| İltimas Məmmədov | |
|---|---|
| İltimas Əhməd oğlu Məmmədov | |
![]() | |
| Doğum tarixi | |
| Doğum yeri | Əylis, Ordubad rayonu, Naxçıvan MSSR, Azərbaycan SSR |
| Vətəndaşlığı | Azərbaycan |
| İxtisası | mühəndis, telekommunikasiya mütəxəssisi |
| Fəaliyyəti | dövlət xadimi, mühəndis, alim |
| Fəaliyyət illəri | 1989–hazıradək |
| Elmi dərəcəsi | texnika üzrə fəlsəfə doktoru |
| Partiyası | Yeni Azərbaycan Partiyası |
| Tanınır | telekommunikasiya, informasiya təhlükəsizliyi və dövlət rabitə layihələri |
| Mükafatları | “Əməkdar mühəndis”, “Rabitə ustası” |
İltimas Əhməd oğlu Məmmədov — mühəndis, alim, texnika üzrə fəlsəfə doktoru, dosent, rabitə və informasiya təhlükəsizliyi sahəsi üzrə mütəxəssis, dövlət idarəçiliyi sahəsində uzun illər fəaliyyət göstərmiş şəxs.
Həyatı
İltimas Əhməd oğlu Məmmədov 1963-cü ildə Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunun Əylis kəndində anadan olmuşdur.
1980-ci ildə həmin kənddə orta məktəbi bitirmişdir.
Həmin il Bakı şəhərində yerləşən 23 nömrəli Texniki Peşə Məktəbinə daxil olmuş və oranı fərqlənmə diplomu ilə bitirmişdir.
1981–1983-cü illərdə həqiqi hərbi xidmətdə olmuşdur.
1984-cü ildə Ç. İldırım adına Azərbaycan Politexnik İnstitutunun (AzPİ, indiki Azərbaycan Texniki Universiteti – AzTU) Elektrotexnika fakültəsinə daxil olmuşdur.
1989-cu ildə Ç. İldırım adına AzPİ-nin "Çoxkanallı elektrik rabitəsi" ixtisasını bitirdikdən sonra fərdi təyinatla Azərbaycan Respublikası Rabitə Nazirliyinin sərəncamına göndərilmişdir.
1989–2000-ci illərdə Rabitə Nazirliyinin "Bakı Şəhər Telefon Şəbəkəsi"ndə elektromexanik, mühəndis, böyük mühəndis, baş mühəndis, baş mütəxəssis vəzifələrində çalışmışdır.
Texnika üzrə 2 fəlsəfə doktorluğu dissertasiya işinin elmi rəhbəri olmuşdur.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, 3 övladı və 4 nəvəsi var.
İctimai-siyasi fəaliyyəti
İltimas Əhməd oğlu Məmmədov 21 fevral 2000-ci il tarixindən Rabitə Nazirliyində fəaliyyətə başlamışdır.
21 fevral 2000-ci ildən 8 iyun 2001-ci ilədək Nazirliyin Telekommunikasiya şöbəsində rəis müavini vəzifəsində çalışmışdır.
8 iyun 2001-ci ildən 28 yanvar 2005-ci ilədək rabitə nazirinin texniki məsələlər üzrə müşaviri olmuşdur.
28 yanvar 2005-ci ildən 22 dekabr 2005-ci ilədək Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Tənzimləmə şöbəsinin müdiri vəzifəsində fəaliyyət göstərmişdir.
Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2005-ci il tarixli sərəncamı ilə Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini təyin olunmuşdur.
22 iyul 2014-cü il tarixli sərəncamla Rabitə və Yüksək Texnologiyalar nazirinin birinci müavini vəzifəsinə təyin edilmiş və 26 noyabr 2015-ci ilədək bu vəzifədə çalışmışdır.
25 noyabr 2015-ci il tarixli sərəncamla yenidən Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini təyin olunmuş və 15 yanvar 2018-ci ilədək bu vəzifədə fəaliyyətini davam etdirmişdir.
18 iyul 2018-ci ildən 9 oktyabr 2019-cu ilədək "Telekom İnvest" MMC-də informasiya texnologiyaları üzrə direktor müavini olmuşdur.
10 oktyabr 2019-cu il tarixindən Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyində fəaliyyətə başlamışdır.
10 oktyabr 2019-cu ildən 1 avqust 2022-ci ilədək bu qurumda çalışmış, struktur islahatlarından sonra yeni yaradılmış Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində fəaliyyətini davam etdirmişdir.
1 avqust 2022-ci ildən hazıradək Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində idarə rəisi vəzifəsində çalışır.
Strateji və dövlət layihələri
1998-ci ildə sahə üzrə həyata keçirilən "TACIS" proqramı layihələrinin məsləhətçi eksperti olmuş, Böyük Britaniyada təşkil olunan 60 günlük təkmilləşdirmə proqramında iştirak etmişdir.
1999–2000-ci illərdə Beynəlxalq Trans Asiya–Avropa (TAE) optik kabel magistralının Azərbaycan seqmenti üzrə Tender Komissiyasının üzvü olmuş, həmçinin təxminən 1080 km uzunluğunda rabitə xəttinin tikintisinin Dövlət Qəbul Komissiyasına rəhbərlik etmişdir.
Beynəlxalq Telekommunikasiya İttifaqının tövsiyələrinə uyğun Azərbaycan Respublikasının telefon rabitəsinin nömrələnmə planının hazırlanmasına və MDB məkanında ilk dəfə ölkə üzrə müasir yeddirəqəmli nömrələmə sisteminə keçidə rəhbərlik etmişdir. MDB məkanında ilk dəfə mobil rabitə avadanlıqlarının qeydiyyat sisteminin və mobil nömrələrin daşınması sisteminin yaradılmasına birbaşa rəhbərlik etmişdir.
Bütün ölkə üzrə rəqəmli televiziya yayımına keçid üzrə İşçi Qrupa rəhbərlik etmiş, 2017-ci ildə analoq yayımın dayandırılması prosesinə rəhbərlik etmişdir.
Şura və kollegiya fəaliyyəti
İltimas Məmmədov 1998–2005-ci illərdə Rabitə Nazirliyinin Texniki Şurasının üzvü olmuşdur.
2005–2018-ci illərdə Tarif Şurasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi təmsil etmişdir.
2005–2018-ci illərdə Rabitə Nazirliyinin, eləcə də həmin dövrdə onun bazasında yaradılmış yeni nazirliklərin Elmi-Texniki Şurasına rəhbərlik etmişdir.
2001–2018-ci illərdə Baş Nazirin sərəncamları ilə Rabitə Nazirliyinin və sonradan yaradılmış aidiyyəti nazirliklərin Kollegiyasının üzvü olmuşdur.
Naxçıvan MR üzrə yenidənqurma layihələri
1998–2000-ci illərdə Naxçıvan Muxtar Respublikasının rabitə şəbəkəsinin yenidən qurulması üzrə İşçi Qrupun üzvü olmuş, şəhər və rayonlarda aparılan tikinti və yenidənqurma işlərinin əlaqələndirilməsində iştirak etmişdir.
DEU Telekom şirkətinin 2000-ci ildə müflis olmasından sonra müqavilə öhdəlikləri, maliyyə borcları və texniki çatışmazlıqlar üzrə yaradılmış İşçi Qrupa rəhbərlik etmişdir.
Aparılmış danışıqlar nəticəsində ilkin olaraq 20 milyon ABŞ dollarına yaxın tələb olunan borc məbləği 4,5 milyon ABŞ dollarına qədər azaldılmış və layihə yekunlaşdırılmışdır.
Beynəlxalq hüquqi məsələlər
İltimas Məmmədov 2013-cü ildə "Artel BM" şirkəti tərəfindən Haaqa məhkəməsində qaldırılmış 430,3 milyon ABŞ dolları məbləğində iddia ilə bağlı yaradılmış nümayəndə heyətinə rəhbərlik etmişdir.
2014-cü ildə Ankarada və İstanbulda aparılmış danışıqlar nəticəsində iddia məbləğinin 4 milyon 650 min ABŞ dolları səviyyəsində razılaşdıraraq "Artel BM" tərəfindən iddia ərizəsi geri götürülmüşdür.
Normativ-hüquqi və strateji fəaliyyəti
2003–2012-ci illər üzrə Rabitə və İnformasiya Texnologiyalarının İnkişafına dair ilk Milli Strategiyanın hazırlanması üzrə Koordinasiya Şurasının üzvü olmuşdur.
2002–2020-ci illər ərzində strategiyalar, dövlət proqramları və nazirlik əsasnamələrinin hazırlanması üzrə İşçi Qruplara rəhbərlik etmişdir.
"Telekommunikasiya haqqında" Azərbaycan Respublikası Qanununun və digər normativ-hüquqi aktların hazırlanmasına rəhbərlik etmişdir.
Kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramının, ilk telekommunikasiya peykinin orbital mövqeyinin müəyyənləşdirilməsi və texniki tapşırıqların hazırlanması üzrə İşçi Qruplara rəhbərlik etmişdir.
2004–2018-ci illərdə milli təhlükəsizlik konsepsiyası, xarici siyasət strategiyası və hərbi doktrina üzrə konseptual sənədlərin hazırlanmasında iştirak etmişdir.
Beynəlxalq fəaliyyəti
2012–2018-ci illərdə Azərbaycan Respublikası və Koreya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri olmuşdur.
2000–2018-ci illərdə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə yaradılmış Hökumətlərarası Komissiyaların üzvü və Nazirliyin nümayəndəsi kimi ABŞ, Kanada, Çin, Yaponiya, Fransa, Bolqarıstan, Serbiya, Çernoqoriya, İordaniya, Birləşmiş Ərəb Əmirliyi, Latviya, Litva, Hindistan, Pakistan, Səudiyyə Ərəbistanı, Kuba, İran, Türkiyə, Tacikistan, Özbəkistan, Qırğızıstan və Türkmənistanla keçirilən iclaslarda iştirak etmişdir.
Beynəlxalq Telekommunikasiya İttifaqı, Ümumdünya Poçt İttifaqı, MDB Rabitə Şurası və digər beynəlxalq qurumların ABŞ, İsveçrədə, Dohada, Dubayda, Çexiyada, Avstriyada, İtaliyada, İsveçdə, Danimarkada, Norveçdə, Tunisdə, Rusiyada, Moldovada, Ukraynada, Qazaxıstanda, Tacikistanda, Türkmənistanda, Qırğızıstanda, Gürcüstanda keçirilən iclaskarda iştirak etmişdir.
Elmi fəaliyyət və elmi dərəcələr
İltimas Məmmədov peşəkar fəaliyyəti ilə paralel olaraq elmi fəaliyyətini də davam etdirmişdir.
30 oktyabr 1999-cu ildə Azərbaycan Texniki Universitetinin "İnformasiya şəbəkələri və sistemləri" kafedrasına dissertant qəbul edilmişdir.
2008-ci ildən həmin universitetin Kommutasiya sistemləri və poçt rabitəsi kafedrasında baş müəllim kimi fəaliyyət göstərmişdir.
2010-cu ildə Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən dissertasiya şurasında telekommunikasiya sistemləri, şəbəkələri və qurğuları sahəsində "Yekcins olmayan simsiz lokal rabitə şəbəkələrinin modelləri" mövzusunda texnika üzrə fəlsəfə doktoru dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək elmi dərəcə almışdır.
Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 19 iyul 2013-cü il tarixli, DS 04407 nömrəli qərarı ilə ona dosent elmi adı verilmişdir.
2013-cü ildən Azərbaycan Texniki Universitetinin İnformasiya texnologiyaları və telekommunikasiya fakültəsinin Radiotexnika və telekommunikasiya kafedrasında Dosent kimi çalışır.
2014-cü ildən Beynəlxalq Mühəndislik Akademiyasının müxbir üzvüdür.
2019-cu ildən "İnformasiya Təhlükəsizliyi" elmi-metodiki jurnalının baş redaktorudur.
Əsas elmi əsərləri
- Разработка методики определения длины регенерационных участков по симметричным кабелям сетей абонентского доступа // Телекоммуникации, № 6, Moskva, 2010.
- Разработка методики определения длины регенерационного участка xDSL-модемов сети абонентского доступа // Информационные технологии, № 2, Moskva, 2011.
- Naqilsiz rabitə texnologiyaları. Bakı: Təhsil, 2012.
- Development of methods for determining the length of regenerator sections in symmetrical cables of subscriber access networks // Telecommunications and Radio Engineering, 2013.
- Разработка оптоэлектронного переключателя направления излучения и методики определения его эксплуатационных характеристик // Автоматика и вычислительная техника, Riqa, 2015.
- Development of an Optoelectronic Switch for the Direction of Radiation and Procedures to Define Its Operational Characteristics // Automatic Control and Computer Sciences, 2015.
- Разработка дистанционного оптоэлектронного переключателя направления излучения в многомодовое оптическое волокно // Приборы и системы, 2016.
- Mathematic model of direction control system of optical radiation // IJAIEM, 2017.
- Волоконно-оптический ответвитель / переключатель мощности оптического излучения // REDS, 2021.
- Kritik informasiya infrastrukturlarında rabitə sistemlərin və xidməti protokolların təhlili // Hərbi bilik, 2023.
- Study of the reliability communication networks in critical information infrastructures // International Scientific and Technical Conference, 2023.
- Анализ процессов установления соединений в системах связи объектов критической информационной инфраструктуры // Minsk, 2023.
- Research Information Security and Reliability Critical Infrastructure Control Systems // Engineering Headway, Vol. 7, 2024.
- Effectiveness of information protection management in critical information infrastructures // International Scientific and Technical Conference, 2024.
- Исследование комплексных показателей телекоммуникационных систем в критически важных объектах // Minsk, 2024.
- Исследование качества функционирования телекоммуникационных систем в критических информационных инфраструктурах // Вестник компьютерных и информационных технологий, 2025.
- Comprehensive evaluation and performance analysis of a deep learning model with hyperparameter tuning for lumpy skin disease classification in dairy cows // RT&A, 2025.
- Исследование показатели систем связи в критических информационных инфраструктурах // Minsk, 2025.
Patentləri
- Şüa istiqamətinin optoelektron dəyişdiricisi.
- Üçkoordinatlı diferensial addım mühərriki — ixtira patenti, 2015.
- Optik-lifli şaxələndirici — iddia sənədi, 2021.
- 1963-cü ildə doğulanlar
- Azərbaycanın rabitə nazirləri
