| Zəfər Parkı | |
|---|---|
| |
| Məlumatlar | |
| Ölkə |
|
| Yerləşməsi | Bakı, Azərbaycan |
| Sahəsi |
|
| Yaradılıb | 2024 |
| Ən yaxın ictimai nəqliyyat | Şah İsmayıl Xətai metrostansiyası |
| Xəritədə yeri | |
![]() | |
Zəfər Parkı — Azərbaycanın Bakı şəhərinin Xətai rayonunda yerləşən park. Park 8 Noyabr prospektində, Dənizkənarı Milli Parkın önündə yerləşir və Azərbaycan xalqının 2020-ci ildə əldə etdiyi tarixi qələbəni və Vətən uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsini əbədiləşdirmək məqsədi daşıyır.
Tarixi
Vətən Müharibəsi Memorial Kompleksi və Zəfər Parkının yaradılması Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi Zəfərin yaddaşlarda yaşadılması və ictimaiyyətə nümayiş etdirilməsi, şəhidlərin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncamına əsasən olmuşdur.
27 sentyabr 2023-cü il tarixində Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva Bakıda inşası davam etdirilən Zəfər parkında olmuşdular.
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev 2024-cü ildə noyabrın 8-də Bakıda Zəfər parkının açılışında iştirak etmişdilər.
8 noyabr 2025-ci il tarixində, Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı Zəfər Gününün 5-ci ildönümündə, Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə parkın aşağısında Zəfər muzeyin açılışı baş tutmuşdu.
Xüsusiyyətlər
Zəfər Parkının ümumi ərazisi 9.16 hektar, yaşıllıq zonaları isə 4.24 hektar təşkil edir. Layihə çərçivəsində 44 metr hündürlüyündə Zəfər tağı, 9.9 metr hündürlüyündə memorial abidə, həmçinin şəhidlərin adlarının yazıldığı 8.8 metr hündürlüyündə xatirə divarı inşa edilib. Parkın tikintisinə 114.5 milyon AZN vəsait sərf olunub, Bakı şəhərinin Xətai rayonunda, 8 Noyabr prospekti tərəfdə, Dənizkənarı Milli Parkın önündə yerləşir.
Parkın girişində Zəfər tağı yerləşir. Zəfər tağının olduğu yer, həmçinin, şəhərin mərkəzinə gedən iki yolun kəsişməsi yeridir. 44 günlük Vətən müharibəsinin rəmzi kimi, Zəfər tağının hündürlüyü 44 metr, eni 22 metr təşkil edir, 44 sütunu var. Tağlar Qələbəyə aparan rəmzi yolun başlanğıcını təsvir edir. Tağın üst hissəsindəki ağac elementi böyüyən Azərbaycan, pöhrələnmə, firavanlıq, yeni həyata və Qələbəyə aparan simvolik yol təsəvvürü yaratmaq üçündür.
Parka keçid hissədə 8 Noyabr - Zəfər Gününü əks etdirən Zəfər abidəsi ucaldılıb. Bu memorial abidə iki güclü əlaməti təcəssüm etdirir: Zəfər Gününü və sonsuzluğun rəmzi kimi sarsılmaz birliyi. Abidənin ətrafında salınmış yaşıllıq Qarabağ xalçalarındakı naxış və bəzək elementlərini əks etdirir.
Parkın aşağı hissəsi Zəfər muzeyi artıq inşa edilibdir. Hal hazırda onun tərtibatı gedir. Parkın ərazisindən muzeyə iki istiqamətdən giriş olacaqdır. Muzeyinin əsas girişində "Dəmir yumruq" simvolu yaradılacaqdır. Bu simvolunun üzərində Qələbənin tarixi qeyd ediləcəkdir. "Dəmir yumruq" Zəfərin əsasında dayanan Lider, Xalq, Dövlət və Ordu birliyinin rəmzi hesab olunur. Zəfər muzeyinin yaradılmasının məqsədi Azərbaycan torpaqlarının azad olunması üçün tarixi Qələbəyə gedən yolun, Vətən müharibəsində qəhrəmancasına döyüşmüş əsgər və zabitlərin, bütün şəhidlərin xatirəsini yaşatmaqdan ibarətdir. Zəfər muzeyində Vətən müharibəsi şəhidlərinin hər birinin adı həkk olunacaq. Muzeydə toplanacaq eksponatlar müharibədə iştirak etmiş əsgər və zabitlərin igidliyini, Azərbaycan xalqının əzmini nümayiş etdirəcək.
Parkda, həmçinin, tematik bağça, kaskad tipli şəlalə, Qarabağ yaddaş bağçası və parka ümumi baxış nöqtəsi də yaradılmış, yaddaş bağçasının ətrafında isə istirahət guşələri salınıbdır.
Parkın sonunda Azadlıq Bayrağı Meydanı yerləşir. Azərbaycan Bayrağı su hövzəsinin mərkəzində dalğalanacaqdır. Azadlıq Bayrağı Meydanına gedən 44 bürünc döşəmədən ibarət yol Vətən müharibəsinin rəmzi kimi olacaq.
Həmçinin bax
- Hərbi Qənimətlər Parkı
- Əlifba sırasına görə parklar
- İkinci Qarabağ müharibəsi
- Bakı parkları
- 2024-cü ildə Azərbaycanda yarananlar

