Dəstək
Pulsuz Yükləmə və Məlumat Platforması

Qədim Gəncə — orta əsr Gəncə şəhərinin qədim yaşayış yeri, arxeoloji kompleks. Bu ərazi XVII əsrə qədər şəhərin yerləşdiyi məkan olmuşdur. Hal-hazırda Qədim Gən

Qədim Gəncə

40°42′54″ şm. e. 46°25′17″ ş. u.HGYO
Bu, yaxşı məqalədir. Daha çox məlumat üçün bura klikləyin.
Vikipediya, azad ensiklopediya

Qədim Gəncə
Şəhər yerini əhatə edən Qədim Gəncə qala divarlarının qalıqları
Ölkə  Azərbaycan
Şəhər Gəncə
Yerləşir Gəncə şəhərindən 6-7 km şimal-şərqdə, İmamzadə məzarlığının yaxınlığında.
Aidiyyəti Ərməniyyə
Şəddadilər
Azərbaycan Atabəyləri
Səfəvilər
Tikilmə tarixi VI-XVII əsrlər
Üslubu Qafqaz Albaniyasının memarlığı
Arran memarlıq məktəbi
Sahəsi 12-16 km²
Material kərpic, çiy-kərpic, əhəngdaşı, gil, daş üzləmə.
Vəziyyəti qismən öyrənilib, hazırda ərazi qoruq elan edilib
Azərbaycandakı tarixi abidələrin milli qeydiyyatı
İstinad nöm.59
KateqoriyaArxeoloji abidə
ƏhəmiyyətiDünya əhəmiyyətli
40°42′54″ şm. e. 46°25′17″ ş. u.HGYO
Xəritə
Qədim Gəncə şəhər yerinin İ. Şeblıkin tərəfindən hazırlanmış sxematik planı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qədim Gəncə — orta əsr Gəncə şəhərinin qədim yaşayış yeri, arxeoloji kompleks. Bu ərazi XVII əsrə qədər şəhərin yerləşdiyi məkan olmuşdur. Hal-hazırda Qədim Gəncənin qalıqları Azərbaycan Respublikasında müasir Gəncə şəhərindən 6–7 kilometr şimal-şərq istiqamətində yerləşir.

Qədim Gəncə şəhərinin erkən tarixi yazılı mənbələrdə əsasən VII–IX əsrlərdən hesablansa da, bu ehtimal heç bir konkret tarixə və ya hadisəyə əsaslanmır. Arxeoloji qazıntılar göstərmişdir ki, Qədim Gəncə şəhəri daha qədim bir yaşayış yerinin əsasında formalaşmışdır; həmin yaşayış yeri tədricən böyüyərək inkişaf etmiş və şəhər kimi tanınmışdır. Ə. Salamzadə hesab edir ki, VII əsrdən zənginliyinə görə şəhər artıq Gəncə (pəhləvi dilində xəzinə anlamını verən gənzə sözündən) adlandırılmağa başlayır.

X əsrdə Qədim Gəncə Şəddadilər dövlətinin paytaxtına çevrilir, 1139-cu ildə baş verən güclü zəlzələ nəticəsində ciddi dağıntılara məruz qalır, buna baxmayaraq XII əsrdə Azərbaycan Atabəylərinin Arran hakiminin iqamətgahına çevrilir.

Qədim Gəncə xarabalıqlarında ilk tədqiqatlar 1935–1937-ci illərdə E. R. Xadarin tərəfindən aparılmış, ilk əsaslı arxeoloji tədqiqar isə 1938–1940-cı illərdə İshaq Cəfərzadənin rəhbərlik etdiyi arxeoloqlar qrupu tərəfindən icra edilmişdir. 1981–1982-ci illərdə Qədim Gəncə ərazisində arxeoloq Cabbar Xəlilov tərəfindən arxeoloji qazıntılar aparılmışdır.

Yerləşməsi

Qədim Gəncə ilə Gəncənin arasında bir neçə dəqiqə fərq var. Bəzi orta əsr mənbələri indiki Gəncənin coğrafi mövqeyi haqqında məlumat verir. Belə ki, XIV əsr fars tarixçisi və coğrafiyaşünası Həmdullah Qəzvini yazmışdır:

" “Gəncə beşinci iqlimə aiddir. Onun uzunluğu 80°, eni isə 40°34'-dür”. "

Ərəb tarixçisi və coğrafiyaşünası Əbülfida (XII–XIV əsrlər) Gəncənin 78° şərq uzunluğunda, 41°20' şimal enliyində göstərmişdir. Sonralar coğrafiyaşünas Sadiq İsfahani (XVII əsr) qədim mənbələr əsasında Gəncəni 88° şərq uzunluğu və 41°15' şimal enliyində göstərmişdir.

Ona görə də vüsəti demək olar ki, hamısının müəlliflərin öz aralarında yaxındır, fərq isə həmin uzunluq dairələrində müşahidə olunur, çünki hesablamalar olmasa, o zaman dəqiq astronomik cihazların, son çətinləşdiyini idi.

Orta əsr coğrafiyaşünasları uzunluğu "Xoşbəxtlik adası"ndan, enini isə ekvatorial xətdən hesablayıblar. Bütün müəlliflərin hesablamalarında enliklər bir-birinə yaxın hesablansa da, astronomik cihazların olmaması səbəbi ilə ölçmələrin dəqiq aparılmasında maneələr olduğuna görə demək olar ki, bütün müəlliflərdə uzunluqlarda fərq müşahidə olunur.

Öyrənilməsi

1935–1937-ci illərdə Kirovabad Diyarşünaslıq Muzeyinin fondunu zənginləşdirmək üçün, muzeyin direktoru E. R. Xadarin Gəncə yerüstü memarlıq abidələrinin yerləşdiyi sahənin sağ sahilindəki istehkamdan şimalda qismən qazıntılar aparır. Nəticədə orta əsrlərə aid olan keramika, şüşə, saxsı, sümük və digər əl əməyi alətləri tapılmış və sərgi yaradılaraq nümayiş etdirilmişdir. Tapıntılardan biri əl işi olan bişirilib rənglənmiş, üstü üç xətt relyef yazılı dairəvi formalı məişət qabıdır (keramik küpdür). Daha sonra müntəzəm qazıntılar nəticəsində çoxlu sayda bənzər əşyalar aşkar edilmişdi. Onların bir çoxunun üzərində ornamentlərlə əhalinin dini ritualları, məişəti və məşğuliyyət səhnələri əks olunmuşdur. E. R. Xadarinin qazıntıları sistemsiz aparılmış, əsas məqsədi isə ancaq toplamaqdan ibarət olmasına görə, arxeoloji araşdırmaya mənfi təsir etmişdir.

1938–1940-cı illərdə İshaq Cəfərzadə rəhbərliyi altında Qədim Gəncə ərazisində əsasən tanışlıq xarakteri daşıyan arxeoloji qazıntılar aparılmışdır. 1949-cu ildə İshaq Cəfərzadə "Qədim Gəncənin tarixi-qazıntıları" oçerkində şəhərin arxeoloji qazıntılarının nəticələrini qeyd etmişdir. Sırf 1938–1940-cı illərin arxeoloji qazıntıları, Qədim Gəncə qala divarlarının öyrənilməsi, onun memarlıq quruluşu haqqında danışmağa imkan verdi.

1981–1982-ci illərdə Qədim Gəncə ərazisində arxeoloq Cabbar Xəlilovun araşdırmaları nəticəsində IX–XVII əsrlərə aid olan mədəni təbəqə və eləcə də bir çox qiymətli sənət nümunələri aşkar edilmişdir. Onların arasında Çində hazırlanmış heroqlifli saxsı qab aşkar edilmişdir.

Tarixi

1935-ci ildə E. Xadarin (solda) və 1939-cu ildə İ. Cəfərzadə (sağda) tərəfindən Qədim Gəncə qalası ərazisində qazıntılar zamanı aşkarlanmış alban yazılı keramika hissələri

Qədim Gəncə şəhərinin erkən tarixi yazılı mənbələrdə əsasən VII–IX əsrlərdən hesablansa da, bu ehtimal heç bir konkret tarixə və ya hadisəyə əsaslanmır. Arxeoloji qazıntılar göstərmişdir ki, Qədim Gəncə şəhəri daha qədim bir yaşayış yerinin əsasında formalaşmışdır; həmin yaşayış yeri tədricən böyüyərək inkişaf etmiş və şəhər kimi tanınmışdır. Ə. Salamzadə hesab edir ki, VII əsrdən zənginliyinə görə şəhər artıq Gəncə (pəhləvi dilində xəzinə anlamını verən gənzə sözündən) adlandırılmağa başlayır.

İ. Cəfərzadə həm də tarixi mənbələrdə Gəncə şəhərindən daha əvvəl qeyd edilməyə başlayan Arran şəhərini Qədim Gəncə yaşayış yeri ilə identikləşdirməyin mümkün ola biləcəyini bildirir. Ə. Salamzadə isə bu təklifin əsassız olmadığını qeyd edir. Bu məqamda Şamaxı şəhəri ilə paralel gətirən Ə. Salamzadə bildirir ki, bu tarixi şəhər də mənbələrdə əvvəlcə Şirvan adı ilə qeyd edilmiş, daha sonra isə Şamaxı adı istifadə olunmağa başlamışdır; Şirvan adı isə daha çox əyalətin adı kimi istifadə olunmağa davam etmişdir. Qədim Gəncə şəhəri isə ehtimal ki, əvvəlcə Arran adlanmış və VII əsrdən isə Gəncə kimi tanınmağa başlamışdır. Digər bir məqam isə, XIII əsrin I yarısında Amasiya şəhərində inşaatla məşğul olmuş ustad memar Məhəmməd ibn Mahmudun Arran sakini olduğunu göstərməsidir. Nəzərə alsaq ki, sənətkarlar öz nisbələrində adətən əyalət yox, şəhər adı qeyd edirdilər, memarın məhz Arran adlı şəhərdən olmasın düşünmək olar. Bununla yanaşı XI–XII əsrlərdə Qədim Gəncədə yaşayıb fəaliyyət göstərmiş Əbül-Üla, MəhsətiNizami kimi sənətkarlar məhz Gəncəvi ləqəbi daşımışlar.

Bast heykəlciyi, Son tunc və Erkən dəmir dövrü, Qədim Gəncə, Milli Azərbaycan Tarixi Muzeyi. Bu heykəlcik ilahəyə aid Azərbaycan ərazisində yeganə tapıntıdır.

Gəncə əlverişli coğrafi mövqeyi sayəsində Böyük ipək yolu üzərində yaranmış yaşayış məskəni kimi formalaşmışdır. Monqol istilası sonrası dövrün tarixçisi Həmdullah Mustovfi qeyd edir ki, ərəb şəhəri Gəncə 659–660-cı illərdə (yəni Şərqi Zaqafqaziyaya ilk ərəb yürüşləri dövründə) salınmışdır, lakin bu barədə ətraflı məlumat vermir.

Anonim “Şirvan və Dərbənd tarixi” (“Dərbəndnamə”) əsərinə görə, Gəncə 859-cu ildə Şirvanın ərəb mənşəli Məzyədilər sülaləsindən olan Məhəmməd ibn Xalid ibn Yəzid ibn Məzyəd tərəfindən təsis edilmişdir. Həmin nəslin nümayəndələri xəlifə əl-Mütəvəkkil dövründə Azərbaycanı, Arranı və Ərməniyyəni idarə edirdilər. Mənbədə qeyd olunur ki, şəhərin adı burada aşkar edilmiş xəzinə ilə əlaqədar olaraq verilmişdir.

Vladimir Minorski qeyd edir ki, erməni mənbələri də şəhərin əsasını həmin şəxsə aid edirlər. Məhəmməd ibn Xalidin şəhərin qurucusu kimi rolu X əsr tarixçisi Moisey Kalankatlı tərəfindən də təsdiqlənir. O yazır ki, Xəzrin oğlu Patqos erməni təqviminə görə 295-ci ildə (miladi təqvimlə 846–847-ci illər) Arşakaşen vilayətində Gəncək (Qandzak) şəhərini inşa etmişdir.

Gəncə tədricən beynəlxalq ticarətdə, regionun ictimai-iqtisadi və mədəni həyatında mühüm rol oynamağa başlamışdır. Şəhər həyatında ticarət və sənətkarlıq əsas yerlərdən birini tuturdu. Sənətkarlığın inkişafı üçün burada əlverişli iqtisadi potensial mövcud idi. Gəncənin yaxınlığında yerləşən dəmir, mis, şəb və digər faydalı qazıntı yataqları sənətkarları xammalla təmin edirdi.

Şəddadilərin paytaxtı: X-XI əsrlər

Şəddadilərin hakimiyyəti dövründə Ustad İbrahim Osmanoğlu tərəfindən hazırlanmış tarixi Gəncə qapıları qənimət kimi aparıldığı Gelati monastırında

Gəncənin şəhər kimi formalaşması ilə şəhərin hərbi qüdrətinin möhkəmləndirilməsinə xüsusi diqqət yetirilmişdir. Artıq bu dövrdə qala divarları inşa edilmiş, xəndəklər qazılmışdır. IX–X əsrlərdə Ərəb Xilafətinin zəifləməsi ilə əlaqədar Arran ərazisinin bir hissəsi Şirvanşahlar, Sacilər, Salarilər və Rəvvadilər sülalələrinin feodal dövlətlərinin tərkibinə daxil olmuşdur. X əsrin ortalarında Salarilər dövlətinin hakimiyyəti altında olan Gəncə Şəddadilər sülaləsinin paytaxtına çevrilmişdir.

Bizans ordusunun Dvinə hücumlarından sonra Həmdanilər sülaləsinin xidmətində olan Məhəmməd ibn Şəddadın oğlu Fəzl, Müsafiridlər dövlətinin canişini Əli əl-Tazinin xahişi ilə şəhəri dağlıların hücumlarından qorumaq üçün Gəncəyə göndərilmişdir. 969–970-ci illərdə onun qardaşı Ləşkəri də ona qoşulmuş və yerli əhalinin dəstəyi ilə onlar Əli əl-Tazini şəhərdən qovmuş, nəticədə Ləşkəri əmir elan edilmişdir.

978-ci ildə Ləşkərinin hakimiyyətini qardaşı Mərzban miras almışdır. Bir neçə ildən sonra isə o, Fəzl tərəfindən devrilmiş və Fəzl 985-ci ildən etibarən 47 il ərzində bölgəni idarə etmişdir. 993-cü ildə o, həmçinin Bərdə və Beyləqan şəhərlərini də ələ keçirmişdir. Klifford Edmund Bosvort qeyd edir ki, Şəddadilər özlərini islamın fəal müdafiəçiləri kimi göstərərək gürcü və erməni knyazları, Bizans, alanlar və ruslarla mübarizə aparmışlar.

Şəddadilərin Gürcüstanın şərq sərhədlərində hegemonluq qurması gürcü çarı IV Baqratı tədbirlər görməyə vadar etmiş və təxminən 990-cı ildə o, Şəmkiri mühasirəyə almışdır. Bu hərbi əməliyyatın nəticələri barədə mənbələrdə ziddiyyətli məlumatlar mövcuddur. Gürcülərlə baş vermiş digər toqquşma isə 1027 və ya 1030-cu illərdə baş vermiş və I Fəzl üçün ağır məğlubiyyətlə nəticələnmişdir.

II Əli Ləşkərinin hakimiyyəti dövründə - 1046/1047-ci ildə Azərbaycanın və Ərməniyyənin bir çox ərazilərini ələ keçirmiş səlcuq əmiri Qutulmuş Şəddadilərin paytaxtı Gəncəni il yarım mühasirədə saxlasa da, II Ləşkəri şəhəri bu hücumdan dəf etməyi bacarır və daha sonra Gəncədəki müdafiə istehkamlarının möhkəmləmdirilməsi barədə sərəncam verir. 1049-cu ildə Əbüləsvarın qardaşıoğlu olan Gəncə əmiri Ləşkəri 15 illik çətin hakimiyyət dövründən sonra öldü. Ondan sonra hakimiyyətə azyaşlı Ənuşirvan gəldi, ancaq həqiqi hakimiyyət hacib Əbu Mənsurun əlində idi. Təqribən iki ay sonra yeni rejimin siyasətinə qarşı olan bir qrup böyük şəxs Şəmkirdə Əbu Mənsuru devirdi və Əbüləsvarı Gəncədə də hakimiyyəti ələ keçirməsi üçün çağırdı. Əbüləsvar onlarla razılaşdı və Dvini tərk etdi. Dvin şəhəri Bizansa qarşı daha çox müdafiəsiz qaldı. 1053-cü ilə qədər şəhər bir çox hakimin əlinə verildi. 1053-cü ildə isə onun oğlu Əbu Nəsr İsgəndər şəhərin və ətraf ərazilərin hakimi elan edildi. Şəddadi hökmdarı Əbüləsvar Şavur əvvəlcə Şəmkirdə hər şeyi qaydaya saldı və bütün "Arran torpaqlarını və qalalarını" ələ keçirərərk Gəncəyə daxil oldu. Şəhərdə vəziyyətin sabitləşdirilməsindən sonra Şavur Gəncə qalasının möhkəmləndirilməsini əmr edir: bu zaman ustad İbrahim Osmanoğluna qala üçün məşhur Gəncə qapılarının hazırlanması sifariş edilir, Gəncədəki hökmdar sarayı bərpa edilir və böyük şəhər məscidi inşa olunur. Əbüləsvar 19 noyabr 1067-ci ildə öldü və Gəncənin əsas məscidində dəfn edildi. Onun yerinə taxta hələ sağlığında Əbüləsvar tərəfindən varis elan edilən və Şəddadi ailəsi, ordu və Arran insanları tərəfindən sədaqət andı içilən II Fəzl gəldi. Fəzldən başqa Əbüləsvarın 4 oğlu var idi: Aşot, İsgəndər, Mənuçöhr və Mərziban. Həmçinin onun Şirvanşah Salar ibn Yezidlə evlənən bir qızı var idi. Əbüləsvar Şavurun hakimiyyət dövrü Şəddadilər dövlətinin zenit dövrüdür, ancaq sülalələnin zəifləməsi onun ölümündən dərhal sonra başladı: səlcuqlar Arranda və ətraf ərazidə hakimiyyətlərini gücləndirdilər. Alp Arslan böyük miqdarda xərac almaq üçün şəxsən Gəncəyə gəldi.

III Fəzl Şəddadilərin Gəncədə hakimiyyətdə olmuş don hökmdarı olur. III Fəzl 1075-ci ilə qədər təxminən iki il hakimiyyətdə olmuş, həmin ildə sultan Məlikşah bölgəni öz qulu Sav Təkinə iqta kimi bağışlamışdır.

Səlcuqlar və Azərbaycan Atabəylərinin hakimiyyəti: XII-XIII əsrlər

Üzərində Məhəmməd Cahan Pəhləvanın adı yazılmış gil qab, Gəncə qalası

Səlcuq sultanı Məlikşah Gəncənin idarəsini öz oğlu Qiyasəddin Tapara həvalə etmişdir. Qiyasəddin Məhəmməd Tapar sonradan sultan seçildikdən sonra da Gəncədə Səlcuq hakimiyyətinin əsas nümayəndələrindən biri olaraq qalmaqda davam etmişdir.

XII əsrin birinci yarısında Gəncə bir neçə dəfə gürcü hücumlarına məruz qalmış və monqol istilasına qədər müəyyən dövrdə Gürcüstanın vassalı olmuşdur. Şəhərin tarixində mühüm hadisələrdən biri 30 sentyabr 1139-cu ildə baş vermiş güclü zəlzələdir. Bu zəlzələ nəticəsində Gəncə dağılmış və şəhər sonradan başqa əraziyə köçürülmüşdür. Təbii fəlakətin nəticəsi olaraq bölgədə Göygöl, Maralgöl, Ceyrangöl, Ördəkgöl, Zəligöl, Ağgöl, Qaragöl və Şamlıqgöl kimi bir sıra uçqun mənşəli göllər yaranmışdır. Şəhərin dağıdılmasından və hakimiyyətsiz qalmasından istifadə edən gürcü çarı I Demetre Gəncəyə hücum etmiş, çoxlu qənimət ələ keçirmiş və məşhur Gəncə qapılarını özü ilə aparmışdır. Həmin qapılar bu gün də Gürcüstanda Gelati monastırınin həyətində saxlanılır.

Fəzl bin Məhəmməd adından Gəncə zərbxanasında kəsilmiş mis dirhəm, 985–1031-ci illər, Amerika Numizmatika Cəmiyyətinin kolleksiyası

Atabəylər dövləti yarandıqdan sonra Gəncə Arran hakiminin iqamətgahına çevrilmişdir. 1225-ci ildə Gəncə Cəlaləddin Xarəzmşah tərəfindən ələ keçirilmiş və o, 1231-ci ildə həlak olana qədər şəhəri idarə etmişdir. Cəlaləddinin tərəfdarları tərəfindən törədilən zorakılıqlar, xüsusilə xristian əhaliyə qarşı həyata keçirilən zorla islamlaşdırma siyasəti 1231-ci ildə sənətkar Bəndərin rəhbərliyi ilə üsyana səbəb olmuşdur. Üsyançılar Cəlaləddinin qarnizonunu məhv etsələr də, sonda üsyan yatırılmış, 30 rəhbər edam edilmiş, Bəndər isə qətlə yetirilmişdir.

Gəncə ərazisində Bizans sikkələrinin tapılması şəhərin geniş ticarət əlaqələrinə malik olduğunu göstərir. XII–XIII əsrlər Gəncənin, İldəgizilər dövlətinin ikinci paytaxtı kimi, çiçəklənmə dövrü hesab olunur. Burada istehsal edilən və “Gəncə ipəyi” kimi tanınan parça qonşu ölkələrin və Yaxın Şərqin bazarlarında yüksək qiymətləndirilirdi. Burada həmin dövrdə Nizami GəncəviMəhsəti Gəncəvi kimi görkəmli klassiklər, həmçinin dövrünün ən vacib tarixçilərindən biri olan Gəncəli Kirakos fəaliyyət göstərmişlər.

Cəlaləddin Xarəzmşahın ölümündən az sonra, 1235-ci ildə Gəncə monqollar tərəfindən işğal edilmişdir. Tarixçisi Kirakos Gəncəlinin məlumatına görə, monqollar müxtəlif yerlərdə mühasirə qurğularından istifadə edərək şəhərin qala divarlarını dağıtmışlar.

Arran vilayəti və Qarabağ bəylərbəyliyi: XIII-XVII əsrlər

XIII-XV əsrlərdə Gəncə əvvəlcə Arran vilayətinin tərkibində Hülakülər dövlətinin (1256-1335), daha sonra Qaraqoyunlu (1375—1469) və Ağqoyunlu (1378—1508) dövlətlərinin tərkibində olmuşdur. XVI–XVIII əsrlərdə Gəncə Səfəvilər dövlətinin tərkibinə daxil olaraq Qarabağ bəylərbəyliyinin mərkəzi olmuşdur. Şah I Təhmasib (1514–1576) tərəfindən ilk bəylərbəyi kimi Qacar tayfasından olan Şahverdi sultan təyin edilmişdir.

Bu nəslin nümayəndələri — Ziyadoğlular sülaləsi — Səfəvilər hakimiyyəti dövründə Gəncəni idarə etmişlər. Şahverdi sultan yalnız Gəncə və Qarabağın Arran hissəsinə deyil (bu zaman Qarabağın dağlıq hissəsi xristian hakimlərinin nəzarətində qalırdı), həmçinin Şəmşəddil və Qazax bölgələrinə də hakim idi. Gəncə bu dövrdə Qarabağ bəylərbəyliyinin ənənəvi inzibati və siyasi mərkəzi kimi çıxış etmişdir.

Dağıdılması və yeni əraziyə köçürülməsi

Şah II Təhmasibin adından Gəncə zərbxanasında kəsilmiş qızıl sikkə, 1722-1723-cü illər, Amerika Numizmatika Cəmiyyətinin kolleksiyası

XVI əsrdə şəhər Səfəvi-Osmanlı müharibələrinin mərkəzlərindən birinə çevrilir. 1587-ci ildə Fərhad Paşanın rəhbərlik etdiyi Osmanlı ordusu Gəncə şəhərini ələ keçirir. Osmanlı türkləri şəhərin möhkəmləndirilməsi üçün dərhal işə başlayırlar və yeni qala divarları inşa edilir. 1606-cı ildə I Şah Abbas tərəfindən mühasirəyə alınana kimi Gəncə Osmanlı dövlətinin tərkibində qalır.

Mənbələrin məlumatına görə, Gəncə şəhərini ələ keçirdikdən sonra, I Şah Abbas onu, yeni əraziyə köçürməyi əmr edir. Ə. Salamzadə bu baxımdan şəhərin tam köçürülməsindən yox, şəhər mərkəzinin köçürülməsindən bəhs edildiyini göstərir. A. Bakıxanov bu haqqda yazır:

" Şah, Gəncə şəhərini əvvəlki yerindən bir fərsəx (təxm. 6-7 km) yuxarı, hazırda çinarlar əkilmiş çeydan olan yerə köçürdü. Məscid və karvansaraylar ondan sonra qalan möhtəşəm abidələrdir. Onların planını Persiyada məşhur alim olan Bahəddin hazırlamışdır. "

Ə. Salamzadə hesab edir ki, Qədim Gəncə tam olaraq XVI əsrin sonu – XVII əsrin əvvəllərində Osmanlılar tərəfindən yeni qalanın inşası və I Şah Abbas tərəfindən şəhər mərkəzinin köçürülməsindən sonra tərk edilmişdir. XVII əsrin 50-ci illərində bu ərazilərdə olmuş Arseni Suxanov yazır:

" ...17-ci gündə (iyul, 1652) nahar vaxtı Gəncəyə çatdıq və karvansarayda yerləşdik. 18-ci gün kiçik adamlarla bir fərsəxə qədər yol gedib Qədim Gəncəyə çatdıq; yer daha böyük, daha çox məskunlaşmış idi, şəhər də başqa idi, şəhər qalasından kənarda yerləşən ticarət sahəsi də daha böyük idi, köhnə şah onu qırx il əvvəl tərk etmişdi. Ticarət sahəsinin ortasında, şəhərin düz qabağında böyük çay olub, indi isə axını başqa yerə dəyişdirilib. Şəhər və çoxlu binalar təməlinə kimi dağıdılıb; lakin məscid olduğu kimi qalır. Həmin ərazidən bir qədər uzaqlaşıb sahədə gecələdik... "

1647-ci ildə İrəvandan Bakıya səfər edən türk səyyahı Övliya Çələbi Gəncə şəhərindən keçir. O, qeyd edir ki, Gəncə böyük şəhər olsa da, onun qala divarları şah tərəfindən dağıdılmışdır. Onun sözlərinə görə o zaman şəhərdə altı min ev (ailə) var idi. Ə. Salamzadə qeyd edir ki, hər evdə orta hesabla 7 nəfər olduğunu nəzərə alsaq, şəhərdə təxminən 40.000 əhalinin yaşadığını qeyd etmək olar. Ö. Çələbi qeyd edir ki, şəhərdə çoxlu bağlar, ictimai binalar, karvansaraylar, hamamlar, qapalı bazar və imarət var idi. Şəhər ətrafı isə sıx tut bağları ilə əhatə olunmuşdur. O, bildirir ki, "Gəncə nalları və dəmir əşyaları da Gəncə ipəyi kimi məşhurdur."

Memarlıq və şəhərsalma

Arxeoloji məlumatlara və müxtəlif təsvirlərdə günümüzədək gəlib çatan məlumatlara əsasən, Qədim Gəncə şəhəri Gəncəçayın hər iki sahilində yerləşmişdir. Şəhərin hər iki hissəsi qala divarları və qüllələrlə əhatə olunmuşdu. Bu hissələr Gəncəçay üzərindən salınmış üç körpü vasitəsilə bir-biri ilə əlaqələndirilirdi. Həmin körpülər hazırda yarıdağılmış vəziyyətdədir. Onlardan yalnız biri XIX əsrə aid fotoşəkil vasitəsilə məlumdur. Bu fotoşəkilə əsasən körpünün görkəmli memarlıq nümunəsi olduğu məlumdur. Mövcud materialların təhlili göstərir ki, şəkildə çayın axını üzrə üçüncü körpü təsvir edilmişdir. Bu körpü XII əsrə, yəni Gəncənin çiçəklənmə dövrünə aid edilir. Şəhərin sağ və sol sahil hissələri təxminən eyni sahəyə malik idi və sıx yerləşdirilmiş qüllələrlə möhkəmləndirilmiş güclü qala divarları ilə əhatələnmişdi.

1938–1940-cı illərdə aparılmış memarlıq-arxeoloji qazıntılar və Qədim Gəncənin qala divarlarının tədqiqi onun memarlıq görünüşü haqqında təsəvvür yaratmağa imkan vermişdir. Qazıntıların nəticələrinə görə, tikintidə Gəncəçay çayının bol şəkildə təmin etdiyi materiallardan geniş istifadə olunduğu müəyyən edilmişdir.

Qədim Gəncə xarabalıqları qala divarlarının, qüllələrin qalıqları, dolmuş xəndəklər, qismən qorunmuş sahil divarları və şəhərin iki hissəsini birləşdirən üç körpünün qalıqları ilə təmsil olunur. Şəhər divarları daxilindəki ərazi, qala sədləri və ətraf sahələr müxtəlif növ saxsı qab qalıqları ilə zəngin olmuşdur; bu qablar sadə nümunələrdən tutmuş yüksək bədii səviyyədə hazırlanmış, şirələnmiş və müxtəlif naxışlarla bəzədilmiş nümunələrə qədər geniş çeşidi əhatə edirdi. Bundan əlavə, çoxlu sayda şirli kərpiclər, dekorativ plitələr və naxışlı gips lövhəciklər aşkar edilmişdir.

Qala divarları və xəndəklər plan baxımından qeyri-müntəzəm çoxbucaqlı forma təşkil edirdi. Sağ sahil hissəsində, sol sahillə çoxgözlü iri körpülər vasitəsilə birləşdirilən ərazidə, şəhərin ardıcıl inkişafını sübut edən üç sıra qala divarları izlənir; bu divarların daxilində yerləşən mərkəzi hissənin içqala funksiyası daşıdığı ehtimal olunur.

Şəhər ərazisi hər tərəfdən çoxsaylı qəsəbələr, kəndlər və qəbiristanlıqlarla əhatə olunmuşdu. Şəhərin ətraf ərazilərlə birlikdə ümumi sahəsi təxminən 12–16 km² təşkil edirdi.

Qala divarları

Qədim Gəncənin qala divarları əsasən çiy kərpic və gil qatışığından (gildən hazırlanmış tikinti materialı) hörülmüş, sonradan isə xarici tərəfdən daş-kərpic üzlük ilə örtülmüşdür. Bu tip üzləmə üsulları Örənqala abidəsində də müşahidə olunur. Divarların bəzi hissələrində isə bütövlükdə kərpic və daşdan ibarət hörgü tətbiq edilmişdir. Divarların qalınlığı bəzi yerlərdə 3–6 metrə çatırdı. Hörgü möhkəm əhəng məhlulu ilə aparılmışdır. Bu məhlul bəzən boz, bəzən isə oxra-sarı çalarlarda müşahidə olunur. Hörgünün xarakteri və naxışlanması müxtəlifdir: tez-tez “balıqquyruğu” tipli düzülüşə rast gəlinir. Bəzi hallarda isə iri daş (çaydaşı) hörgüsü kərpic sıraları ilə növbələşir. Bu xüsusiyyət sonradan Arran memarlıq məktəbinin fərqləndirici keyfiyyətlərindən birinə çevrilmişdir.

Hörgü üsulu həm estetik, həm də konstruktiv baxımdan düşünülmüşdür. Belə ki, kənarına şaquli yerləşdirilmiş kərpiclərdən ibarət çərçivə daxilində iri çaydaşları yerləşdirilirdi. Bu üsul daş üzlüyü ilə qüllənin əsas konstruksiyası arasında möhkəm əlaqə yaradırdı; yəni çaydaşını çıxarmaq üçün əvvəlcə onu əhatə edən kərpic çərçivəni dağıtmaq lazım gəlirdi. Bu tip texniki həll Dərbənd qalası divarlarının üzlüyü ilə müəyyən oxşarlıq təşkil edir. Məhz bu cür hörgü ilə tikilmiş divar və qüllə hissələri bu günədək nisbətən yaxşı qorunub saxlanmışdır, halbuki yalnız çaydaşından ibarət, kərpic çərçivəsiz hörgü ilə tikilmiş hissələr bir çox yerlərdə üzlüyünü itirmişdir.

Bəzi hallarda bütöv çaydaş hörgüsü arasında müəyyən ardıcıllıqla iri ölçülü, düzbucaqlı formalı yonulmuş qırmızı və ağ daşların daxil edildiyi müşahidə olunur. Daşlar arasındakı boşluqlar isə kvadrat formalı kərpiclərin fiqurlu düzülüşü ilə doldurulmuşdur.

Qədim Gəncə xarabalıqları. Müasir Gəncə şəhərinin 6-7 km-liyində yerləşir
Hökmdar qəsrinin xarabalıqları. Kərpic və çaydaşından hörgü sıraları müşahidə edilir Çaydaşından hörülmüş divar qalıqları Qala qülləsinin qalıları. Kərpic və çaydaşından hörgü sıralarını görmək olur

Sahil qüllələri və divarlarının xarakterində və hörgüsündə yüksək səviyyəli dəqiqlik müşahidə olunur. Bu qurğular öz funksiyası və təyinatına görə sahil zolağını çayın suları tərəfindən yuyulmadan qorumaqla yanaşı, şəhərin çay istiqamətindən ilk xarici müdafiə xətti rolunu da yerinə yetirirdi. Bu hissələrdə hörgü bütün səth boyunca ardıcıl və düzgün sıralarla aparılmışdır.

Belə diqqətlə icra olunmuş hörgü, Gəncəçay sularının əsrlər boyu təsirinə baxmayaraq, həmin divar hissələrinin yaxşı qorunub saxlanmasına şərait yaratmışdır. Müasir dövrdə də bu tikililər ilkin funksiyasını — sahil zolağını çayın aşındırıcı təsirindən qorumaq vəzifəsini yerinə yetirməkdə davam edir.

Divarların küncləri iri ölçülü qüllələrlə birləşdirilir və möhkəmləndirilirdi. Həm divarlar, həm də qüllələr çoxsaylı döyüş mazğalları ilə təchiz olunmuşdu.

Gəncənin qala divarları şəhərin genişlənməsi və yeni məhəllələrin yaranması ilə əlaqədar olaraq müxtəlif dövrlərdə mərhələli şəkildə inşa edilmişdir.

Digər şəhər tikililəri

XII əsrə aid quşların təsvirli keramik üzlük plitə, Qədim Gəmcə, Milli Azərbaycan Tarixi Muzeyi

1940-cı illərin əvvəllərində Qədim Gəncə ərazisində yaşayış tikililəri üzrə aparılmış qazıntılar memarlıq barədə geniş nəticələr çıxarmaq üçün kifayət qədər material verməsə də, ümumi şəhər memarlığının xüsusiyyətlərini müəyyənləşdirməyə imkan yaratmışdır. Belə ki, yaşayış binalarının bünövrəsi əsasən çaydaşından inşa edilir, divarlar isə çiy kərpic və ya bişmiş kərpiclə hörülürdü. Daxili səthlər 2–3 sm qalınlığında suvaqla örtülür, suvağın üzərinə isə nazik alebastr qatı çəkilirdi.

Döşəmələr əsasən gil qatından ibarət olur, bəzi otaqlarda isə kvadrat formalı bişmiş kərpiclə örtük tətbiq edilirdi. Örtük konstruksiyasında qamışdan istifadə olunurdu. Çörək bişirmək üçün təndirlər, yemək hazırlamaq üçün isə ocaqlar mövcud idi. Şəhər təmiz bulaq suyu ilə təmin edilir, bu su şəhərə xarici tərəfi qalın kül təbəqəsi ilə örtülmüş saxsı borular vasitəsilə gətirilirdi.

Qala divarlarının, körpülərin və qüllələrin tədqiqi göstərir ki, həmin dövrdə tikinti texnikası və sənətkarlıq yüksək inkişaf səviyyəsində olmuşdur. XII əsrdə fəaliyyət göstərən ustalar və memarlar yerli materiallardan — Gəncəçayın çaydaşından və Kiçik Qafqazın ətəklərindən əldə olunan daşlardan — səmərəli istifadə etmiş, müxtəlif hörgü üsullarını tətbiq etmişlər. Onlar yüksək bədii zövqə malik olmuş, bu da Qədim Gəncənin qala divarlarının dekorativ hörgüsündə öz əksini tapmışdır. Həmçinin ustalar tikinti məhlullarının hazırlanması sahəsində də mükəmməl biliklərə sahib olmuş və bu bilikləri praktikada uğurla tətbiq etmişlər.

Qədim Gəncə ərazisində zəngin memarlıq-dekorativ işləməyə malik çoxsaylı tikililərin mövcud olduğu arxeoloji tapıntılarla təsdiqlənir. Bunu çoxlu sayda aşkar edilmiş kaşılı kərpiclər, şirli plitələr və alebastrdan hazırlanmış ornamental bəzək elementləri sübut edir. Ən çox istifadə olunan rənglər mavi, zümrüd-yaşıl və bənövşəyi çalarlı tünd mavi olmuşdur.

Qala divarlarından kənarda müxtəlif tikililər — saraylar, karvansaralar, yaşayış evləri və məscidlər ucalırdı. Bu tikililər rəngli, şirli kərpiclərlə zəngin şəkildə bəzədilmişdir.

Qədim Gəncə ərazisində farsdilli poeziyanın klassiki Nizami Gəncəvi yaşamış, vəfat etmiş və dəfn olunmuşdur. Onun məzarı Gəncədən 5–6 km məsafədə, Gəncə–Goran yolu üzərində, qədim poçt və ticarət yolunun kənarında - Qədim Gəncə ərazisində yerləşir. Qədim Gəncənin mövcudluğunu itirməsindən sonra XVII əsrdə yeni yol üçün Gəncəçay üzərində altı aşırımlı körpü tikilmişdir. “Xan körpü” adı ilə tanınan bu körpü XIX əsrin sonlarında dağıdılmışdır.

Nizaminin məzarı üzərində kiçik bir məqbərə mövcud olmuşdur. 1903–1905-ci illərdə Tiflisdə Hüseyn xan Rzazadə tərəfindən naturadan çəkilmiş akvarel təsvirinə əsasən, məqbərə xaricdən günbəzlə tamamlanan kub formasında olmuşdur; onun şimal divarında sadə haşiyə ilə çərçivələnmiş sivri formalı dar giriş qapısı yerləşirdi. Arxeoloji qazıntılar nəticəsində müəyyən edilmişdir ki, XIII əsrə aid ilkin məqbərənin qalıqları dərinlikdə yerləşir, 1925-ci ilə qədər mövcud olan yerüstü hissə isə sonrakı dövrlərə aid əlavə tikili olmuşdur. 1922-ci ildə aparılan qazıntılar zamanı Nizaminin məzarı açılmış, qalıqları yeni tabuta köçürülərək Gəncəyə aparılmış, lakin sonradan Bakıdan verilmiş göstərişə əsasən yenidən əvvəlki yerində dəfn edilmişdir.

1932-ci ildə şairin məzarı üzərində müvəqqəti abidə ucaldılmışdır (bu dövrdə köhnə məqbərənin divarlarından heç nə qalmamış, yalnız bünövrə və torpaq altında qalmış 4–5 sıra kərpic qalıqları mövcud idi). 1947-ci ildə isə Nizaminin məzarı üzərində yeni abidə inşa edilmişdir.

Qədim Gəncə ərazisində daha iki memarlıq abidəsi — məqbərə qorunub saxlanılmışdır: “Göy İmam”“Comərd Qəssab”. Birincisi, “İmamzadə” məqbərəsi kimi də tanınır və Qədim Gəncənin arxeoloji qazıntı aparılmış xarabalıqlarından şimalda yerləşir. 1878–1879-cu illərdə general-mayor İsrafil bəy Yadigarzadənin təşəbbüsü ilə məqbərə bərpa edilmişdir.

Məqbərə üzərindəki 1878-ci ilə aid bərpa kitabəsində onun hicri 120-ci ilə, yəni 737–738-ci illərə aid olduğu göstərilir. Bununla yanaşı, XVIII əsr erməni tarixçisi Mikayel Çamçyan və XIX əsr səyyahı V. S. Calalyan qeyd edirlər ki, xalq arasında yayılmış rəvayətə görə “Göy İmam” monqol qatilləri tərəfindən 1393-cü ildə öldürülmüş Xosrov adlı şəxsə məxsus məzardır və bu səbəbdən abidə XIV əsrə aid edilir. Erməni əlyazmalarından birində edilmiş qeyd də həmin dövrdə Gəncəli Xosrov adlı bir şəxsin şəhid edilməsi barədə məlumat verir.

Qədim Gəncənin sağ sahil hissəsinin cənub divarlarından təxminən bir kilometr məsafədə, çayın yuxarı axarı istiqamətində ikinci abidə — “Comərd Qəssab” türbəsi yerləşir. Bu abidə kərpicdən inşa olunmuş məqbərədir. İ. P. Şeblıkının məlumatına görə, bu tikili şəhərin müdafiəsi zamanı həlak olmuş qəssab qəhrəmanın şərəfinə ucaldılmışdır. Xalq rəvayətləri və şifahi ənənələr abidənin tikilməsini IX əsrə aid edir. Lakin Şeblıkının qeyd etdiyi kimi, onun mövcud memarlıq görnüşünə əsasən bu qədər erkən dövrə aid edilməsi üçün kifayət qədər əsas yoxdur.

Məqbərənin şərq, cənub və qərb divarlarında açılışların mövcudluğu onun qismən rotunda tipli tikili olduğunu göstərir; belə ki, bina dörd tərəfdən açıq, aralıq hissələrdə isə kor divarlarla tamamlanan quruluşa malikdir.

Sənətkarlıq və ticarət

Şüşə və keramika

Gəncə ustaları öz dövrü üçün yüksək qiymətləndirilən şüşə məmulatları istehsal edirdilər. Burada şüşə qablar (stəkanlar, qədəhlər) və şüşədən hazırlanmış bəzək əşyaları — muncuqlar, bilərziklər, üzüklər və s. hazırlanırdı. Arxeoloji tapıntılar arasında nazik və şəffaf şüşə nümunələri (digər rəngli şüşə lentlərdən ibarət incə naxışlarla bəzədilmiş) ilə yanaşı, daha kobud şüşə nümunələrinə də rast gəlinir. Emalatxanaların ərazisində şüşə istehsalına aid şlaklar da aşkar edilmişdir.

Gəncədə sənətkarlığın əsas sahələrindən biri də keramika istehsalı olmuşdur. Qazıntılar zamanı aşkar edilən küpələr, kasalar, boşqablar, çıraqlar, sferokonik qablar və digər məmulatlar keramika istehsalının həm çeşid, həm də keyfiyyət baxımından yüksək inkişaf səviyyəsini göstərir. Sadə istifadə üçün bişmiş gildən hazırlanmış qablarla yanaşı, Gəncədə daha bahalı şirəli və polixrom keramika nümunələri də istehsal olunurdu. Arxeoloji tapıntılar arasında lüstr keramika və bədii fayans nümunələrinin fraqmentləri də mövcuddur. Bu tip məmulatların, ehtimal ki, daha varlı təbəqənin tələbatını ödəmək üçün hazırlandığı qeyd olunur.

Gəncə keramikası bitki və heyvan aləmi motivləri, insan təsvirləri və xalq rəvayətlərindən götürülmüş süjetlərlə zəngin bədii naxışlara malik idi. Eyni zamanda, ehtimal edilir ki, Gəncə keramika emalatxanaları sarayların, məscidlərin, məqbərələrin və varlı təbəqəyə məxsus yaşayış binalarının bəzədilməsində istifadə olunan şirəli kərpiclər və kaşılar da istehsal edirdi. Qədim Gəncə ərazisində aparılan arxeoloji qazıntılar zamanı bu cür kaşıların çoxsaylı qalıqları aşkar edilmişdir.

Qədim Gəncədən aşkarlanmış keramika nümunələri
Qədim Gəncə yaşayış yerindən aşkarlanmış zərfayans boşqab, Milli Azərbaycan Tarixi Muzeyi (Bakı) Üzəri polixrom nəbati naxışla bəzədilmiş fayans kuzə, Gəncə Tarix-Diyarşünaslıq Muzeyi (Gəncə) XIII əsrə aid quş başı təsvirli kuzə, Türk və İslam Əsərləri Muzeyi (İstanbul) Qədim Gəncə yaşayış yerindən aşkarlanmış naxışlı küpə qalığı, Milli Azərbaycan Tarixi Muzeyi (Bakı)

Metalişləmə

Gəncənin yaxınlığında yerləşən zəngin dəmir, mis, gümüş və şəb yataqları şəhərin özündə də metalişləmə sənətinin inkişafına mühüm təsir göstərmişdir. Gəncə yaxınlığındakı dəmir yataqları barədə Həmdullah Qəzvininin “Nüzhət əl-qulub” əsərində məlumat verilir; o yazır: “Dəmir… Arran Gəncəsi yaxınlığında [çıxarılır]”.

Gəncədə aparılmış arxeoloji qazıntılar zamanı aşkar edilən kürələr, dəmir qalıqları və metal şlakları şəhərin özündə metal emalı emalatxanalarının mövcud olduğunu göstərir. Bu emalatxanalarda fəaliyyət göstərən ustalar — dəmirçilər — məişət əşyaları, metal qablar, ox ucluqları, mismarlar, dəmir ilmələr və digər məmulatları yerindəcə istehsal edirdilər.

Metal emalı sahəsinə mis sikkələrin hazırlanması da daxil idi; bu sikkələr Gəncə və onun ətraflarında aparılan qazıntılar zamanı çoxlu miqdarda aşkar edilmişdir. Tapıntılara əsasən, sikkələrin əsas hissəsinin Gəncə zərbxanasında kəsildiyi ehtimal olunur, baxmayaraq ki, onların üzərində istehsal yeri göstərilməmişdir. Bu sikkələrin çoxluğu Gəncədə sikkə istehsalı ilə bağlı olan ustaların — misgərlərin, oymaçıların, zərb ustalarının və başqalarının — geniş fəaliyyət göstərdiyini göstərir.

Mənbələrin (məsələn, İbn əl-Cəvzi) məlumatına görə, Gəncə ustaları arasında zərgərlər də mövcud olmuşdur. Onlar yalnız zinət əşyalarının hazırlanması ilə kifayətlənməyərək, həm də məşhur və yüksək dəyərə malik gümüş qablar — kasalar və sinilər istehsal edirdilər. Bu məmulatlar hökmdarların məclislərində bəzək elementi kimi istifadə olunur və eyni zamanda işğalçılar üçün arzuolunan qənimət hesab edilirdi.

Ədəbiyyat

  • Саламзаде, Абдул Вагаб. Архитектура Азербайджана XVI—XIX в.в. (PDF). Баку: Изд-во Академии наук Азербайджанской ССР. 1964. 253.
  • Альтман М. М. О времени возникновения Ганджи как города // Известия Азербайджанского филиала АН СССР. — Баку, 1940. — № 1. — С. 81–85.
  • Альтман М. М. Исторический очерк города Ганджи. — Баку: Издательство Академии наук Азербайджанской ССР, 1949.
  • Ахмедов Р. Дж. Гянджа средневековья (археологическое изучение). — Баку: Элм, 1988.
  • Гейдаров М. Х. Города и городское ремесло Азербайджана XIII–XVII веков. Ремесло и ремесленные центры. — Баку: Элм, 1982. — 280 с.
  • Достиев Т. М., Искандерова А. Д. Глазурованная керамика средневековой Гянджи (коллекция Национального музея истории Азербайджана). — Астана; Баку; Самарканд, 2024. — 496 с.
  • Насирли Х. М. Гянджа. Архитектурно-планировочное развитие. — Баку: Элм, 1990. — 125 с.
  • Саламзаде А. В., Авалов Э. В. и Салаев Р. Д. Проблемы сохранения и реконструкции исторических городов Азербайджана / Под ред. М. А. Усейнова. — Баку: Элм, 1979.
  • Щеблыкин И. П. Памятники азербайджанского зодчества эпохи Низами (материалы) / Под ред. И. Джафарзаде. — Баку: Издательство АзФАН, 1943.
  • Щеблыкин И. П., Горчакова Н. Г. Ганджа XII века // Архитектура Азербайджана. Эпоха Низами. — Баку: Государственное архитектурное издательство, 1947.
Üst