| Qütbəddin ər-Razi | |
|---|---|
| ərəb. قطب الدين الرازي | |
| Doğum tarixi | 1295 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 1365 (69–70 yaşında) |
| Vəfat yeri |
|
| Fəaliyyəti | məntiqşünas, üləma |
Əbu Abdillah Qütbəddin Məhəmməd ibn Məhəmməd ər-Razi ət-Təhtani (ərəb. قطب الدين الرازي; 1295, Vəramin[d] və ya Rey, Tehran ostanı – 1365, Dəməşq) — İbn Sina ənənəsinə mənsub məntiq, fəlsəfə və ilahiyyatçı.
Həyatı
Qütbəddin ər-Razi Rey şəhəri yaxınlığındakı Vəramin nahiyəsində anadan olmuşdur. Tacəddin əs-Subki onun təxminən 74 yaşında vəfat etdiyini bildirdiyinə görə, onun 1293-cü ildə doğulduğu ehtimal edilir.
Cəmaləddin İsnəvi və çox güman ki, ona əsaslanan Süyuti onun adını Mahmud kimi qeyd etsələr də, digər mənbələr onu Məhəmməd adı ilə qeyd edilər. Yenə İsnəvinin verdiyi məlumata görə, Dəməşqdə Qütbəddin ləqəbi ilə tanınan başqa bir Razi ilə qarışdırılmaması üçün, Zahiriyyə mədrəsəsinin yuxarı mərtəbəsində yaşayan həmin şəxsdən fərqləndirmək məqsədilə ona "Təhtani" nisbəsi də verilirdi.
Vəramində Əllamə əl-Hillinin "Qəvaidül-Əhkam" adlı əsərini onun özündən oxuyub icazət aldığına dair 3 Şaban 713 (23 noyabr 1313) tarixli qiraət qeydi göstərir ki, Qütbəddin ər-Razi təhsil həyatının böyük hissəsini doğulduğu yer olan Rey və onun ətrafında keçirmişdir.
O, Əllamə əl-Hillidən başqa Ədudəddin əl-İci, Şəmsəddin əl-İsfahani və Qütbəddin Şirazi kimi böyük alimlərdən də elm almışdır. Çox güman ki, müəllimlik fəaliyyətinə də elə Rey bölgəsində başlamışdır. Belə ki, onun görkəmli tələbələrindən Məhəmməd ibn Mübarəkşah Reydə olarkən onun yanında təhsil almışdır.
Mənbələrə görə, Qütbəddin ər-Razi fəlsəfə sahəsində özünə rəqib hesab etdiyi və bəzi elmi məsələləri müzakirə etmək istədiyi Sədrüş-Şəriə Ubeydullah ibn Məsudun elmi səviyyəsini öyrənmək üçün tələbəsi İbn Mübarəkşahı Herata göndərmişdir.
İbn Mübarəkşah bir müddət Sədrüş-Şəriənin dərslərində iştirak etmiş və onun İbn Sinanın "əl-İşarət vət-Tənbihat" əsərini heç bir şərhə müraciət etmədən tədris etdiyini görmüşdür. O, müəlliminə yazdığı məktubda Sədrüş-Şəriənin bu sahədə yüksək elmi səviyyəyə malik olduğunu bildirmişdir. Bundan sonra Qütbəddin ər-Razi onunla elmi mübahisəyə girmək fikrindən daşınmışdır.
Qütbəddin ər-Razi 4 avqust 1365-ci ildə Dəməşqdə vəfat etmiş və orada dəfn olunmuşdur.
Görüşləri
Qütbəddin ər-Razi, Əllamə əl-Hillidən başqa şiə müəllimindən dərs almadığı, Şəhidi-Əvvəldən başqa şiə tələbə yetişdirmədiyi və şiə əqidəsinə dair heç bir əsər yazmadığı halda, bəzi şiə mənbələri onu şiə kimi təqdim etmişlər. Lakin onunla eyni dövrdə yaşamış müəlliflərin verdiyi məlumata görə, o, Şafii məzhəbinə mənsub idi. Həmçinin onun Şafii fiqhinin əsas mətnlərindən biri olan "əl-Həvi əs-Səğir" əsərinə şərh yazması da bunu təsdiq edir.
Tələbələri
Onun məşhur tələbələri arasında İbn Mübarəkşahdan başqa, Osmanlı elm və fikir həyatında mühüm yer tutan Seyyid Şərif əl-Cürcani, Təftazani və Hacı Paşa, həmçinin Məhəmməd ibn Əbu Məhəmməd ət-Təbrizi, Təqiyyəddin Abdullah ibn Yusif əd-Dəməşqi və Şəhidi-Əvvəl kimi tanınan Şəmsəddin Məhəmməd ibn Məkki əl-Amili də vardır.
Təbəqat müəllifi Tacəddin əs-Subki və tarixçi Əbül-Fida ibn Kəsir Qütbəddin ər-Razi ilə şəxsən görüşdüklərini qeyd etmiş və ondan böyük hörmət və təriflə bəhs etmişlər.
Əsərləri
Qütbəddin ər-Razi xüsusilə məntiq və fəlsəfə sahələrində, eləcə də təfsir, fiqh, dil və bəlağət elmlərində əsərlər qələmə almış görkəmli bir alim olmuşdur.
Onun əsərlərinə sonrakı dövrlərdə çoxlu sayda haşiyə (izahlı qeydlər və şərhlər) yazılması, Qütbəddin ər-Razinin elm və fikir tarixində nə qədər mühüm bir mövqeyə malik olduğunu göstərir.
Qütbəddin ər-Razinin qələmə aldığı əsərlərdən bəziləri bunlardır:
- Təhrirül-qəvaidil-məntiqiyyə fi şərhir-risalətiş-Şəmsiyyə.
- Ləvamiul-əsrar fi şərhi-Mətaliil-ənvar.
- Ər-Risalətül-məmulə fit-təsəvvür vət-təsdiq.
- Təhqiqul-məhsurə.
- Risalə fi təhqiqil-külliyyə.
- 1295-ci ildə doğulanlar
- Tehran ostanında doğulanlar
- Reydə doğulanlar
- 1365-ci ildə vəfat edənlər
- Dəməşqdə vəfat edənlər
- Məntiqçilər