| Cəlaləddin əl-Məhəlli | |
|---|---|
| ərəb. جلال الدين المحلي | |
| Doğum tarixi | 23 sentyabr 1389 |
| Doğum yeri |
|
| Vəfat tarixi | 5 iyul 1460 (70 yaşında) və ya 1459[…] (69–70 yaşında) |
| Vəfat yeri |
|
| Tanınmış yetirmələri | Zəkəriyyə əl-Ənsari, Süyuti |
Əbu Abdullah Cəlaləddin Məhəmməd ibn Əhməd ibn Məhəmməd əl-Ənsari əl-Məhəlli (ərəb. المحلي; 23 sentyabr 1389, Qahirə – 5 iyul 1460 və ya 1459[…], Qahirə) — müfəssir və Şafii fəqihi.
Həyatı
Şəvval ayının 1-i hicri 791-ci (23 sentyabr 1389) ildə Qahirədə anadan olmuşdur. İbn əl-İmada görə, Təftəzan ərəblərindəndir. Məhəllətül-kübradan olduğu üçün onun və ailə üzvlərinin nisbəsi "Məhəlli"dir.
Cəlaləddin əl-Məhəlli ilk təhsilini atası və babasından almışdır. O, həmçinin Qahirədə Şafii, Hənəfi və Maliki alimlərdən dərslər almış və onların məclislərində iştirak etmişdir.
O, Dəmiri, Aqfəhsi, Məhəmməd ibn Əbu Bəkr ibn Cəmaa, İbn əl-İraqi, Əbdürrəhman ibn Ömər əl-Bulqini, Məhəmməd ibn Əbdüddaim əl-Birməvi, İbn Həcər əl-Əsqəlani, Bədrəddin Mahmud əl-Ağsarayi, Nəsrəddin ibn Ənəs əl-Misiri kimi alimlərdən təfsir, fiqh, üsul, kəlam, Ərəb dili, ədəbiyyat və məntiq dərsləri almışdır. Təfsir və üsulud-din kimi sahələrdə Bisətidən bəhrələnmişdir.
Parça ticarəti ilə məşğul olan Cəlaləddin əl-Məhəlli, dükanını yerinə təyin etdiyi vəkilinə etibar edərək bütövlükdə elmə və təhsilə yönəlmişdir: hicri 844-cü (1440) ildən etibarən Bərkukiyyə mədrəsində, hicri 852-ci (1448) ildən də Müəyyədiyyə mədrəsində İbn Həcərin yerinə fiqh dərsləri deməyə başlamışdır. Onun dərs dediyi şəxslər arasında Cərrai, Burhanəddin ibn Əbu Şərif, Qaləsədi, Nəcməddin ibn Qazı Əclun, Təqiyyəddin ibn Qazı Əclun, Şəmsəddin əs-Səxavi və Cəlaləddin əs-Süyuti kimi alimlər vardır.
Cəlaləddin əl-Məhəlli dövlət adamlarından kənar gəzmiş, əl-Məliküz-Zahir Çağmaq dövründə edilmiş baş qazılıq təklifini də rədd etmişdir.
O, Məhərrəm ayının 1-i hicri 864-cü (1459) ildə vəfat etmiş və ailə məzarlığına dəfn edilmişdir.
Əsərləri
Əsərləri sistemli, qısa, lakonik, anlaşılan və etibarlı məzmuna sahib olduğundan elmi çevrələr tərəfindən böyük rəğbət görmüşdür. Onun sözügedən əsərləri bunlardır:
- Təfsir əl-Cəlaleyn. Əsərin nəşri ilk dəfə Dehlidə reallaşdırılmışdır (1796).
- ƏI-Bədrüt-təli fi həlli Cəmil-cəvami. Tacəddin əs-Subkinin fiqh üsulu haqqındakı əsərinin şərhi (Bulaq, hicri 1285).
- Şərhül-Vərəqat fi elmi-üsulil-fiqh. Əl-Cüveyninin əl-Vərəqat" əsərinin şərhi.
- Kənzür-rəqibin fi şərhi-Minhəcit-talibin. Nəvəvinin Şafii fiqhi haqqında olan məşhur əsərinin şərhi (Qahirə, hicri 1283).
- Şərhül-Qəvaid libni-Hişam. İbn Hişam ən-Nəhvinin "əl-İrəb ən qəvaidil-irəb"inin yarımçıq qalmış şərhidir.
- Əl-Ənvərül-mudiyyə fi mədhi-Xeyril-bəriyyə. Məhəmməd ibn Səid əl-Busiri "Qəsidətül-bürdə"sinin şərhi.
- Şərhül-Bürdə (Şərhu Bənət Suad). Kəb ibn Züheyrin "Qəsidətül-bürdə"sinin şərhi.
- Kənzüz-zəxair. Təqiyyəddin əs-Subkinin "ət-Təiyyə"sinin şərhi olub yarımçıq qalan əsərin bir nüsxəsi Bəyazit Dövlət kitabxanasında saxlanılır (Bəyazid, 1081).
Mənbələrdə adı çəkilməyən, lakin kitabxana kataloqlarında ona nisbət edilən əsərlər də vardır:
- Ət-Tibbün-nəvəvi.
- Şərhu Lamiyyətil-Əcəm.
- Haşiyə alə Şərhil-Bəyzavi.
- Risalə fil-qiraət.
- Müxtəsərül-Hüdən-Nəbəviyyə.
Cəlaləddin əl-Məhəllinin bunlardan başqa yarımçıq qalmış əsərləri də vardır.
- 23 sentyabrda doğulanlar
- 1389-cu ildə doğulanlar
- Qahirədə doğulanlar
- 5 iyulda vəfat edənlər
- 1460-cı ildə vəfat edənlər
- 70 yaşında vəfat edənlər
- 1459-cu ildə vəfat edənlər
- Qahirədə vəfat edənlər
- Əlifba sırasına görə alimlər
- Sünni müsəlman İslam alimləri
- Müsəlman teoloqlar
- Sünni imamları