| ||||||||||||||||
| Yaşadığı ərazilər | ||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| ||||||||||||||||
| Dili | ||||||||||||||||
| Azərbaycan dili | ||||||||||||||||
| Dini | ||||||||||||||||
| Xristianlıq |
Azərbaycan polyakları (pol. Polacy w Azerbejdżanie) — Azərbaycanda yaşayan polyak icmasına verilən ümumi ad. Azərbaycana polyakların gəlməsi XVII əsrin əvvəllərindən başlayır. XIX əsrin əvvəllərindən Azərbaycan və Polşa Rusiya imperiyasının tərkibinə daxil idi. Buna görə də Çar hökuməti polyaklardan olan müxalifət üzvlərini Qafqaza, o cümlədən Azərbaycana deportasiya edirdi. Bu da polyakların Azərbaycanda mövcudluğunu izah edir. XIX əsrin ortalarında polyakların ikinci dalğası Bakı və Gəncə kimi şəhərlərdə məskunlaşmağa başlayır. 1897-ci ildə Azərbaycanda 2 minə yaxın polyak müxtəlif sahələrdə fəaliyyət göstərirdi. Azərbaycanda sovet hakimiyyətinin qurulmasından sonra bəzi polyaklar vətənlərinə qayıtsa da, bir çoxları Azərbaycanda qalıb. Hal-hazırda Azərbaycanda 200 civarında polyak yaşayır.
Tarixi

Polyaklar Azərbaycanda hələ XIII əsrdən etibarən görünməyə başlayıblar. Onlar bura əsasən monqol-tatarlar tərəfindən əsir götürülüb gətirilsələr də, öz istəkləri ilə gələnlər də az olmayıb. Azərbaycanla Polşa arasında münasibətlər Ağqoyunlu dövlətinin hakim olduğu dövrdə yaranıb. XVI əsrin sonların yaxın Ağqoyunlu dövləti ilə Reç Pospolita dövləti arasında bəzi məktublaşmalar aparılırdı. Polyakların ilk qrupunun Azərbaycana gəlmələri I Şah Abbas Səfəvinin dövrünə təsadüf edir. Həmin zaman bir sıra polyak missionerlər Vatikanın rəhbərliyi altında Azərbaycana gəlmişdilər. Missionerlər bir çox dilləri bilsə də, yerli əhalinin dilini öyrənməyə çalışırdılar. Yerli əhalinin yaşayış vəziyyəti haqqında Vatikana müntəzəm məlumat verilirdi. 1680-cı ilə qədər Azərbaycana gəlmiş polyak missionerlərin adları barədə tarixi mənbələrdə məlumatlara rast gəlinməyib. 1680-cı ildə isə Gəncə şəhərinə Paul Vronziski, Jedrzej Zielonacki və Alexsandr Kulesza adlı üç polyak misyoneri gəlib. Onlar 6 aya yaxın bu şəhərdə qalıb və Gəncədə yaşayan əhalinin vəziyyətini öyrəniblər. Missionerlərin bu fəaliyyətləri Şərq və Qərb dəyərlərinin anlaşılmasında və bir-birinə yaxınlaşmasında mühüm bir xətt təşkil edib, körpü rolunu oynayıb. Missionerlər və onların ardıcılları şahın sarayına qiymətli rəsmlər, İncilin illüstrasiyalı əlyazmaları və bu kimi digər töhfələr gətirib, eyni zamanda polyak xalqı haqqında müsbət təəssüratların yaranmasına vəsilə olublar.
XIX əsrin əvvəllərindən etibarən isə Azərbaycan polyak səyyahların, eləcə də romantik şairlərin diqqətini çəkib, onların yaradıcılığında öz əksini tapıb.
Polyak misyonerlərin Gəncə hakiminə dəyərli hədiyyələr verdiyi də tarixi mənbələrdə göstərilib. XVII əsrdə sonra Azərbaycana polyaklar birdə XIX əsrdə gəlməyə başlayıblar. 1772-ci ildə Reç Pospolita dövlətinin bölünməsindən sonra, polyakların ağır günləri başlayır. Rusiya imperiyası polyakların gücünü zəiflətmək məqsədilə onları imperiyanın müxtəlif ərazilərinə o, cümlədən Qafqaza sürgün edir. 1813-cü ildə Qafqaza 10 min nəfər polyak gətirilir. Əsirlərin böyük bir qismi, Napoleon Bonaparta tabe olan Polyak legionunun əsgərləri idi. 10 min nəfər polyakdan təxminən 3 minə yaxını Azərbaycan ərazisində məskunlaşdırılır. Bu gün Gəncə, Bakı, Zaqatala və Qubada polyaklara məxsus katolik kilsələri və evlər hələ də mövcuddur. Polyakların Cənubi Qafqaza ikinci böyük köçü 1863-cü ilin Yanvar üsyanından sonra, yaşanıb. XX əsrin əvvəllərində 17.264 nəfər polyak Cənubi Qafqaza yerləşdirilib. Yanvar hadisələri əsnasında Azərbaycana göndərilmiş, sonuncu polyak Edvard Strup adlı, keşiş olub. Sürgünə göndərilmiş polyak üçün Zaqatala və Nargin adasında xüsusi düşərgələr təşkil edilib. Abşeron yarımadasında məskunlaşan polyaklar neft istehsalatı ilə məşğul olurdu. Bakıda neftin çıxarılması bir çox xalqların nümayəndələri kimi polyaklarında şəhərə axınına səbəb oldu. Bu isə, öz növbəsində, yeni sənaye sahələrinin yaranmasına və ənənəvi sahələrin inkişaf etməsinə şərait yaradıb, Bakını beynəlxalq bir şəhərə çevirib. 1897-ci ildə Azərbaycanda iki min polyak yaşayırdı. Bakı və Gəncə şəhərində məskunlaşan polyaklar, cəmiyyətə böyük xeyir veriblər. 1913-cü ildə Bakıdakı işçilərin (qulluqçuların) arasında polyaklar 52.2% təşkil edirdi.
Polyak məktəbi və kitabxanası
| Tarixi əhali | ||
|---|---|---|
| İl | Əh. | ±% |
| 1926 | 2.460 | — |
| 1939 | 2.270 | −7.7% |
| 1959 | 1.483 | −34.7% |
| 1970 | 1.264 | −14.8% |
| 1979 | 1.073 | −15.1% |
| 1989 | 712 | −33.6% |
| Sources: | ||
1903-cü ildə Bakı şəhərində polyaklar tərəfindən məktəb və kitabxana açılmışdır. 17 avqust, 1909-cu ildə isə Bakı Polşa Evi adlı cəmiyyət yaradıldı. Cəmiyyətin əsas məqsədi, Bakı şəhərində yaşayan polyaklar arasında münasibətləri qorumaq və polyak mədəniyyəti təbliğ etmək olmuşdur. Bakı Polşa Evi tərəfindən Bakı şəhərində ikinci polyak məktəbi açılmışdır. Birinci Dünya müharibəsi zamanı Bakıda yaşayan polyak diasporu, polyak həmvətənlərinə yardım etmək üçün tez-tez yığıncaqlar keçiridilər. Bu dövrdə mesenat Vitold Zqlenitski və neftxuda Stefan Skşıvan cəmiyyətdə tanınan və sevilən şəxslərdən olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə, Azərbaycanda yaşayan polyaklara ilk dəfə siyasi hüquqlar verilmişdir. Belə ki, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində IX Milli azlıqlar fraksiyasına bir polyak millətvəkili Stanislav Vonsovic daxil olmuşdur. Vonsovic Bakıda yaşayan polyakları təmsil edirdi.
Sovet hakimiyyətinin qurulmasından sonra, bir çox polyak siyasi təqiblər səbəbindən, Polşaya qayıtmışdır. Bakı və Gəncə şəhərlərində fəaliyyət göstərən cəmiyyət və dərnəklərin fəaliyyəti qadağan edilib. Bakıda yaşayan bir çox polyak isə bolşevik təsiri nəticəsində milli mənsubiyyətlərini gizlətməli olublar.
Azərbaycanda polyakların növbəti dəfə təşkilatlanması 2000-ci ildən başlanıb. Həmin ildə Bakıda Polşa cəmiyyəti yaradılıb. Polyak təşkilatının yaradılması ideyası ilk dəfə 2000-ci ildə Ofilom İsmayılov (Kulçitski) tərəfindən irəli sürülüb. O, 2001-ci ildə polyak mənşəli 16 nəfərdən ibarət bir qrup insanı bir araya toplayıb, polyak icmasının yaradılması təklifini verib və eyni zamanda qeyd edib ki, 1990-cı illərin əvvəllərindəki siyahıyaalınmaya əsasən, Azərbaycandakı polyak əhalisinin sayı minə yaxın olub. Onun təklifindən sonra polyak dilini mükəmməl bilən Yelena Teer təşkilatın sədri seçilib. Lakin polyak təşkilatının seçilmiş rəhbər orqanları sonradan kifayət qədər fəal olmayıb və iclasın qərarı Ədliyyə Nazirliyi üçün hüquqi qüvvəsini itirib. Mövcud qanunvericiliyə görə, təşkilatın qeydiyyata alınması üçün sənədlər iclasın keçirildiyi tarixdən ən geci bir ay müddətində təqdim edilməli idi ki, bu da yerinə yetirilməyib. 1991-ci ildə isə onlar "Poloniya" ("Polonia") adlı polyak icma təşkilatını təsis etmişdirlər.
Polyak kilsəsi

Azərbaycan polyaklarının əsas arzularından biri də, Bakıda polyak katolik kilsəsinin inşa edilməsi idi. Kilsə inşa olunub və uzun müddət Bakı polyak icmasına xidmət edib. Ancaq İosif Stalinin hakimiyyətə gəlməsindən sonra kilsə bolşeviklər tərəfindən dağıdılıb. Azərbaycanda ikinci polyak kilsəsi, Qusar rayonunda inşa edilib. Həmin kilsə, bu gündə polyak kilsəsi olaraq yerli xalq arasında tanınır.
Roma Katolik Xeyriyyə Cəmiyyəti və Polyak İcması 1903-cü il yanvarın 5-də yaradılıb. Cəmiyyət bir kitabxana-qiraətxana açıb, yaşlılar və uşaqlar üçün sığınacaq tikilməsini planlaşdırıb. Pulsuz qiraətxanada mütaliə etmək yeganə məşğuliyyət idi. Cəmiyyətin sədri tanınmış neft maqnatı Stefan Rılski olub. Cəmiyyətin baş qərargah binası Rılski küçəsində yerləşirdi. Memar Yozef Ploşkonun layihəsi əsasında tikilən bu bina bu günümüzə qədər qorunub saxlanılıb (Məmmədəliyev küçəsi, 11). 1903-cü il aprelin 27-də Müqəddəs Bakirə Məryəmin kostelinin təməli qoyulub, xeyir-dua verilib. Həmin vaxt Bakı şəhərində katoliklərin sayı artıq 9-10 min nəfərə çatırdı.
Bakıdakı katolik kilsəsinin keşişi ata Stefan Demurov olub. Stefan Demurov 1871-ci ildə Tbilisidə anadan olub. O, 1895-ci ildə dini seminariyanı bitirib. O, Bakıya gəlməzdən əvvəl Kutaisidə (1895–1902) və Perekopda (1902–1904) xristian kilsəsinin keşişi kimi fəaliyyət göstərib.
Stalin dövrü dini təşkilatlara böyük zərbə vurub. 1930-cu illərdən etibarən Sovet rejimi kütləvi repressiyalara başlayıb, minlərlə keşişi həbs edib. 1938-ci ildə Bakıdakı katolik kilsəsi dağıdılsa da, katoliklər öz həyatlarını təhlükəyə atıb, gizli şəkildə toplaşmağa davam edirdilər. Demurov 1937-ci il noyabrın 14-də həbs olunub, ölüm cəzasına məhkum edilib. Bu faciəvi hadisələrdən sonra Azərbaycanda katolisizm faktiki olaraq mövcudluğunu itirib. Bu dinin yenidən canlanması yalnız Sovet İttifaqının dağılmasından sonraya təsadüf edir. 1992-ci ildə Bakıdakı bir qrup polyak dindar polyakların dini ehtiyaclarının qarşılanması üçün şərait yaradılması xahişi ilə Vatikana müraciət edib. Sovet İttifaqı dağıldıqdan sonra, 1997-ci ildə bir qrup polyak xristian Polşadan olan keşiş Yeji Pilyus ilə birlikdə Bakıya gəlib. 2002-ci ildə Roma Papası II İohan Pavel Azərbaycanda rəsmi səfərdə olub. O, ölkəyə Azərbaycanın ovaxtkı prezidenti Heydər Əliyev tərəfindən dəvət olunmuşdu. Bu səfər sayəsində Prezident Əliyev katolik kilsəsinə məbəd tikilməsi üçün torpaq sahəsi ayırıb və binanın inşası Papa II İohan Pavelin kitab satışından əldə olunan gəlirlər, həmçinin xarici ianələr hesabına maliyyələşdirilib.
Polyakların Azərbaycan tarixindəki rolu
Azərbaycanda ilk Polyak ictimai təşkilatları iyirminci əsrin əvvəllərində Bakıda yaradılıb. Həmin dövrdə Azərbaycanda çoxlu sayda polyak yaşayırmış. Daha əvvəl, yəni XIX əsrdə polyaklar müxtəlif səbəblərdən – siyasi sürgünlər, çar ordusuna Polşa Krallığından çağırılmış əsgərlər kimi, eləcə də xüsusilə Bakı şəhərinin dinamik inkişafı (XX əsrin əvvəllərindəki neft bumu) dövründə yaxşı iş axtarmaq məqsədilə Azərbaycana gəliblər. O vaxt Bakıda bir neçə polyak təşkilatı — Polyak Təşkilatları Şurası, "Polyak Evi" Assosiasiyası, Polyak Qarşılıqlı Yardım Cəmiyyəti, "Ocaq" (Ognisko), Polyak Xeyriyyə Cəmiyyəti və hətta Polyak Gənclər İttifaqı fəaliyyət göstərib.

Polyaklar ölkənin iqtisadi, elmi, mədəni və təhsil sahələrinin inkişafına mühüm töhfələr veriblər. Onların arasında həkimlər, müəllimlər və hərbi mühəndislər olub. Azərbaycanın iqtisadi inkişafına ən böyük töhfəni verən polyaklardan biri Vitold Zqlenitski olub. O, dəniz dibindən xam neft hasilatının qabaqcıl mühəndisi olub, bu yataqların istismar layihəsini hazırlayıb və bu ixtira Azərbaycanın sonrakı iqtisadi inkişafı üçün böyük əhəmiyyət kəsb edib. O, həmçinin polyak mədəniyyəti və elminin inkişafı üçün fond maliyyələşdirib ki, bu da ona "Polyak Nobeli" adını qazandırıb.
Azərbaycanda elmi və texniki inkişafa mühüm töhfələr vermiş polyak mənşəli görkəmli alimlər də yaşayıblar. 1919-cu ildə Bakı Dövlət Universiteti təsis edilib ki, bu da həmin dövrdə geri qalmış bir ölkədə ümumi elmi sistemin hərtərəfli inkişafı üçün böyük əhəmiyyət kəsb edib. Mühazirəçilər arasında polyak mənşəli bir çox professorlar olub. Tibb sahəsində – prof. Pavel Zdrodovski (mikrobiologiya), prof. Uşinski, Malinovski, Rujanovski, Berlatski, Mizernitski, Zamuxovski; ictimai elmlər sahəsində – prof. Aleksandr Makovelski, Vsevolod Bronislav Tomaşevski, Aleksandr Selixanoviç, M.Dombrovski, M.Dovnar-Zapolski, dosent P.Pilaşevski; digər sahələrdə isə prof. K.Krasuski (kimya), dosent P.Mixalevski (geofizika) onların arasında yer alıblar.
Çeslav Romişevski isə Rusiya ordusunun polkovniki olub. O, Azərbaycan Xalq Cümhuriyyətində sərhəd mühafizəsinin baş inspektoru idi.
Bakının abadlaşdırılması üçün böyük işlər görmüş Stanislav Despot-Zenoviç 16 il (1878–1894) Bakının şəhər rəhbəri (meri) olub. Pavel Pototski (1879–1932) Bibiheybət buxtasının doldurulmasında neft hasilatı üçün dəniz dibinin qurudulması texnikasını ilk dəfə tətbiq edən şəxs olub. Bakı Politexnik İnstitutunun ilk rektoru isə professor Nikolay Dombrovski olub.
Bakıda polyak mənşəli möhtəşəm bir musiqiçinin – violonçelçalan Leopold Rostropoviçin musiqi karyerası inkişaf edib və orada onun dünya şöhrətli violonçelçalan oğlu Mstislav Rostropoviç dünyaya gəlib. Polyak mənşəli digər musiqiçilərin də adları geniş tanınıb. Opera və Balet Teatrının dirijoru Vladimir Traximoviç, fortepiano müəllimi Regina Siroviç (L. Yeqorova ilə həmtəsisçi olduğu, fortepiano üçün bu günə qədər aktual və ən yaxşı dərsliklərin müəllifi), məşhur caz musiqiçisi Bronislav Posadovski də Azərbaycan musiqi səhnəsinin tanınmış polyakları arasında olublar.
Oktyabr inqilabından sonra bir çox polyak Azərbaycanı tərk edib, digər polyak ailələri isə müxtəlif səbəblərdən, çox vaxt daha yaxşı iş tapmaq və uşaqlarının Rusiyanın paytaxt şəhərlərində – Moskva və Leninqradda təhsil alması və çalışması üçün əlverişli imkanlara görə ölkədən getiblər. İnqilabdan sonrakı ilk illərdə yerli hakimiyyət orqanları çox vaxt vətəndaşların şəxsi sənədlərində onların milliyyətinə diqqət yetirməyib və polyakları sənədlərdə "rus" kimi qeydiyyata alıblar.
Memarlıq
İosif Qoslavski, İosif Ploşko, Yevgeni Skibinski və Kazimir Skureviç tərəfindən Bakı şəhərində inşa olunmuş binalar.
Bakı Şəhər İcra Hakimiyyətinin binası, memar Qoslavski
İsmailiyyə Sarayı, memar Ploşko
Səadət Sarayı, memar Ploşko
Hacı Zeynalabdin Tağıyevin sarayı, memar Qoslavski
AMEA Əlyazmalar İnstitutunun binası, memar Qoslavski
Ağabala Quliyevin evi, memar Skibinski
Azərbaycan Dövlət Kukla Teatrı, memar Ploşko
Musa Nağıyevin dördmərtəbəli qoşa mədaxil evləri, memar Ploşko
Tağıyev pasajı, memar Skureviç
Azərbaycan Respublikası Baş Prokurorluğunun binası, memar Skureviç
Məşhur azərbaycanlı polyaklar

- Stanislav Despot-Zenoviç — Bakı Şəhər Dumasının sədri
- Stanislav Vonsoviç — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Milli azlıqlar fraksiyasının üzvü
- Vitold Zqlenitski — mesenat
- Stefan Skşıvan — neftxuda
- Mstislav Rostropoviç — violenç ifaçısı və dirijor.
- Mixail Abramoviç — bioloq
- Süleyman bəy Sulkeviç — hərbi xadimi, general-leytenant
- İosif Qoslavski — memar
- İosif Ploşko — memar
- Aleksandr Makovelski — tarixçi-filosof
Həmçinin bax
- Azərbaycan–Polşa münasibətləri
- Azərbaycanda etnik azlıqlar
- Müqəddəs Bakirə Məryəmin Məsum Hamiləliyi kilsəsi (Bakı)
- Erkən Bahar
- Polşa memarları küçəsi (Bakı)
Ədəbiyyat
- Andrzej Chodubski, Polacy w Azerbejdżanie (Poles in Azerbaijan), published by Wydawn. Adam Marszałek, en:Toruń, 2004. ISBN 83-7322-821-7.
- Azərbaycan polyakları
- Polyakəsilli azərbaycanlılar
- Azərbaycanda yaşayan etnik qruplar
- Polyak diasporu
- Azərbaycan–Polşa münasibətləri
- Asiyada Polşa diasporu

