| AMEA Naxçıvan Bölməsi AMEA Naxçıvan Bölməsi | |
|---|---|
| Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi | |
| | |
| Ümumi məlumatlar | |
| Ölkə | Azərbaycan |
| Tipi | regional elmi bölmə |
| Yaradılıb | 7 avqust 2002 |
| Ünvan | AZ7000, Naxçıvan şəhəri, Heydər Əliyev prospekti, 76 |
| Sayt | nscience.gov.az |
| Sədr: İsmayıl Hacıyev | |
Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi (AMEA Naxçıvan Bölməsi) — Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən regional elmi bölməsi. Bölmə Azərbaycan Respublikası Prezidentinin 7 avqust 2002-ci il tarixli 1003 nömrəli sərəncamı ilə təsis edilib.
Tarixi
1972-ci ildə Azərbaycan Elmlər Akademiyası (EA) Rəyasət Heyətinin qərarı ilə Naxçıvan Regional Elmi Mərkəzi yaradılıb. Mərkəz Azərbaycan EA Qeyri-Üzvi və Fiziki-Kimya İnstitutunun strukturunda fəaliyyət göstərib. Onun əsas tədqiqat istiqamətlərindən biri Naxçıvan Muxtar Respublikasının təbii xammal ehtiyatlarının öyrənilməsi və onlardan istifadənin elmi əsaslarının hazırlanması olub.
7 avqust 2002-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi təsis edilib. Bölmənin ilkin tərkibinə Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutu, Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanası daxil olub.
Struktur dəyişiklikləri
28 iyul 2022-ci ildə AMEA-nın bir sıra elmi müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib.
Təbii Ehtiyatlar İnstitutu, Bioresurslar İnstitutu və Batabat Astrofizika Rəsədxanası da həmin qərarla Elm və Təhsil Nazirliyinin tabeliyinə keçirilib.
4 aprel 2025-ci il tarixli sərəncamla Nazirlər Kabinetinə Təbii Ehtiyatlar İnstitutunun, Bioresurslar İnstitutunun və Batabat Astrofizika Rəsədxanasının 2025-ci ilin sonunadək mərhələli şəkildə Naxçıvan Dövlət Universitetinin tabeliyinə verilməsini təmin etmək tapşırılıb.
Strukturu və idarəetməsi
AMEA-nın rəsmi məlumatına görə, Bölmənin strukturuna üç elmi-tədqiqat müəssisəsi daxildir:
- Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutu;
- İncəsənət, Dil və Ədəbiyyat İnstitutu;
- Əlyazmalar Fondu.
Bölmənin tərkibində Elmi Kitabxana və nəşriyyat da fəaliyyət göstərir.
AMEA-nın Nizamnaməsinə əsasən regional elmi bölmənin fəaliyyətinə sədr rəhbərlik edir. Bölmənin ali idarəetmə orqanı Rəyasət Heyətidir.
Bölmənin sədri AMEA-nın Ümumi Yığıncağında seçilir və AMEA-nın prezidenti tərəfindən vəzifəyə təyin edilir.
Bölmənin sədri akademik İsmayıl Hacıyevdir.
Elmi fəaliyyəti
AMEA-nın Nizamnaməsinə əsasən regional elmi bölmələr fəaliyyət göstərdikləri regionların təbii sərvətlərini, tarixini, arxeologiyasını və mədəniyyətini, o cümlədən ədəbiyyat və folklorunu öyrənir, elmi tədqiqatlar aparır və sosial-iqtisadi inkişafla bağlı problemlərin araşdırılmasında iştirak edirlər.
Naxçıvan Bölməsində regionun tarixi, arxeologiyası, etnoqrafiyası, dili, ədəbiyyatı, folkloru və incəsənəti üzrə tədqiqatlar aparılır.
Bölmədə hazırlanmış nəşrlər arasında iki cildlik Naxçıvan ensiklopediyası, Naxçıvan abidələri ensiklopediyası, Naxçıvan tarixi atlası, üç cildlik Naxçıvan tarixi, Naxçıvan teatrının salnaməsi və üç cildlik Naxçıvanın folkloru antologiyası var.
Elmi nəşrləri
Bölmənin elmi jurnalı 2005-ci ildən nəşr olunur. Əvvəllər Xəbərlər adı ilə nəşr edilən jurnal 2019-cu ildən Elmi əsərlər adı ilə fəaliyyətini davam etdirir.
Elmi əsərlər jurnalında tarix, arxeologiya və etnoqrafiya, Azərbaycan dili, ədəbiyyat və folklor, incəsənət sahələri üzrə məqalələr dərc olunur.
İncəsənət, Dil və Ədəbiyyat İnstitutu tərəfindən Axtarışlar elmi jurnalı nəşr edilir. Jurnalda ədəbiyyatşünaslıq, folklorşünaslıq, dilçilik və sənətşünaslıq sahələri üzrə məqalələr dərc olunur.
- 2002-ci ildə yaradılmış elmi-tədqiqat institutları
- AMEA Naxçıvan bölməsi
- 2002-ci ildə yaradılmış təşkilatlar
- 2002-ci ildə Azərbaycanda yarananlar