Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə parti

Tural Abbaslı

Vikipediya, azad ensiklopediya
Tural Abbaslı
Abbaslı 2020-ci ildə
Abbaslı 2020-ci ildə
Vəzifədədir
26 iyun 2016-cı ildən
ƏvvəlkiVəzifə təsis edildi
Müsavat Partiyası Gənclər Təşkilatınln sədri
? 25 iyun 2013
SonrakıƏhliman Abbas
Şəxsi məlumatlar
Doğum tarixi 13 sentyabr 1982(1982-09-13) (43 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Partiya
Təhsili Müstəqil Azərbaycan Universiteti (bakalavr)
Bakı Dövlət Universiteti (magistratura)
Fəaliyyəti siyasətçi
Atası Feyruz Abbaslı
Anası Baxşıxanım Abbasova
Həyat yoldaşı Nərmin Abbaslı (e. 2021)
Dini islam
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tural Feyruz oğlu Abbaslı (13 sentyabr 1982, Bakı) — Azərbaycan siyasətçisi.

Müsavat Partiyasının Divan üzvü olmuş Başxanım Abbasovanın ailəsində böyüyən Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış, 2000–2016-cı illərdə partiya funksionerlərindən biri olmuşdur. 2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da, seçkidə sonuncu yeri tutaraq seçilə bilməyib. 2016-cı ildə Ağ Partiyanı təsis etmiş və partiya sədri seçilmişdir, o, həmin vaxtdan partiyanın sədridir.

O, Ağ Partiyanı təsis edənə qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok", sədr olduqdan sonra "Qarabağ Komitəsi" və "Azərbaycan Xalq Hərəkatı" kimi bir sıra müxalif siyasi təşkilat və blokların rəhbərliyində təmsil olunub. 2018-ci ildə keçirilən Prezident seçkilərində namizədliyini irəli sürmüşdür. 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilər zamanı 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.

Həyatı

Erkən illəri

Tural Abbaslı 13 sentyabr 1982-ci ildə Bakı şəhərində doğulub. Atasını erkən yaşlarında itirən Abbaslı anası Baxşıxanım Abbasovanın himayəsində böyüyüb. Siyasi fəaliyyətə başlamasında Müsavat Partiyasının Divan üzvü olan anasının təsiri olub.

Təhsili

Abbaslı 1999-cu ildə 4 nömrəli Humanitar Fənlər gimnaziyasını bitirib. 1999–2003-cü illərdə o, Müstəqil Azərbaycan Universitetinin Jurnalistika fakültəsində təhsil alıb. 2009-cu ildə BDU-nun Jurnalistika fakültəsinin magistratura pilləsinə daxil olmuş, lakin təhsil aldığı müddətdə BDU-dan qovulduğu üçün təhsilini 2022-ci ildə tamamlaya bilmişdir.

Ailəsi

O, Müsavat Partiyasının sabiq Divan üzvü Başxanım Abbasovanın oğludur. Qardaşı leytenant Teymur Abbasov İkinci Qarabağ müharibəsində həlak olub.

Abbaslı 2021-ci ildə sabiq deputat, Müsavat Partiyası funksionerlərindən olan İkram İsrafilin qızı Nərmin İsrafil ilə evlənib.

Siyasi fəaliyyəti

Erkən illəri

Tural Abbaslı siyasi fəaliyyətə Müsavat Partiyasında başlamış və 2000–2016-cı illərdə burada gənclər təşkilatının sədr müavini, Səbail rayon təşkilatında sədr müavini, gənclər təşkilatının sədri, partiya divan heyətinin üzvü olmuşdur.

2011-ci ildə İctimai Palatanın Bakının mərkəzində, Ərəb baharı inqilabları ərəfəsində keçirdiyi mitinqin təşkilatçısı kimi 2 il 6 ay həbs cəzasına məhkum edilib və həmin il Amnesty International təşkilatı tərəfindən vicdan məhbusu elan olunub.

2014-cü ildə Müsavat Partiyası başqanlığına namizəd olsa da seçilə bilməyib.

O, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin, 2019-cu ildə siyasi partiyaların birliyi olan Azərbaycan Xalq Hərəkatının (AXH) təsisçilərindən biri olub.

Ağ Partiya

2016-cı ildən Ağ Partiyanın sədri kimi fəaliyyət göstərən Abbaslı, partiyanın 10.000-dən çox üzvü olduğunu qeyd edib. O, buna qədər İctimai Palata (2010), Demokratik Qüvvələrin Milli Şurası (2013), "Ağ Blok" kimi bir sıra müxalif siyasi qurumlarda da təmsil olunub. Həmçinin, 2018-ci ildə yaradılan "Qarabağ Komitəsi"nin və 2019-cu ildə siyasi partiyaların birliyi olan "Azərbaycan Xalq Hərəkatı" adlı qurumun təsisçilərindən biri olub.

2016-cı ildə Ağ Partiyasını təsis edən Abbaslı, müxtəlif dövrlərdə verdiyi açıqlamalarda sədri olduğu partiyanın Türkiyədə fəaliyyət göstərən sağçı və mühafizəkar Ədalət və İnkişaf Partiyası ilə eyni ideoloji xətti tutduğunu bildirmişdir.

Seçkilərdə iştirakı

Tural Abbaslı 2018-ci ildə keçirilən prezident seçkilərində öz namizədliyini irəli sürmüşdür. Bununla yanaşı, 2020-ci ildə VI çağırış Azərbaycan Milli Məclisinə seçkilərində də 21 saylı Nəsimi Birinci seçki dairəsindən namizəd olmuşdur.

Açıqlamaları

Abbaslı mətbuata verdiyi bir müsahibəsində siyasətçinin populist mövqe tutmalı olduğunu qeyd etmişdir. Həmçinin Abbaslı Navalnını "qərbin projesi" adlandırıb. O, Rusya–Ukrayna müharibəsinə də fikir bildirərək, "Putinin yerinə olsam, mən də belə edərdim" deyə qeyd edib.

Qeydlər

  1. Vahid Azərbaycan Partiyasının 26 iyun 2016-cı il tarixli qurultayında partiyanın adı Ağ Partiya olaraq dəyişdirilmiş və Tural Abbaslı sədr seçilmişdir. Partiyanın ad dəyişikliyi Ədliyyə Nazirliyi tərəfindən 7 may 2020-ci il tarixində təsdiqlənərək dövlət qeydiyyatına alınmışdır. 4 sentyabr 2023-cü ildə "siyasi partiyalarla bağlı qanun" layihəsinə əsasən yenidən dövlət qeydiyyatına alınmışdır.
Üst