| İlham Pirməmmədov | |
|---|---|
| İlham Teymur oğlu Pirməmmədov | |
| Doğum tarixi | |
| Doğum yeri | Qazax, Azərbaycan SSR, SSRİ |
| Vətəndaşlığı | |
| Elmi dərəcəsi | riyaziyyat üzrə elmlər doktoru (2010) |
| Elmi adı | professor |
| Təhsili | Bakı Dövlət Universiteti |
| Mükafatları | |
İlham Pirməmmədov — riyaziyyat üzrə elmlər doktoru (2010), professor, Əməkdar müəllim (2005).
Həyatı
İlham Teymur oğlu Pirməmmədov 1 iyul 1955-ci ildə Qazax rayonunun Daş Salahlı kəndində anadan olmuşdur. 1972-ci ildə Qazax rayonu Daş Salahlı kənd 1 nömrəli orta məktəbini bitirərək S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Mexanika fakültəsinə qəbul olunmuş və 1977-ci ildə bu ali təhsil müəssisəsini həmin ixtisas üzrə bitirmişdir.
Elə həmin ildə təyinatla Dənizneftqazlayihə Elmi-Tədqiqat İnstitutunda əmək fəaliyyətinə başlayan İ.Pirməmmədov 1977–80-ci illərdə həmin institutda mühəndis, kiçik elmi işçi vəzifələrində çalışmışdır. 1980–84-cü illərdə, o, Azərbaycan Memarlıq və İnşaat Universitetinin aspiranturasında Nəzəri mexanika kafedrasında "Deformasiya olunan bərk cismlər mexanikası" ixtisası üzrə təhsil almışdır. 1984–1989-cu illərdə Təhsil Nazirliyinin nəzdində Tələbə Elmi Tədqiqat işləri üzrə Respublika Şurasında baş referent, 1989-cu ildə Ali Təhsil Nazirliyinin Elm İdarəsinin nəzdində Elmi-pedaqoji Kadrların Hazırlanması şöbəsində baş inspektor vəzifəsində çalışmışdır.
1993-cü ildə Ali Təhsil Nazirliyi ilə Maarif Nazirliyi birləşdirildikdən sonra yeni yaradılan Təhsil Nazirliyində Ali və orta ixtisas Təhsil İdarəsinin Ali təhsil şöbəsində baş məsləhətçi vəzifəsində işləmiş və eyni zamanda 1994-cü ildə yaradılmış və Ədliyyə Nazirliyində dövlət qeydiyyatına alınmış "Ali Təhsil müəssisələrinin rektorlar Şurası"nda məsul katib vəzifəsini icra etmişdir.
İlham Pirməmmədov 1998-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində "Rəhbərlik yanında aparat"ın müdiri vəzifəsinə təyin edilmişdir. Həmin ildən Nazirlər Kabinetinin sərəncamına əsasən Təhsil Nazirliyi Kollegiyasının üzvü olmuşdur. 2005-ci ildə Nazirlər Kabinetinin sərəncamı ilə Təhsil Nazirliyinin strukturunda Təhsil Nazirliyinin aparat rəhbəri vəzifəsi təsis olunmuş və Pirməmmədov həmin vəzifəni icra etmişdir. 1998-2003-cü illərdə respublikada qanunsuz fəaliyyət göstərən qeyri-dövlət təhsil müəssisələrinin və xarici ölkələrin ali təhsil müəssisələrinin respublikada qanunsuz fəaliyyət göstərən filiallarının aşkar edilib onların fəaliyyətlərinin dayandırılması ilə bağlı yaradılan komissiyaya rəhbərlik etmişdir.
1998-2013-cü illər Təhsil Nazirliyində aparat rəhbəri, 2013-2016-cı illər Təhsil nazirinin müşaviri vəzifələrində çalışmışdır. 2016-cı ilin yanvar ayından Təhsil nazirinin əmri ilə Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektoru vəzifəsinə təyin olunmuşdur.
Akademik fəaliyyəti
İlham Pirməmmədov 1995-ci ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmiş və fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır.
2010-cu ildə AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun nəzdində fəaliyyət göstərən Müdafiə Şurasında doktorluq dissertasiyasını müdafiə etmiş və riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsi adını almışdır. 50-dən çox elmi məqalənin, 5 monoqrafiyanın, riyaziyyat və mexanika üzrə 10-dan çox dərslik və dərs vəsaitinin müəllifidir. İ.Pirməmmədov BDU-nun nəzdində FD.02.016 İxtisaslaşdırılmış Dissertasiya Şurasının üzvüdür.
Bununla yanaşı İ.Pirməmmədov əvvəllər Azərbaycan Memarlıq və İnşaat Universitetində, 2000-ci ildən isə Bakı Dövlət Universitetinin Nəzəri mexanika kafedrasında pedaqoji faliyyətlə məşğuldur. Hal-hazırda Azərbaycan Texniki Universitetinin elm və texnika üzrə prorektor vəzifəsində çalışır.
Mükafatları
İlham Teymur oğlu Pirməmmədov təhsil sahəsində xidmətlərinə görə Azərbaycan Respublikası Prezidentinin 04.10.2005-ci il tarixli sərəncamı ilə "Əməkdar müəllim" fəxri adına layiq görülmüşdür. 2015-ci ilin aprel ayında Təhsil nazirinin əmri ilə “Qabaqcıl təhsil işçisi” fəxri adına layiq görülmüşdür.
Ailəsi
Ailəlidir, iki övladı var.
- Yaşayan insanlar
- 1 iyulda doğulanlar
- 1955-ci ildə doğulanlar
- Azərbaycan Respublikasının əməkdar müəllimləri
- Azərbaycan Respublikasının qabaqcıl təhsil işçiləri
- Əlifba sırasına görə alimlər