Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Ərgənəqon dastanı (türk. Ergenekon destanı) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə.

Ərgənəqon dastanı

Vikipediya, azad ensiklopediya

Ərgənəqon dastanı (türk. Ergenekon destanı) və ya Ərgünə-xun (monq. Эргүнэ Хун/Ergüne xun) — mənbələrə görə Göytürklərin dirilişi ilə əlaqəli hekayə.

Ərgənəqondan çıxış

Ərgənəqon ərazisi

Ərgənəqon türklərin Mərkəzi Asiyadakı əfsanəvi anayurdudur. Rus tarixçi Qumilevin araşdırmalarına görə dik yamac mənasını daşıyır. Qədim əsərlərdəki təsvirlərə görə Ərgənəqonun Altay dağlarındakı Beluxa dağında olduğundan bəhs edilir.

Tarixi əsərlərdə

XIV əsrdə Rəşidəddin Fəzlullah ibn Əbil-Xeyrə Əli Həmədaninin qələmə aldığı "Cəmi ət-Təvarix" (Tarix toplusu) adlı əsərinin "Mujallad-i Awwal" (Birinci Kitabı: Monqol tarixi)in "Bab-i Awwal" (Birinci Bölüm: Türk ve Monqol qəbilələrinin tarixi)ində monqolların yaradılış dastanı olaraq qeyd edilmiş əfsanə, 17-ci yüzillikdə Şibanın nəvələrindən və Xivə xanlığının xanı olan Əbülqazi Bahadır xanın qələmə aldığı "Şəcərəyi Türki" adlı əsərdə də monqolların yaradılış dastanı olaraq qeyd edilmişdir, lakin bəzi mənbələrə görə də türk dastanıdır. Bəhsi keçən hər iki tarixi mənbədə Nekuz (Nüküz) və Qiyan (Kıyan) adlı qardaşlar ilə xanımları tatarlar tərəfindən məğlub edildikdən sonra Ərgənəqon adı verilən dar və sıldırım bir yerə getmiş, 400 ildə sülaləsi çoxalıb Ərgənəqondan çıxmşdır. Ərgənəqondan çıxdıqları zaman yol göstərənin Börteçine olduğu düşünülməkdədir.

Ancaq Göytürklərin diriliş dastanı ilə olan oxşarlıqları səbəb göstərərək türklərə aid bir dastan olduğunu iddia edən tədqiqatçılar da var. Tələt Səid Halman isə mifoloji bir varlıq olan bozqurdun müdafiəsi sayəsində soyunun tükənmə təhlükəsindən qurtulan və yenə bozqurdlar sayəsində dağlarla əhatə olunmuş Ərgənəqon vadisindən çıxan bir türk toplumunun hekayəsindən bəhs edildiyini iddia edir. Digər fikirlərə görə isə türklər və monqollar arasında bənzər olan əfsanələr vardır. Əfsanə bəzən də Novruz ilə əlaqələndirilir.

Dastanın mənşəyi

Ərgənəqon dastanı iki əsas hissədən ibarətdir:

  • Bir bozqurdun yardımı və müdafiəsi ilə soyun davam etməsi
  • Dağlarla əhatə olunmuş vadiyə məskunlaşılması və sonra burdan çıxılması

İlk hissədən üç ayrı Çin mənbəsində bəhs edilmişdir. İkinci hissə də Çin mənbələrində mövcuddur. Çin mənbələrində də "Cəmi ət-Təvarix" və "Şəcərəyi Türki" əsərlərində olduğu kimi əfsanənin baş verdiyi ərazi Ərgənəqondur. Lakin Çin mənbələrində əfsanənin qəhrəmanları monqollar yox, türklərdir.

Fuad Köprülüyə görə, Çingiz xanın soyunda var olan kökü türk olan ailə olduğu üçün bəhs edilən əfsanədəki monqollar əslində oğuzlardır. Rəşidəddin Fəzlullahın və Əbülqazi Bahadır xanın yazmış olduğu əsərlərlə Çin mənbələrindəki bənzərliyin səbəbi də budur.

Dastanın məzmunu

Monqol elində Oğuz xanın soyundan El Xaqanın hökmdar olduğu zamanlarda tatarların hökmdarı Sevinc xan monqol-türk ölkəsinə müharibə elan etdi. Sevinc xan El Xaqanın idarəsindəki ordunu qırğızların və digər boyların köməyi ilə məğlub etdi və El kağanın ölkəsindəki hər kəsi öldürdü. Sadəcə El Xaqanın oğullarından Nüküzlə Qiyan və xanımları sağ qaldı. Onlar düşmənin onları tapa bilməyəcəyi bir yerə getməyə qərar verdilər.

Yabanı qoyunların yeridiyi bir yolu izləyərək yüksək bir dağdakı keçidə çatdılar. Bu keçiddən keçərək içində axarsular, çeşmələr, müxtəlif bitkilər, çəmənliklər, meyvə ağacları və müxtəlif ov heyvanları olan bir yerə gəldilər. Sonra tanrıya şükür edib burada qalmağa qərar verdilər. Bu yerlərə "mədən yeri" mənasını daşıyan "Ərgənə kon" adını verdilər. Dörd yüz il sonra soyları o qədər çoxaldı ki, Ərgənəqona sığmaz oldu. Lakin atalarının gəldiyi keçidin yeri unudulmuşdu. Ərgənəqonun ətrafındakı dağlarda keçid axtardılar. Bir dəmirçi dağın dəmir olan hissəsi əridilə bilərsə oradan çıxıla biləcəyini dedi. Dəmirin olduğu yerə bir sıra odun, bir sıra da kömür qoydular.

Yetmiş yerə qoyduqları yetmiş körüklə körüklədilər. Dəmir əridi və bir dəvənin yükü ilə keçə biləcəyi qədər yer açıldı. El Xaqanın soyundan gələn türklər əvvəlki güclərini bərpa etmiş halda əvvəlki yurdlarına qayıtdılar və babalarının intiqamını aldılar. Ərgənəqondan çıxdıqları gün olan 21 martda hər il bayram etdilər. Bu bayramda bir dəmir parçasını qıpqırmızı olana kimi qızdırdılar, sonra əvvəlcə xaqan, daha sonra bəylər dəmiri zindanın üstünə qoyaraq döydülər. Bu gün azadlıq və bahar bayramı kimi hələ də qeyd edilməkdədir.

Üst