| Teymurun tüzükləri |
|---|
Teymurun tüzükləri — Əmir Teymurun hərbi və siyasi fəaliyyəti haqqında məlumat verən tarixi əsər. Əsər həmçinin, "Tüzüki-Teymuri", "Tüzükati-Teymur", "Məlfuzati-Teymuri" və "Vaqiati-Teymuri" adları ilə də tanınmışdır. Alimlərin əksəriyyəti Əmir Teymurun "Tüzüklər"in müəllifi olduğunu qəbul edirlər. Bu tədqiqatçılar arasında "Teymurun tüzükləri"nin ingilis dilinə tərcüməçiləri və naşirləri Devi və Vayt, Türkiyə ensiklopedist alimi Şəmsəddin Sami, habelə əlyazmaların tədqiqatçısı Nikolay Mikluxo-Maklay da yer almışdır. Digər bir qrup alimin fikrincə, əsər XVI–XVII əsrlərdə Hindistanda qələmə alınmışdır.
Məzmunu
Əsər iki hissədən ibarətdir. Birinci hissədə Əmir Teymurun tərcümeyi-halı, ictimai-siyasi fəaliyyəti, onun Mavəraünnəhrdə mərkəzi hakimiyyəti ələ keçirməsi, siyasi pərakəndəliyə son qoyması, mərkəzləşdirilmiş dövlət qurması, İran, Əfqanıstan, Azərbaycan, Gürcüstan və Hindistan da daxil olmaqla 27 məmləkəti öz tərkibinə qatması, Qızıl Orda hökmdarı Toxtamışa və Osmanlı sultanı I Bəyazid İldırıma qarşı hərbi yürüşləri, habelə nəhəng səltənətini möhkəmləndirmək üçün müxtəlif ictimai təbəqələrə münasibəti böyük sahibqiranın dili ilə yığcam şəkildə bəyan edilmişdir.
İkinci hissə Cahangirin övladlarına ünvanladığı özünəməxsus vəsiyyətlərindən, nəsihətlərindən və öyüdlərindən ibarətdir. Burada dövləti idarə edərkən kimlərə arxalanmaq, tac-taxt sahiblərinin rəftarı və vəzifələri, vəzir və qoşun başçılarının seçilməsi, ordunun quruluşu və döyüş aparma qaydaları, sipahilərin maaşı, ölkənin idarəetmə nizamı, dövlət xadimlərinin və ordu rəhbərlərinin borc və vəzifələri, həmçinin əmirlərin, vəzirlərin və digər məmurların səltənət qarşısındakı xüsusi xidmətlərinin mükafatlandırılma qaydası və digər xüsusiyyətlər barədə bəhs olunur.
Tədqiqi
Əsər Əmir Teymur dövründəki özbək dövlətçilik tarixinin öyrənilməsində əsas mənbə rolunu oynayır. "Teymurun tüzükləri"nin elmdə qeydə alınan ilk nüsxəsinin qədim özbək dilində qələmə alındığı məlumdur. Bu, Osmanlı türklərinin hakimlərindən biri olan Yəmən hakimi Cəfər Paşanın (hakimiyyəti: 1607–1612-ci illər) kitabxanasındakı türkcə əlyazma ilə bağlıdır. "Tüzüki-Teymuri"nin müqəddiməsində qeyd olunmuşdur ki, orta asiyalı Mir Əbu Talib Hüseyni Arizi Turbəti Məkkəyi-mükərrəmə və Mədinəyi-münəvvərəyə həcc ziyarəti zamanı əsəri oxumağa müvəffəq olmuş və 1610-cu ildə Cəfər Paşanın tapşırığı ilə onu fars dilinə tərcümə etmişdir. Dövrümüzə qədər həmin fars dilli nüsxə daşbasma üsulu, müasir nəşrlər və əlyazmalar şəklində gəlib çatmışdır. Hüseyni Turbəti fars dilli tərcüməni 1637-ci ildə Böyük Moğol hökmdarı Şah Cahana (hakimiyyəti: 1628–1657-ci illər) təqdim etmişdir. Şah Cahan tərcümə ilə tanış olduqdan sonra orada bəzi qeyri-dəqiqliklər və çatışmazlıqlar aşkar etmiş, Dekan vilayətinin qazı-kalanı Məhəmməd Əşrəf Buxarini (vəfatı 1652-ci il) hüzuruna çağırmış, həmin tərcüməni mötəbər əsərlərlə, xüsusən Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə"si və buna bənzər mühüm mənbələrlə müqayisə etməyi və xətaları aradan qaldırmağı tapşırmışdır. Məhəmməd Əşrəf Buxari bu göstərişə əsasən Mir Əbu Talib əHüseyni əTurbətinin nüsxəsini diqqətlə redaktə etmişdir. Beləliklə, əsərin yeni, təkmilləşdirilmiş redaksiyası meydana gəlmiş və o, "Məlfuzati-Teymuri" (Teymurun söylədikləri) və "Vaqiati-Teymuri" (Teymurun başından keçənlər) adları ilə tanınmışdır. Sonradan ondan çoxlu sayda nüsxələrin köçürüldüyü məlumdur.
Məlum olur ki, Moğol səltənətində "Teymurun tüzükləri" əsasında iki müstəqil əsər yaranmışdır və onların sonrakı əsrlərdə yayılması ilə bağlı özünəməxsus təfərrüatlar mövcuddur. "Teymurun tüzükləri"nin nüsxəsini ilk dəfə Hindistanda yaşamış ingilis zabiti mayor Devi 1779-cu ildə İngiltərəyə gətirmişdir. Daha sonra o, əsəri nəzərdən keçirmək üçün ərəb dili professoru, ingilis mayoru Uayta təqdim etmişdir. Uayt "Teymurun tüzükləri"nin fars dilli mətnini nəşrə hazırlamış, mayor Devi isə onu ingilis dilinə çevirmiş, göstərici və izahlarla təmin etmişdir. Əsərin mətni və ingilis dilli tərcüməsi 1783-cü ildə Böyük Britaniyanın Oksford şəhərində nəşr olunmuşdur. Məhz bu nəşr dünya ölkələrinə geniş yayılmış və "Tüzüki-Teymur" və ya "Tüzükati-Teymur" adı ilə şöhrət qazanmışdır. Oksford nəşri sonradan heç bir dəyişiklik edilmədən dünyanın bir çox şəhərlərində, o cümlədən 1785-ci ildə Kəlküttə, 1868, 1963 və 1992-ci illərdə Tehran, 1890-cı ildə isə Bombeydə çap edilmişdir. Bu nəşrlər bir çox ölkələrə, o cümlədən Orta Asiyaya da yayılmışdır.
Uayt və Devi tərəfindən nəşr edilən fars dilli mətndən tanınmış şərqşünas L. Lanqlenin fransız dilinə etdiyi tərcümə 1787-ci ildə Parisdə nəşr olunmuşdur.
1892-ci ildə L. Lanqlenin fransızca nəşri əsasında N. P. Ostroumovun rəhbərliyi ilə Daşkənd gimnaziyasının bir qrup tələbəsi əsəri rus dilinə tərcümə etmişdir. 1968 və 1992-ci illərdə I. M. Möminovun yazdığı qısa müqəddimə ilə N. P. Ostroumovun həmin nəşri təkrar çap edilmişdir.
"Teymurun tüzükləri"nin Devi və Uayt nəşrinə əsaslanan daşbasma və sonrakı nüsxələrindən biri əsasında Əlixantörə Sağuni 1967-ci ildə Daşkənddə "Tüzüki-Teymuri"ni özbək dilinə tərcümə etmişdir, lakin "Gülüstan" (Guliston) jurnalında tərcümənin yalnız 30 faizi işıq üzü görmüşdür. Əsərin tam nəşr olunmamasının səbəbi və 1989-cu ildə özbək dilinə edilmiş digər tərcümə haqqında akademik B. Əhmədov bu fikirləri bildirmişdir:
| O dövrdə cəmiyyətimizdəki mövcud vəziyyət, daha dəqiq desək, rəsmi hakimiyyət nümayəndələrinin keçmiş tariximizin öyrənilməsinə mənfi münasibəti nəticəsində Əlixantörə Sağuninin tərcüməsi tam şəkildə çap edilməmişdir. Həmçinin qeyd etmək lazımdır ki, tərcümənin dərc olunmuş hissəsi bəzi çatışmazlıqlardan xali deyildi. Məsələn, bəzi cümlələrin ixtisar edildiyi müəyyən olunmuşdur, orijinal mətndən kənarlaşma halları mövcuddur; şəxs adları, coğrafi terminlər və istilahlarda xətalar var. Mühüm tarixi hadisələr, tarixi şəxsiyyətlər, coğrafi və etnik adlar, müxtəlif terminlər və onların şərhləri sərbəst şəkildə təfsir edilmişdir. 1989-cu ildə Əlixantörənin həmin nəşrini "Tüzüki-Teymur"un Bombeydə çap edilmiş fars dilli mətni ilə müqayisə etmək yolu ilə özbək dilinə daha bir tərcümə həyata keçirilmişdir. Onu özbək şərqşünası Həbibulla Kəramətov hazırlamış, əvvəlcə "Şərq ulduzu" (Sharq yulduzi) jurnalında (Daşkənd, 1989, 8-ci say), sonra isə ayrıca kitab halında (1991) Qafur Qulam adına Ədəbiyyat və İncəsənət Nəşriyyatında çap etdirmişdir. |
Həmin nəşrin hazırlanmasında Əbu Reyhan Biruni adına Şərqşünaslıq İnstitutunun əlyazmalar fondunda qorunan 1785-ci il Kəlküttə, 1868-ci il Tehran və 1890-cı il Bombey nəşrləri Əlixantörə Sağuninin tərcüməsi ilə müqayisə edilmişdir. Tərcümə mətni fars dilli əslindən xeyli fərqləndiyi üçün Bombey nəşri əsasında yenidən özbək dilinə çevrilmişdir; ağır repressiya dövründə özbək xalqına Əmir Teymur haqqındakı həqiqətləri çatdırmağa çalışan Əlixantörə Sağuninin adına hörmət əlaməti olaraq yeni tərcümədə onun adı birinci sırada qeyd olunmuşdur. Bununla da 1967-ci ildə başlanmış xeyirli işin tamamlanması və mərhum ustadın ruhunun şad edilməsi məqsədi güdülmüşdür.
Əsərin "Şərq ulduzu" jurnalında dərc edilmiş tərcüməsi əsasında 1991-ci ildə Bakı və Almatı şəhərlərində də "Teymurun tüzükləri"nin Azərbaycan və qazax dillərindəki tərcümə kitabları nəşr edilmişdir. 1996-cı ildə əsərin yeni tərcüməsi yenidən özbək dilində çap olunmuşdur. 1999-cu ildə şərqşünas Həmidulla Kəramətov əsəri Bombey nəşri əsasında ilk dəfə birbaşa fars dilindən rus dilinə tərcümə etmişdir.
"Tüzüki-Teymuri"nin Sübhan Baxşı (Dehli, 1855) və Məhəmməd Fəzl əl-Həqq (Bombey, 1908) tərəfindən həyata keçirilmiş urdu dilində tərcümələri də mövcuddur.
Məhz "Tüzüki-Teymuri" kimi tanınan Devi və Uayt nəşri dünyanın müxtəlif yerlərində dəfələrlə çap edilmiş və elmi dairələrdə etibar qazandığı üçün dünyanın bir çox dillərinə tərcümə olunmuşdur. "Məlfuzati-Teymuri", "Vaqiati-Teymuri" və digər adlarla tanınan və çox vaxt səhvən "Tüzüki-Teymuri"yə aid edilən əsər nüsxəsinin meydana gəlməsi barədə ərəb alimi Məzhər Şihab "Teymur" adlı kitabında "Tüzüki-Teymur"un yuxarıda xatırlanan ingilis və fransız dillərindəki nəşrlərinin müqəddimələrini öyrənərək belə yazmışdır:
| Və nəhayət, Əmir Teymurun məlfuzatlarının Əbu Talib əl-Hüseyni tərəfindən edilmiş həmin tərcüməsindən fars dilinə çevrilmiş digər iki nüsxə (Hindistanda Şah Cahanın göstərişi ilə Məhəmməd Əfzəl Buxari tərəfindən hazırlanan nüsxələr nəzərdə tutulur) tapılana qədər bu vəziyyət belə davam etdi. |
Onlardan bir nüsxəni Hindistanda xidmət etmiş ingilis zabitlərindən biri Dehlidə moğol sülaləsi sultanlarının nəvələrindən birindən əldə etməyə müvəffəq olmuşdur. Bu səbəbdən də həmin nüsxə "Sultani nüsxə" (nüsxeyi-imperatoriya) adı ilə tanınır. Məlfuzatın ikinci nüsxəsi də Dehlidən tapılmış və onu da ingilis generallarından biri Britaniyaya aparmışdır. 1830-cu ildə İngiltərəyə gətirilən hər iki yeni tapılmış nüsxənin qiymətli cəhəti ondan ibarət idi ki, bu nüsxələr Əmir Teymurun məlfuzatlarını tam şəkildə əhatə edirdi və Sahibqiranın həyatını sonuncu ilinə qədər nəql edirdi.
1830-cu ildə Çarlz Stüart sonradan tapılan yeni ikinci nüsxə Britaniyaya gətirildikdən sonra onunla tanış oldu və hər iki nüsxənin eyni tərcümə olduğunu müəyyən etdi. Bu tərcümənin müəllifi, Hindistanda hökmranlıq etmiş Teymuri sülaləsi hökmdarlarından biri olan Şah Cahanın sarayında xidmət etmiş məmurlardan biri — Məhəmməd Əfzəl əl-Buxari idi. Mütərcimin yazdığına görə, o, bu tərcüməni 1670-ci ildə həyata keçirmişdir. Məhəmməd Əfzəl əl-Buxarinin öz tərcüməsinin müqəddiməsində işarə etdiyi yeni (sultani) nüsxəyə daxil edilmiş əlavələrin çoxunun Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə" əsərindən alındığına əmin olmaq mümkündür.
Beləliklə, Məhəmməd Əfzəl Buxari tərəfindən yenidən işlənmiş və Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə"si əsasında tamamlanmış "Məlfuzati-Teymuri" adlı yeni bir əsər meydana gəldi və yayılmağa başladı. Hazırda onun nüsxələri bir neçə ölkənin kitabxanalarında qorunur. Şərq əlyazmaları kataloqlarının tərtibçilərindən bəziləri də bu əsərin "Tüzüki-Teymuri"dən fərqli olaraq məhz "Məlfuzat" olduğuna diqqət çəkmişlər. Əlbəttə, əsərin adına "Vaqiati-Teymuri", "Tənzimati-Teymuri" və digər formalarda da rast gəlinir. Bundan əlavə, sonrakı əsrlərə aid gah tam, gah da natamam nüsxələrdə xəttatlar tərəfindən özbaşına əlavə edilmiş bir çox uydurmalara, ilkin nüsxələrdə olmayan hadisə təfərrüatlarına da təsadüf edilir. Həmçinin, qeyd olunan bu iki fərqli əsəri "Tüzüki-Teymuri" və "Tüzükati-Teymuri" adları ilə bir üz qabığı daxilində birlikdə köçürmüşlər. Bu səbəbdən hətta Avropada və bəzi Şərq ölkələrində nəşr olunmuş əlyazma kataloqlarında belə qarışıqlıq nəzərə çarpır. Oxşar qüsur "Teymurun tüzükləri"nin 1991 və 1996-cı il nəşrlərinin müqəddiməsində də mövcuddur.
"Məlfuzati-Teymuri"dən silsilə tərcümələr həyata keçirilmişdir. 1830-cu ildə İngiltərədə Çarlz Stüart onu ingilis dilinə çevirmişdir. Bu tərcümədə Əmir Teymurun həyatının 39 yaşına qədər olan hadisələri əks olunub.
XIX əsrdə Orta Asiyada "Məlfuzati-Teymuri"nin fars dilindən qədim özbək dilinə edilmiş üç tərcüməsi ortaya çıxdı. Şərqşünas Storinin kataloqunda verilən məlumata görə, onlardan birini 1836-cı ildə Qoqand xanı Məhəmməd Əli xanın əmri ilə Xocənd qazısı Nəbicən Məhdum Xatif yerinə yetirmişdir. Tərcümə fars dilindəki natamam nüsxədən edilmişdir və Əmir Teymurun 39 yaşına qədər olan hadisələrini əhatə edir. Hazırda bu əlyazma Sankt-Peterburqdakı Şərqşünaslıq İnstitutunda saxlanılır. Digər bir tərcümə 1856–1857-ci illərdə Xivədə Məhəmməd Yusif ər-Raci tərəfindən "Tüzüki-Teymuri" adı ilə edilmişdir. Digəri isə "Qisseyi-Teymur" və "Məlfuzat" adları ilə tanınan, 1857–1858-ci illərdə Xivədə Pəhləvan Niyaz Divan tərəfindən çevrilən əsərdir. Hər iki nüsxə Sankt-Peterburq şəhərində M. Y. Saltıkov-Şedrin adına Rusiya Dövlət Milli Kitabxanasında mühafizə olunur. Nəbicən Məhdumun bir çox xətaları olan qədim özbək dilindəki tərcüməsi əsasında rus şərqşünası N. P. Ostroumov, Türkistan general-qubernatoru baron A. B. Vrevskinin köməkliyi ilə "Məlfuzat"ın türkcə mətnini 1891-ci ildə Daşkənddə nəşr etdi.
N. P. Ostroumovun nəşri əsasında "Məlfuzat" rus şərqşünası Nil Likoşin tərəfindən 1894-cü ildə Daşkənddə rus dilinə tərcümə olundu. 1934-cü ildə Moskvada rus alimi V. A. Panov tərəfindən Ostroumovun həmin nəşri əsasında "Məlfuzat"ın yeni tərcüməsi çap edildi.
1992-ci ildə Daşkənddə tanınmış şərqşünas Əşrəf Əhmədov N. P. Ostroumovun nəşrinə söykənərək və Şərəfəddin Əli Yəzdinin "Zəfərnamə"sinin elmi-tənqidi mətnindən istifadə edərək "Məlfuzat"ın özbək dilində müasirləşdirilmiş sərbəst təbdilini həyata keçirdi.
Nəhayət, "Məlfuzat"ın Orta Asiyada yerinə yetirilmiş qədim özbək dili tərcümələri əsasında, son illərdə Özbəkistan alimlərindən H. Bababəyov, H. Babayev və A. Quronbəyov tərəfindən "Tüzüki-Teymuri" (ikinci təkrar nəşrinə "Zəfərnamə" adı qoyulmuşdur) və "Qisseyi-Teymur" ("Məlfuzati-Teymuri") kitabları nəşr edilmişdir.
- Əlifba sırasına görə kitablar
- Tarix haqqında kitablar
- Teymurilər