| Nisbət Sədrayeva | |
|---|---|
| Nisbət Əlfəddin qızı Sədrayeva | |
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 17 yanvar 1998 (28 yaş) |
| Doğum yeri |
|
| Musiqiçi məlumatları | |
| Janr | Muğam |
| Təhsili |
|
Nisbət Sədrayeva (17 yanvar 1998, Göylər, Şamaxı rayonu) ― azərbaycanlı muğam ifaçısı. 2010-cu ildə "Kainat" Beynəlxalq Uşaq Muğam Festivalının, 2013-cü ildə Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilmiş gənc ifaçıların II Respublika müsabiqəsinin, 2015-ci il V Televiziya Muğam Müsabiqəsinin və 2018-ci ildə Beynəlxalq Muğam Festivalının qalibidir. Azərbaycan Dövlət Televiziyasının və Beynəlxalq Muğam Mərkəzinin solistidir.
Haqqında
Nisbət Əlfəddin qızı Sədrayeva 1998-ci il 17 yanvar Şamaxı rayon Göylər kəndində anadan olub. 2004-2007-ci ildə Ə.Məmmədov adına Göylər kənd 1 saylı orta məktəbdə 4-cü sinifə qədər təhsil alıb. 2007-ci ildə ailəsi ilə birlikdə Bakı şəhərinə köçüb. Təhsilini Bakı şəhər 33 saylı Şuşa Uşaq musiqi məktəbində davam etdirib. Şuşa Uşaq musiqi məktəbində əməkdar artist Sevinc Sarıyevadan təhsil alıb. 2009-2015-ci illər də Bülbül adına Orta ixtisas musiqi məktəbində Fehruz Səxavət və xalq artisti Ağaxan Abdullayevin tələbəsi olub.
2010-cu ildə "Kainat” Beynəlxalq Uşaq Muğam Festivalında ”Heyratı” zərb muğamını ifa edərək 1-ci yerin qalibi, 2012-ci ildə SSRİ xalq artisti Bülbülün 115 illiyinə həsr olunmuş musiqi festivalında 2-ci yerin qalibi, 2013-cü ildə isə Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş müsabiqə də 1-ci yerə layiq görülüb. 2015-ci ildə Heydər Əliyev fondunun təşkilatçılığı ilə keçirilən Muğam Televiziya Müsabiqəsində iştirak edərək 1-ci yerə layiq görülüb. 2015-2020-ci illərdə Azərbaycan Milli Konservatoriyasında Xalq artisti Arif Babayevin sinifində təhsil alıb. 2017-ci ildə Azərbaycan Dövlət televiziyasında solist kimi fəaliyyətə başlayıb. 2018-ci ildə yenidən Beynəlxalq Muğam Festivalına qatılaraq 1-ci yerin qalibi olub. 2018-ci ildə Azərbaycan Dövlət Televiziyasının Mədəniyyət kanalının və Beynəlxalq Muğam mərkəzinin birgə layihəsi olan “Muğamat var olan yerdə” adlı solo konserti baş tutub. 2018-ci ilin sentyabr ayında Şamaxıda keçirilən “Nəsimi” festivalında çıxış edib. 2019-cu ildə Türkiyə, Belçika, Almaniya, Litva, Norveç, Finlandiya və digər ölkələrdə xarici səfərlərdə olub. Həmin ildə Beynəlxalq muğam mərkəzində solist vəzifəsində çalışmağa başlamışdır. 2019-cu ilin avqustunda “Avaxıl” kəndində “Bir gün Qarabağ da” adlı konsertdə çıxış etmişdir. Hal-hazırda Azərbaycan Dövlət Televiziyasında Beynəlxalq Muğam Mərkəzində və Şamaxı rayon Mədəniyyət mərkəzində solist vəzifəsində çalışır. Qızıl Fondda ifa etdiyi “Şahnaz”, “Xaric Segah” və "Mahur Hindi” dəstgah muğamları saxlanılır.
Həmçinin bax
- Könül Xasıyeva
- Fərqanə Qasımova
- 17 yanvarda doğulanlar
- 1998-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Şamaxı rayonunda doğulanlar
- Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin məzunları
- Bakı Musiqi Akademiyasının məzunları
- Əlifba sırasına görə musiqiçilər
- Xanəndələr
- Muğam Televiziya Müsabiqəsinin qalibləri