| Bu məqalə portuqaliyalı futbolçu haqqındadır. Braziliyalı futbolçu üçün Ronaldo (braziliyalı futbolçu) səhifəsinə baxın. |
| Kriştiano Ronaldo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
| port. Cristiano Ronaldo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| 2026 FİFA Dünya Kubokunda Ronaldo | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ümumi məlumatlar | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Tam adı | Cristiano Ronaldo dos Santos Aveiro | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Ləqəbi | CR7 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum tarixi | 5 fevral 1985[…] (41 yaş) | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Doğum yeri |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Vətəndaşlığı |
| ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Boyu | 1.89 m | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Çəkisi | 85 kq | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Mövqeyi | hücumçu | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub haqqında məlumat | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Klub | | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Nömrəsi | 7 | ||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| Karyerası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| İmzası | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| | |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
| |||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||||
Kriştiano Ronaldo dos Santos Aveyro (port. Cristiano Ronaldo dos Santos Aveiro; 5 fevral 1985[…], Funşal) — Səudiyyə Ərəbistanı Pro Liqasının "Əl-Nəsr" klubunda və Portuqaliya milli komandasında hücumçu kimi çıxış edən və hər iki komandanın kapitanı olan portuqaliyalı peşəkar futbolçu. Tarixin ən böyük oyunçularından biri və gəlmiş-keçmiş ən yaxşı Portuqaliya futbolçusu kimi qəbul edilən Ronaldo karyerası boyu beş "Qızıl top" (Ballon d'Or) mükafatı, rekord sayda — üç dəfə UEFA Avropada ən yaxşı oyunçu mükafatı və dörd "Qızıl buts" daxil olmaqla çoxsaylı fərdi uğurlara imza atıb. O, FİFA tərəfindən beş dəfə dünyanın ən yaxşı oyunçusu seçilib.
Ronaldo peşəkar futbol tarixində ən çox titul qazanan oyunçulardan biridir; o, karyerası ərzində beş UEFA Çempionlar Liqası, iki UEFA Millətlər Liqası və UEFA Avropa Çempionatı daxil olmaqla 35 kubok qazanıb. Çempionlar Liqasında ən çox qol (140) və ən çox assist (42), Avropa Çempionatında ən çox qol (14) və ən çox assist (8), millidə ən çox oyun keçirmə (233), kişilər arasında millidə ən çox qol vurma (146) və millidə ən çox qələbə qazanma (141) rekordları məhz ona məxsusdur. O, dörd fərqli klubda 100 qol vuran və dörd fərqli ölkə çempionatında bombardir olan yeganə oyunçudur. Karyerası ərzində 1300-dən çox peşəkar oyuna çıxan Ronaldo meydanda qapıçı olmayan (outfield) oyunçular arasında ən çox oyun keçirən futbolçudur. Klub və milli komanda səviyyəsində vurduğu 970-dən çox rəsmi qolla futbol tarixinin ən çox qol vuran futbolçusudur.
Madeyranın Funşal şəhərində doğulan Ronaldo karyerasına "Sportinq" (Sporting CP) klubunda başlayıb, 2003-cü ildə isə "Mançester Yunayted"lə müqavilə imzalayıb. O, ardıcıl üç Premyer Liqa çempionluğu, 2007-2008 mövsümündə Çempionlar Liqasını və 2008-ci ildə FİFA Klublararası Dünya Çempionatını qazanaraq tədricən klubun əvəzolunmaz oyunçusuna çevrilib. 2007-2008 mövsümündəki çıxışına görə Ronaldo 23 yaşında ilk "Qızıl top" mükafatına layiq görülüb. 2009-cu ildə o, 94 milyon avro qarşılığında "Real Madrid"ə transfer olunub və bu, həmin dövr üçün tarixin ən bahalı transferi idi. O, "Real Madrid"in Avropada yenidən dominant gücə çevrilməsinə rəhbərlik edərək, komandanın 2014-2018-ci illər arasında dörd Çempionlar Liqası qazanmasına kömək edib. Bura klubun uzun müddətdir gözlədiyi və Ronaldonun bir Çempionlar Liqası mövsümündə ən çox qol vurma rekordu qoyduğu 2014-cü ildəki onuncu kubok ("La Décima") da daxildir. "Real Madrid"lə o, həmçinin iki La Liqa çempionluğu qazanıb, 2013, 2014, 2016 və 2017-ci illərdə "Qızıl top"a sahib çıxıb və klub tarixinin ən çox qol vuran oyunçusu olub.
"Real Madrid" rəhbərliyi ilə yaşanan problemlərdən sonra Ronaldo 2018-ci ildə İtaliya çempionatı üçün rekord sayılan 100 milyon avroluq transferlə "Yuventus"a keçib. Burada o, ardıcıl iki Seriya A çempionluğu, İtaliya Kuboku və 2021-ci ildə liqanın bombardiri kimi "Capocannoniere" mükafatını qazanmaqda mühüm rol oynayıb. 2021-ci ildə o, "Mançester Yunayted"ə qayıdıb, lakin klub rəhbərliyi ilə yaşanan ictimai münaqişədən sonra 2022-ci ildə müqaviləsinə xitam verilib. Ronaldo 2023-cü ildə "Əl-Nəsr"ə qoşulub və 2024-cü, eləcə də 2025-ci illərdə liqanın bombardiri olmaqla yanaşı, komandanı 2026-cı ildə Səudiyyə Pro Liqasının çempionluğuna daşıyıb.
Ronaldo Portuqaliya millisində debütünü 2003-cü ildə 18 yaşında edib və 200-dən çox oyuna çıxaraq tarixin ən çox milli oyun keçirən kişi futbolçusu olub. O, millidəki ilk qolunu Portuqaliyanın finala yüksəlməsinə kömək etdiyi Avro 2004-də vurub. Avro 2008-dən əvvəl milli komandanın kapitanlığını üzərinə götürüb və Portuqaliyanı Avro 2016-da ilk böyük turnir çempionluğuna aparıb. Avro 2020-də ən çox qol vuran oyunçu kimi "Qızıl buts" mükafatını alıb. O, 2019 və 2025-ci illərdə UEFA Millətlər Liqasını qazanıb və hər iki turniri bombardir kimi başa vurub. 2026-cı ildə altı fərqli Dünya Çempionatında qol vuran ilk futbolçu olub.
Dünyanın ən məşhur və marketinq baxımından ən cəlbedici idmançılarından biri olan Ronaldo 2026-cı ilin aprelində "Sportico" tərəfindən bütün dövrlərin ən çox qazanan üçüncü idmançısı seçilib. 2026-cı ildə Ronaldo 1,2 milyard dollarlıq xalis sərvəti ilə ilk dəfə "Forbes"in Milyarderlərin siyahısına daxil olub. "Time" jurnalı onu 2014-cü ildə dünyanın ən nüfuzlu 100 insanı siyahısına salıb. O, Facebook, X, YouTube və Instagram-da ümumilikdə 1 milyarddan çox izləyicisi ilə sosial mediada ən populyar idmançıdır. Ronaldo 2015-ci ildə UEFA-nın İlin Yekun Rəmzi Komandasına, 2016-cı ildə Bütün Dövrlərin UEFA Avropa Çempionatı XI-nə və 2020-ci ildə "Qızıl top"un Yuxu Komandasına (Dream Team) daxil edilib. Qol vurma sahəsindəki rekordçu uğurlarına görə o, 2021-ci ildə FİFA tərəfindən "Görkəmli Karyera Nailiyyəti" xüsusi mükafatına layiq görülüb.
Həyatı
Ronaldo 5 fevral 1985-ci ildə Portuqaliyanın Madeyra adasının paytaxtı Funşalın San-Pedru (São Pedro) icmasında anadan olub və yaxınlıqdakı Santo-Antonio (Santo António) icmasında böyüyüb. Onun anası Mariya Dolores duş Santuş Viveiruş Aveiru xidmət (hotel/restoran) sektorunda aşpaz və təmizlikçi kimi çalışıb. Atası Joze Dinis Aveiru isə Santo-Antonio bələdiyyəsində (Junta de Freguesia) bağban və "Andorinha" futbol klubunda yarımştat inzibatçı (forma və ləvazimatlara baxan) işləyib. Ronaldonun atası Portuqaliya müstəmləkə müharibəsi zamanı Portuqaliya Ordusunda xidmət edib və Anqolada döyüşlərdə iştirak edib; o, yaşadığı təcrübələrdən travma alıb və bu, onun ömrünün sonunadək alkoqolizmlə mübarizə aparmasına səbəb olub.
Ronaldonun Hüqo adlı bir böyük qardaşı və Elma ilə Liliana "Katia" (Kátia) adlı iki böyük bacısı var. Ona ABŞ prezidenti Ronald Reyqanın şərəfinə bu ad verilib, çünki atası onun pərəstişkarı idi. Ronaldonun anası etiraf edib ki, yoxsulluq, yoldaşının alkoqolizmi və çox uşağının olması səbəbindən onu abort etdirmək istəyib, lakin həkimi bu proseduru həyata keçirməkdən imtina edib. Ronaldo dindar bir katolik ailəsində, yoxsulluq içində böyüyüb və bütün bacı-qardaşları ilə eyni otağı paylaşıb. O, gəncliyində braziliyalı futbolçular Ronaldinyo və Ronaldonu özünə kumir seçib.
Uşaq yaşlarında Ronaldo 1992-1995-ci illərdə "Andorinha"da oynayıb, daha sonra isə iki ilini "Nasional"da (Nacional) keçirib. 1997-ci ildə, 12 yaşında olarkən, o, "Sportinq"də (Sporting CP) üçgünlük sınaq müddətindən keçib və klub onu 1500 funt-sterlinq qarşılığında transfer edib. O, "Sportinq"in gənclər akademiyasına qoşulmaq üçün Madeyradan Lissabona köçüb və şəhərin Telheyras ərazisində yerləşən "Escola EB2 de Telheiras" məktəbində təhsil alıb. Digər tələbələr arasında populyar olsa da, məktəb öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkib. Müəlliminə stul atdıqdan sonra məktəbdən qovulub; onun sözlərinə görə, müəllim ona "hörmətsizlik" edibmiş. Bir il sonra ona taxikardiya (ürək ritminin sürətlənməsi) diaqnozu qoyulub — bu xəstəlik onun futbol karyerasına son qoymaq təhlükəsi yaradıb. O, ürək ablasiyası əməliyyatı keçirib (lazer vasitəsilə ürəkdəki çox sayda elektrik yollarının yandırılaraq bir yola endirildiyi və bununla da onun normal nəbzini tənzimləyən bir ürək əməliyyatı növü). Prosedurdan bir neçə saat sonra o, xəstəxanadan evə buraxılıb və bir neçə gün sonra məşqlərə yenidən başlayıb.
14 yaşına çatdıqda, Ronaldo futbolu yarı-peşəkar səviyyədə oynamaq bacarığına sahib olduğuna inanırdı. O, təhsilini dayandırmaq və tamamilə futbola diqqət yetirmək üçün anası və "Sportinq"dəki tyutoru Leonel Ponteslə razılığa gəlib. O, məktəbi yalnız 6-cı sinfə qədər tamamlaya bilib. 2021-ci ildə Ronaldunun anası verdiyi bir müsahibədə bildirib ki, oğlu peşəkar futbolçu olmasaydı, bənna olacaqdı.
Klub karyerası
Sportinq Lissabon FK
"Sportinq"in gənclər komandalarında çıxış edərkən öz oyunu ilə hamını heyran qoyan Ronaldo baş məşqçi Laslo Bölöni tərəfindən əsas komandaya dəvət edildi. 14 avqust 2002-ci ildə, 17 yaşında olarkən, Ronaldo əsas komandada ilk rəsmi oyununa UEFA Çempionlar Liqasının təsnifat mərhələsində "İnter Milan"a qarşı çıxdı. Onun Portuqaliya Premyer Liqasında debütü bir ay sonra "Braqa"ya qarşı baş tutdu və oktyabrın 7-də "Sportinq"in "Moreyrense"yə 3–0 hesabı ilə qalib gəldiyi oyunda iki qol vurdu. 6 avqust 2003-cü ildə keçirilən yoldaşlıq oyununda "Sportinq" "Mançester Yunayted"i 3–1 hesabı ilə məğlub etdikdən sonra, "Yunayted"in baş məşqçisi Aleks Ferqyuson Ronaldonu transfer etməkdə qərarlı idi; o, Ronaldonu həyatında gördüyü "ən həyəcanverici gənc oyunçulardan biri" kimi təsvir etmişdi.
Mançester Yunayted FK
2003–2007: İnkişaf və irəliləyiş
Ferqyusonun diqqətini cəlb edən həmin oyundan bir həftə keçməmiş, 12 avqust 2003-cü ildə "Mançester Yunayted" Ronaldonu 12 milyon funt-sterlinqə transfer etdi. Bu məbləğ İngiltərədə bir yeniyetmə futbolçu üçün ödənilən rekord məbləğ idi. Bu transfer həm də onu klub tarixinin ilk portuqaliyalı oyunçusu etdi.
"Sportinq"də geyindiyi 28 nömrəli formanı istəməsinə baxmayaraq, ona daha əvvəl Corc Best, Erik Kantona və Devid Bekhem kimi "Yunayted" əfsanələrinin geyindiyi 7 nömrəli forma verildi. 7 nömrəli formanı geyinmək Ronaldo üçün əlavə motivasiya mənbəyinə çevrildi. İngiltərədə keçirdiyi illərdə onun inkişafında ən mühüm rol oynayan şəxs Ferqyuson oldu; Ronaldo sonralar onun haqqında belə deyirdi: "O, mənim idmandakı atam, karyeramın ən vacib və ən təsirli faktorlarından biri olub."

Ronaldo "Yunayted"də debütünü 16 avqust 2003-cü ildə Premyer Liqada "Bolton Uonderers"ə qarşı öz meydanlarında qazandıqları 4–0 hesablı qələbə oyununda, meydana sonradan daxil olaraq etdi. Onun bu çıxışı Corc Best tərəfindən yüksək qiymətləndirildi və o bunu indiyədək gördüyü "şübhəsiz ən həyəcanverici debüt" adlandırdı. Ronaldo "Mançester Yunayted" forması ilə ilk qolunu noyabrın 1-də cərimə zərbəsindən "Portsmut"a qarşı keçirilən və 3–0 hesabı ilə başa çatan oyunda vurdu. 15 may 2004-cü ildə "Aston Villa"ya qarşı qazanılan qələbə oyununda Ronaldo hesab açan qola imza atdı, lakin daha sonra karyerasının ilk qırmızı vərəqəsini aldı. Ronaldo İngiltərə futbolundakı ilk mövsümünü kubokla tamamladı; o, 2004-cü il İngiltərə Federasiya Kubokunun (FA Cup) finalında "Milluoll"a 3–0 hesabı ilə qalib gəldikləri oyunda ilk qolu vurdu. BBC eksperti Alan Hansen onu finalın ulduzu adlandırdı. Mövsüm ərzində Britaniya mətbuatı Ronaldonu rəqiblərini keçmək üçün etdiyi "bəzəkli/həddindən artıq" fəndlərə (aldadıcı hərəkətlərə) görə tənqid edirdi, lakin komanda yoldaşı Qari Nevill onun "sadəcə göstəriş xatirinə oynamadığını, əsl istedad olduğunu" bildirdi və onun dünya səviyyəli bir oyunçu olacağını proqnozlaşdırdı.
2005-ci ilin əvvəlində Ronaldo 2004–2005 mövsümünün ən yaxşı oyunlarından ikisini nümayiş etdirdi — "Aston Villa"ya qarşı bir qol və bir assist ilə yadda qaldı, əzəli rəqib "Arsenal"a qarşı isə dubl etdi. Ronaldo İngiltərə futbolunda ikinci kubokunu qazandı; o, "Uiqan Atletik"ə qarşı 4–0 hesabı ilə başa çatan Liqa Kubokunun final oyununda komandasının üçüncü qoluna imza atdı.
İngiltərədəki üçüncü mövsümündə Ronaldo bir neçə xoşagəlməz hadisə ilə qarşılaşdı. O, cinah oyunçusunun şou xarakterli oyun tərzindən narahat olan hücumçu Rud van Nistelroy ilə münaqişə yaşadı. 2006 FİFA Dünya Kubokunda komanda yoldaşı Ueyn Runinin meydandan qovulması ilə nəticələnən hadisəyə qarışdıqdan sonra, Ronaldo bu insidentlə bağlı klub tərəfindən kifayət qədər dəstək görmədiyini əsas gətirərək ictimaiyyət qarşısında transferini tələb etdi. Lakin "Yunayted" onun klubdan ayrılma ehtimalını rədd etdi. Dünya Çempionatında Runi ilə yaşadığı insidentə görə 2006–2007 mövsümü boyu azarkeşlər tərəfindən fitə basılmasına baxmayaraq, bu mövsüm onun üçün əsl sıçrayış ili oldu; o, karyerasında ilk dəfə 20 qol həddini aşdı və ilk Premyer Liqa çempionluğunu qazandı.
2007–2009: Kollektiv və fərdi uğurlar və Qızıl top

2006–07 mövsümündə Ronaldo bir çox fərdi mükafatlar qazandı; o, Peşəkar Futbolçular Assosiasiyasının (PFA) "Futbolçuların seçimi ilə ilin oyunçusu", "Azarkeşlərin seçimi ilə ilin oyunçusu", "İlin gənc oyunçusu" və Futbol Yazıçıları Assosiasiyasının (FWA) "İlin futbolçusu" mükafatlarına layiq görüldü. Bununla da o, dörd əsas PFA və FWA mükafatlarının hamısını eyni mövsümdə qazanan ilk futbolçu oldu. Ronaldo 2007-ci il "Qızıl top" (Ballon d'Or) səsverməsində Kakadan sonra ikinci yeri tutdu, FİFA tərəfindən verilən "Dünyada İlin Oyunçusu" mükafatı uğrunda mübarizədə isə Kaka və Lionel Messidən geri qalaraq üçüncü oldu.
Ronaldo 12 yanvar 2008-ci ildə "Nyukasl Yunayted"ə qarşı 6–0 hesabı ilə başa çatan oyunda "Yunayted" karyerasındakı ilk het-trikinə imza atdı. Çempionatda vurduğu 31 qol ona həm Premyer Liqa "Qızıl Buts"unu, həm də "Avropa Qızıl butsu"nu qazandırdı və o, sonuncu mükafatı qazanan ilk cinah oyunçusu oldu. Ronaldo əlavə olaraq, ardıcıl ikinci mövsüm PFA-nın "İlin Oyunçusu" və FWA-nın "İlin Futbolçusu" mükafatlarına layiq görüldü. "Yunayted" mayın 21-də Moskvada keçirilən finalda "Çelsi" ilə qarşılaşdı. Oyunda Ronaldonun vurduğu ilk qola rəqib bərabərlik qolu ilə cavab verdi və penaltilər seriyasında onun zərbəsini qapıçı dəf etdi. Buna baxmayaraq, 120 dəqiqəlik mübarizə 1–1 hesabı ilə başa çatdıqdan sonra "Yunayted" penaltilər seriyasında 6–5 hesabı ilə qalib gəldi. Çempionlar Liqasının bombardiri kimi Ronaldo "UEFA-da İlin Ən Yaxşı Klub Futbolçusu" seçildi. Qazandığı 2008-ci il "Qızıl top" və FİFA-nın "Dünyada İlin Futbolçusu" mükafatları ilə Ronaldo 1968-ci ildə Corc Bestdən sonra "Yunayted"in ilk "Qızıl top" qazanan oyunçusu və FİFA-nın dünyada ilin futbolçusu seçdiyi ilk Premyer Liqa oyunçusu oldu.
Qısa müddət sonra Ronaldonun "Real Madrid"ə keçəcəyi ilə bağlı xəbərlər yayıldı. "Yunayted" Madrid klubunun onların oyunçusunu qeyri-qanuni yollarla transfer etməyə çalışması ilə bağlı ali idarəetmə orqanı olan FİFA-ya rəsmi şikayət ünvanlasa da, qurum hər hansı bir tədbir görməkdən imtina etdi və Ronaldo daha bir il "Yunayted"də qaldı. Onun "Portu"ya qarşı cavab oyununda təxminən 36 metrdən vurduğu və komandasına qələbə qazandıran möhtəşəm qol FİFA tərəfindən ilin ən yaxşı qoluna verilən ilk "FİFA Puşkaş mükafatı"na layiq görüldü; o, sonradan bu qolu karyerasında vurduğu ən yaxşı qol adlandırdı. "Yunayted" Romada keçirilən finala qədər yüksəldi, lakin Ronaldonun təsirsiz qaldığı həmin oyunda komanda "Barselona"ya 2–0 hesabı ilə məğlub oldu.
Real Madrid FK
2009–2015: Dünya rekordu transferi və ardıcıl "Qızıl top" qələbələri

2009-cu ildə Ronaldo o dövr üçün dünya rekordu sayılan 80 milyon funt-sterlinq qarşılığında "Real Madrid"ə transfer olundu. Onun "Santyaqo Bernabeu" stadionunda keçirilən təqdimat mərasiminə ən azı 80 000 azarkeş qatıldı və bununla da Dieqo Maradonanı "Napoli"də qarşılayan 75 000 azarkeşlik 25 illik rekord geridə qoyuldu. Ronaldo bu barədə belə demişdi: "Bu, uşaqlıq arzunun — 'Real Madrid' oyunçusu olmaq xəyalımın reallaşmasıdır."
Ronaldo La Liqada debütünü avqustun 29-da "Deportivo La-Korunya"ya qarşı etdi və öz meydanlarında qazanılan 3–2 hesablı qələbədə penaltidən qol vurdu. O, çempionatdakı ilk dörd oyununun hər birində fərqləndi və bu uğura imza atan ilk "Real Madrid" futbolçusu oldu. Klubun heyətində Çempionlar Liqasındakı ilk qollarını isə qrup mərhələsinin ilk oyununda "Sürix"ə qarşı cərimə zərbələrindən vurduğu iki qolla rəsmiləşdirdi. Mövsümə etdiyi güclü başlanğıc oktyabr ayında milli komandanın düşərgəsində olarkən aldığı və onu yeddi həftə meydanlardan uzaq qoyan topuq zədəsi səbəbindən yarımçıq qaldı. Bütün turnirlərdə 33 qol vurmasına və "Real Madrid"in La Liqada 96 xal toplamasına kömək etməsinə baxmayaraq, onun Madriddəki ilk mövsümü titulsuz başa çatdı.

Raulun gedişindən sonra Ronaldoya 2010–2011 mövsümü üçün 7 nömrəli forma verildi. O, bu mövsüm 53 qol vuraraq "Real Madrid"in "Kral Kuboku"nu (Copa del Rey) qazanmasına kömək etdi; "El Klasiko"da əzəli rəqib "Barselona"ya qarşı vurduğu qələbə qolu onun Madriddəki ilk titulu oldu. O, həmçinin La Liqada 40 qol vuran ilk oyunçu kimi tarixə düşdü. Ronaldo "Piçiçi" mükafatı ilə yanaşı, ikinci dəfə "Avropa Qızıl butsu"nu qazandı və bu mükafatı fərqli liqalarda qazanan ilk futbolçu oldu.
Növbəti mövsümdə Ronaldo bütün turnirlərdə 60 qol vuraraq, "Real Madrid"i rekord sayılan 100 xalla son dörd ildəki ilk liqa çempionluğuna daşıdı. O, 2011-ci il "FİFA Qızıl top" səsverməsində Lionel Messidən sonra ikinci yeri tutdu. 24 mart 2012-ci ildə "Real Soseydad"a qarşı 5–1 hesabı ilə qalib gəldikləri oyunda Madrid klubunda 100-cü liqa qolunu vurdu və beləliklə, daha əvvəl Ferents Puşkaşa məxsus olan klub rekordunu təzələdi. 2012–13 mövsümündə o, Çempionlar Liqasında ilk het-trikinə "Ayaks"a qarşı 4–1 hesabı ilə qazanılan qələbədə imza atdı. Dörd gün sonra isə "Kamp Nou"da 2–2 başa çatan oyunda dubl edərək, ardıcıl altı "Klasiko"da qol vuran ilk futbolçu oldu. Bu çıxışları ilə Ronaldo 2012-ci il "FİFA Qızıl top" səsverməsində mükafatı dördüncü dəfə qazanan Messinin ardınca yenidən ikinci seçildi.
2012–13 qış fasiləsindən sonra Ronaldo yanvarın 6-da "Real Soseydad"a qarşı keçirilən rəsmi oyunda ilk dəfə "Real Madrid"in kapitanı olaraq meydana çıxdı və vurduğu iki qolla 10 nəfərlə qalan komandasını 4–3 hesablı qələbəyə daşıdı. Yanvarın 30-da isə o, son 60 ildə "El Klasiko"da "Real Madrid"ə kapitanlıq edən ilk qeyri-ispan oyunçu oldu və bu qarşılaşma onun klub karyerasındakı 500-cü oyunu kimi qeydə alındı.
2013–2014 mövsümündə cinah oyunçusu Qaret Beyl kluba qoşuldu və hücumçu Kərim Benzema ilə birlikdə onlar "BBC" (Bale, Benzema, Cristiano) adlanan və Britaniyanın məşhur yayım şirkəti (BBC) ilə eyni qısaltmanı daşıyan hücum triosunu formalaşdırdılar. Ronaldo məhsuldarlığını davam etdirərək 2013-cü ildə 69 qol vurdu və karyerasında ilk dəfə həm 2013-cü il "FİFA Qızıl top"unu, həm də FİFA tərəfindən verilən "Dünyada İlin Futbolçusu" mükafatını eyni vaxtda qazandı.
Fərdi uğurları ilə yanaşı, Ronaldo İspaniyadakı ən böyük komanda müvəffəqiyyətinə də imza atdı; o, Madrid derbisi "Atletiko Madrid"ə qarşı finalda 4–1 hesabı ilə qalib gəldiyi oyunda (120-ci dəqiqədə penaltidən qol vuraraq) "La Décima" — yəni onuncu Avropa Kubokunu (Çempionlar Liqası) qazanmasına kömək etdi. Bununla da o, iki fərqli çempion komandanın heyətində iki Avropa Kuboku finalında qol vuran ilk oyunçu oldu. Rekord sayda — 17 qolla üçüncü dəfə turnirin bombardiri olan Ronaldo "UEFA-da Avropanın Ən Yaxşı Oyunçusu" seçildi. O, çempionatda keçirdiyi 30 oyunda 31 qol vuraraq həm "Piçiçi", həm də "Liverpul"un hücumçusu Luis Suarezlə birlikdə "Avropa Qızıl butsu" mükafatını bölüşdü. Mayın 4-də "Valensiya"ya qarşı oyunun son saniyələrində dabanı ilə vurduğu akrobatik qol İspaniya Milli Futbol Liqası (LFP) tərəfindən mövsümün qolu seçildi və bu, ona La Liqada "Ən yaxşı oyunçu" mükafatını qazandırdı.
2014–2015 mövsümündə Ronaldo 61 qol vuraraq yeni şəxsi rekordunu müəyyənləşdirdi və 2014-cü il FİFA Klublararası Dünya Çempionatını qazandıqdan sonra 2014-cü il "Qızıl top" mükafatına layiq görüldü. Beləliklə, o, Yohan Kroyf, Mişel Platini və Marko van Basten kimi bu mükafatı üç dəfə qazanan oyunçuların sırasına qoşuldu. "Real Madrid" La Liqanı ikinci sırada tamamladı və Çempionlar Liqasının yarımfinal mərhələsində mübarizəni dayandırdı. Ronaldo vurduğu 10 qolla ardıcıl üçüncü mövsüm turnirin bombardiri oldu (Messi və Neymarla birlikdə). Aprelin 5-də "Qranada"nın 9–1 hesabı ilə darmadağın edildiyi oyunda karyerasında ilk dəfə bir matçda beş qol vurdu (bura səkkiz dəqiqə ərzində etdiyi het-trik də daxil idi). Üç gün sonra "Rayo Valyekano"ya qarşı qazanılan 2–0 hesablı qələbədə klubundakı 300-cü qoluna imza atdı. O, mövsümü 48 qolla başa vuraraq ardıcıl ikinci dəfə "Piçiçi" mükafatını və rekord sayda — dördüncü dəfə "Avropa Qızıl butsu"nu qazandı.
2015–2018: Çempionlar Liqası və "Real Madrid" tarixinin ən çox qol vuran oyunçusu və beşinci "Qızıl top"

Kriştiano Ronaldo 12 sentyabr 2015-ci ildə "Espanyol"a qarşı keçirilən oyunda "Real Madrid" forması ilə 203 matçda 230 qola çataraq əvvəlki rekordçu Raulu geridə qoydu və klub tarixinin ən məhsuldar futbolçusu oldu. Ronaldo həmçinin 2015–2016 UEFA Çempionlar Liqasının ilk qrup oyununda "Şaxtyor Donetsk"ə qarşı etdiyi het-triklə Çempionlar Liqası tarixinin ən çox qol vuran oyunçusuna çevrildi (əvvəlki mövsümü Messi ilə birlikdə 77 qolla tamamlamışdı). Sentyabrın 30-da "Malmö"yə qarşı səfərdə qazanılan 2–0 hesablı qələbədə vurduğu iki qol, onun klub və milli komanda səviyyəsində karyerasının 500-cü qol mərhələsinə çatmasını təmin etdi. Finalda Ronaldo şəhər rəqibi "Atletiko Madrid"ə qarşı penaltilər seriyasında komandasına qələbə qazandıran qolu vuraraq üçüncü Çempionlar Liqası titulunu qazandı. O, Portuqaliya millisi ilə Avro 2016-da qazandığı böyük uğura görə dördüncü "Qızıl top" (2016) mükafatına və əvvəlki "FİFA-da Dünyada İlin Futbolçusu" mükafatının yenidən bərpası olan ilk "FİFA-nın Ən yaxşı kişi oyunçusu" mükafatına layiq görüldü.
2016–2017 UEFA Çempionlar Liqasının aprel ayında "Bayern"ə qarşı keçirilən dörddəbir final oyununda Ronaldo səfərdə qazanılan 2–1 hesablı qələbədə hər iki qola imza atdı. Bununla da o, UEFA klub turnirlərində 100 qol həddinə çatan ilk futbolçu kimi tarixə düşdü. Mayın 17-də Ronaldo "Selta Viqo"ya iki qol vuraraq Avropanın top-5 liqalarında bütün dövrlərin ən çox qol vuran oyunçusu olan Cimmi Qrivzi geridə qoydu. O, mövsümü bütün turnirlərdə 42 qolla tamamlayaraq, "Real Madrid"in 2012-ci ildən bəri ilk La Liqa çempionluğunu qazanmasına kömək etdi.
Finalda Ronaldo "Yuventus" üzərində qazanılan 4–1 hesablı qələbədə iki qol vuraraq həmin mövsümdəki qol sayını 12-yə çatdırdı. Bu, onu ardıcıl beşinci (ümumilikdə altıncı) dəfə turnirin bombardiri etdi və o, Çempionlar Liqası erasında üç fərqli finalda qol vuran ilk futbolçu oldu; vurduğu ikinci qol onun peşəkar karyerasının 600-cü qolu kimi qeydə alındı. "Real Madrid" həmçinin Çempionlar Liqası erasında ardıcıl iki finalı qazanan ilk komanda oldu.
Oktyabrın 23-də Ronaldo 2017-ci il boyu nümayiş etdiyi çıxışlarına görə ardıcıl ikinci il "FİFA-nın Ən Yaxşı Kişi Oyunçusu" mükafatına layiq görüldü. Bir gün sonra o, Parisdə, Eyfel qülləsində keçirilən mərasimdə karyerasında beşinci dəfə 2017-ci il "Qızıl top" mükafatını qazandı. 3 aprel 2018-ci ildə, 2017–2018 UEFA Çempionlar Liqasının dörddəbir finalında "Yuventus"a qarşı səfərdə qazanılan 3–0 hesablı qələbədə ilk iki qolu Ronaldo vurdu; onun ikinci qolu akrobatik qayçı zərbəsi idi. "Yuventus"un müdafiəçisi Andrea Bardzali tərəfindən "PlayStation qolu" kimi təsvir edilən bu zərbə zamanı Ronaldonun ayağı yerdən təxminən 2.31 metr hündürlükdə idi. Bu qol stadiondakı rəqib azarkeşlər tərəfindən ayaqüstü alqışlarla qarşılandı, həmçinin həmkarları, ekspertlər və məşqçilər tərəfindən böyük rəğbət topladı.
Mayın 26-da keçirilən finalda "Real Madrid" "Liverpul"u 3–1 hesabı ilə məğlub etdi və Ronaldo beşinci Çempionlar Liqası kubokunu qazanan ilk futbolçu oldu. O, 15 qolla ardıcıl altıncı mövsüm turnirin bombardiri kimi çıxışını başa vurdu. Finaldan sonra Ronaldo "Real Madrid"dəki fəaliyyətindən keçmiş zamanda danışdı və bu onun klubdan ayrıla biləcəyi ilə bağlı söz-söhbətlərə səbəb oldu.
Mançester Yunaytedə qayıdış
2021–2023: Çempionlar Liqasında oyun rekordu və 100 Premyer Liqa qolu

27 avqust 2021-ci ildə "Mançester Yunayted" şəxsi şərtlərin razılaşdırılması, viza və tibbi müayinədən keçmək şərti ilə Ronaldo ilə yenidən müqavilə imzalamaq üçün "Yuventus"la razılığa gəldiyini elan etdi. Edinson Kavaninin 21 nömrəli formaya keçməyə razılıq verməsindən sonra Ronaldoya 7 nömrəli forma verildi. Ronaldonun formasının satışa çıxarıldığı ilk 24 saat ərzində bir transferdən sonrakı bütün dövrlərin satış rekordunu qırdığı və Messinin "Paris Sen-Jermen"ə keçidindən sonrakı göstəricisini geridə qoyduğu bildirildi.
Sentyabrın 11-də Ronaldo "Old Trafford"da ikinci debütünə çıxdı və çempionatda "Nyukasl Yunayted"ə qarşı qazanılan 4–1 hesablı qələbədə ilk iki qolu vurdu. Sentyabrın 29-da o, Çempionlar Liqasında "Yunayted"in öz meydanında "Vilyarreal"a 2–1 hesabı ilə qalib gəldiyi oyunda son dəqiqə qələbə qolunu vurdu və İker Kasilyası geridə qoyaraq bu turnirdə ən çox oyuna çıxan futbolçu oldu. Ronaldo Çempionlar Liqasının növbəti oyunlarında da həlledici rol oynadı və vurduğu müxtəlif son dəqiqə qolları ilə "Yunayted"in qrup qalibi kimi 1/8 finala yüksəlməsinə kömək etdi. Dekabrın 2-dən etibarən, Ronaldonun "Arsenal"a qarşı öz meydanlarında qazandıqları 3–2 hesablı liqa qələbəsində vurduğu iki qol onun karyerasında 800 qol həddini aşmasını təmin etdi. Daha sonra komanda yoldaşları və müvəqqəti baş məşqçi ilə pisləşən münasibətlər səbəbindən iki ay davam edən çətinliklər yaşandı; bu gərginlik onun 15 fevral 2022-ci ildə "Brayton"a qarşı keçirilən və 2–0 hesabı ilə başa çatan ev oyununda vurduğu yeni ilin ilk qoluna qədər davam etdi. O, mövsümü bütün turnirlərdə 24 qolla tamamlayaraq Premyer Liqada "İlin Rəmzi Komandası"na seçildi və "Yunayted"də "Ser Mett Basbi adına İlin Oyunçusu" mükafatını qazandı. Lakin "Yunayted" mövsümü məyusedici şəkildə altıncı sırada başa vuraraq UEFA Avropa Liqasına vəsiqə qazandı; nəticədə Ronaldo 2010-cu ildən bəri ilk dəfə bir mövsümü titulsuz tamamladı.
"Yunayted"in meydandakı və meydankənarındakı gedişatından getdikcə artan narazılıqdan sonra Ronaldo Çempionlar Liqasında mübarizə aparan bir kluba qoşulmaq üçün komandadan ayrılmaq istədi. Lakin onun yaşı, transferin ümumi dəyəri və yüksək maaş tələbləri səbəbindən müxtəlif Avropa klubları bu transferdən imtina etdi və keçid baş tutmadı. Qısa müddət sonra onu əvəzedici oyunçu kimi istifadə edən baş məşqçi Erik ten Haqla münasibətləri pisləşdi. Ronaldonun Pirs Morqana verdiyi müsahibədə Ten Haq tərəfindən "xəyanətə uğradığını" hiss etdiyini bildirməsi və klub rəhbərliyini tənqid etməsindən sonra noyabrın 22-də "Mançester Yunayted" onun müqaviləsinə birtərəfli qaydada xitam verdi.
Əl-Nəsr FK
2023-cü ildən: Asiya futbolunda "inqilab" və Səudiyyə Pro Liqasının çempionu

30 dekabr 2022-ci ildə Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubu Ronaldo ilə razılığa gəldiyini və onunla 2025-ci ilə qədər müqavilə imzalandığını elan etdi. Ronaldo illik 90 milyon avro zəmanətli futbol maaşı da daxil olmaqla, kommersiya və sponsorluq müqavilələri ilə birlikdə ümumi illik qazancını 200 milyon avroya çatdıraraq futbol tarixindəki ən yüksək maaşı aldı. O, "Əl-Nəsr" heyətində debütünü 22 yanvar 2023-cü ildə klub kapitanı kimi etdi və "Əl-İttifaq" üzərində qazanılan 1–0 hesablı qələbə oyununda tam 90 dəqiqə meydanda qaldı; ilk qolunu isə "Əl-Fateh" ilə 2–2 başa çatan oyunda son dəqiqədə penaltini dəqiq yerinə yetirərək vurdu. Fevralın 9-da Ronaldo "Əl-Vəhda"ya qarşı qazanılan 4–0 hesablı qələbədə dörd qolun hamısına imza atdı və matçdakı ilk qolu onun karyerasındakı 500-cü liqa qolu oldu. BBC-nin məlumatına görə, Ronaldonun "Əl-Nəsr"ə transferi Asiya futbolunda bir "inqilab"a səbəb oldu; belə ki, digər liqalardan, xüsusən də Avropadan bir çox oyunçu 2023–2024 mövsümü üçün Səudiyyə Pro Liqası klublarına transfer olundu.
Avqustun 12-də keçirilən Ərəb Klubları Çempionlar Kubokunun finalında Ronaldo əzəli rəqib "Əl-Hilal"ı əlavə vaxtda 2–1 hesabı ilə məğlub etdikləri oyunda hər iki qolu vurdu. Ronaldo turniri ümumilikdə altı qolla başa vurdu. İlin sonunda Ronaldo "Əl-Nəsr" və Portuqaliya millisi üçün bütün turnirlərdə ümumilikdə 54 qol vuraraq 2023-cü ilin şəksiz bombardiri oldu və 2016-cı ildəki qol rekordunu təkrarladı. 27 may 2024-cü ildə "Əl-Nəsr"in öz meydanında "Əl-İttihad"a qarşı keçirdiyi oyunda Ronaldo mövsümdəki 34 və 35-ci liqa qollarını vuraraq, Əbdürrəzaq Həmdallahın Səudiyyə Pro Liqasında bir mövsümdə ən çox qol vurma rekordunu təzələdi. O, həmçinin dörd fərqli çempionatda — İngiltərə, İspaniya, İtaliya və Səudiyyə Ərəbistanı liqalarında bombardir olan ilk futbolçu kimi tarixə düşdü. Mayın 31-də, əlavə vaxtı 1–1 başa çatan və penaltilər seriyasında "Əl-Hilal"a 5–4 hesabı ilə məğlub olduqları 2024 Kral Kuboku finalında (burada o, komandasının ikinci penalti zərbəsini qola çevirmişdi) Rojerio Seninin kişi peşəkar futbolçular arasında ən çox yüksək səviyyəli oyuna çıxma rekordunu (1225) təkrarladı.

30 yanvar 2025-ci ildə o, klub səviyyəsində 700 qələbə qazanan ilk oyunçu oldu və eyni zamanda "Əl-Raed"ə qarşı səfərdə qazanılan 2–1 hesablı qələbə oyununda qol vurdu. Fevralın 28-də Ronaldo "Əl-Nəsr" heyətində bütün turnirlərdə 100-cü oyununa çıxdı və bu matç "Əl-Urobah"a qarşı səfərdə 2–1 hesablı məğlubiyyətlə başa çatdı. Mayın 26-da, mövsümün son günündə "Əl-Fateh"ə səfərdə 3–2 hesabı ilə uduzduqları oyunda o, klub karyerasındakı 800-cü qolunu vurdu. Oyundan sonra o, komandadan ayrıla biləcəyinə işarə vursa da, nəticədə "Əl-Nəsr" ilə müqaviləsini 2027-ci ilə qədər uzatdı. Buna baxmayaraq, o, 2024–25 mövsümünü 25 liqa qolu ilə tamamlayaraq ardıcıl ikinci dəfə liqanın bombardiri oldu.
Avqustun 23-də Ronaldo penaltidən "Əl-Nəsr"dəki 100-cü qolunu vurdu və tarixdə dörd fərqli klubun hər birində 100 qol həddinə çatan ilk oyunçu oldu. 2026-cı ilin fevral ayının əvvəlində yayılan məlumatlara görə, Ronaldo tam formada olmasına baxmayaraq, Səudiyyə Ərəbistanının Dövlət İnvestisiya Fonduna (PIF) etiraz olaraq, klubun transfer strategiyası və rəqabət qabiliyyəti ilə bağlı narahatlıqlarını əsas gətirərək "Əl-Nəsr"də oynamaqdan imtina etdi. O, fevralın 14-də yenidən meydana qayıtdı və "Əl-Fateh" üzərində səfərdə qazanılan 2–0 hesablı qələbədə qol vurdu. Fevralın 21-də "Əl-Həzm"ə qarşı qazanılan 4–0 hesablı qələbədə dubl etdi; onun vurduğu ilk qol onu futbol tarixində 30 yaşından sonra karyerasında 500 qol vuran ilk oyunçu etdi. Mayın 21-də o, "Damak" üzərində qazanılan 4–1 hesablı qələbədə iki qol vuraraq final matçında klubunun Səudiyyə Pro Liqasının çempionluğunu təmin etdi. Bu, Ronaldonun son beş ildəki ilk liqa çempionluğu, "Əl-Nəsr"in isə 2018–2019 mövsümündən bəri ilk liqa çempionluğu kimi qeydə alındı.
Milli komanda karyerası

18 yaşında olan Ronaldo 20 avqust 2003-cü ildə Qazaxıstana qarşı keçirilən oyunda əvəzedici kimi meydana daxil olaraq Portuqaliya millisində debüt etdi. UEFA Avro 2004-ün qrup mərhələsində milli komandadakı səkkizinci oyununda Yunanıstana 2–1 hesabı ilə uduzduqları matçda o, milli komandadakı ilk qolunu vurdu. Portuqaliyanın finalda yenidən Yunanıstana uduzmasına baxmayaraq, Ronaldo iki assist və iki qolla turnirin rəmzi komandasına seçildi. 2006-cı il FİFA Dünya Çempionatında 21 yaş 132 günlüyündə olan Ronaldo Dünya Çempionatlarının final mərhələsində Portuqaliya adından qol vuran ən gənc futbolçu oldu. Portuqaliya yarımfinala qədər yüksəldi, lakin burada Fransaya uduzdu; dörddəbir finalda İngiltərəyə qarşı yaşanan insidentə görə Ronaldo məğlubiyyət zamanı azarkeşlər tərəfindən fitə basıldı. FİFA-nın Texniki Araşdırma Qrupu onun bu davranışını nəzərə alaraq onu turnirin "Ən Yaxşı Gənc Oyunçusu" mükafatından məhrum etdi və mükafatı almaniyalı Lukas Podolskiyə təqdim etdi.
6 fevral 2007-ci ildə Kriştiano Braziliyaya qarşı keçirilən yoldaşlıq oyununda ilk dəfə Portuqaliya millisinə kapitanlıq etdi. O, UEFA Avro 2008-dən əvvəl 7 nömrəli formanı geyindi. Seçmə mərhələdə səkkiz qol vuraraq ən çox qol vuran ikinci oyunçu olmasına baxmayaraq, final mərhələsində yalnız bir qol vurdu — bu, qrup mərhələsində Çexiyaya 3–1 hesabı ilə qalib gəldikləri oyundakı ikinci qol idi. Portuqaliya dörddəbir finalda Almaniyaya 3–2 hesabı ilə uduzaraq mübarizəni dayandırdı.
Ronaldo 2010-cu il Dünya Çempionatının seçmə mərhələsində qol vura bilmədi. O, 2010-cu il Dünya Çempionatının final mərhələsində də yalnız bir qol vurdu; buna baxmayaraq, Kot-d'İvuar, Şimali Koreya və Braziliyaya qarşı keçirilən hər üç qrup oyununda matçın adamı seçildi. Turnirdəki yeganə qolunu Şimali Koreyanı 7–0 hesabı ilə darmadağın etdikləri oyunda vurdu ki, bu da onun son 16 ayda milli komandadakı ilk qolu idi.
İki il sonra, UEFA Avro 2012-də Ronaldo vurduğu üç qolla turnirin şərikli bombardiri oldu və bu göstərici onun turnirin rəmzi komandasına daxil edilməsi üçün kifayət etdi. 2014-cü il FİFA Dünya Çempionatının seçmə mərhələsində Ronaldo səkkiz qol vurdu. Buna baxmayaraq, Portuqaliya çempionata birbaşa vəsiqə qazana bilmədi; Ronaldo pley-offda İsveçə qarşı vurduğu dörd qolun hamısına imza ataraq komandasını çempionata daşıdı. Braziliyada keçirilən turnirdə Ronaldo ABŞ ilə 2–2 başa çatan oyunda son dəqiqə bərabərlik qolunun ötürməsini verdi və Qana üzərində qazanılan 2–1 hesablı qələbədə 80-ci dəqiqədə qələbə qolunu vurdu.

2016-cı ildə Ronaldo Portuqaliyanı UEFA Avro 2016-da ilk çempionluğuna aparsa da, meydan sahibləri Fransaya qarşı keçirilən final oyununun 25-ci dəqiqəsində zədələnərək əvəzləndi. O, ən çox qol vuran ikinci oyunçu kimi "Gümüş buts" mükafatını aldı və bu uğur ona həmin ilin sonunda dördüncü "Qızıl top"unu qazandırdı. Bu qələbə ilə Portuqaliya Rusiyada keçirilən FİFA Konfederasiyalar Kubokuna vəsiqə qazandı və burada üçüncü yeri tutdu; Ronaldo Portuqaliyanın hər üç qrup oyununda matçın adamı seçildi.
2018-ci il Dünya Çempionatında Ronaldo İspaniya ilə 3–3 başa çatan oyunda het-trik edərək Dünya Çempionatı matçında het-trik edən ən yaşlı oyunçu oldu. Növbəti oyunda Ronaldo Mərakeş üzərində qazanılan 1–0 hesablı qələbədə yeganə qolu vuraraq 85 milli qolla Ferents Puşkaşın rekordunu qırdı və bütün dövrlərin ən çox qol vuran avropalı futbolçusu oldu. Turnirdəki çıxışlarına görə Ronaldo Dünya Çempionatının Rəmzi Komandasına ("Dream Team") daxil edildi.
Ronaldo Portuqaliyanı 2019-cu ildə keçirilən ilk UEFA Millətlər Liqasında çempionluğa daşıdı və final mərhələsinin bombardiri mükafatını aldı, həmçinin Avro 2020-nin bombardiri kimi "Qızıl buts" qazandı. Ronaldo həm də beş Avropa Çempionatında qol vuran ilk oyunçu oldu. 23 iyun 2021-ci ildə Ronaldo Avro 2020-nin Fransa ilə oyununda iki qol vuraraq əvvəllər Əli Dayiyə məxsus olan kişilər arasında millidə ən çox qol vurma rekordunu qırdı.

Oktyabrın 9-da o, "Alqarve" stadionunda Qətər üzərində qazanılan 3–0 hesablı yoldaşlıq qələbəsində hesabı açan qolu vurdu; milli komandada 181-ci oyununa çıxaraq Serxio Ramosun avropalı futbolçular arasında ən çox milli oyun keçirmə rekordunu təzələdi. Oktyabrın 12-də Lüksemburqa qarşı keçirilən növbəti oyunda Ronaldo Portuqaliyanın 5–0 hesablı qələbəsində het-trik etdi və beləliklə, kişi futbolunda milli komandada 10 het-trik edən ilk oyunçu oldu.
2022-ci il Dünya Çempionatında noyabrın 24-də Ronaldo Qana ilə oyunda penaltini dəqiq yerinə yetirərək beş Dünya Çempionatında qol vuran ilk kişi futbolçu oldu. Cənubi Koreya ilə son qrup oyunundan sonra baş məşqçi Fernandu Santuş ilə yaşanan gərginliyə görə, o, Portuqaliyanın 1/8 final oyununda start heyətindən kənarlaşdırıldı; bu, Avro 2008-dən bəri ilk dəfə idi ki, o, böyük bir turnirdə Portuqaliyanın oyununa start heyətdə başlamırdı və Avro 2000-dən bəri ilk dəfə idi ki, Portuqaliya pley-off oyununa Ronaldosuz çıxırdı.
23 mart 2023-cü ildə Ronaldo Lixtenşteynə qarşı iki qol vuraraq milli komandada 197-ci oyununa çıxdı və bütün dövrlərin ən çox milli oyun keçirən kişi futbolçusu oldu. İyunun 20-də Ronaldo Avro seçmə mərhələsində İslandiyaya səfərdə qazanılan qələbədə yeganə qolu vuraraq milli komandada 200-cü oyununu keçirdi və kişi futbolu tarixində milli komandada 200 oyuna çıxan ilk futbolçu oldu. Oktyabrın 16-da Portuqaliya Bosniya və Herseqovina üzərində səfərdə 5–0 hesablı qələbə qazanaraq seçmə qrupunda birinci yeri təmin etdi; Ronaldo bu oyunda iki qol vurdu.

UEFA Avro 2024-ün ilk oyununda Çexiyaya qarşı meydana çıxmaqla Ronaldo altı Avropa Çempionatında iştirak edən ilk oyunçu oldu (daha əvvəl beş turnirdə oynayan ilk futbolçu idi). Həmin ilin sonunda, 5 sentyabrda UEFA Millətlər Liqasında Xorvatiya üzərində qazanılan 2–1 hesablı qələbədə o, karyerasındakı 900-cü qolunu vurdu. Noyabrın 15-də UEFA Millətlər Liqasında Polşa üzərində qazanılan 5–1 hesablı qələbədən sonra (burada iki qol vurmuşdu) Ronaldo 132-ci milli qələbəsini qazanaraq Serxio Ramosun rekordunu geridə qoydu. 8 iyun 2025-ci ildə Ronaldo ikinci Millətlər Liqası titulunu qazandı; o, turnirdə 9 oyunda 8 qol vuraraq Portuqaliyanın finalda İspaniyanı məğlub etməsinə kömək etdi.
Oktyabrın 14-də Ronaldo 2026-cı il Dünya Çempionatının seçmə mərhələsində Macarıstanla 2–2 başa çatan oyunda dubl edərək Dünya Çempionatının seçmə mərhələlərində rekord sayda — 41-ci qoluna çatdı. Noyabrın 14-də Dublində keçirilən Dünya Çempionatının seçmə mərhələsində Portuqaliyanın İrlandiyaya 2–0 məğlub olduğu oyunda müdafiəçi Dara O'Şiyə arxadan dirsəklə vurduğuna görə Ronaldo qırmızı vərəq alaraq qovuldu. Nəticədə FİFA ona üç aylıq cəza və bir illik şərti cəza kəsdi, lakin bu, onun Dünya Çempionatında oynamasına mane olmadı.
19 may 2026-cı ildə Ronaldo Portuqaliyanın 2026 FİFA Dünya Çempionatı üçün 26 nəfərlik heyətinə seçildi və bu, onun turnirdə rekord göstəricini təkrarlayan altıncı iştirakı oldu. İyunun 23-də keçirilən ikinci qrup oyununda Özbəkistana 5–0 hesabı ilə qalib gəldikləri matçda iki qol vuraraq altı FİFA Dünya Çempionatı turnirində qol vuran ilk oyunçu oldu və Dünya Çempionatındakı qol sayını 10-a çatdıraraq Eysebioya məxsus olan 9 qolluq Portuqaliya rekordunu geridə qoydu. İyulun 2-də o, 1/16 finalda Xorvatiyaya 2–1 hesabı ilə qalib gəldikləri oyunda penaltini dəqiq yerinə yetirərək Dünya Çempionatlarının pley-off mərhələsindəki ilk qolunu vurdu. Dörd gün sonra Portuqaliya 1/8 finalda İspaniyaya 1–0 hesabı ilə məğlub olaraq mübarizəni dayandırdı; oyunda qələbə qolunu əlavə vaxtda Mikel Merino vurdu. Ümumilikdə, şərhçilər Ronaldonun 2026-cı il Dünya Çempionatındakı çıxışını səmərəsiz və təsirsiz qiymətləndirdilər.
Oyunçu profili
Oyun üslubu

Hücumun hər bir mövqeyində oynaya bilən universal bir hücumçu olan Ronaldo, həm hər iki cinahda, həm də meydançanın mərkəzində çıxış etmək qabiliyyətinə malikdir. Əsasən sağ ayaqlı olsa da, hər iki ayağından çox güclü istifadə edir. Taktiki baxımdan Ronaldo karyerası boyunca bir neçə təkamül keçirib. "Sportinq"də və "Mançester Yunayted"dəki ilk mövsümündə o, adətən yarımmüdafiənin sağında ənənəvi cinah oyunçusu (vinger) kimi çıxış edir və müntəzəm olaraq cərimə meydançasına asmalar etməyə çalışırdı. Bu mövsüm və mövqelərdə o, təkbətək vəziyyətlərdə rəqibləri keçmək üçün öz sürətindən, təcilindən, çevikliyindən və texniki bacarıqlarından istifadə edə bilirdi. Ronaldo öz driblinqləri, parlaq oyun tərzi və tez-tez nümayiş etdirdiyi fəndləri ilə tanındı; onun vizit kartına çevrilən aldadıcı ayaq hərəkətləri ("step-over") və "chop" fəndi, həmçinin "flip-flap" (elastiko) fəndindən istifadə etməsi buna misaldır.
Fiziki gücü, tullanmaq qabiliyyəti, qalxma hündürlüyü, dəqiq baş zərbələri və 1,87 m boyu ona hava mübarizələrində böyük üstünlük verir. Bu keyfiyyətlər ona "hədəf santrfor" (target-man) kimi çıxış etməyə və cərimə meydançasında başla real qol təhlükəsi yaratmağa imkan verir; nəticədə vurduğu qolların bir çoxu məhz baş zərbələri ilə olub. Ronaldo futbol tarixində ən yüksək tullanma rekorduna sahibdir (2,93 metr); o, bu nəticəni 2013-cü ildə "Real Madrid"in heyətində UEFA Çempionlar Liqasının 1/8 finalında "Mançester Yunayted"ə qarşı keçirilən oyunda göstərib. Yüksək dözümlülüyü və iş əmsalı ilə yanaşı, ona hücumları yekunlaşdırmaq üçün mərkəzə doğru hərəkət etmək azadlığı verildiyi sol cinahda qol vurmaq bacarığı kəskin şəkildə artdı. O, həmçinin komandası üçün yaradıcı rol oynamağa başladı; meydanın dərinliklərinə enərək topu qəbul edir, hücumların qurulmasında iştirak edir və meydanı görmə qabiliyyəti, dəqiq ötürmələri sayəsində komanda yoldaşlarına şanslar yaradırdı.
"Yunayted"dəki son mövsümlərində Ronaldo daha hücumameyilli və mərkəz rolunu üstələndi; həm hücumçu, həm ikinci hücumçu, hətta bəzi hallarda hücumameyilli yarımmüdafiəçi kimi çıxış etdi. O, güclü zərbə qabiliyyəti sayəsində həm cərimə meydançası daxilində, həm də uzaq məsafədən dəqiq və qüvvətli zərbələrlə hücumları tamamlaya bilən məhsuldar bir bombardirə çevrildi. Penalti zərbələrini dəqiq yerinə yetirən Ronaldo eyni zamanda özünün güclü və qovs götürən cərimə zərbələri ilə tanınan bir standart vəziyyət mütəxəssisi oldu. Cərimə zərbələrini vurarkən Ronaldo ilk dəfə Juninyo Pernambukano tərəfindən tətbiq edilən "naklbol" (knuckleball — topun havada gözlənilməz trayektoriya alması) texnikasından istifadə etməsi ilə məşhurdur. O, topa zərbə endirməzdən əvvəl ayaqlarını aralı qoyaraq özünəməxsus duruş alır. Ronaldonun cərimə zərbələrini vurma üslubu haqqında "Yunayted"in keçmiş baş məşqçi köməkçisi Mayk Filan belə demişdi: "Əvvəllər insanlar topu yerə qoyar, geriyə addımlayar, qaçıb zərbə vurardılar. O isə buna daha dinamik bir şou elementləri gətirdi. Topu yerə qoyur, konsentrasiya səviyyəsi pik həddə çatır, dəqiq sayda addımlarla geriyə çəkilir ki, dayaq ayağı topu ən mükəmməl nöqtədən vurmaq üçün ideal mövqedə olsun. O, əsl şoumendir. Onda yüngül bir təkəbbür var. Şortikini yuxarı çəkib budlarını göstərəndə sanki 'Hamının gözü məndə olsun, bu top qapıdan keçəcək' deyir. O, məsələnin marketinq tərəfini çox yaxşı anlayır. Onun yaxınlaşması, topu yerləşdirməsi... bütün dünya onu izləyir."

"Real Madrid"də Ronaldo hücumameyilli rolunu davam etdirdi, yaradıcılıq və müdafiə öhdəlikləri isə tamamilə yox olmasa da, daha da məhdudlaşdı. Baş məşqçilər Manuel Pelleqrini və Joze Mourinyo tərəfindən ilkin olaraq mərkəz hücumçusu kimi istifadə edilsə də, sonradan sərbəst taktiki rolla yenidən sol cinaha keçirildi; bu mövqe ona istədiyi zaman mərkəzə daxil olaraq asmaları tamamlamağa və qol vurmağa, yaxud topsuz hərəkətliliyi ilə müdafiəçiləri öz üzərinə çəkərək komanda yoldaşlarına boş sahələr yaratmağa imkan verirdi. "Real Madrid"in əks-hücuma əsaslanan oyun üslubu da Ronaldonun daha effektiv və sabit oyunçuya çevrilməsinə şərait yaratdı ki, bu da onun rekordlar qıran qol göstəricilərində öz əksini tapdı. Mətbuatda əsasən məhsuldar qol vurmasına görə təriflənsə də, Ronaldo bu rolda effektiv bir şans yaradan kimi də özünü göstərə bildi. Bu unikal rol ekspertlər tərəfindən "yalançı", "hücumameyilli" və ya "qolçu vinger" kimi təsvir edilirdi; çünki Ronaldo əslində sol cinahda oynamasına baxmayaraq, cərimə meydançasına mərkəzdən etdiyi reydlərlə bəzən faktiki olaraq mərkəz hücumçusu funksiyasını yerinə yetirirdi. 2013-cü ildən etibarən baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında o, yaşlanmanın fiziki təsirlərinə uyğunlaşaraq topsuz hərəkətini və ümumi oyunda iştirakını tədricən azaltdı, hər oyunda daha az driblinq və ötürmə edərək diqqətini yaxın məsafədən imkan yaratmağa və qol vurmağa yönəltdi. 2017-ci ildən etibarən baş məşqçi Zinəddin Zidanın rəhbərliyi altında Ronaldo oyun üslubunu bir daha dəyişərək daha çox sərbəst mövqeli mərkəz hücumçusuna çevrildi və bu rolda da parlayaraq yüksək məhsuldarlığını qoruyub saxladı; bu mövqedə o, həm topla, həm də topsuz intellektual hərəkətliliyinə, mövqe hissiyatına, komanda ilə əlaqəli oyununa və hücumları tamamlama bacarığına, eləcə də rəqib müdafiəçilərdən sıyrılmaq, cərimə meydançasında boş alan tapmaq və az toxunuşla qol vurmaq qabiliyyətinə görə mətbuatın rəğbətini qazandı.
"Yuventus"dakı ilk mövsümündə Ronaldo baş məşqçi Massimiliano Alleqrinin rəhbərliyi altında cütləşdiyi tərəfdaşdan asılı olaraq müxtəlif hücum rollarında oynamağa davam etdi. "Real Madrid"dəki son illərində daha çox hücumameyilli rol tutsa da, "Yuventus"da bəzən tək hücumçu kimi, bəzən də 4–2–3–1 və ya 4–3–3 sistemində sevimli sol cinah mövqeyində sərbəst rolda çıxış edir və tez-tez Mario Mancukitslə mövqeyini dəyişirdi. Bu rolda ona topu qəbul etmək və hücumların qurulmasında daha fəal iştirak etmək üçün geriyə və ya sağ cinaha keçmək azadlığı verilmişdi; beləliklə, o, təkcə qol vurmaqla kifayətlənmir, həm də "Real Madrid"dəki son mövsümlərinə nisbətən daha tez-tez rəqiblərin üzərinə gedir və digər oyunçular üçün şanslar yaradırdı. Topsuz oyunda isə o, cərimə meydançasına reydləri ilə komanda yoldaşları üçün boş sahələr açır, ya da onların asmalarını başı və ya ayaqları ilə tamamlayırdı. Bəzi oyunlarda o, 4–3–1–2, 4–4–2 və ya 3–5–2 sistemində Mandzukiçlə birlikdə hücum cütlüyündə yer alırdı. O, klubdakı ikinci mövsümündə baş məşqçi Mauritsio Sarrinin rəhbərliyi altında da bənzər rolu icra etməyə davam etdi.
Şəxsi həyatı
Atası 2005-ci ildə 51 yaşında kəskin qaraciyər çatışmazlığından vəfat edib. Ronaldo demişdi ki: "Onu yaxşı tanımırdım. Əyyaş adam idi. Heç bu günə kimi oturub düz-əməlli söhbət eləməmişdik". Xatırladaq ki, Ronaldonun atası məcburi hərbi xidmətə çağırılaraq müharibəyə aparılmışdır. Həmin müharibədə məqsəd Portuqaliyanın müstəmləkəsi olan Anqolanın müstəqillik əldə etməsinə mane olmaq idi. Bununla belə, Portuqaliya müharibəni uduzmuş və Ronaldonun atası isə orada dəhşətli hadisələrin şahidi olduğundan psixi sağlamlığını itirərək içkiyə qapılmışdır. Atası Ronaldonun dünya şöhrətli futbolçu olmasını görə bilmədən dünyasını dəyişib.
Ronaldo stadiondan kənarda xeyriyyə işləri ilə məşğul olur. 2015-ci ildə o, ehtiyacı olan uşaqlara kömək etmək üçün "Kriştiano Ronaldo Fondunu" (Cristiano Ronaldo Foundation) təsis edib və o vaxtdan bəri milyonlarla dollarını xeyriyyə məqsədləri ilə bağışlayıb.
2015-ci ildə alimlər yeni kəşf etdikləri bir qalaktikaya Ronaldonun ləqəbini veriblər — CR7. Belə ki, bu qalaktikanın tam adı "COSMOS Redshift 7"dir. Qeyd etmək lazımdır ki, sözügedən qalaktika kainatdakı ən parlaq ulduzları ehtiva edən qalaktikalardan biridir. Həmçinin bu qalaktika Böyük partlayışdan qısa müddət sonra meydana gəlib və ilk nəsil ulduzlardan bəzilərini ehtiva edir.
Ronaldonun ən sevdiyi yeməklərdən biri Portuqaliya mətbəxinə aid olan "Bacalhau à Brás"dır.
Ronaldo hər zaman şəxsi həyatını son dərəcə gizli saxlamağa çalışıb. Heç vaxt evli olmayıb. Çox sayda sevgilisi olub. 2010 və 2015-ci illərdə rus-tatar model İrina Şeyk ilə birlikdə olub.
Ronaldonun 2010-cu ilin iyununda ABŞ-də ilk övladı, Kriştiano Cuniyor (Cristiano Jr.) dünyaya gəlib. Uşağı surroqat ana vasitəsilə doğulub. Onun 8 iyun 2017-ci ildə əkizləri doğulub — oğlu Mateo və qızı Eva — onların da surroqat anadan doğulduğunu bildirib. 2016-cı ildə Ronaldo İspaniyadakı "Gucci" mağazasında alış-veriş edərkən satıcı işləyən Corcina Rodrigesə (Georgina Rodriguez) aşiq olub. Onu həyatının eşqi adlandırır. 2017-ci ilin noyabrında ilk qızları Alana Martina doğulub. 2022-ci ilin aprelində Corciya sayəsində bir daha qız atası olub — Bella Esmeralda dünyaya gəlib. Onun gəlişi həm sevinc, həm də kədərlə yadda qalıb, çünki o, əkiz idi və qardaşı Angel doğuşdan qısa müddət sonra kədərli şəkildə dünyasını dəyişdi. Ronaldo 5 uşaq atasıdır.
Superstar futbolçu olmasına baxmayaraq, o, heç vaxt içki içib əylənməyi sevən biri olmayıb. 20 yaşında ikən spirtli içkilərdən uzaq durduğunu demişdi. Sağlam və baxımlı həyat tərzi yaşayır və qan və sümük iliyi bağışlayır.
- 5 fevralda doğulanlar
- 1985-ci ildə doğulanlar
- Yaşayan insanlar
- Portuqaliyada doğulanlar
- Əlifba sırasına görə futbolçular
- Portuqaliya futbolçuları
- Sportinq Lissabon FK futbolçuları
- Mançester Yunayted FK futbolçuları
- Real Madrid FK futbolçuları
- Yuventus FK futbolçuları
- Portuqaliya milli futbol komandasının oyunçuları
- Piçiçi mükafatı qalibləri
- 2022 FİFA Dünya Kuboku futbolçuları
- UEFA Çempionlar Liqasının bombardirləri
- La Liqa futbolçuları
- 2010 FİFA Dünya Kuboku futbolçuları
- 2006 FİFA Dünya Kuboku futbolçuları
- 2014 FİFA Dünya Kuboku futbolçuları
- 2017 FİFA Konfederasiyalar Kuboku futbolçuları
- 2018 FİFA Dünya Kuboku futbolçuları
- Qızıl Top alanlar
- Birinci Diviziya/Premyer Liqa bombardirləri
- Portuqaliya Premiera Liqası futbolçuları
- Portuqaliyanın kişi futbolçuları
- İtaliya A Seriyası futbolçuları
- UEFA Çempionlar Liqasının qalib futbolçuları
- UEFA Avropa Çempionatının qalib futbolçuları
- Futbol vingerləri
- Legioner Portuqaliya futbolçuları
- UEFA Avro 2012 futbolçuları
- UEFA Avro 2008 futbolçuları
- UEFA Avro 2016 futbolçuları
- UEFA Avro 2004 futbolçuları
- İngiltərə Federasiya Kuboku finalı futbolçuları
- UEFA Avro 2020 futbolçuları
- UEFA Avro 2024 futbolçuları
- Səudiyyə Professional Liqası futbolçuları
- UEFA Millətlər Liqasının qalibi olan oyunçular
- İspaniyada legioner futbolçular
- Futbol hücumçuları
- İspaniyadakı əcnəbi kişi futbolçular
- 2026 FİFA Dünya Kuboku futbolçuları
- Dünya rekordçuları