Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Şəhər folkloru — folklor irsinin ümumi şeir növləri və janrlarına əlavə olaraq özəlliklə şəhər "modifikasiyalarını" da əhatə edən hissəsi. Məsələn: şəhər xalq ş

Şəhər folkoru

Vikipediya, azad ensiklopediya

Şəhər folkloru — folklor irsinin ümumi şeir növləri və janrlarına əlavə olaraq özəlliklə şəhər "modifikasiyalarını" da əhatə edən hissəsi. Məsələn: şəhər xalq şənlikləri, şəhər romantikası, şəhər mahnı və rəqsləri .

Şəhər folkloru əvvəlki kənd şifahi ənənələrindən fərqlənir. Hər şeydən əvvəl, ideoloji cəhətdən bu fərq daha çox hiss olunur, çünki şəhər əhalisinin əsas ideoloji ehtiyacları şifahi ənənələrlə (kütləvi ədəbiyyat, kino və digər tamaşalar, kütləvi informasiya vasitələri) birbaşa əlaqəsi olmayan başqa yollarla ödənilir. Bundan əlavə, şəhər folkloru, ortaq bir ideoloji əsası olmayan, müxtəlif hissələrə bölünməsi ilə cəmiyyətin sosial, peşəkar, klan, yaş təbəqələşməsinə uyğun olaraq parçalanır.

Şəhər folklorunun janrları

Şəhər folklor mühitini özündə ehtiva edən folklor janrları arasında kiçik janrların meydana gəlməsi təsadüfi xarakter daşımır. Dinamik ünsiyyət formasında aşkara çıxan folklor deyimlərinin nəzəri cəhətdən öyrənilməsində janr spesifikasının izlənilməsi təbiidir. Toplumun fəaliyyət sferası təbiidir ki, janr törədilməsini deyil, münasibət səviyyələrini əks etdirir. Məhz bu kimi davranış modellərinin ifadə tərzinə elmi cəhətdən yanaşma bu canlı folklor örnəklərinin janr kimi öyrənilməsini zəruri edir.

Kəndə şəhər təəssüratını, şəhərə kənd ovqatını gətirən şəxslər folklorun zənginləşməsində mexaniki rol oynayırlar. Folklorun çulğalaşması nəticəsində yaranan folklor örnəkləri cilalanıb daha kamil səviyyədə meydana gəlmiş olur. Şəhər folklor mühiti məhz şəhər infrastrukturunda, şəhər tipli arealda reallaşaraq folklorun funksionallaşma səbəblərini aydın şəkildə göstərir. Bazarlarda, fabrik və zavodlarda, restoranlarda, idarələrdə, xəstəxanalarda, geniş prospekt, park və meydanlarda və bu kimi şəhər ərazisində yerləşən məkanlarda inkişaf edən folklor janrları şəhər folklor mühitinə aid edilir. Sənaye mərkəzləri genişləndikcə şifahi yaradıcılıqda şəhər folklorunun müxtəlif nümunələri yarandı.

  • Müasir şəhər folklorunun kiçik janrları
  • Lətifələr
  • Müasir şəhər nəsri
  • Müasir şəhər mahnı folkloru
  • Müasir ritual praktika
  • Yazılı folklor
  • Müasir uşaq folkloru
  • Şəhər alt mədəniyyət folkloru
  • İntellektual folklor
  • Şəhər əfsanəsi

Kiçik janrlar

Şəhər mühitində yaranan bir çox folklor sahələri kimi kiçik janrlarda da müxtəlif örnəklər meydana çıxdı. Şəhərləşmənin aktiv funksiyaları bu kimi nümunələrin reallaşmasını zəruriləşdirdi. Zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar və s. bu kimi kiçik janrlarda müşahidə olunan örnəklər buraya aid edilə bilər. İlkin baxışda adi görünən bu kimi nümunələr əslində şəhər folkloru baxımından spesifik olaraq araşdırma tələb edir. Mövzu etibarilə bu kimi kiçik janrların törəndiyi nümunələrə diqqət yetirmək üçün təbiidir ki, öncə bazar instansiyası ilə bağlı yaranan deyimləri gözdən keçirmək lazımdır. Çünki dastan janrı kimi böyük auditoriyalarda, el-oba yığnaqlarında, toy mərasimlərində və bu kimi geniş məclislərdə meydana gələn böyük janrdan daha çox, bazar məkanında bədahətən meydana gələn janrlar kiçik janrların bazasını təşkil edir. Ancaq onu da yaddan çıxarmaq olmaz ki, kiçik janrlar əksər halda böyük janrların daxilində mövcud olub bir növ törədilmə funksiyasında çıxış edir. Törədən funksiyasında çıxış edən atalar sözlərinin tərkibində ilkin olaraq bu kimi örnəklər müşahidə olunur.

Atalar sözlərində

 “Bazara gedər – yağış yağar, dəyirmana gedər – qırğın olar”
“Belə matahın var, Cəfərabad bazarına apar”;
“Gördüyün küllü kömbədi, bazara çıxıb qoğal olub”;
“Həftədə bir bazar, onu da dərviş pozar”;
“Kasıba bazarın tulası da hürər”;
“Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən” və s.

Zarafat formasında “Gördüyün küllü kömbədi, bazara çıxıb qoğal olub”, dolamalara aid “Bazara gedər – yağış yağar, dəyirmana gedər – qırğın olar”, cırnatmalara aid “Belə matahın var, Cəfərabad bazarına apar”, atmacalara aid “Həftədə bir bazar, onu da dərviş pozar”, “Kasıba bazarın tulası da hürər”, “Təzə gəldi bazardan, köhnə düşdü nəzərdən” deyimlər müxtəlif məzmun ifadə etməklə bərabər bu kimi kiçik janrlarda poetik baxımdan diqqət çəkir.

Meydan tamaşalarında

Şəhər folklor mühitini ifadə edən meydan tamaşalarında da kiçik janrların müəyyən nümunələri görünür. Meydan tamaşaları əsasən mərasimlərdə şəhər məkanlarında icra olunduğu üçün şəhər folklor mühitinə aid edilə bilir. İ.Rəhimli yazır ki, açıq havada oynanılan, el-oba məskunlaşan yurdun mərkəzində, şəhər meydançalarında, karvansaraylarda, bazar içində, küçələrdə, kənd əkənək yerlərinin yanında göstərilən kütləvi xalq tamaşalarına ümumiləşdirilmiş şəkildə, sənət növü kimi "meydan teatrı" deyilir.

A.Nəbiyev göstərir ki, meydan tamaşalarını şərti olaraq Cıdır tamaşaları, Zorxana tamaşaları, Əyləncə tamaşaları, Qaraçı tamaşaları, Fərdi tamaşalar kimi bir neçə qrupa ayırmaq olar.

Meydan tamaşaları kütləvi tamaşalar olduğu üçün aydındır ki, bu tamaşalarda kiçik janrlar bu və ya dolayı şəkildə özünü göstərməmiş deyil. Ancaq bu tamaşalar arasında Zorxana və Məsxərə tamaşalarında bu davranış formuluna daha çox rast gəlinir. Zorxana tamaşaları böyük şəhərlərdə təşkil olunması baxımından və bu mərasimlərdə şəhər meydanları seçildiyi üçün şəhər folklor mühitinin spesifik çevrəsinə daxil olur. Eyni zamanda zorxanalar digər yerlərdən fərqli olaraq böyük şəhərlərdə daimi fəaliyyət göstərirdilər ki, bu da şəhər mühitinin universum məzmununu daha da gücləndirir. Zorxana tamaşasında kiçik bir mətni nəzərdən keçirək:

Əl-qolunu qatdadaram, ay oğlan!
Bağrını çatdadaram, ay oğlan!
Nişanlını alıb qaçaram, ay oğlan,
Bəlalı başına bəlalar açaram, ay oğlan

A.Nəbiyev göstərir ki, bu nəğmələr hərbə-zorba səciyyəli olardı. Bu kimi hərzə-hərzə danışıqdan qeyzlənən cavanlar meydana girib söyləyərdilər:

Hay çəkərəm, zorxana titrər hayımdan,
Qara pəlvan elə vurram,
Kərpic düşər sarayından.
Al qurşaqvu dolayaram boynuva,
Adam gəlməz bir də sənin oynuva.
Dınqaz, dınqaz dınqıldama, a pəlvan,
Hərzə-hərzə meydan üstə zınqıldama, a pəlvan

Zorxana tamaşasında işlək olan bu kiçik mətndə dolamalar, cırnatmalar, atmacalar geniş ifadə olunur.

Məsxərə tamaşalarında da bu kimi situasiyanın poetik təzahürü görünür. A.Nəbiyev göstərir ki, məsxırəbaz ada uyğun acıtma deyərdi: əvvəldə adı bir neçə dəfə təkrar eləyir, sonra acıtmanı söyləyərdi:

Həsənağa, Həsənağa, Həsənağa, Həsənağa,
Doldu yarağa,
Mindi ulağa.

Məsxərəbaz bundan sonra Həsənağanın geyimini, boyunu, yerişini, danışığını, gülüşünü, hədə-qorxu gəlməsini məsxərəyə qoyar, bir çox hallarda məsxərəyə qoyulan dava salmaq istər, tez onu tutub ağaca bağlayardılar. Məsxərəbazı hədələmək, döymək qadağan idi.

Qədim ritual elementləri olan bu meydan tamaşasında zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar kifayət qədər geniş yer alırdı. E.Aslanov məzhəkə tamaşaları haqqında yazır ki, Lotu və məsxərəbaz repertuarının əsasını təşkil edən bu tamaşa növündə qaravəlli tamaşalarından fərqli olaraq şit və kobud zarafatlara daha çox yer verilir.

Meydan tamaşaları əsas etibarilə şəhər meydanlarında keçirilməsi baxımından şəhər folklor mühitini əhatə edir ki, bu tamaşalarda bu kimi davranış formullarını görmək olur.

Lətifələrdə

Şəhər mühitinə aid lətifələrdə də davranış formulunun kiçik janr olaraq işarələnən nümunələrini görmək olur. Zarafatlaşma, dolama, hətta cırnatma kontekstində şəhərlə bağlı aşağıdakı Molla Nəsrəddin lətifəsinə lətifələrin səciyyəvi örnəyi olaraq nəzər yetirək: “Deyirlər ki, Molla birinci dəfə kənddən şəhərə gələndə şəhərin qalalarını, bürclərini görüb heyran-heyran baxırmış. Bunu görən məmurlardan biri Mollanı ələ salmaq məqsədilə yaxınlaşıb ondan soruşur:

– Nə olub, a kişi!? Dəvə nalbəndə baxan kimi nə gözünü zilləyib baxırsan?
Molla deyir:
– Vallah, mən kənd adamıyam. Şəhərə birinci dəfədi gəlirəm. Baxıram ki, evlər, küçələr, bağlar, dükanlar, hər şey var. Özləri də çox gözəldilər. Amma, bax, şəhərin ora-burasından göyə dikələn bu şeylər nədi, başa düşə bilmirəm.
Məmur yaxındakı bürclərdən birini göstərib deyir:
– Niyə başa düşmürsən? Bunlar bizim şəhərin başının tükləridi, belə dik-dik durublar.
Molla başa düşür ki, məmur onu ələ salır. Bir ona baxır, bir dönüb bürcə baxır, bilmir nə desin. Elə bu dəqiqədə şəhər hakimi beş-on adamla bürcün üstünə çıxıb ətrafa baxmağa başlayır. Molla məmura deyir:
– Şəhərinizə sözüm yoxdu, amma belə ki mən görürəm, deyəsən şəhərinizin başını təmiz saxlamırsınız.
Məmur soruşur:
– Niyə?
– Bir bax, gör, bir tükün üstünə neçə bit dırmaşıb

Bu mətndə davranış kodeksinin janr olaraq meydana çıxan ifadə tərzi kimi zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar yer almaqla bərabər, eyni zamanda məlum olur ki, şəhər folklor mühiti yalnız məzmun etibarilə şəhərə aid olan nümunələri özündə cəmləmir, eyni zamanda ortaq mədəniyyət daşıyıcılığında şəhər stiuasiyasında meydana çıxan örnəkləri də səciyyələndirir. Burada artıq mətnlərin kontaminasiyası kənd-şəhər, şəhər-kənd mühitinin bağlılığında aşkarlanır və məkan statusu folklor arealını müəyyənləşdirərək məzmuna da təsir edir. Bu cəhətdən dinamik folklor örnəkləri mühit olaraq konkret məkana aid edilə bilir.

Meyxanalarda

Şəhər mühitinin qabaqcıl xalq janrı kimi meyxana örnəklərində kiçik janrlar görünür. Meyxanalar əsas etibarilə Bakı əhatəsində meydana gəlmişdir. Bu baxımdan şəhər folklor mühitinə aid edilə bilər. Onu da qeyd edək ki, uzun illər meyxana folklor janrı hesab olunmasa da bu fikirlər yanlışdır. Çünki folklorun poetik strukturu bu iddiaları inkar edir. Şifahi xalq ədəbiyyatı şifahi söz sənəti olması etibarilə meyxananı da öz arealına alır. Bu barədə N.Tağısoy, Z.Zakariyya göstərirlər ki, meyxana folklor olmaqla, xalq təmsilçiləri tərəfindən yaradılan sənət deməkdir.

Meyxanalar eyni zamanda satira və yumor əsasında daha qabarıq şəkildə diqqət çəkdiyindən bu örnəklərdə zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar kifayət qədər çoxdur. Xüsusilə meyxana deyişmələrində xarakterik olaraq bu kimi janra çevrilən davranış formulu açıq müşahidə olunur. Böyük şair Ə.Vahid Bağır Cabbarzadə ilə deyişməsində bir bənddə demək olar ki, mövzumuzu əhatə edir:

Dövlətin yedin, düşdün yoxsulluğa,
Gir qəbirə, ölgünən biryolluğa,
Ya rüşvət ver, yazdır özün qulluğa,
Sən də get al rüşvətini, gülni vur!

Bu kontekstdə də kiçik janrlarla əlaqəli misraları aydın görmək olur:

“Dövlətin yedin, düşdün yoxsulluğa” (atmaca (fərdi-sosial kontekst);
“Gir qəbirə, ölgünən biryolluğa” (cırnatma və dolama (fərdi-ictimai kontekst);
“Ya rüşvət ver, yazdır özün qulluğa,
Sən də get al rüşvətini, gülni vur” (zarafat və atmaca, ictimai-siyasi kontekst).

B.Cabbarzadə başqa bir deyişmədə cırnatma və atmacadan istifadə edir:

Gəl, bu nəsihətindən tullayalım bir yana,
Qorxum odur ki, məni axır salasan qana.
Möhtəkirə yüz desən gəlməyəcək imana,
İşim olubdur fəğan, gəl, gəl, ay evi dağılmış!.

Kiçik janrlarla əlaqəli misralara bu bəndin iki misrasında rast gəlirik:

“Gəl, bu nəsihətindən tullayalım bir yana” (cırnatma, fərdi-ictimai kontekst);
 “Qorxum odur ki, məni axır salasan qana” (atmaca, ictimai-siyasi kontekst) və s.

Meyxanaların şəhər folklor mühitinə aidliyi etibarilə funksionallığında müşahidə olunan bir funksiyası da zarafat, dolama, cırnatma və atmacalarda təcəssüm olunur. Janr daxilinə yerləşən bu kiçik janrların haqqında səciyyəvi olaraq seçilən bu nümunələrdə bu məsələlər aydın görünür.

Mərasimlərdə

Şəhər folklor mühitində mərasimlərin şəhər tipini də müşahidə etməmək olmur. Novruz mərasimləri geniş kompleks olaraq şərq və türk xalqlarının etnokulturoloji dəyərlərini özündə cəmləyirsə, ən müxtəlif ərazilərə yayılmasıbu mərasimlərin şəhər folkloruna bağlılığını inkar edir. Eyni bayram və mərasimlərin şəhər meydanlarında, geniş prospekt və meydanlarda təntənəli şəkildə qeyd olunması bu bayramın şəhərləşmə, mərkəzləşmə xarakterini də meydana çıxarır. Təbiidir ki, burada mərasim folkloru, musiqi folkloru kimi sahələrə aid poetik məsələlər də özünü göstərir. Əlbəttə, bu kontekstdə Novruz mərasimlərindən geniş danışmaq mümkün deyil. Sadəcə şəhər meydanlarında keçirilən mərasimlərdən “Kos-Kosa” tamaşası, “Kəndirbaz”, “Zorxana”, “Gözbağlayıca” və s. bu kimi xalq oyun və tamaşalarının süjetində mövcud olan bir çox əyləncəli məzhəkə məzmunu kiçik janrları da özündə proyeksiyalandırır və s.

Novruzda göstərilən tamaşalar əsasən meydan tamaşası adı altında ümumiləşdirilir.

Bu tamaşaların şəhər tipini müəyyən etmək burada vacib məsələdir. Məhz bu tamaşaların şəhər folkloruna müəyyən qədər aidliyi şəhər meydanlarında geniş şəkildə göstərilməsində meydana çıxır. Bu tamaşaların kütləvi izdihamlar ilə şəhər meydanlarından hətta son illərdə kütləvi şəkildə yayımlanması da bu bayramın şəhər tipini aydın göstərir. Hələ 1967-ci ildə görkəmli dövlət xadimi Ş.Qurbanovun təşəbbüsü ilə Novruz bayramı dövlət bayramı səviyyəsinə qaldırılarkən bu ənənənin əsası qoyuldu. Ensiklopedik qaynaqda göstərilir ki, bu bayram Azərbaycanın bütün bölgələrində, xüsusən Bakı şəhərində ümumxalq şənliyi səviyyəsinə qaldırıldı. Möhtəşəm Qız qalasının ətrafı Novruz bayramının qeydolunma mərkəzinə çevrildi. Axın-axın insanların toplaşdığı Qız qalası qarşısında xalq oyun-tamaşaları böyük rəğbət hissi ilə qarşılandı. Həmin ilin Novruz bayramına Azərbaycan mətbuatı da xüsusi səhifələr ayırdı. O vaxt yeganə olan Azərbaycan Dövlət televiziyası və radiosu verlişlərini bilavasitə Novruz bayramına həsr etdi. Vertolyotlardan “Yaz - Novruz bayramınız mübarək!” yazılmış vərəqələr Bakının küçə-meydanlarına səpələndi. Ağpaltarlı Bahar qızı keçdiyi yerlərdə hamı tərəfindən gül-çiçəklə qarşılandı. Dənizkənarı bulvarda, şəhər meydanlarında bayram yarmarkaları təşkil olundu. Bakı əhalisi Şıx çimərliyində Novruz bayramı - ağacəkmə bayramı iməciliyi keçirdi.

Şəhər folklor mühitinə bu kimi bağlılığı inkar etmək mümkün deyil və bu mərasimlərdə mövzuya aid davranış formulundan meydana gələn janr içində yerləşən törədilmə janrlar da işarələnə bilir.

Küçə musiqisində

Şəhər folklor mühitinə aid olan janrlardan biri də təbiidir ki, küçə musiqisi, şəhər meydanlarında izdiham qarşısına enib müəyyən qarşılıq məqsədiylə yayılmaqda olan sərbəst ifaçılıq, bəzən də öz mənəvi zövqünü bu arealda təmin etməyə meylli şəxslərin mahnı, rəqs və s. bu kimi hərəkətləri, ciddi və gülməli ritmik və pantomimiki davranış formulu təşkil edir

Küçə musiqisi ölkənin paytaxtında geniş yayılıb. Hətta bu mövzuda 100-dən çox musiqiçinin iştirak etdiyi “Xəzərin sahilində” adlı festival belə keçirilib. Yalnız yerli əhalinin deyil, ölkəmizin paytaxtına axışan turistlərin belə davranış nümayiş etdirməsi də şəhər folklor mühitinin inkişafında əhəmiyyətli rol oynayır. Hətta turizmin yayıldığı ərazilərdə əsas tələblərdən biri də həmin ölkənin folkloru haqqında məlumatların əldə olunması və dinamik istifadəsidir. Əlbəttə, bu metodoloji münasibət yalnız folklor musiqisini küçələrdə nümayiş etmək üçün nəzərdə tutulmur, ancaq belə fəaliyyət növü də praktiki olaraq səfər müddətində spontan şəkildə meydana çıxır. İ.Hüseynov və N.Əfəndiyeva qeyd edirlər ki, ənənələr, sənət əsərləri, folklor kimi dəyərlər də turistik cəlbediciliklər sırasında qəbul edilməkdədir.

Aydındır ki, şəhərin küçə və meydanlarında hər gün müşahidə olunan mahnı ifaçılığı, instrumental ifaçılıq, rəqs və s. kimi müxtəlif məzhəkə personajlarına məxsus hərəkətlər zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar kimi davranış modellərini özündə müxtəlif formalarda təzahür etdirir. Çünki kütləvi fəaliyyətdə bu kimi davranış tərzi insan təbiətinin təbii reaksiyaları kimi meydana gəlir.

Şəhər folklor mühitində davranış formulundan törəyən kiçik janrlar, yəni zarafatlaşmalar, dolamalar, cırnatmalar, atmacalar əsas janrların tərkibində inkişaf edir. Bir çox mətnlərdə bu kimi nümunələri aydın görmək olur.

Tədqiqi

Uzun müddət folklorşünaslar şəhər mədəniyyəti ilə maraqlanmırdılar; bu, yazıçıların və yerli tarixçilərin səlahiyyətində idi. Prozaik şəhər folkloru mətnlərinin ilk fikri əsasən qeyri-peşəkarlar tərəfindən edildi.

Həmçinin bax

  • Folklor
  • Folklorşünaslıq

Ədəbiyyat

  • Лазарев А. И. Городской фольклор / Гл. ред. В. В. Алексеев. — Екатеринбург: Академкнига, 2000.
  • Белоусов А. Ф. Современный городской фольклор // Фольклор и постфольклор: структура, типология, семиотика
  • Поспелов Г. Г. Бубновый валет. Примитив и городской фольклор в московской живописи 1910-х годов. — 2-е изд.. — М.: Пинакотека, 2008. — 288 с. — ISBN 978-5-903888-01-6.
  • Коломийченко Т. А. Застольные песни Г. Р. Державина и городской фольклор
  • Современный городской фольклор / Отв. ред. серии С. Ю. Неклюдов. — М.: Российск. гос. гуманит. ун-т, 2003. — 736 с. — (Традиция-текст-фольклор). — ISBN 5-7281-0331-6.
Üst