| Pəricahan xanım | |
|---|---|
| 1796 – 1797 | |
| Əvvəlki | Şeyxəli xan |
| Sonrakı | Şeyxəli xan |
| Şəxsi məlumatlar | |
| Doğum tarixi | 1775 |
| Doğum yeri |
|
| Vəfat tarixi | bilinmir |
| Vəfat yeri |
|
| Atası | Fətəli xan |
| Anası | Gülpəri xanım[d] |
| Həyat yoldaşı | |
| Uşağı | |
Pəricahan xanım və ya Pəri Cahan xanım — Quba xanı Fətəli xanın böyük qızı, dövlət xadimi.
Həyatı
1775-cü ildə Quba şəhərində anadan olmuşdur. O, Quba xanı Fətəli xanın İlisu sultanının qızı Gülpəri xanımdan olan böyük qızıdır. Həsən xanın böyük bacısıdır.
1786-cı ildə Fətəli xan çətin siyasi vəziyyətdə olarkən qızını Avar nutsalı Ümmə xana nişanlamağa razı olmuş, lakin Pəricahan xanımın azyaşlı olması səbəbindən bu nigah baş tutmamışdır.
Siyasi fəaliyyəti
1796-cı ildə Dərbəndin mühasirəsi zamanı ruspərəst mövqeyi ilə tanınan Pəricahan xanım, şəhərin süqutundan və Şeyxəli xanın əsir götürülməsindən sonra rus hərbi rəhbərliyinin qərarı ilə Dərbəndə hakim təyin edilmişdir. Lakin o, faktiki olaraq şəhərdə yerləşdirilmiş rus qarnizonunun rəisinin nəzarəti altında fəaliyyət göstərmişdir. Hökumət fərmanına əsasən, Zubov rus qoşunlarının daxil olduğu ərazilərdə Rusiyaya sadiq olan yerli hakimləri vəzifədə saxlamalı idi. Əgər belə şəxs tapılmazdısa, həmin vəzifəyə xan nəslindən olan etibarlı bir şəxs təyin edilirdi. Pəricahan xanım könüllü şəkildə rus düşərgəsinə gəlmiş və Rusiya yönümlü siyasətin tərəfdarı olduğunu göstərmişdi. O, Şeyxəli xana ruslarla mübarizəyə girməməyi tövsiyə etmiş və Zubova Rusiyaya sadiqliklərini ifadə edən adamlar göndərmişdi. Bu səbəbdən o, Dərbəndin hakimi təyin olundu. İmperatriça II Yekaterina onun Rusiyaya olan rəğbətini qeyd edərək Qafqazdakı ekspedisiya korpusunun komandanı general V. Zubova yazırdı:
| .... Dərbənd hakimi Pəricahan xanıma hədiyyə olaraq lələk (qələm), sırğalar və üzük göndərirəm. Əgər onun işlərdəki rəftarından razı qalsan, bunları ona çatdırmağını xahiş edirəm. Deyirlər ki, o qız ağıllı və gözəldir. Mənə elə gəlir ki, onun davranışında cəngavəranə bir şey var və bu mənim xoşuma gəldi. |
Elə həmin il, qrafın göstərişi ilə Pəricahan xanım İlisuda gizlənən kiçik qardaşı Həsən ağa ilə əlaqə saxladı və onu nüfuzlu şəxslərlə birlikdə baş komandanın yanına göndərdi. İmperatorun iradəsinə əsasən, baş komandan ona brilliantla bəzədilmiş qələm hədiyyə etdi və onu Quba xanı təyin etdi. Qraf Zubovun təşəbbüsü ilə Pəricahan xanım, Dərbənddən Qubaya gəlmiş və dağlarda gizlənən kiçik qardaşı Həsən ağaya müraciət edərək onu xan elan olunmaq üçün Qubaya dəvət etmişdi. Həsən bəy Qubada təntənəli şəkildə qarşılanmış, şəhərin əhalisi ona sadiqlik andı içmişdi. Rus hərbi düşərgəsində onu 16 top atəşi və musiqi ilə müşayiət olunan təntənəli mərasimlə qəbul etmişdilər. Beləliklə, Həsən bəy "Quba xanlığının xanı" kimi tanınmışdı. Lakin böyük qardaşı Şeyxəli xanın qisasından ehtiyat edən Həsən xan çox keçmədən Qubanı tərk edərək Dərbəndə qayıtmağa məcbur olmuşdu. Onunla birlikdə Pəricahan xanım da 200 nəfərlik süvari dəstəsi ilə birlikdə Dərbəndə dönmüşdü. Həsən bəy Dərbəndə hakim təyin olunduqdan sonra rus generallarının iştirakı ilə şəhər əhalisindən sadiqlik andı almışdı. Amma o, böyük qardaşı Şeyxəli xana müqavimət göstərə bilməyəcəyini anlayaraq şəhəri tərk etmiş və anası ilə birlikdə Tərkiyə gedərək oradakı Şamxaldan himayə istəmişdi.
1796-cı ilin dekabrında Qafqazdakı rus qoşunları Xəzəryanı əyalətləri tərk etmək əmri aldılar. Dərbənddə yerləşən, general Solovyevin komandanlığı altındakı rus qarnizonu şəhərdən çıxan kimi, Şeyxəli xan Dərbəndə qayıtdı, Pəricahan xanım isə ərinin evinə - Tərkiyə getdi.
1806-cı ildə Dərbənd ərazisi nəhayətliklə Rusiya imperiyasına birləşdirildi və xan titulu ləğv edildi. Xanlığın inzibati idarəsi, Dərbənd şəhərinin özü istisna olmaqla, Dərbənd hərbi komendantının tabeliyində Pəricahan xanımla evli olan Tərki şamxalı Mehdi şamxala həvalə olundu.
1818-ci ilin noyabrında Yermolov Rusiya qoşunlarının Dağıstandakı əməliyyatları zamanı Tərki şamxalına ailəsini Tərkidən Qızılyara göndərməyi təklif etmişdir. Pəricahan xanımın məhz həmin dövrün sonlarında Qızılyara köçdüyü ehtimal edilir.
Onun sonrakı taleyi barədə məlumat yoxdur.
Şəxsi həyatı və ailəsi
Qeyd olunur ki, ruslar tərəfindən ona "княгиня Бике", yəni "Şahzadə Bikə", "zadəgan bəy xanımı" kimi müraciət olunurdu.
1796-cı ildə, rusların Dərbənddə olduğu dövrdə, Pəricahan xanım atası Məhəmməd xanın vəfatından sonra Tərki şamxalı elan edilmiş Mehdi bəyə ərə getmiş və bu evliliyindən iki övladı olmuşdur:
- oğlu — Süleymanpaşa Tarkovski - 1794-cü ildə anadan olmuş, 1830-cu ildə Tərki şamxallığını atasından sonra miras almış, 1836-cı ildə vəfat etmişdir.
- qızı — Nuh Bikə.
Bəzi tarixçilər Pəricahan xanımı Rusiya, Şeyxəli xan və Həsən xan arasında mahir siyasi oyunçu kimi qiymətləndirir. O, tamamilə ruspərəst hesab olunmur; əksinə, qardaşlarının xeyrinə işləyən, strateji maraqlarını qoruyan agent kimi qəbul edilir. Pəricahan xanım siyasi uzaqgörənliyi və idarəçilik bacarıqları ilə seçilmiş, atası Fətəli xana bənzər siyasi müdrikliyi nümayiş etdirərək, bölgədə nüfuzlu qadın fiqur kimi tanınmışdır.[mənbə göstərilməlidir]
- 1775-ci ildə doğulanlar
- Qubada doğulanlar
- Vəfat tarixi bilinməyənlər
- Əlifba sırasına görə vəzifəli şəxslər
- Qadın döyüşçülər
- Azərbaycanlı dövlət xadimləri
- Qadın hökmdarlar