Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Kamilla Fikrət qızı Hüseynova (1 noyabr 1978, Bakı) — Azərbaycan balerinası və baletmeysteri, Azərbaycan Respublikasının xalq artisti (2012).

Kamilla Hüseynova

Vikipediya, azad ensiklopediya
Kamilla Hüseynova
Doğum tarixi 1 noyabr 1978(1978-11-01) (47 yaş)
Doğum yeri
  • Bakı, Azərbaycan SSR, SSRİ
Fəaliyyəti balerina, baletmeyster, balet pedaqoqu[d]
Təhsili
  • Bakı Xoreoqrafiya Məktəbi (1988–1996),
  • Qərb Universiteti (1996–2000)
Mükafatları "Azərbaycan Respublikasının xalq artisti" fəxri adı — 2012 "Azərbaycan Respublikasının əməkdar artisti" fəxri adı — 2006

Kamilla Fikrət qızı Hüseynova (1 noyabr 1978, Bakı) — Azərbaycan balerinası və baletmeysteri, Azərbaycan Respublikasının xalq artisti (2012).

Həyatı

Kamilla Fikrət qızı Hüseynova 1978-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1988-ci ildə Bakı Xoreoqrafiya Məktəbinə daxil olmuşdur. Burada o, Leyla Vəkilova, Tamilla Şirəliyeva, Olqa Arifulina, Pulumb Aqaliu və başqalarından dərslər almışdır. 1996–2000-cı illərdə Qərb Universitetində təhsilini davam etdirmiş, iqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2010-cu ildə Moskvadakı Böyük Teatrda təcrübə keçmişdir. Burada o, Nikolay Tsiskaridze və Lüdmila Semenyakadan dərslər almışdır.

Kamilla Hüseynova 1994-cü ildən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının truppasına işə qəbul olunmuş, uzun illər burada səhnəyə qoyulmuş tamaşalarda bir sıra partiyaları ifa etmişdir. Rusiya, Türkiyə, Fransa, Belarus və Çexiya kimi bir sıra xarici ölkələrin milli teatr səhnələrində çıxış etmişdir. Onun repertuarına Şəhrizad ("Min bir gecə"), Gözəllər gözəli ("Yeddi gözəl"), Tomris ("Rast"), Baycan ("Eşq və ölüm"), Zibeydə ("Şəhrizad"), Gülyanaq ("Qız qalası"), Leyli ("Leyli və Məcnun") və onlarla digər obraz daxil olmuşdur. 2016-cı ilin mayında "Şəhrizad" baletində Zibeydə rolunun ifası ilə səhnə çıxışlarını başa vurmuşdur. O, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppasının və Bakı Xoreoqrafiya Akademiyasının bədii rəhbəri vəzifələrində çalışmışdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə Kamilla Hüseynovaya 16 may 2006-cı ildə "Əməkdar artist", 9 may 2012-ci ildə isə "Xalq artisti" fəxri adları verilmişdir. 2008–2023-cü illərdə ardıcıl olaraq prezident mükafatına layiq görülmüşdür.

Kamilla Hüseynova 2005-ci ildə Tamilla Şirəliyevanın quruluşunda Niyazinin simfonik muğamı əsasında "Rast" muğam-baletində ifasına görə Azərbaycan Teatr Xadimləri İttifaqının "Qızıl dərviş" mükafatına, 2008-ci ildə isə Qara Qarayevin "Yeddi gözəl" baletindəki ifasına görə Mədəniyyət Nazirliyinin "Zirvə" mükafatına layiq görülmüşdür.

Üst