Elnur Şəmistan oğlu Bağırov (1973, Bakı) — Azərbaycan iqtisadçısı və marketinq mütəxəssisi, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri (2025-ci ildən).
| Elnur Bağırov | |
|---|---|
Vəzifədədir | |
| 12 fevral 2025-ci ildən | |
| Əvvəlki | Məmməd Abbasbəyli (xidmət rəisi kimi) |
| 16 dekabr 2022 – 12 fevral 2025 | |
| Rəis | Məmməd Abbasbəyli |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1973 (52–53 yaş) |
| Doğum yeri |
|
| Təhsili |
|
Həyatı
Elnur Şəmistan oğlu Bağırov 1973-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1991–1996-cı illərdə Azərbaycan Memarlıq və İnşaat Universitetində Tikinti iqtisadiyyatı və idarə edilməsi ixtisası üzrə təhsil almışdır.
Əmək fəaliyyətinə 1995-ci ildə "Philip Morris" şirkətində başlamış, 2000-ci ilədək burada maliyyə və marketinq sahəsi üzrə müxtəlif vəzifələrdə, 2001–2002-ci illərdə isə "Coca-Cola" şirkətində Azərbaycan, Gürcüstan, Türkmənistan üzrə media meneceri vəzifəsində işləmişdir. 2003–2021-ci illərdə "Imperial Tobacco" şirkətinin Azərbaycandakı nümayəndəliyində marketinq üzrə menecer, daha sonra isə nümayəndəliyin rəhbəri olaraq fəaliyyət göstərmişdir. 2021-ci ildən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində İstehlak bazarına nəzarət şöbəsinin müdiri olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin edilmişdir. 27 avqust 2024-cü ildə bu qurum əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılmış və 12 fevral 2025-ci ildə Elnur Bağırov həmin agentliyinin sədri təyin edilmişdir.
Ailəlidir, 2 övladı var.