| Dünyagözəl Qulmanova | |
|---|---|
| türkm. Dünýägözel Gulmanowa | |
| | |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 14 yanvar 1989 (37 yaş) |
| Doğum yeri |
|
| Partiya |
|
| Təhsili |
|
| Fəaliyyəti | siyasətçi |
Dünyagözəl Akmuhammedovna Qulmanova (türkm. Dünýägözel Akmuhammedowna Gulmanowa; 14 yanvar 1989, Aşqabad) — Türkmənistan dövlət xadimi, hazırda Türkmənistan Məclisinin sədri. O, dünyanın ən gənc parlament spikeridir.
Həyatı
Dünyagözəl Qulmanova 14 yanvar 1989-cu il tarixində Aşqabadda anadan olmuşdur. O, 1995–2004-cü illərdə Aşqabadda yerləşən 27 nömrəli ixtisaslaşdırılmış orta məktəbdə təhsil almışdır. 2004–2006-cı illərdə Axal vilayətinin keçmiş Bağır kəndində yerləşən "Bağır" fermer birliyinin icarədar fermeri kimi fəaliyyət göstərmişdir. 2006–2007-ci illərdə isə Axal vilayətinin keçmiş Ruhabat rayon xəstəxanasında kiçik tibb işçisi vəzifəsində çalışmışdır.
2007-ci ildə Türkmənistan Dövlət Universitetinə daxil olmuş və 2012-ci ildə hüquqşünas ixtisası üzrə məzun olmuşdur. 2012–2014-cü illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik İdarəsinin Hüquqi İnformasiya Mərkəzində və Konstitusiya Hüququ şöbəsində baş məsləhətçi işləmişdir. 2014–2015-ci illərdə Ədliyyə Nazirliyinin Kadrlar və İcra İntizamına Nəzarət şöbəsinin baş məsləhətçisi vəzifəsini icra etmişdir. 2015–2016-cı illərdə Eşqabat Şəhər Dövlət Notariat Kontorunda dövlət notariusu təcrübəçisi olmuşdur. 2016–2018-ci illərdə Ədliyyə Nazirliyi və Eşqabat şəhər administrasiyasında müxtəlif vəzifələrdə çalışan Qulmanova, 2018–2021-ci illərdə Ədliyyə Nazirliyinin Qanunvericilik İdarəsinin İqtisadi Qanunvericilik və Normativ Aktların Dövlət Qeydiyyatı şöbəsinin baş məsləhətçisi vəzifəsini tutmuşdur.
14 aprel 2021-ci il tarixində prezident fərmanı ilə Türkmənistan Xalq Məsləhətinin üzvü təyin edilmişdir. 2021–2023-cü illərdə Türkmənistan Xalq Məsləhətinin İnsan Hüquq və Azadlıqlarının Müdafiəsi Komitəsinin sədr müavini, daha sonra isə sədri vəzifələrində çalışmışdır. 2023-cü ilin yanvar ayından etibarən Ədliyyə Nazirliyinin Hüquqi Yardım İdarəsinin Notariat və Vətəndaşlıq Vəziyyəti Aktlarının Qeydiyyatı şöbəsində baş məsləhətçi kimi fəaliyyət göstərmişdir.
2023-cü ilin mart ayında Eşqabadın 5 nömrəli seçki dairəsindən Türkmənistan Məclisinə keçirilən seçkilərdə namizədliyini irəli sürmüş və deputat seçilmişdir. 6 aprel 2023-cü il tarixində o, yekdilliklə Türkmənistan Məclisinin sədri seçilmişdir.
Şəxsi həyatı
Dünyagözəl Qulmanova ailəlidir və iki övladı var. O, Türkmənistan Demokratik Partiyasının üzvüdür.
Təltifləri
10 dekabr 2024-cü il tarixində Dünyagözəl Qulmanova "Məhtimqulu Firaqinin 300 illiyinə" Türkmənistan xatirə nişanı ilə təltif edilmişdir. Bu mükafat ona qüdrətli dövlətin yeni intibah dövründə klassik türkmən şairi Məhtimqulu Firaqinin zəngin yaradıcılıq irsinin tədqiqi və dünya miqyasında təbliği sahəsindəki xüsusi xidmətlərinə görə verilmişdir. Eyni zamanda, gənc nəslin əsrlər boyu formalaşmış milli dəyərlərə, xalqın adət-ənənələrinə hörmət ruhunda tərbiyə olunmasında, onlarda vətənpərvərlik, yüksək mənəviyyat, əməksevərlik, humanizm və rəşadət kimi nəcib keyfiyyətlərin aşılanmasındakı fəaliyyəti yüksək qiymətləndirilmişdir. Təltifetmə şairin anadan olmasının 300 illik yubileyi münasibətilə reallaşmışdır.
- 14 yanvarda doğulanlar
- 1989-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Aşqabadda doğulanlar
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Türkmənistan siyasətçiləri
- XXI əsr hüquqşünasları
- XXI əsr siyasətçiləri