Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Əbül-Qasım əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابوالقاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي‎, fars. جنید بغدادی‎; 830, Nahavən

Cüneyd Bağdadi

Vikipediya, azad ensiklopediya
Cüneyd Bağdadi
fars. جنید بغدادی
Doğum tarixi 830(0830)
Doğum yeri
Vəfat tarixi 911(0911) (80–81 yaşında)
Vəfat yeri
Dəfn yeri
  • Bağdad
Tanınmış yetirmələri Həllac Mənsur, Əbu Bəkr Şibli

Əbül-Qasım əl-Cüneyd ibn Məhəmməd əl-Xəzzaz əl-Kəvariri əl-Bağdadi (ərəb. ابوالقاسم الجنيد ابن محمد الخزاز القواريري البغدادي, fars. جنید بغدادی; 830, Nahavənd, Həmədan ostanı911, Bağdad Bağdad — 909, Bağdad) — fars mənşəli İslam alimi.

Həyatı

Onun doğum tarixi məlum deyil. Cüneyd ipək ticarəti ilə məşğul olduğundan Həzzaz ləqəbi ilə məşhur olmuşdur. Ailəsi Nəhavənddən Bağdada köçmüşdür.

Cüneyd kiçik yaşlarından təhsil almağa başlamışdı. O, fiqh elmini Əbu Səvr əl-Kəlbidən öyrənmiş, başda Əbu Əli Həsən ibn Ərəfə əl-Əbdi olmaqla bir sıra alimlərdən hədis dinləmişdir. Həmçinin dayısı Sirri əs-Səqəti və Əbu Həmzə əl-Bağdadi kimi sufilərin söhbətlərində iştirak etmişdir. Zahiri elmlərə böyük əhəmiyyət verən Sirri əvvəlcə ona şəriət elmlərini öyrənməyi tövsiyə etmiş, sonra isə belə dua etmişdi:

" Allah səni hədisçi sufi deyil, sufi hədisçi etsin. "

Həqiqətən də, Cüneyd hələ iyirmi yaşına çatmamış fiqh müəllimi Əbu Səvrin dərs məclisində fətva verəcək səviyyəyə yüksəlmişdi. İbn Xəlləkanın onun Süfyan əs-Səvrinin məzhəbində olduğu barədə nəql etdiyi rəvayət doğru hesab edilmir. Görünür, bu səhv Süfyan əs-Səvrinin adının Əbu Səvrlə qarışdırılmasından yaranmışdır.

Cüneyd şəriət elmlərini dərindən mənimsədikdən sonra özünü zöhdə, ibadətə və təsəvvüfə həsr etdi. Əslində isə o, hələ uşaqlıq illərindən təsəvvüfə böyük maraq göstərmiş və ömrü boyu şəriət elmləri ilə də məşğul olmağa davam etmişdir. Cəfər əl-Huldinin, "Hal ilə elmi Cüneyd qədər mükəmməl şəkildə özündə birləşdirən başqa bir sufi görmədim. Onu görən halının elmindən üstün olduğunu, söhbətini dinləyən isə elminin halından üstün olduğunu düşünərdi", sözləri onun həm elm, həm də təsəvvüfdəki yüksək məqamını ifadə edir. Buna görə də ona "Tavusül-üləma" (alimlərin tovuzu) və "Seyyidüt-taifə" (sufi zümrəsinin başçısı) kimi fəxri adlar verilmişdi. Mötəzilə alimi Əbül-Qasım əl-Kəlbi də ona böyük heyranlıq bəsləyirdi. Çünki ədiblər onun gözəl ifadələrindən, filosoflar dərin düşüncələrindən, kəlamçılar isə elmindən faydalanmaq üçün ətrafına toplaşırdılar.

Cüneyd təsəvvüfün dərin mənəvi məsələləri ilə məşğul olsa da, dolanışığını təmin etmək üçün ticarəti də davam etdirirdi. İbn Nüceyd onun dükanında pərdə ilə ayrılmış bir guşədə ibadətlə məşğul olduğunu nəql edir. Dayısı Sirri onun artıq insanlara irşad edəcək səviyyəyə çatdığını görərək vəz verməyə təşviq etsə də, Cüneyd özünü buna layiq hesab etmədiyindən tərəddüd edirdi. Lakin mənəvi bir işarədən sonra məclis quraraq söhbətlər etməyə başladı. Bununla belə, fəna, tövhid kimi təsəvvüfün incə və çətin anlaşılan mövzularını daha çox qapalı məclislərdə izah etməyə üstünlük verir, bəzən də bunları fiqh pərdəsi altında gizli şəkildə ifadə edirdi.

Bir çox məşhur sufi Cüneydin söhbətlərində iştirak etmiş, onun müridi və xəlifəsi olmuşdur. Əbu Məhəmməd əl-Cəriri, Əbül-Abbas ibn əl-Ərəbi, İsmayıl ibn Nüceyd, Əli ibn Bündar əs-Səyyrafi, Əbu Bəkr Şibli, Mümşad əd-Dinəvəri, Abdullah əş-Şərani, Məhəmməd ibn Əli əl-Kəttani, Əbu Bəkr əl-Vasiti və Əbu Əmr əz-Zəccaci onun tanınmış tələbələri və söhbət yoldaşları sırasındadırlar. Buna görə də təsəvvüf təriqətlərinin demək olar ki, hamısı öz silsilələrində Cüneydə yer vermişlər. "Mütləq imam", "Kiçik Şafii" və "Sədri-Kəbir" kimi ləqəblərlə tanınan fiqh alimi İbn Süreyc də onun söhbətlərində iştirak etmiş, mənəvi təsiri altında qaldığını və ruhani sahədə qazandığı bilikləri ona borclu olduğunu bildirmişdir.

Cüneydin kəlam alimləri ilə mübahisələr etdiyi barədə rəvayətlərin bəzilərində mübaliğə olsa da, doğru olanları da vardır. Məsələn, İbn Xəldun onun belə dediyini xüsusi olaraq qeyd edir:

" Heç bir nöqsanı olmayan uca Allahı nöqsan və qüsurlardan uzaq tutmağa çalışmaq əslində bir növ qüsurdur. "

Bu sözlə Cüneyd Allahın kamilliyinin artıq aşkar olduğunu, Onu bu cür ifadələrlə müdafiə etməyin belə bəzən məhdudlaşdırıcı düşüncədən qaynaqlandığını vurğulamaq istəmişdir.

İbn əl-Müləqqinin rəvayətinə görə, Cüneyd ölüm yatağında olarkən belə oturaraq namaz qılmış, bunun özü üçün böyük bir nemət olduğunu söyləmişdir. Ona dincəlməyi tövsiyə edənlərə isə namaza qalxmaqla cavab vermiş və zikri ilə məşğul olduğu halda ruhunu təslim etmişdir. Vəfatından az əvvəl Quran bir dəfə tam oxuyub başa vurmuş, sonra yenidən başlayaraq Bəqərə surəsinin yetmiş ayəsini oxumuşdu. O, hicri 297-ci (909) ildə vəfat etmişdir. Cənazə namazında təxminən altmış min nəfərin iştirak etdiyi rəvayət olunur. Bununla yanaşı, hicri 296 və ya 298-ci ildə vəfat etdiyini bildirən rəvayətlər də mövcuddur. Cüneyd Bağdaddakı Şuniziyyə qəbiristanlığında, dayısı və şeyxi Sirri əs-Səqatinin yanında dəfn edilmişdir. Bundan başqa, islam dünyasının müxtəlif ölkələrində ona aid edilən məqam və ziyarətgahlar da mövcuddur.

Fəlsəfəsi

İcmaçı yönümlü sufizmin ən parlaq ifadəçisi Cüneyd Bağdadi idi. Heç də təsadüfi deyildi ki, Cüneyd Bağdadi sufilərin həm də ən nüfuzlularından idi, seyyid ət-taifə (sufi tayfasının ağası) adlandırılmışdı.

İcmaçı yönümlü sufizm Allahı dərk edərək həqiqətə çatan insanların birliyinə can atırdı və bununla da, müxtəlif sufi ordenlərini, müxtəlif icmaları yaradırdı. Sonradan sufizmin başqa yönümü – zadəgan yönümü formalaşdı.

Əgər sufizmin icmaçı yönümü Allahın anlaşılmasında teizm mövqeyində, transsendental mövqedə dururdusa, sufizmin zadəgan yönümü Allahın mövcudluğunu panteist mövqedən mənalandırırdı. Panteist mövqedən çıxış edən sufilər sufizmdə və ümumiyyətlə, teizm tərəfdarlarının antropomorfizminə qarşı çıxaraq Allahı təbiətin fövqündə duran bir varlıq kimi deyil, bir Dünya Ruhu olaraq qəbul edir və əslində, bununla da, zadəgan dünya anlamını bərpa etmiş olurdular. Sufizmin zadəgan yönümü həqiqətə qovuşan insanı ən kamil varlıq hesab edir və kamil insanın simasında da Allahın özünün təcəssümünü tapır. Zadəgan yönümlü sufizm Allahı kamil insan simasında gördüyündən, dünyanı zülmdən. xəstəlikdən, aclıqdan, ədalətsizlikdən xilas etmək, dünyanı gözəlləşdirmək zərurətini məhz kamil insanın missiyasına aid edir.

Həmçinin bax

  • Sufizm

Ədəbiyyat

  • Adil Əsədov. Fəlsəfə tarixindən etüdlər: İdeal və reallıq arasında ziddiyyət və onun Qərb, rus və Şərq təfəkküründə həll imkankarı. Bakı: Təknur, 2007. – 116 s.
Üst