| Şərq fıstığı | ||||||||
|---|---|---|---|---|---|---|---|---|
| ||||||||
| Elmi təsnifat | ||||||||
| Domen: Eukariotlar Klad: Diaphoretickes Ranqsız: Arxeplastidlər Aləm: Bitkilər Klad: Streptofitlər Klad: Ali bitkilər Klad: Çoxsporlu bitkilər Klad: Borulu bitkilər Klad: Toxumlu bitkilər Klad: Çiçəkli bitkilər Klad: Evdikotlar Klad: Bazal evdikotlar Klad: Superrozidlər Klad: Rozidlər Klad: Fabidlər Dəstə: Fıstıqçiçəklilər Fəsilə: Fıstıqkimilər Yarımfəsilə: Fıstıqkimilər Cins: Fıstıq Növ: Şərq fıstığı | ||||||||
| Beynəlxalq elmi adı | ||||||||
| ||||||||
| ||||||||
Şərq fıstığı (lat. Fagus orientalis) — bitkilər aləminin fıstıqçiçəklilər dəstəsinin fıstıqkimilər fəsiləsinin fıstıq cinsinə aid bitki növü.
Arealı
Yabanı halda Böyük və Kiçik Qafqazın orta və yuxarı dağ qurşaqlarında, Aralıq dənizi sahillərində yayılmışdır.
Botaniki xarakteristikası
Hündürlüyü 50 m-ə qədər olan ağacdır. Gövdəsinin diametri 150 sm-ə çatır, qabığı bozumtul-kül rəngli, yaşlı nüsxələrində qabığı qəhvəyi rəngli və hamardır. Uzunömürlüdür, 500 ilə qədər yaşayır. Yarpaqları sadə, qalın və parlaqdır kənarları xırda mişardişli və ya dalğavaridir. Yarpaqların alt tərəfi seyrək tükcüklü, ellipsvari və ya yumurtavaridir. Çiçəkləməsi yarpaqların yaranması ilə birlikdə başlayır. Erkək çiçəkləri zoğun ucunda yerləşir, sırğavaridir. Dişi çiçəkləri yarpağın qoltuğunda yerləşir. Hər çiçəkdə 12 dişicik vardır. İqlim şəraitindən asılı olaraq aprel-may aylarında çiçəkləyir, meyvəsi sentyabr-oktyabr aylarında yetişir. Meyvəsi üçkünc, sivri uclu, qabırğavari, qalın qabıqlı, qəhvəyi rəngli, odunlaşan qərzəklə örtülü, qərzəyin üstü tikanvari çıxıntılardan ibarətdir. Hər qərzəkdə 2 və bəzən 1 ədəd toxum olur. Toxumla çoxaldılır, kəsildikdə kötükdən güclü pöhrə verərək bərpa olunur.
Ekologiyası
Orta və yuxarı dağ qurşaqlarında 600-1800 m. hündürlükdə, münbit torpaqlarda bitir. Kölgəyədavamlı, istisevəndir, gillicə torpaqlarda yaxşı bitir.
Azərbaycanda yayılması
Alazan-Əyriçay vadisində, İsmayıllı və Balakən rayonları ərazisində, 250-500 m yüksəkliklərdə təsadüf edilir. Talışın yüksək dağlıq hissəsində qarışıq meşələr yaradır. Zaqatala, Gəncə, Tovuz, Lənkəran, Qusar, Daşkəsən və s. meşə təsərrüfatlarında təbii halda yayılmışdır.
İstifadəsi
Dağ kəndlərinin yaşıllaşdırılmasında və meşəsalmada dekorativ bitki kimi istifadə olunur. Fıstıq toxumunda 30-40% yüksək keyfiyyətli texniki yağ vardır.
Sinonimləri
Homotipik sinonimləri
- Fagus sylvatica subsp. orientalis (Lipsky) Greuter & Burdet
Heterotipik sinonimləri
- Fagus macrophylla (Hohen. ex A.DC.) Koidz.
- Fagus orientalis var. dentata V.V.Byalt & Firsov
- Fagus pyramidalis Litv.
- Fagus sieboldii var. asiatica (A.DC.) Koehne
- Fagus sieboldii var. macrophylla (Hohen. ex A.DC.) Koehne
- Fagus sylvatica var. asiatica A.DC.
- Fagus sylvatica var. macrophylla Hohen. ex A.DC.
Həmçinin bax
- Fıstıq
- Dekorativ ağaclar
- Bolqarıstan florası
- Qırmızı kitaba görə az qayğı tələb edən növlər
- Dərman bitkiləri
- Asiya florası
