1953, 1953–1956), Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri (1956–1957).
Həyatı
Səlim Qasımov 1907-ci ildə Bakı qəzasının Ramana kəndində neftçi Qasım Qasımovun ailəsində anadan olmuşdur. 1915-ci ildə kənd məktəbinə daxil olmuş, 4 ildən sonra, 12 yaşında məktəbi dayandırıb işləməyə məcbur olmuşdur. 1921-ci ildə o, Ramanada mexaniki emalatxanada tornaçı şagirdi işləməyə başlamışdır. Bu illərdə o, Lenin komsomolu sıralarına qoşulmuş, emalatxananın komsomol bürosunun üzvü seçilmişdir. 1924-cü ildə axşam növbəsi işçi fakültəsinə girmiş, burada akademik komissiyanın üzvü, qrup rəhbəri olmuşdur. İşçi fakültəsini bitirdikdən sonra o, neft mühəndisi olmaq üçün 1928-ci ildə Moskvaya gedərək akademik Qubkin adına Moskva Neft İnstitutunda təhsil almış, qrup rəhbəri və istehsalat təcrübəsi keçən qrupun başçısı olmuşdur. 1932-ci ildə institutu bitirdikdən sonra Bakıya qayıdaraq Budyonnı adına neftayırma zavodunda işə başlamış, ilk aylarda zavod laboratoriyasının mühəndisi, sonra laboratoriyanın müdiri, neftayırma qurğusunun mühəndisi və qurğunun briqadiri vəzifələrində çalışmışdır. 1935-ci ildə zavodun partiya komitəsinin və mühəndis-texniklər bölməsi bürosunun üzvü seçilmişdir.
1935-ci ildə Səlim Qasımov Sovet Ordusunda hərbi xidmətə çağırılmış və Qırmızı bayraqlı Əlahiddə Uzaq Şərq ordusu[rus.] sıralarına keçirilmişdir. Bir il sonra Uzaq Şərqdən Bakıya qayıdaraq yenidən Budyonnı adına zavodda işləməyə başlamışdır. 1937-ci ilin may ayında SSRİ Xalq Ağır Sənaye Komissarlığının əmri ilə Frunze adına kükürd turşusu zavodunun, 1937-ci ilin sonlarına yaxın isə Caparidze adına neftayırma zavodunun direktoru təyin edilmişdir.
Səlim Qasımov uzun illər Azərbaycan SSR yerli sənayesi nazirinin müavini və yerli sənaye naziri (1938-ci ildən), ömrünün sonlarına yaxın isə Azərbaycan SSR Sənət Kooperasiyası idarə heyətinin sədri vəzifələrində işləmişdir. O, 1927-ci ildən Sovet İttifaqı Kommunist Partiyasının üzvü olmuş, SSRİ Ali Soveti və Azərbaycan SSR Ali Sovetinə deputat seçilmiş, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü olmuşdur.
Səlim Qasımov 26 iyul 1957-ci ildə vəfat etmişdir.
Ailəsi
Valideynləri — Qasım Qasımov, Hörmət Qasımova
Həyat yoldaşı — Ağaxanım Qasımova
Övladları — Müslüm, Kərim, Vaqif, Rəfiqə, Rafiq, Ramiz və Rauf
Təltifləri
- "Qırmızı əmək bayrağı" ordeni — 27 aprel 1940
- "Şərəf nişanı" ordeni — 25 fevral 1946
- "Qafqazın müdafiəsinə görə" medalı
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı
- 15 noyabrda doğulanlar
- 1907-ci ildə doğulanlar
- Ramanada doğulanlar
- 26 iyulda vəfat edənlər
- 1957-ci ildə vəfat edənlər
- 49 yaşında vəfat edənlər
- Bakıda vəfat edənlər
- Birinci Fəxri xiyabanda dəfn olunanlar
- Sovet İttifaqı Kommunist Partiyasının üzvləri
- SSRİ-nin "Qırmızı əmək bayrağı" ordeni ilə təltif edilənlər
- "Şərəf nişanı" ordeni ilə təltif edilənlər
- "Qafqazın müdafiəsinə görə" medalı ilə təltif edilənlər
- "1941–1945-ci illər Böyük Vətən müharibəsində Almaniya üzərində qələbəyə görə" medalı ilə təltif edilənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- SSRİ Ali Sovetinin I çağırış deputatları
- Azərbaycan SSR Ali Sovetinin I çağırış deputatları
- Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvləri
- Azərbaycan SSR yerli sənaye nazirləri
- Azərbaycan SSR xalq yerli sənaye komissarları
