| Əli Terequlov | |
|---|---|
| Ümumi məlumatlar | |
| Doğum tarixi | 1881 və ya 1883 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1950 (66–69 yaşında) |
| Musiqiçi məlumatları | |
| Fəaliyyəti | skripkaçı, ictimai xadim, pedaqoq |
| Təhsili |
|
| Mükafatları | |
Əli Həsən oğlu Terequlov (1881 və ya 1883, Tiflis – 1950) — Azərbaycan pedaqoqu və ictimai xadim.
Həyatı
Əli Həsən oğlu Terequlov 1881-ci ildə (bəzi mənbələrdə 1883-cü ildə) Tiflisdə anadan olmuşdur. Qori Müəllimlər Seminariyasında təhsil almış, 1904-cü ildə seminariyanı bitirdikdən sonra müəllimlik fəaliyyəti ilə məşğul olmuşdur. Burada o, sonralar yaxın dostu və qohumu olan Üzeyir Hacıbəyovla tanış olmuşdur. Zaqafqaziya Müəllimlər Seminariyasındakı illəri barədə Əli Terequlov xatirələrində yazırdı:
| "Mahnı oxumaq, Avropa musiqi alətlərində çalmaq, orkestrlərdə iştirak etmək və Tiflisdə hərdənbir operaya getmək Avropa musiqisini, onun nəzəriyyəsini və praktikasını mənimsəməyimizdə bizim üçün bünövrə, ilk təcrübə oldu". |
Daha sonra Bakıya köçən Əli Terequlov "Hacıbəyov qardaşları truppası"na daxil olmuşdur. 1908-ci ildə "Leyli və Məcnun" operasının ilk tamaşasında birinci skripka partiyasını ifa etmişdir.
Əli Terequlov "Səadət cəmiyyəti" tərəfindən 1908-ci ildə Bakıda yaradılmış məktəbdə müəllim kimi fəaliyyət göstərmişdir. Nicat cəmiyyətinin 1906-cı ildə IV Rus-Azərbaycan məktəbinin nəzdində açdığı ilk cümə məktəbində müdirliyi Əli Terequlov etmişdir. Qori Seminariyasının məzunlarına yuxarı məktəblərdə dərs demək hüququ verilmədiyi üçün Əli Terequlov 1913-cü ildə Ümumtəhsil Kursları Cəmiyyətinin birillik kursuna daxil olmuş, oradakı təhsilini uğurla başa vuraraq Qafqaz Tədris Dairəsinin ali ibtidai məktəb müəllimi şəhadətnaməsini əldə etmişdir. 1919-cu ildə Bakı Birinci Milli Qadın Gimnaziyasında dərs demişdir.
1917-ci ildə Əli Terequlov böyük qardaşı Hənəfi Terequlovla birlikdə Bakıda bolşevik yönümlü "Birlik" təşkilatının yaradıcılarından biri olmuş, "Hümmət" təşkilatının fəaliyyətində fəal iştirak etmişdir. Həmin ilin yayında Bakı Sovetinə deputat seçilmişdir. 1918–1919-cu illərdə qardaşlar Həştərxana gedərək Sovet Rusiyasında çalışmış, 1920-ci ildə Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan Xalq Maarifi sistemində rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir.
1950-ci ildə vəfat etmişdir.
Ailəsi
Əli Terequlov Terequlovlar ailəsinin nümayəndəsi olmaqla Hənəfi Terequlovun, Üzeyir Hacıbəyovun həyat yoldaşı Məleykə Terequlova-Hacıbəyovanın, Müslüm Maqomayevin həyat yoldaşı Baydıgül Terequlova-Maqomayevanın və Pənah Qasımovun həyat yoldaşı Əminə Terequlovanın qardaşı idi. O, Tiflisdəki evində dostları Üzeyir Hacıbəyov və Müslüm Maqomayevi tez-tez qonaq qəbul etmiş, bu görüşlərdən biri onların gələcək həyat yoldaşları ilə tanışlığına səbəb olmuşdur.
Əli Terequlov xatirələrində yazırdı:
| "Üzeyirə, Müslümə və yoldaşlarımızdan bəzilərinə qış və yaz tətillərində evə getmək həmişə müyəssər olmurdu. Belə vaxtlarda onlar pansionatda qalırdılar. Bəzən bir neçə günlüyə Tiflisə mənim yanıma gəlirdilər. Gələndə, əlbəttə, skripkalarını da özləri ilə gətirirdilər, günlərimizi çox şən keçirirdik. Operalardan duetlər, triolar, ayrı-ayrı parçalar bir-birini əvəz edirdi. Operaya getmək bizim üçün ən böyük sevinc olurdu. Tamaşa ləzzət verir, həyəcanlandırırdı. Sonra uzun müddət opera tamaşasının müxtəlif parçaları, ariyaların ifası, aktyorların ustalığı müzakirə edilirdi". |
Təltifləri
Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin (ZAK MİK) Rəyasət Heyətinin 27 oktyabr 1935-ci il tarixli Qərarı ilə Əli Terequlova xalq maarifi sahəsində çoxillik fəaliyyətinə və sovet məktəbinin qurulmasındakı xidmətlərinə görə "ZSFSR Əmək Qəhrəmanı" fəxri adı verilmişdir. Həmin dövrdə o, Ağamalıoğlu adına Bakı Kənd Təsərrüfatı Texnikumunun direktoru vəzifəsində çalışırdı.
Filmoqrafiya
Əli Terequlov obrazını "Üzeyir ömrü" filmində aktyor Rafiq Əliyev canlandırmışdır.
- 1881-ci ildə doğulanlar
- 1883-cü ildə doğulanlar
- Tbilisidə doğulanlar
- 1950-ci ildə vəfat edənlər
- Zaqafqaziya Müəllimlər Seminariyasının məzunları
- Əmək qəhrəmanları
- Əlifba sırasına görə musiqiçilər
- Terequlovlar
- Azərbaycan tatarları