Azərbaycan şəlalələri — Azərbaycan ərazisində mövcud şəlalələr.
Azərbaycanın ən yüksək şəlaləsi Mucuq şəlaləsidir. Qəbələ rayonu ərazisində, Dəmiraparan çayının solunda, 1700 metr hündürlükdə yerləşir. Şəlalənin hündürlüyü 96 metrdir. Mucuq şəlaləsi mənbəyini Qotur dağının massivindən qar və yağış sularından götürür.
Böyük Qafqazın ən əzəmətli dağlarından biri — Şahdağdakı dağ şəlalələri Cənubi Qafqazda çox məşhurdur. Azərbaycandakı digər ən məşhur şəlalələrdən biri Quba rayonu ərazisində Vəlvələçay üzərindəki məşhur Afurca şəlaləsidir. Bu şəlalə dövlət tərəfindən mühafizə olunur.
Qusar rayonunun dağ dərələrində də öz mənzərəsi ilə diqqəti çəkən şəlalələr var. Onların ən məşhuru Laza və Şahnabaz şəlalələridir. Qusarın Laza kəndindən Qubanın Xınalıq kəndinə olan məsafə boyunca qayalıqlardan müxtəlif ölçülü (hündurluyu 150 m-ə qədər) şəlalələr axır.
Lerik rayonunun Qələbin və Bibiyani kəndlərində yerləşən eyni adlı şəlalələr də məşhurdur. Veriçay üzərində yerləşən Qələbin şəlaləsi yuxarı, orta və aşağı olmaqla üç ayrı şəlalədən ibarətdir. Aşağı Qələbin şəlaləsinin hündürlüyü 70 metrə, Orta Qələbin şəlaləsinin hündürlüyü 15 metrə, Yuxarı Qələbin şəlaləsinin hündürlüyü isə təxminən 40 metrə yaxındır. Bibyani kəndindəki Bibyani şəlaləsinin hündürlüyü də 20 metrdir. Şəlalələr Talış dağlarında, Peştəsər silsiləsinin yamaclarında yerləşir. Bu şəlalələrin hər biri turistlərin diqqətini cəlb edir.
Yardımlı rayonunun Peştəsər və Ostayır kəndinindəki şəlalələr də məşhurdur. Bu rayonnun ərazisindəki Təkdam şəlaləsi də turistlərin diqqətini cəlb edir.
İsmayıllı rayonu ərazisində hündürlüğü 50 metrə çatan Qalacıq və Burovdal, 30 metr yüksəklikdən tökülən Çayqovuşan, 25 metrlik hündürlükdən axan İstisu, Pirbənövşə və Mədrəsə şəlalələrini misal göstərmək olar.
Laçın rayon Ağbulaq kəndi ərazisində yerləşən Ağbulaq şəlaləsi 36 metrə çatan hündürlükdədir.
Balakən rayonu ərazisindəki Katexçay şəlaləsi isə Azərbaycanda ən məşhur şəlalə sayılır. Şəlalə Zaqatala dövlət təbiət qoruğunun ərazisinə daxildir. Şəlalənin hündürlüyü 20 metrə yaxındır. Katexçay şəlaləsi Azərbaycanın ən bolsulu şəlaləsidir.
Oğuz-Qəbələ yolunun kənarında yerləşən Yeddi gözəl şəlaləsi də təbiətə yaraşıq verən mənzərədir. Qax rayonundakı İlisu şəlaləsinin hündürlüyü təxminən 25 metrdir.
Həmçinin bax
- Azərbaycanın daxili suları
- Azərbaycan çayları
- Azərbaycan gölləri
- Azərbaycan su anbarları
- Azərbaycan şəlalələri
