Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əsgər Məmmədismayıl oğlu Abbasov (28 aprel 1916, Bakı – 9 fevral 1970, Bakı) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964).

Əsgər Abbasov

Vikipediya, azad ensiklopediya
Əsgər Abbasov
Doğum tarixi 28 aprel 1916(1916-04-28)
Doğum yeri
Vəfat tarixi 9 fevral 1970(1970-02-09) (53 yaşında)
Vəfat yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti teatr rəssamı
Mükafatları Azərbaycan SSR əməkdar incəsənət xadimi — 1964

Əsgər Məmmədismayıl oğlu Abbasov (28 aprel 1916, Bakı9 fevral 1970, Bakı) — Azərbaycan teatr rəssamı, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1964).

Həyatı

Əsgər Məmmədismayıl oğlu Abbasov 28 aprel 1916-cı ildə Bakıda anadan olmuşdur. 1933–1936-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda təhsil almış və 1936-cı ildə oranı bitirmişdir. Hələ təhsil aldığı illərdə Azərbaycan Dövlət Dram Teatrında əmək fəaliyyətinə başlamış, əvvəlcə rəssam assistenti, daha sonra quruluşçu rəssam kimi çalışmışdır.

Əsgər Abbasov 1945–1949-cu illərdə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının baş rəssamı olmuşdur. Teatr 1956-cı ildə fəaliyyətini bərpa etdikdən sonra yenidən burada baş rəssam vəzifəsinə təyin edilmiş və 1969-cu ilədək bu vəzifədə çalışmışdır.

Əsgər Abbasov 9 fevral 1970-ci ildə Bakıda vəfat etmişdir.

Yaradıcılığı

Əsgər Abbasov səhnəqrafiyanın müxtəlif formalarından və üslublarından istifadə etmiş, əsasən, monumental-realist üslubda tamaşa dekorasiyaları hazırlamışdır. Onun teatr-dekorasiya rəssamlığı sahəsində ilk müstəqil işləri 1940-cı illərin əvvəllərinə təsadüf edir. Azərbaycan Dövlət Dram Teatrında Konstantin Simonovun "Bizim şəhərli oğlan", Kondrat Krapivanın "Son gülən", Mixail Lermontovun "İki qardaş", Sabit Rəhmanın "Xoşbəxtlər" və "Toy" əsərlərinin tamaşalarına bədii tərtibat vermişdir.

Azərbaycan Dövlət Dram Teatrında "Son gülən" (1941), "İki qardaş" (1941) və Mir Cəlalın "Mirzə Xəyal" (1943) əsərlərinin tamaşalarının rəssamı olmuşdur. Sabit Rəhmanın "Xoşbəxtlər" (1941) və Səməd Vurğunun "Fərhad və Şirin" (1941) əsərlərinin tamaşaları üçün geyim eskizləri hazırlamışdır.

Müharibədən sonrakı illərdə yaradıcılığının əsas hissəsi Azərbaycan Dövlət Musiqili Komediya Teatrı ilə bağlı olmuşdur. Süleyman Ələsgərovun "Ulduz" (1957), İmre Kalmanın "Silva" (1960) və Səid Rüstəmovun "Durna" (1965) tamaşalarının bədii tərtibatını hazırlamışdır.

Əsgər Abbasovun Musiqili Komediya Teatrında bədii tərtibat verdiyi tamaşalara Məhərrəm ƏlizadəSoltan Hacıbəyovun "Qızılgül" (1945), Üzeyir Hacıbəyovun "Arşın mal alan" (1946, 1959), Məhərrəm Əlizadə və Fikrət Əmirovun "Gözün aydın" (1946, 1957), Süleyman Rüstəm və Səid Rüstəmovun "Durna" (1947, 1956, 1959), İmre Kalmanın "Bayadera" (1948), Sabit Rəhman və Süleyman Ələsgərovun "Ulduz" (1948, 1957), Məhərrəm Əlizadə və Ağası Məşədibəyovun "Toy kimindir?" (1956), Üzeyir Hacıbəyovun "Məşədi İbad" (1956, 1963) və Zülfüqar Hacıbəyovun "Əlli yaşında cavan" (1959) əsərləri daxildir.

Sonrakı illərdə Kərim Kərimov və Zakir Bağırovun "Kəndimizin mahnısı" (1959), Həsən Seyidbəyli və Tofiq Quliyevin "Qızılxatınlar" (1960), Məhərrəm Əlizadə və Səid Rüstəmovun "Rəisin arvadı" (1961), Levon Cubabiriya və Şota Miloravanın "Tiflis nəğməsi" (1961), Qulamrza Cəmşidinin "Hacı Kərimin Aya səyahəti" (1962), Mirzə Fətəli Axundovun "Hacı Qara" əsəri əsasında "Xəsis" (1962; libretto müəllifi: Şəmsi Bədəlbəyli, bəstəkarlar: Vasif Adıgözəlov və Ramiz Mustafayev), Şıxəli Qurbanov və Süleyman Ələsgərovun "Özümüz bilərik" (1963), Məhərrəm Əlizadə və Əşrəf Abbasovun "Səndən mənə yar olmaz" (1963), eləcə də Novruz GəncəliŞəfiqə Axundovanın "Ev bizim, sirr bizim" (1965) tamaşalarının bədii tərtibatı üzərində işləmişdir.

Əsgər Abbasov həmçinin Dağıstan MSSR teatrlarında bir neçə tamaşaya bədii tərtibat vermişdir. Tbilisi, Aşqabad, Dərbənd və başqa şəhərlərdə fəaliyyət göstərən teatrlarda da tamaşaların bədii tərtibatı üzərində çalışmışdır.

Mükafatları

  • "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 29 iyun 1964
Üst