Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Xalid ibn Vəlid Səd ibn Əbu Vəqqas Əbu Musa əl-Əşari Müsənna ibn Harisə Əl-Qaqa ibn Əmr Hüzeyfə ibn əl-Yəman Əbu Ubeyd əs-Səqəfi Muaz ibn CəbəlSiyasi rəhbərlik

Ərəb-Sasani müharibələri

Vikipediya, azad ensiklopediya
Ərəb-Sasani müharibələri
Ərəb fəthləri
Tarix 633-651
Yeri indiki İran, İraq, Bəhreyn, Küveyt
Səbəbi Dini-siyasi qarşıdurmalar
Nəticəsi Sasanilər imperiyası məğlub oldu və süquta uğradı
Münaqişə tərəfləri

Raşidi xilafəti

Sasanilər imperiyası

Komandan(lar)

Xalid ibn Vəlid
Səd ibn Əbu Vəqqas
Əbu Musa əl-Əşari
Müsənna ibn Harisə
Əl-Qaqa ibn Əmr
Hüzeyfə ibn əl-Yəman
Əbu Ubeyd əs-Səqəfi
Muaz ibn Cəbəl
Siyasi rəhbərlik
Əbu Bəkr
Ömər

III Yezdəgird
Hörmüz
Rüstəm Fərruxzad
İsfəndiyar
Bəhmən Cəzuyə
Qarin
Caban
Əndərzaqar
Mərdanşah
Siyasi rəhbərlik
III Ərdəşir
Boran

Tərəflərin qüvvəsi

~ 70000 (müasir mənbələr)

~ 120000 (müasir mənbələr)

İtkilər

7000-dən çox

30000-dən çox

Ərəb-Sasani müharibələri — 633–651-ci illər arasında Raşidi xilafəti ilə Sasabilər imperiyası arasında baş vermiş döyüşlərin ümumi adı.

Arxa planı

İslamdan əvvəl ərəblərlə Sasanilər arasında yaxın münasibətlər olsa da, İslamın gəlişindən sonra bu vəziyyət dəyişmişdi. Belə ki, Bizans-Sasani müharibəsi (603–628) vaxtı məkkəlilər Sasanilər dəstəkləmiş, Məhəmməd və tərəfdarları isə Sasaniləri "alova sitayiş edən müşriklər" adlandırmış, Bizanslıları özlərinə yaxın bilmiş və onların qələbə qazanmasına sevinmişdilər.

İslamın Ərəbistan yarımadasına yayılmasından sonra Sasanilərin nəzarəti altında olan Oman, Yəmən və Bəhreyn kimi yerlər İslamlaşmış və ya İslam hakimiyyətini qəbul etmişdilər. Məhəmməd məktub yazaraq Ərəbistan yarımadasındakı Sasani tərəfdarı liderləri öz tərəfinə çəkməyə nail olmuşdu. Bu şəxslərdən biri olan Sasanilərin əl-Əhsa (Bəhreyn) valisi əl-Munzir müsəlman olmasa da, İslam hakimiyyətini qəbul etmişdi. Yəməndə isə diplomatiya daha uğurlu olmuş, buradakı Sasani tərəfdarı liderlər müsəlman olmuşdular.

İslam mənbələrinə görə Məhəmməd təkcə Ərəbistan yarımadasındakı liderlərə deyil, Sasani hökmdarı Əbrəvizə (II Xosrov) məktub göndərmiş və onu İslama dəvət etmişdi. Məhəmməd tərəfindən yazılan məktubun bir digər versiyasına görə (Bəlami versiyası), məktubun üslubu sərt olmuş və məktub bu cümlə ilə bitmişdi:

" Əgər İslamı qəbul etsən, nicat taparsan (xilas olarsan). Əks halda, Allah və Onun Elçisi ilə müharibəyə hazırlaş. Çünki O (Allah) müharibədən yorulmaz. "

A. İ. Kolesnikova görə Məhəmmədin yazdırdığı bu məktublar arasındakı fərq əslində onun II Xosrova iki fərqli məktub göndərməsindən qaynaqlanmışdı. İlk məktub hələ Sasanilərin güclü olduqları dövrdə, yəni hicri 6-cı ildə yazılmışdı. Bu məktubda Məhəmməd II Xosrova "Farsların böyüyü" deyə xitab etmiş və müharibə ilə təhdid etməmişdi. İkinci məktubda isə Məkəmməd II Xosrova "Hörmüz oğlu Əbrəviz" deyə xitab etmiş və onu açıqca müharibə ilə hədələmişdi. A. İ. Kolesnikov məktubunun ikinci variantının (Bəlami versiyası) 628-ci ilə, yəni Sasanilərin müharibədə çətin vəziyyətə düşdükləri dövrə aid olduğunu irəli sürmüşdü.

Məhəmmədin məktubu oxuyan II Xosrov bərk qəzəblənmiş və məktubu cırmışdı. Bu hadisədən xəbər tutan Məhəmmədin isə ona bəddua etdiyi mənbələrdə qeyd olunmuşdu. Lakin bu məlumatlara baxmayaraq, Sasanilər imperiyasında baş vermiş taxt dəyişikliyindən sonra hakimiyyətə gələn Kraliça Boranduxtun müsəlmanlarla müharibə etmək istəmədiyi üçün Məhəmmədə hədiyyələr göndərdiyi, Məhəmmədin də bu hədiyyələri qəbul etdiyi Təbəri və Tirmizi tərəfindən nəql edilmişdi. Bu halda, II Xosrov dövründə gərginləşən münasibətlərin kraliçanın müdaxiləsi ilə müəyyən müddət ərzində yumşaldığını söyləmək mümkündür. Həqiqətən də, həm İslam, həm də Mazdaist mənbələrin hamısı Məhəmməd dövründə Sasanilərlə ərəblər arasında ciddi bir qarşıdurmanın baş vermədiyi fikrində həmrəydilər.

Döyüşlərin ideoloji səbəbi

Sasanilərə qarşı başlanan müharibə (Bizansa və digər ölkələrə qarşı aparılan müharibələrdə olduğu kimi) ərəblər tərəfindən "İslam dininin yayılmasının hər bir müsəlmanın vəzifəsi olması" prinsipinə əsaslandırılmışdır. Məlum olduğu kimi, Məhəmməd Bizans üzərinə yürüşlər təşkil etmiş, hətta vəfatından dərhal əvvəl yeni bir yürüşün hazırlıqlarına rəhbərlik etmişdir. Xəlifə Əbu Bəkr hakimiyyətə gələn kimi müsəlmanları Dəməşqə ediləcək yürüşə qoşulmağa çağırmış və onlara Tövbə surəsinin müsəlmanları "yaxınlıqlarındakı inkarçılarla vuruşmağa" səsləyən 29-cu və 123-cü ayələrinin məzmununu xatırlatmışdır.

III Yəzdigird (628–651) ərəb elçilərindən bu müharibəni niyə başlatdıqlarını soruşduqda, elçilər cavab vermişlər ki, onlara Allah və Rəsulu tərəfindən bir vəzifə verilmişdir; bu vəzifə bütün dünyanı İslam dinini qəbul etməyə çağırmaq, qəbul etməyənlərdən isə cizyə almaqdır. Daha sonra onlar İslam dininin bəzi əsas xüsusiyyətlərini izah etmişlər.

Ərəb heyəti adından Müğirə ibn Zürarə III Yəzdigirdə belə demişdir:

" Ya öz əlinlə alçalmış halda cizyə verərsən, ya aramızda qılınc hökmran olar, yaxud da sülh bağlayaraq özünü xilas edərsən. "

Danışıqlar zamanı ərəb elçiləri tərəfindən ümumiyyətlə bu fikirlər təkrarlanmış və başlanan müharibənin əsas səbəbinin insanları doğru inanca dəvət etmək olduğu müdafiə edilmişdir.

Döyüşlər (633–651)

Sasanilərə qarşı müharibənin hansı ildə başlaması və hansı ildə başa çatması məsələsi bu gün də müzakirə olunmaqdadı. Ənənəvi İslam mənbələrinin demək olar ki, hamısı müsəlmanlarla Sasanilərin (və ya İranın müttəfiqi olan ərəblər) arasında müharibənin Əbu Bəkrin xəlifəliyi dövründə, hicri 12 (632–633) və ya 13-cü ildə (633–634) başladığını bildirmişdi.

Müasir tədqiqatçılar ümumilikdə ərəb-Sasani müharibələrinin hicri 13-cü ildə (633) başladığını, təxminən on il davam etdiyini və son döyüş olan Nəhavənd döyüşünün 642-ci ildə baş verdiyini qəbul edirlər.

Zəncirlər döyüşü

Əbu Bəkr dövründə ilk dəfə Müsənna ibn Harisə 8 minlik ordu ilə İraqın dərinliklərinə, Xalid ibn Vəlid isə 10 minlik ordu ilə İraqın cənubuna göndərilmişdi. Xalid ibn Vəlid Sasani idarəçilərinə məktublar göndərək onları müsəlman olmağa və ya cizyə verməyə çağırmış, lakin Sasanilər və onların müttəfiqi Hirə tərəfindən Xalid ibn Vəlidin məktublarına müsbət cavab verilmədiyindən Bəsrə sahilindəki Übullə (və ya Ubəlla) məntəqəsində ərəblərlə (müsəlmanlar) Sasanilər və onların müttəfiqi Hirə arasında ilk döyüş baş vermişdir. Döyüşdə Sasani döyüşçüləri fərarilik etməsinlər deyə bir-birilərinə zəncirlənmişdilər. Bu səbəblə bu döyüşə "Zətüs-Səlasil" deyilmişdir. Müsəlmanlarla Sasanilər arasında baş vermiş bu ilk döyüşdə Sasanilər məğlub olmuş, Sasani sərkərdəsi Hörmüz isə öldürülmüşdür.

Məzar döyüşü

"Zətüs-Səlasil" döyüşündən sonra hicri 12-ci (633) ildə baş verən Məzar döyüşü isə daha ciddi bir qarşı durma hesab olunur, çünki bu döyüşdə Qubad və Ənuşəcan adlı iki "şahzadə" öldürülmüşdü. Həmçinin İslam tarixçilərinin bildirdiyinə görə bu döyüşdə qədim Part ailələrindən birinə mənsub olan Sasani sərkərdəsi Qarin və 30 min əsgəri də öldürülümüşdü. Bu məğlubiyyətin xəbərini alan III Ərdəşir müsəlmanların üzərinə Əndərzaqar (və ya Əndər Zaazza) və ardınca Bəhmən Cazuyəni göndərmişdi, lakin Əndərzgar döyüşə hazırlaşarkən Xalid ibn Vəlid tərəfindən edilən basqında zərərsizləşdirilmişdi.

Vələcə və Ülleys hadisələri

Vələcə hadisəsində Sasani ordusundakı xristian ərəblərin öldürülmüşdü. Bu hadisə də bölgədə yaşayan xristianları müsəlmanlara qarşı düşmənçilik etmələrinə gətirib çıxarmış və Fərat salindəki Ülleys bölgəsinə cəmlənən xristianlar Bəhmən Cazuyəfən kömək istəmişdilər. O da köməyə Caban (Gavan) adlı sərkərdəni göndərmişdi. Lakin xristian ərəblər Cabanın əmirlərinə itaətsizlik etmiş və nəticədə Xalid ibn Vəlid tərəfindən məğlubiyyətə uğratılmışdılar. Tarixçilər bu döyüşdə Xalid ibn Vəlidin heç kimə rəhm etmədiyini və 70 min nəfərin ərəblər tərəfindən öldürüldüyünü, çayın 3 gün boyunca qanlı axdığını və səbəblə həmin çayın qanlı çay adlandırıldığını yazmışdılar. Deyilənlərə görə daha çox əsirin öldürülməsinə Qaqa ibn Əmr və yoldaşları mane olmuşdu. Bu deyilənlər isə hadisələrin şişirdilmiş olduğunu nümayiş etdirməklə yanaşı, həm də Xalid ibn Vəlidin bəzən rəhmsiz davrandığını da göstərmişdi.

Hirə və Səvadın ələ keçirilməsi

Vələcə və Ülleys hadisələrindən sonra Xalid ibn Vəlidin hədəfi Hirə və Səvad olmuş, Hirəlilər 190 min dirhəm cizyə verməyi qəbul edərək təslim olmuşdular. Lakin bu razılaşma uzun müddətli olmamışdı. İki dəfə üsyan qaldıran Hirə və Səvad əhalisi son dəfə Səd ibn Əbu Vəqqasa təslim olduqda cizyə 400 min dirhəmə qaldırılmışdı. Hirənin təslim olmasından sonra bölgədəki digər dehqanlar da Xalid ibn Vəlid ilə razılaşma yolunu seçmiş və Səvad bölgəsində ümumilikdə 2 milyon dirhəm dəyərində cizyə razılaşmaları imzalanmışdı. Hirənin müsəlmanlar tərəfindən fəthi Ərəb-Sasani müharibəsinin ilk mərhələsini başa çatdırmış, bunun nəticəsində iranlıların əsrlər boyu müttəfiqi olmuş bir krallıq müsəlmanların nəzarətinə keçmişdi. Müsəlmanlar artıq Fərat sahillərinə hakim mövqeyə gəlmişdilər. Ətrafda hələ də iranlılara sadiq olan ərəb qəbilələri ilə döyüşlər davam etmiş, müharibənin ilk ili başa çatarkən Səvad bölgəsi müsəlmanların hakimiyyətini qəbul etmişdi.

Körpü döyüşü

Bu döyüşdə müsəlmanlar məğlub olsalar da, dərhal sonra toparlandılar və yeni ordu ilə Qadisiyyədə qalib gəlib, İraqdakı hərbi yürüşləri davam etdirdilər.

Qadisiyyə döyüşü

Müsəlmanlər bu döyüşdə təxminən 9 min insan itirsələr də, bu döyüşdə qalib gələ bildilər.

Cəlulə döyüşü

Bu döyüşdən əvvəl Səd ibn Əbu Vəqqas məktub yazaraq xəlifə Ömərdən nə etməli olduğunu soruşmuş, Ömər də ona yerində qalmasını və Cəluləyə ordu göndərməsini əmr etmişdi. Əmrə uyğun olaraq Səd ibn Əbu Vəqqas qardaşı oğlu Haşim ibn Utbə ibn Əbu Vəqqasın (bəzi mənbələrə görə Əmr ibn Malik) başçılığı altında 12 minlik bir ordunu (bəzi mənbələrə görə isə Əmr ibn Maliki) Cəluləyə göndərmişdi.

Ktesifonun mühasirəsi

Qadisiyyə döyüşündən sonra Mədain müdafiəsiz qalmış, hicri 15-ci (637) ildə şəhərə hücum edən müsəlmanlar şəhəri ələ keçirmişdilər.

Nəhavənd döyüşü

Bu döyüş son və həlledici döyüş olmuş, Sasanilərin mütləq məğlubiyyəti bu döyüşdə baş vermişdir.

Nəticəsi

Raşidi xilafəti qüvvələrinin hərbi yürüşləri nəticəsində Sasanilər imperiyası süqut etmiş, bu da İslam dövlətinin Asiya istiqamətində genişlənməsinə şərait yaratmış, sonrakı dövrlərdə Türküstanın, Hindistanın və Uzaq Asiyanın müxtəlif bölgələrində İslamın yayılmasının əsasını qoymuşdu.

Üst