| Xədicə Əlibəyova | |
|---|---|
| Xədicə Ələddin qızı Əlibəyova | |
| | |
| Doğum tarixi | 1884 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 19 may 1961 (76–77 yaşında) |
| Vəfat yeri |
|
| Vətəndaşlığı | |
| Həyat yoldaşı |
|
| Uşağı |
|
| Fəaliyyəti | həkim, maarifçi, publisist |
Xədicə Ələddin qızı Əlibəyova (1884, Tiflis – 19 may 1961, Bakı) — Azərbaycan maarifçisi, publisist, həkim-ginekoloq və redaktor. Azərbaycanda ilk qadın mətbuat orqanı hesab olunan "İşıq" qəzetinin redaktoru olmuşdur.
Həyatı

Xədicə Əlibəyova 1884-cü ildə Tiflis şəhərində anadan olmuşdur. Atası Ələddin əfəndi Sübhanqulov dövrünün tanınmış ziyalı və din xadimlərindən biri olmuşdur.
İlk təhsilini Tiflis rus qız gimnaziyasında almış, daha sonra Zaqafqaziya Olginskaya Mamalıq İnstitutunda təhsilini davam etdirmişdir. 1907-ci ildə mama ixtisası üzrə təhsilini başa vurmuşdur.
Hüquqşünas, publisist və ictimai xadim Mustafa bəy Əlibəyovla ailə həyatı qurduqdan sonra ictimai və mədəni fəaliyyətini daha da genişləndirmişdir.
Fəaliyyəti
Xədicə Əlibəyova XX əsrin əvvəllərində Azərbaycan qadınlarının maariflənməsi və ictimai həyata cəlb olunması istiqamətində fəaliyyət göstərən qadın ziyalılardan biri olmuşdur. O, Bakı Müsəlman Qadın Xeyriyyə Cəmiyyətinin fəal üzvlərindən idi.
1911-ci il fevralın 4-də Bakıda Azərbaycan dilində ilk qadın mətbuat orqanı hesab olunan "İşıq" qəzetinin nəşrinə başlanılmışdır. Qəzetin redaktoru Xədicə Əlibəyova, naşiri isə Mustafa bəy Əlibəyov olmuşdur. Nəşr Hacı Zeynalabdin Tağıyevin maddi dəstəyi ilə fəaliyyət göstərmişdir. Həftədə bir dəfə nəşr olunan qəzetdə qadın hüquqları, maarifçilik, uşaqların tərbiyəsi, ailə həyatı, səhiyyə və mədəniyyət məsələləri işıqlandırılırdı. Qəzetin əsas məqsədi qadınların maariflənməsi və ictimai həyatda iştirakının təşviqi idi. Xədicə Əlibəyova "Hüquqlarımız" sərlövhəli silsilə məqalələrində qadınların hüquq bərabərliyi, təhsil alması və cəmiyyət həyatında fəal iştirak etməsinin vacibliyindən bəhs etmişdir. "İşıq" qəzetinin 1911-ci il komplekti imperatriça Aleksandra Fyodorovnaya göndərilmiş, 1913-cü ildə Xədicə Əlibəyova bu münasibətlə təşəkkür məktubu almışdır.
Maddi çətinliklər və ictimai təzyiqlər nəticəsində "İşıq" qəzetinin nəşri 1912-ci ildə dayandırılmışdır. Qəzetin ümumilikdə 68 nömrəsi çap olunmuşdur. Qəzet bağlandıqdan sonra Xədicə Əlibəyova Şəkiyə köçmüş və uzun illər həkim-ginekoloq kimi fəaliyyət göstərmişdir. O, eyni zamanda Şəkidə qadın savad kurslarının və qadın klubunun təşkilində iştirak etmişdir.
Ömrünün son illərində Bakıya qayıtmış, 1961-ci ildə burada vəfat etmişdir.
Həmçinin bax
- 1884-cü ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 19 mayda vəfat edənlər
- 1961-ci ildə vəfat edənlər
- Bakıda vəfat edənlər
- Azərbaycan maarifçi qadınları
- Azərbaycan publisistləri
- Azərbaycan jurnalistləri
- Azərbaycan qəzet redaktorları
- Azərbaycanın qadın həkimləri
- Azərbaycan feministləri
- Nicat Cəmiyyətinin üzvləri
- Azərbaycanda qadın ilkləri